ABBAS İLHAM

SEVƏNLƏRİN MƏSKƏNİ

Xəzərin sahilində 
Bir gözəl söyüd vardı…
Uzun qıvrım saçları
Yeri qucaqlayardı.

”Sevənlərin məskəni”,-
Deyərdilər adına.
Uzun illər ötsə də 
Tez-tez düşər yadıma…

Yağış yağası olsa,
Bizə çətir tutardı.
Hava qəmli olanda
Özü də ağlayardı…

Deyərdin:-ayrı düşsək,
Bu söyüdün yanında
Səni gözləyəcəyəm –
Hətta yetmiş yaşında.

Qırılmazdı ümidim
Hər gələndə Vətənə-
O söyüdün altında
Bəlkə rast gələm sənə.

Çox oldu belə anlar…
Sayı – hesabı itdi.
O ”Sevgi məskəni”nin
Sən demə, ömrü bitdi…

Bir vaxt gəldiyim zaman,
Səntək görmədim onu…
Kimlərin əli qıydı? –
Səntək itirdim onu…

Xəzərin sahilində,
Bir gözəl söyüd vardı…
Uzun qıvrım saçları
Yeri qucaqlayardı…

Avqust, 2016

Müəllif: ABBAS İLHAM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAİBƏ YUSUBLU

tanınmış şairə naibə yusublunun dünyaya baxışı

HƏYAT…

Həyat çəpik çalır öz ahənginə,
Fikirlər oynayır söz ahənginə,
Uyuruq yalanın yüz ahənginə
İmandan xəbərsiz, dindən xəbərsiz.

Nəfsimiz süfrədə keçdikcə başa,
Ürək sinəmizdə çevrilir daşa,
Qənim kəsilirik qohum-qardaşa
Zamandan xəbərsiz, gündən xəbərsiz.

Hər ağac kölgəsin çəkib dibinə,
Altında görünmür nə köç, nə binə,
Əlimiz uzanır xalqın cibinə
Milyondan xəbərsiz, mindən xəbərsiz.

Torpağı əkəni nadan sayırıq,
Haqqı istəyəndə yoldan cayırıq,
Bilmirik hansı növ alaq, çayırıq
Şeytandan xəbərsiz, cindən xəbərsiz.

Kaş qara qayğılar düşə düyünə,
Quruyan Kür, Araz sellə öyünə,
Naibənin qəlbi bir yol döyünə
Yalandan xəbərsiz, kindən xəbərsiz.

= = = =

NƏDƏN…

Nədən oğrun-oğrun izimdə itib,
Kədər salxım-salxım gözümdə bitib?
Nəşənin, sevincin sonumu yetib?
Ya dərdlər, ələmlər yetirib məni?

Dərdlər qoca, dünya xoca dünyadı,
Sinəm körük, dilim baca, dünyadı,
Haqqa nəhslər bu gün uca, dünyadı,
Dilə bəxtikəmlər gətirib məni.

Fələyin işinə heyranam özüm,
Nədən mürgüləyir, yumulur gözüm?
Sızlayır kül altda qaralan közüm:
-Tanrı yanmaq üçün bitirib məni.

Görün kimlər dağda-düzdə boy verdi?
Artdı dərdlərimiz, söz də hoy verdi.
Naibə, qurbanlıq neçə soy verdi
Ağılar mülkünə ötürüb məni?
16.07.2017

= = = =

GÜNLƏR…

Günlər ayı qovur, aylar illəri,
Özümdən ilbəil uzaqlaşıram…
Aqillik ömrünə çatsa da yaşım,
Bilmirəm, nə üçün uşaqlaşıram?

Güllü don gəzirəm geyinmək üçün,
Gülüşüm səbirsiz deyinmək üçün,
Ağ-qara dünyada öyünmək üçün,
Bəzən uşaq kimi şıltaqlaşıram.

Ayları əlimə yığıb qaçıram,
İllərin dalınca quştək uçuram,
Ömür boğçasını gizli açıram,
Körpə xəyalımla cırmaqlaşıram.

Uzaqdan əl edir mənə gəncliyim,
Sürüşür əlimdən körpə dincliyim,
Yapışır yaxamdan kür nadincliyim,
Sıxılıb bir küncə bucaqlaşıram.

Ağardır dişini dörd qara divar,
Xəyal köhləninə olmuşam süvar,
Gözləyir qapıda əbədi çapar,
Bax onda əcəllə qucaqlaşıram.
17.07.2017

Müəllif: NAİBE YUSUBLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“FÜYUZAT”-A ABUNƏ OLAQ

Füyuzat jurnalına abunə olaq

“Füyuzat” jurnalının 2019-cu ilin 3-cü sayı (107) işıq üzü gördü. Bütün oxucular, izləyicilər və redaksiya heyətimizi təbrik edirik!

Qeyd edək ki, jurnalımız ildə 6 dəfə nəşr olunur. “Füyuzat” jurnalına abunə olmaqla dərgimizi əldə edə bilərsiniz. İllik abunə haqqı ölkədaxili 24 manat, ölkəxarici isə 20 dollardır. Bütün işlərinizdə uğurlar arzu edirik. “Füyuzat” bir jurnaldan daha artıqdır… “Füyuzat” həm də bizim tariximizdir. Özümüzə dəstək olaq…

Mənbə: Füyuzat jurnalı

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZİYADXAN BUDAQ

Ziyadxan budaq “üç yarpaq”-da

Vətəndə vətənsizə

Haqdan gəlib şölələnib çırağın,
Min tufana sinə gərib ocağın.
Gövdəsi var oturduğun budağın,
Öz kökünü baltalama yazıqsan.

Yol veribsən basılıbdır çəpərin,
El nə çəkir hələ yoxdur xəbərin.
Çağırıram, qoy oyansın təpərin,
Ev sənindir, gəl talama,yazıqsan.

Hər istəyin mətləbinə var, amma
Yad ocaqda bir hənirti arama.
Uydurduğun quramadır, qurama,
Çörü- çöpü yontalama,yazıqsan

Odlanıram, kor olmursan tüstümə,
Nə qazandın durmaq ilə qəsdimə?
Düşmənə bax, it qısqırdır üstümə,
Sən itini xaltalama, yazıqsan.

El sərvətdir dərk eləməz hər naşı,
Əldən getsə, fayda verməz göz yaşı.
Qayıt geri, ətəyindən tök daşı,
Yurdu qana çalxalama,yazıqsan.
Bakı şəhəri.

= = = =

Güllərə sarı

Hanı bəylik dövrüm,sultanlıq taxtım?
Dəyişib zamanım, pozulub vaxtım.
Dur mənə həmdəm ol,ay yatan baxtım,
Gedək hay- haraylı illərə sarı.

Bulandım, lilləndim, duyan olmadı,
Bir xoş kəlməni də qıyan olmadı.
Həmdəm tapılmadı, həyan olmadı,
Görək kim gətirdi göllərə sarı.

Camsız, piyaləsiz meyəm dünyada,
İnləyən kamanam, neyəm dünyada.
İndi bir kəsilən heyəm dünyada,
Qayıdaq çağlayan sellərə sarı.

Məni oğul kimi izləyən də var,
Hərdən qınaq edib söz deyən də var.
Çoxdandır yolumu gözləyən də var,
Bir az da üz tutaq ellərə sarı.

Ləngəri azalan dövranım sən ol,
Kölgətək sürünən karvanım sən ol,
Əlimdən tut gedək,sarvanım sən ol,
“Gəl”deyib çağıran əllərə sarı.

Həzin bayatıyam, qəmli”Şikəstə” ,
Bir ömür tapmışam laylalar üstə.
Gəl köklə ruhumu, dindir ahəstə,
Çək mənim səmtimi tellərə sarı.

Burda qərib ölsəm,el də tapılmaz,
Ağı söyləməyə dil də tapılmaz.
Çiçək səpən olmaz, gül də tapılmaz,
Qaz mənim qəbrimi güllərə sarı.
Bakı şəhəri.

= = = =

Qürub çağı

Elim- günüm, bir bax ömür sozalıb,
Qürbət elin rüzgarı tək bozarıb.
Axşam düşüb, qürub yeri qızarıb,
Gendə qalma,gəl seyrimə dal mənim.

Şirin olmaz yad ellərin şərbəti,
Həm həsrətdir,həm nisgildir sərvəti.
Ayır məndən bu xoşqılıq qürbəti,
Anam kimi köç yanımda qal mənim.

Ötüşdükcə ayım, ilim önümdən,
Baş açmadım öz səmtimdən, yönümdən.
Qoy yarıyım imanımdan,dinimdən,
Cəsədimi qucağına al mənim.

Aç qolunu meydanını gen elə,
Mehrini bol, ülfətini şen elə.
Qaytar mənə, məni bir də mən elə,
Qoy qalmasın ürəyimdə xal mənim.

Zilim bəmə,bəmim pəsə tuş gəlib,
Yol tükənib uğur nəsə tuş gəlib.
Deyən ömür son nəfəsə tuş gəlib,
Yalvarıram gəl laylamı çal mənim.

Arx quruyub,su kəsilib dəhnədən,
Heç bilmirəm nədən oldu,eh nədən…
Məndən sonra ürəkləri göynədən
Yoxluğumu, yaddaşlara sal mənim.
Bakı şəhəri.

Müəllif: Ziyadxan Budaq 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ADİL CƏFAKEŞ – ÇIXDI

ay hacı… “çıxdı

Özünü şair sanan bir “Hacıya”

Dedim zəmanənin Ələsgəriyəm, 
Gəlib qabağıma Nağı da çıxdı. 
Üzünün iki cür rəngi var idi, 
Qarası da çıxdı, ağı da çıxdı.

Harasını qoyub, deyim harasın, 
Bostanında yetkin sanır xırasın. 
Tökdü ortalığa cızmaqarasın, 
Dığ-dığı da çıxdı, dığı da çıxdı.

Yeyib ehsanatdan kökəlibdi ki,
Qamətin düzəldib, dikəlibdi ki. 
Maşallah, boy atıb yekəlibdi ki,
Deyirlər son vaxtlar bığı da çıxdı.

Qadıntək üz – gözün bəzəkləyirdi,
Köhnə dağarclğın gözəkləyirdi. 
Hələ dünənədək təzəkləyirdi, 
Artıq qoyun kimi qığı da çıxdı.

Gördü ki, el – aləm deyir Adili, 
Hamı tərifləyir, öyür Adili. 
Gözü götürmədi şair Adili, 
Cızdağı da çıxdı, yağı da çıxdı.

QEYD:

Abırımı gözləyib hələ yumşaq yazdım…

Müəllif: ADİL CEFAKES

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ GÖYÇƏLİ

yaşayıram mən…

Həsrətin könlümü yandırır yaman,
Daha dözüm yoxdur, Allah, ay aman,
Dayanıb mənim üçün deyəsən zaman,
Səni sənsiz belə yaşayıram mən.

Çəkmə ürəyimə hicran dağını,
Görürsən qəlbimin qara, ağını,
Soldurma bəxtimin bostan, bağını,
Səni sənsiz belə yaşayıram mən.

Baxım gül üzünə sevinim mən də ,
Varlığım gül açsın mərmər sinəndə,
Sevinsim gözlərim səni görəndə,
Səni sənsiz belə yaşayıram mən.

Öpüm gözlərindən nura bələnsin,
O göyçək üzünə çələng ələnsin,
Qaynar öpüşlərim qoy səpələnsin,
Səni sənsiz belə yaşayıram mən.

Nə olar Rafiqi qovma, teyləmə,
Yazıq ürəyimə zülüm eyləmə,
Mənə sənsizliyi demə, söyləmə, 
Səni sənsiz belə yaşayıram mən.

Müəllif: (Rafiq Göyçə Cil) RAFİQ GOYCELİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAHİD SARITORPAQ

ZAHİD SARITORPAQ HAQQINDA

Zahid Sarıtorpaq – (Məmmədov Zahid Lətif oğlu) Şair, yazıçısı və tərcüməçi. 1957-ci il mayın 11-də Azərbaycan Respublikasının Şamaxı şəhərində doğulub.

Yaradıcılığı: İlk şeiri 11 yaşında Şamaxıda çıxan «Yeni Şirvan» qəzetində çap olub. 1981-87-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat institutunda təhsil alıb. Şeirləri «Ulduz», «Azərbaycan», «Ədəbiyyat və incəsənət» və digər ədəbi orqanlarda çap olunub. «Üfürülmüş çırağın ruhu», «Tək işığın haləsi» şeirlər və “Dərdin sarı çəpkəni” nəsr kitablarının, «Əlifba bayramında qətl», «Dərdin sarı çəpkəni», «Kül» , «Qarğa marşrutu», “Quşların intiharına ağlamayın”, “Köhnə mücrüyə elegiya” romanlarının müəllifidir. Zahid Sarıtorpağın tərcüməsində ingilis klassiki Con Miltonun «İtirilmiş cənnət» və «Qaytarılmış cənnət» epopeyaları, Artur Rembonun, Fransua Moriakın seçilmiş əsərləri («Keçmiş zamanların yeniyetməsi», «Sevgi səhrası» romanları), Lev Tolstoyun “İvan İliçin ölümü” povesti, Anton Çexovun “6 nömrəli palata”sı və həmin əsərin müəllifi haqqında görkəmli rus rəssamı Konstantin Korovinin yazdığı xatirələri, Yuri Trifonovun seçilmiş əsərləri («Qoca» romanı və hekayələri), Aleksandr Soljenitsının üç cildlik «QULAQ Arxipelağı» əsəri, Vsevolod Meyerholdun seçilmiş əsərləri, Mixail Prişvinin, Sergey Mixalkovun, Aqnya Bartonun yeniyetmələr üçün seçilmiş əsərləri, çağdaş Ukrayna şairlərinin əsərlərindən ibarət “Kişi, qadın və çətir” adlı şeirlər kitabı (Salam Sarvan və Mahir N. Qarayevlə müştərək), Höte, V.Skott, C.Coys, M.Prust, E.İonesko, C.Steynbek, B.Pasternak və bir sıra başqa dahilərin əsərlərindən nümunələr Azərbaycan dilində işıq üzü görüb. Onlarla kitabın bədii və texniki redaktorudur.

1989-cu ildən Yazıçılar Birliyinin üzvüdür. 1989-95-ci illərdə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, 2009-cu ildə Prezident Təqaüdçüsü olub. 2014-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin «Xəzər» dünya ədəbiyyatı dərgisinin redaktoru olub,. 2018-ci ilin yanvarından isə, həmin Mərkəzin elm və təhsil şöbəsində dil mütəxəssisi işləyir.

Kitabları:

  1. «Üfürülmüş çırağın ruhu» (şeir)
  2. «Tək işığın haləsi» (şeir)
  3. «Dərdin sarı çəpkəni» (nəsr)

Romanları:

  1. «Əlifba bayramında qətl»
  2. «Dərdin sarı çəpkəni»
  3. «Kül»
  4. «Qarğa marşrutu»
  5. “Quşların intiharına ağlamayın”
  6. “Köhnə mücrüyə elegiya”

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ETİBAR VƏLİYEV

ŞAİRLƏR VARLI ADAMDI

Kim deyir şairlər kasıb olur ki,
Ay kişi, şairlər varlı adamdı.
Hər kimə şairlik nəsib olmur ki?
Ay kişi, şairlər varlı adamdı.

Düzü əyri görən, gözdən kasıbdı.
Odlanıb yanmayan, közdən kasıbdı.
Çox varlı adam var, sözdən kasıbdı.
Ay kişi, şairlər varlı adamdı.

Cilalanan sözü, həddi keçirsə,
Hər boyu, qaməti, qəddi keçirsə,
Qapını, divarı, səddi keçirsə,
Ay kişi, şairlər varlı adamdı.

Düşməni olsa da, dostu çox olur.
Sözü məlhəm olur, bəzən ox olur.
Pulu olmasa da, nəfsi tox olur,
Ay kişi, şairlər varlı adamdı.

Varlı parasından, pulundan keçməz,
Ağa nökərindən, qulundan keçməz,
Şair də söz dolu çulundan keçməz,
Ay kişi, şairlər varlı adamdı.

Ocaq, yanmaq üçün közə möhtacdı,
Adam, görmək üçün gözə möhtacdı.
Varlılar özü də sözə möhtacdı,
Ay kişi, şairlər varlı adamdı.

Bu da bir şairin təbidi gəldi.
Kağıza söz yazan qələmdi, əldi.
Şair var ki, sözü qızıldı, ləldi,
Ay kişi, şairlər varlı adamdı
19.07.2019

Müəllif: ETİBAR VƏLİYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GÜLŞƏN MUSTAFA

gülşən mustafa “üç yarpaq” -da

HƏSRƏTİN ÖZÜNDƏN ETİBARLIDIR

Tutdun ələrimdən, basdın köksünə,
Sözlərin ilişib dilində qaldı.
Bu nə möcüzəydi ayrıldıq yenə,
Elə bil əllərim əlində qaldı.

Sonra hara getdim yolumda bitdin,
Sonra da kölgəmi əvəz eylədin,
Bilmirəm sən mənə yaxşılıq etdin,
Ya suçum var idi, qərəz eylədin.?

Bir azdan heç nəyə etmədin xətir,
Kim sənin könlünə biveclik saçıb?
Canım, əllərimdən doydunmu, nədir,
Ya əlim dözməyib əlindən qaçıb.

İndi sənsizliyim acı dad dadır,
Acı nisgilin də yaxa buraxmır.
Həsrətin özündən etibarlıdır,
O məni sənin tək tənha buraxmır.

= = = =

AYNABƏNDLƏR

Bu köhnə evlərin , aynabədlərin, 
Aynası nələrə gör şahid olub. 
Duysa da hışqırıq , haray , səslərin, 
Saxlayıb içində, ürəyi dolub.

Buxara bürünüb mürgü vuranda,
Balaca bir barmaq şəkillər çəkib.
Dözübdür küləkdə, yeldə, boranda,
Gah sevinc keçirib, gah qəhər çəkib.

Evin bir sirrini verməyib ələ,
Olmayıb beşiyi şeytan şərinin.
Nazlı bir gəlinin əlləri ilə, 
Silinib göz yaşı şüşələrinin.

Küçədə əsəndə soyuq küləklər,
Evin istisini saxlayıb hər an. 
Aranı qatanda zalım fələklər,
Onda eşq, məhəbbət salıbdır liman.

İşə bax, baş əyib kiçilməyibdi,
Məbədi olubdur zəhmətin, tərin.
Mərd, mətin insandan seçilməyibdi,
Xisləti, əməli aynabəndlərin.

= = = =

BİZİMLƏ “QAÇDI-TUTDU” OYNADI İLLƏR

Toppuş əllərimlə yumdum gözümü,
Gizləndin tapmadım, qaçdım tutmadın.
Mənim uduzduğum bu oyunlarda
Deyəsən heç zaman sən də udmadın.

İllər qaçdı bizdən “məni tut”-deyə,
İz bulub, yönünü tapan olmadı.
Yaxşı gizlənmişdik xəyalımızda,
Gəzdik xəyal kimi, tutan olmadı.

Sənin tellərini aparan yellər,
Mənim hörüyümə ağ iz salıbdı.
Küsmüş arzulara bükülmüş xəyal,
Bir də küc-bucaqda həsrət qalıbdı.

Müəllif: GÜLŞƏN MUSTAFA

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru