MƏMMƏD QƏDİR

SEVGİ ŞAİRİNDƏN SEVGİ ŞEİRLƏRİ

Eyləməmiş

Heç nə görmürəmmiş, Ayüzlüm, demə,
İşığın gözümü kor eyləməmiş.
Necə basılırdım ən zəif qəmə,
Sevgin ürəyimə zor eyləməmiş.

Mənə işarə ver, kiminəm, bilim,
Onsuz hünərim yox, qisməti silim,
Mən də bayquş idim, işıq sevgilim,
Ömrümü, günümü nur eyləməmiş.

İndi səndən çıxır Günəşim, Ayım,
İşıq aqibətim, mənim nur payım,
İzn ver, sevgində cənnət yaşayım,
Həsrətin həyatı gor eyləməmiş!

Gorda sevinməyə bir az iman ver,
Min ili neylirəm, sevgili an ver,
İlahi, külümü sovur, zaman ver,
Sevəm ocaqlarım qor eyləməmiş.

Məmməd, necə sındı qürurun, şaxın,
Səni qıran sənə səndən də yaxın,
Lütf elə sevginə doyunca baxım,
Ayüzlüm, gözlərim tor eyləməmiş!

= = = =

Sevgindən ötrü

Məni sevgin ilə sən yaratmısan,
Ayüzlüm, ölürəm sevgindən ötrü.
Hərəyə bircə can verib Yaradan,
Canımı bölürəm sevgindən ötrü.

Canıma yiyə çıx, bu əl, bu ətək,
Könlüm iftarında bal dolu pətək,
Köhnə ürəyimi tozlu güzgü tək,
Hər səhər silirəm sevgindən ötrü.

Sildikcə gözümü bağlar önündə,
Dərdinlə öyünnəm dağlar önündə,
Ağıllı canımla ağlar günümdə,
Dəli tək gülürəm sevgindən ötrü.

Çəkib qartal kimi qıyya, çapıram,
Nura süvar olub Aya çapıram,
Rəhminə sığınıb qaya çapıram,
Dağları dəlirəm sevgindən ötrü.

Məmməd, mələk düşüb bəxtinə, toxun,
Eşqi zikr elə yat, çin çıxsın yuxun,
Gündüzdən hürküm yox, gecədən qorxum, 
Ayüzlüm, gəlirəm sevgindən ötrü.

= = = =

Möhtac

Ayüzlüm, bilmirəm necə anladım,
Yer göyə möhtacdı, mən sənə möhtac.
Ruhu ki, göydəndi doğmanın, yadın,
Sevdalı bir başa hər sinə möhtac.

Nəyi nəsə olan nəsə anlamır,
Dodağı daş olan busə anlamır,
Müdrik Xocaları kimsə anlamır,
Dünya şəyirdlərin dərsinə möhtac.

Ay canım, qınama bu qədər məni,
Yeyib bitirdi ki, dərd-kədər məni,
Nəğməsi qırılan dərk edər məni,
Könlümün qopuzu bir simə möhtac.

Şeir iynəsiylə Məmməd nur qazır,
Sevən sevgisində gora da hazır,
Sevgi tarixini dəlilər yazır,
Dünya mənim kimi sərsəmə möhtac…

Müəllif: MEMMED QEDİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir