MEHMAN GÖYTƏPƏLİ

Mehman Göytəpəli çağdaş yazarlar arasında dünyaya öz baxışı, gördüklərini özünəməxsus şəkildə görməyənlərə çatdırmağı bacaran, hər kəlməsindən boy verib boylanan çox azsaylı sənətkarlarımızdan biridir. Yaradıcılıqdan əlavə həm də gözəl təşkilatçı, yardım etməyi, paylaşmağı, dəstək olmağı, himayə etməyi bacaran geniş ürəkli, olduqca həssas qəlbə malik bir şəxsdir. Mehman müəllimə yeni-yeni yaradıcılıq uğurları arzu edir və yaradıcılığından bir-neçə nümunə təqdim edirik:

mehman göytəpəlidən söz çələngi

SƏN QARASAN, MƏN QARA?!

(Tələbəlik illərində sahildə gəzən zaman, əlimdəki fotoaparatla bir zəncinin şəklini çəkmək istərkən əlləriylə üzünü qapatdı və mənə elə gəldidi ki o rənginin qaralığından utanandı…)

Mənim dərdim dərd deyil
Özüm boyda bir yara
Zənci qardaş bax görək
Sən qarasan, mən qara?!

Bəndimi sellər yarıb
Ürəyimi dərd sarıb
Evdə çörık qurtarıb
Arpa da gəlmir kara
Zənci qardaş bax görək
Sən qarasan, mən qara?!

Dərim dərindən qalın
Üz qara, qara alın
Baş açıq ayaqların
Səpilmişik yollara
Zənci qardaş bax görək
Sən qarasan mən qara?!

Eldə belə neğmə var
“Yar qadasın yar alar”
Arxalı Boz Qarğalar
Uçmaq öyrədir Sara
Zənci qardaş bax görək
Sən qarasan, mən qara?!

Qoy söyləyım nədənin
Öldürür bu dərd məni
Qarabağım gedəni
Ruhum çəkilib dara
Zənci qardaş bax görək
Sən qarasan, mən qara?!

Gör sənin dərdin hara
Gör mənim dərdim hara
Eldə də üzüm qara
Evdə də üzüm qara
Zənci qardaş bax gorək
Sən qarasan, mən qara?!

= = = =

CANI YANSIN SƏNSİZLİYİN…

Hara getsəm özümləyəm,
Özümdən qaça bilmirəm.
Kəsmişəm “sən qanadımı”
Qanadsız “uça” bilmirəm.

Elə həmən gəlinciksən,
Ozün-özündən inciksən,
Ev dolusu kölgəciksən,
Qol açıb quca bilmirəm.

Canı yansın sənsizliyin,
Kim tutacaq dərdin züyün,
Sənsiz hər şey düyün-düyün,
Gəl aç, mən aça bilmirəm…

= = = =

YUXUDA…

Göy üzünü edib ələk-vələk,
neçə ulduz fəth edərək 
yerə enirəm,
Bu qaranlıq gecədə, 
mayak gözlərinin işığında 
sənə dönürəm.
Boylanıram sənli dünyaya 
həsrət-hısrət,
Sənli dünya sənin kimi qiyamət…
Gör necə zinət verib 
nəqş eyləyib yaradan,
Binalar salxım-salxım
asılıbdı havadan.
Yer də səma kimi işıqlı,
ulduzları bol-bol,
Hər pəncərədən 
qaranlıq gecəyə açılan 
işıqlı bir yol,
Sənin dı şövqün 
qoşulub işıqlara
ta ulduzlaradək axıb gedir
Dünya başdanbaşa bir mənzərədir…
Bütün gücümü xərcləyib 
kainatın bu zamansız yoluna.
Yetişdim həsrətdən qovrulmuş
o yorğun vüsalına….
Asılmışam tavandan
dayanmışam başın üstə
Baxıram hesrətdın solmuş ay üzünə ahəstə-ahəstə.
Nə arzun var istə gülüm,
gözlərimi qırpmadan 
bir anda yerine yetirim,
İstə qoparım səmadan Ayı 
hüzuruna gətirim.
Əmr elə, 
Günəşə deyim çıxmasın 
qoy zülfün kimi uzansın gecə…
Əmr elə,
qoparım ulduzları 
düzüm tellərinə mirvaritək 
bircə-bircə.
Bir az teləs əzizim,
nə qıdər ki, bu gerçək aləmlə 
üz-üzə dayanmamışam,
Nə istəyin var, tez istə
hələ ki, yuxumdan oyanmamışam….

= = = =

MƏN…

İçindəki həmən qəm,
Ah da ki, həmən ahdı…
Ağlama! Göz yaşından,
Qəm islanar,- günahdı…

Bu qəm sənə yaraşmır,
Onun öz adamı var.
Çəkənlər yaxşı bilir, 
Hər qəmin öz tamı var.

Mən o tamla doğuldum.
Mən o tamla boy atdım
Dərdim yatıb qalanda
Özüm onu oyatdım

Ömür boyalı gəlin,
Göz oxşayan üzü var.
Ona çox bel bağlama,
Onun da tərs üzü var.

Bu qədər seçim varkən
Səsimi nəhs verirəm.
Sevinc gəlib-gedəndi 
Mən qəmə səs verirəm.

= = = =

BƏSİMDİ…

Günlərim ötüşür qaralı-ağlı,
Sənsiz yer darısqal, səma duvaqlı,
Qəmdən ev tikmişəm hər yanı bağlı,
Həsrətin qapımı döysə bəsimdi…

Daha şirinləşib kədər də, qəm də,
Sənsiz bir ocaq var, sanki sinəmdə,
Adin tutulanda, adın gələndə,
O məni titrədən nəysə, bəsimdi…

Dönsün bu dünyanın, dönsün bu çarxı,
Keçdi aramızdan həsrətin arxı,
Səninçün yazdığım bu şeiri oxu
Adım dodağına dəysə bəsimdi…

Müəllif: MEHMAN GÖYTEPELİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir