ETİBAR VƏLİYEV

ŞAİRLƏR VARLI ADAMDI

Kim deyir şairlər kasıb olur ki,
Ay kişi, şairlər varlı adamdı.
Hər kimə şairlik nəsib olmur ki?
Ay kişi, şairlər varlı adamdı.

Düzü əyri görən, gözdən kasıbdı.
Odlanıb yanmayan, közdən kasıbdı.
Çox varlı adam var, sözdən kasıbdı.
Ay kişi, şairlər varlı adamdı.

Cilalanan sözü, həddi keçirsə,
Hər boyu, qaməti, qəddi keçirsə,
Qapını, divarı, səddi keçirsə,
Ay kişi, şairlər varlı adamdı.

Düşməni olsa da, dostu çox olur.
Sözü məlhəm olur, bəzən ox olur.
Pulu olmasa da, nəfsi tox olur,
Ay kişi, şairlər varlı adamdı.

Varlı parasından, pulundan keçməz,
Ağa nökərindən, qulundan keçməz,
Şair də söz dolu çulundan keçməz,
Ay kişi, şairlər varlı adamdı.

Ocaq, yanmaq üçün közə möhtacdı,
Adam, görmək üçün gözə möhtacdı.
Varlılar özü də sözə möhtacdı,
Ay kişi, şairlər varlı adamdı.

Bu da bir şairin təbidi gəldi.
Kağıza söz yazan qələmdi, əldi.
Şair var ki, sözü qızıldı, ləldi,
Ay kişi, şairlər varlı adamdı
19.07.2019

Müəllif: ETİBAR VƏLİYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir