Aygün Sadiq – Öyrət

ÖYRƏT

Bu necə vidadır? Bu nə cür sonluq?
Ömür xəsis imiş, taleyimiz sərt,
Arxanca ağlamaq fürsətim də yox,
Bu da mənim üçün ayrıca bir dərd…
Mənə sənsizliyə dözməyi öyrət.

Utansın uzaqda o acgöz məzar,
Üşüyən ruhumun şikayəti var,
Dünyam qaranlıqdır… Dünyam mənə dar,
Girdi aramıza ömürlük həsrət,
Mənə sənsizliyə dözməyi öyrət.

Bu ölüm taleyin hədiyyəsimi?
Sənsizlik ömrümün məngənəsimi?
Söylə, duyursanmı mənim səsimi? 
Daha dünyamıza çəkilibdir sədd,
Mənə sənsizliyə dözməyi öyrət.

Məni bu dünyada kimə buraxdın?
Sən ki varlığınla mənə dayaqdın,
Canımı acıtdın… Odlara yaxdın,
Ağlıma gəlməzdi belə bir dəhşət…
Mənə sənsizliyə dözməyi öyrət.

Ay ürək pənahım, bu, olmadı heç…
Hələ xoşbəxtliyim doğulmadı heç,
Mənim göz yaşıma baxılmadı heç,
Tale önümüzə qoydu ağır şərt…
Mənə sənsizliyə dözməyi öyrət.

Saçım xatırlayır barmaqlarını,
Dodaqlar son öpüş yadigarını…
Beləmi saxladın etibarını?
Nə tez dönük çıxdın, ay əziz namərd!
Mənə sənsizliyə dözməyi öyrət.

Birgə sabahların xatirəsini,
Ən son danışığı, məmnun səsini,
Ürəyin dəlicə özləməsini…
Daha gizlətməyə məcburam, əlbət,
Mənə sənsizliyə dözməyi öyrət.

Bütün sevinclərim sənlə gedir, bax, 
Hələ görməmişdim ölüm bu sayaq,
Ruhum vəfat etdi… Vücudum oyaq,
O da gedişinə yas tutur bədbəxt…
Mənə sənsizliyə dözməyi öyrət.

Müəllif: Aygün Sadiq

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir