MAYIL DOSTU – VƏTƏN…

dərd yüklü vətən – vətən yüklü söz

DƏRD YÜKLÜ VƏTƏN

Düşünürəm acı – acı,
Vətən,üzün çapıq-çapıq.
Əriyirsən damcı-damcı,
Soyulursan qabıq-qabıq.
***
Vətən,Vətən deyə-deyə,
Yarasını bağlamırıq.
Duz -çörəyin yeyə-yeyə,
Dərdinə gün ağlamırıq.
***
Gələn gəlir, gedən gedir,
Çarə tapmır bu müşkülə.
Arzu, dilək ancaq birdir:
Sahib çıxaq ocaq,külə.
***
İstəmirik qan tökülsün,
Özgə çarə bilən varmı?
Yalvarmaqla, bağırmaqla,
Donuz darıdan çıxarmı?
***
Dərd yüklüyəm,necə qalxım,
Əzabımı görən yoxdur.
Vətən dərdi salxım-salxım,
Vaxtı ötür, dərən yoxdur.
***
Millət, sənə kef yaraşmır,
Vətən, namus dar ayaqda.
Dərdlərini dərya tutmaz,
Yol gedirsən bir qayıqda.
***
Yurddan başqa yerimiz yox,
Bu qaxincı silmək gərək.
Danışmağa dilimiz yox,
Bu gerçəyi bilmək gərək.
***
Gün gələcək,sağ qalanı,
Daş, qayaya basacaqlar.
Öldürməsək bu ilanı,
Bizi gorda asacaqlar…

= = = =

SƏNDƏN ÖZGƏM YOX

Belə olmaz gülüm,insafın olsun,
Odlu baxışınla üzürsən məni.
Bilirsən, gözünə vurğunam sənin,
Gözünə kiprik tək, düzürsən məni.

Arzuların çoxdur, ümid sabaha,
Nə olar, sən məni qısqanma daha,
İlk görüş yerində durmuşam tənha,
Kiminsə yanında, gəzirsən məni.

Kimsəynən işim yox, səndən savayı,
Dünyam sənsiz heçdir,ömür havayı,
Niyə çəp baxırsan, elə dolayı?
Suçlu biri kimi, süzürsən məni.

Ayıb iş sayılmır, gözələ baxmaq,
Mayıldan uzaqdır, əriyib axmaq,
Axı ağıllısan, deyilsən axmaq,
Sevgimi tapdayıb, əzirsən məni.

= = = =

HALIM… HAL DEYİL

Dağ selinə oxşar çağlamağım var,
Dolmuş bulud kimi ağlamağım var,
Dərdimə dağ çəkib dağlamağım var,
Gəl mənə toxunma, halım hal deyil.
***
Sədaqət alçalıb, vəfa atılıb,
Mərhəmət can verir, iman satılıb, 
Halalca mayama haram qatılıb,
Şəkər şirəsidir, balım bal deyil.
***
Torpağım yağıda, tükənir güman,
Yox daha özgədən mərhəmət uman,
Yolları çən tutub, hər tərəf duman,
Mıxım tökülübdü, nalım nal deyil.
***
Səbrim daşa dönüb, təbim yuxalıb,
Ruhum öləziyib, əzmim yox olub,
Halıma gülənlər yaman çoxalıb,
Yalmanım qırxılıb, yalım yal deyil.
***
Neyləyim, yadıma əsir yurd düşür,
Göynəyən qəlbimə ağır dərd düşür,
Çürüyən arzuma daha qurd düşür,
Dəymişim tökülür, kalım kal deyil.

= = = =

TAPDIN MƏNİ

Daş yuxumu sökə-sökə,
Qəlb evimi tikə – tikə,
Kündələyib kökə – kökə,
Ürəyinə yapdın məni.

İlk baharda süzə – süzə,
Gül açırdın təzə – təzə,
Saf eşqini gəzə – gəzə,
Gülüm, gəlib tapdın məni.

Sevgimizi silə – silə,
Təmizlədin gilə – gilə,
Mələyim, sən bilə – bilə,
Hamıdan tez qapdın məni.

Rübabını çala – çala,
Ürəyimi ala – ala,
Ovsunlayıb bala – bala,
Sən taladın, çapdın məni…

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir