NAİBƏ YUSUBLU

tanınmış şairə naibə yusublunun dünyaya baxışı

HƏYAT…

Həyat çəpik çalır öz ahənginə,
Fikirlər oynayır söz ahənginə,
Uyuruq yalanın yüz ahənginə
İmandan xəbərsiz, dindən xəbərsiz.

Nəfsimiz süfrədə keçdikcə başa,
Ürək sinəmizdə çevrilir daşa,
Qənim kəsilirik qohum-qardaşa
Zamandan xəbərsiz, gündən xəbərsiz.

Hər ağac kölgəsin çəkib dibinə,
Altında görünmür nə köç, nə binə,
Əlimiz uzanır xalqın cibinə
Milyondan xəbərsiz, mindən xəbərsiz.

Torpağı əkəni nadan sayırıq,
Haqqı istəyəndə yoldan cayırıq,
Bilmirik hansı növ alaq, çayırıq
Şeytandan xəbərsiz, cindən xəbərsiz.

Kaş qara qayğılar düşə düyünə,
Quruyan Kür, Araz sellə öyünə,
Naibənin qəlbi bir yol döyünə
Yalandan xəbərsiz, kindən xəbərsiz.

= = = =

NƏDƏN…

Nədən oğrun-oğrun izimdə itib,
Kədər salxım-salxım gözümdə bitib?
Nəşənin, sevincin sonumu yetib?
Ya dərdlər, ələmlər yetirib məni?

Dərdlər qoca, dünya xoca dünyadı,
Sinəm körük, dilim baca, dünyadı,
Haqqa nəhslər bu gün uca, dünyadı,
Dilə bəxtikəmlər gətirib məni.

Fələyin işinə heyranam özüm,
Nədən mürgüləyir, yumulur gözüm?
Sızlayır kül altda qaralan közüm:
-Tanrı yanmaq üçün bitirib məni.

Görün kimlər dağda-düzdə boy verdi?
Artdı dərdlərimiz, söz də hoy verdi.
Naibə, qurbanlıq neçə soy verdi
Ağılar mülkünə ötürüb məni?
16.07.2017

= = = =

GÜNLƏR…

Günlər ayı qovur, aylar illəri,
Özümdən ilbəil uzaqlaşıram…
Aqillik ömrünə çatsa da yaşım,
Bilmirəm, nə üçün uşaqlaşıram?

Güllü don gəzirəm geyinmək üçün,
Gülüşüm səbirsiz deyinmək üçün,
Ağ-qara dünyada öyünmək üçün,
Bəzən uşaq kimi şıltaqlaşıram.

Ayları əlimə yığıb qaçıram,
İllərin dalınca quştək uçuram,
Ömür boğçasını gizli açıram,
Körpə xəyalımla cırmaqlaşıram.

Uzaqdan əl edir mənə gəncliyim,
Sürüşür əlimdən körpə dincliyim,
Yapışır yaxamdan kür nadincliyim,
Sıxılıb bir küncə bucaqlaşıram.

Ağardır dişini dörd qara divar,
Xəyal köhləninə olmuşam süvar,
Gözləyir qapıda əbədi çapar,
Bax onda əcəllə qucaqlaşıram.
17.07.2017

Müəllif: NAİBE YUSUBLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

3 thoughts on “NAİBƏ YUSUBLU”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir