TƏQVİMDƏ BU GÜN

1951 – ci il iyulun 23 -ü həm də Ağdamın “Qarabağ” komandasının yarandığı gündür. Komanda 1987 – ci ildən “Qarabağ” adlanır.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Akif Şahverdiyev – Köç

…Bu köç bir neçə ailə yox minlərlə, on minlərlə ailədən ibarətdir. Bu köç bir başqa köçdür…

 Düşmən caynağına keçmiş qədim şəhərimizin evlərindən qalxan tüstüləri görmək adamı mənən sıxırdı, əzab verirdi. Özünün, ailəsinin canını bu oddan-alovdan götürüb qaçan, yollara sarılan bu admlara baxdıqca adamın xəyalı yüz illərin o yanına, tarixin saralmış səhifələrinə gedib çıxır. Xəyalında məcburi öz torpağından didərgin düşən, bu ana-bacılara, oğul-uşaqlara baxdıqca adamın daxilində bir ocaq yanır. Hiddət, qəzəb, nifrət adamı coşdurur. Bu səhnəni görənlərin gözlərində bircə “neyləməli” sualı və bircə “amansız düşməni yerində oturtmaq üçün birləşməli və hücuma keçməli” cavabı var.

Akif Şahverdiyev “Azərbaycan ordusu” qəzetinin 1993-cü il 14 avqust sayında dərc olunan “Köç” adlı məqalədə Ağdamdan köçkün düşən insanların aqibətindən, eləcə də bu qədim şəhərin işğal səbəblərindən ürək ağrısı ilə yazır:

 Bir vaxtlar el arandan yaylağa- dağlara köç edərdi. Köç də ibarət olardı hər ailə üçün yataq dəsti, tələb olunan qədər qab-qacaq, beş-altı uzun çadır çubuğu vəs. bu kimi xırda tələbat əşyalarından. Köç bir neçə ailədən ibarət olardı. Qoyunlu-quzulu, atlı-dəvəli bu yollarla o qədər köç olub ki…

 Bəli, o yollara ki, indi o yollarla dağlara sarı mən irəliləyirəm. Bu qədim karvan yolu, ipək yolu, tarixin səhifəsinə düşmüş, antik dövrün salnamələrində belə dönə-dönə təkrar olunan qədim Bərdə- Gəncə yolu Qarabağın şərqindən keçir. Beyləqan, Ağcabədi, Hindarxı kəndi, Ağdam, Xındırıstan, Qərvənd… Eh, saymaqla bu oylaqları qurtarmaqmı olar?! İndi matəm libası geymiş bu yerlərdə yayın qızmarında el-oba köç edir. Özü də dağlardan arana. Bu köç könüllü yox, məcburidir. Bu köç bir neçə ailə yox minlərlə, on minlərlə ailədən ibarətdir. Bu köç bir başqa köçdür. Kimisi iri yük maşınları ilə, kimisi minik maşınları ilə, kimisi arabalarla evinin paltar-palazını götürüb “Allaha pənah”la müəyyənləşdirmədiyi ünvana üz tutub.

 Səssi-səmirsiz, bir neçə günün içərisində Beyləqan, Ağcabədi, Bərdə, Goranboy, Tərtər rayonlarının, eləcə də Ağdamın şərq hissəsində olan yollara, zəmilərə, kölgəsi olan hər bir ağacın altına yayılıb, səpələnib bu adamlar. Bu adamlar indi respublikamızın mətbuat səhifələrində tez-tez “ağdamlı köçkünlər” kimi hallanan bütöv bir eldir.

 Yolboyu adamlarla söhbətimdən dəqiq bir şey öyrən bilmədim. Adamlar öz görkəmləri, yaşı, təhsili və s. bir-biri ilə necə fərqlənirsə, verilən cavablar da eləcə fərqlənir. Bəziləri deyir “Ağdamı satdılar”, bəziləri deyir “yox, satmadılar, havayı ermənilərə bağışladılar”, o biriləri deyir “Ağdam çoxdan verilmişdi ey, di gəl, erməni özü gəlmirdi”, bəziləri isə belə deyirdi: “gücümüz yoxdur, qardaş, nə gizlədək?!”.

 Beş ildən artıq davam edən bu müharibəni milyonlarla müşahidə edənlərdən biri kimi belə qənaətə gəlmişəm ki, ordumuz yaradılarkən gərək dünyada, eləcə də Rusiyada gedən ictimai-siyası proseslər diqqətlə öyrənilməli və ona əhəmiyyət verilməliydi. Əgər hadisələr diqqətlə və düzgün qiymətləndirilsəydi, əvvəlcədən respublika rəhbərliyi başa düşərdi ki, hərbi kadrlarsız ordu yaratmaq olmaz. Tez, tələm-tələsik nazirlik yaratmaq, tez-tez Baş Qərargah rəislərini və müdafiə nazirlərini dəyişməklə müharibədə dönüş etmək olmaz. Kənd və şəhərlərimizdə torpaq qeyrəti çəkən yüzlərlə, minlərlə oğullarımızı “sən könüllüsən” deyib, əlindən silahını alıb döyüşdən uzaqlaşdırmaq nə qədər uğursuz bir qərar idi. Düşmənin gücünü düzgün qiymətləndirmədən, yəni düşmən mövqeyini, fikrini, məqsədini, hərbi hazırlığını öyrənmədən, ən başlıcası, hücuma keçmək fikrində olmamaq, ancaq müdafiə ilə kifayətlənmək, əlbəttə ki, ancaq uğursuzluqlar gətirəcəkdir. Respublikada müharibə getdiyinə baxmayaraq, hakimiyyət uğrunda siyasi rəqabətlər, iqtisadiyyatda özbaşınalıq, plansız, məqsədli-məqsədsiz kadr dəyişiklikləri, xarici dövlətlərlə işi qura bilməmək və s. bizə onu deməyə imkan verir ki, müstəqil dövlətimizi elə ilk aylardan kökündəncə çürüdənlər bizim başbilənlərimiz olub.

 Artıq uğursuzluqların səbəbini anlayan, yəni torpaqların işğal olunmasının bir səbəbkarının da özünün olduğunu dərk edən sabiq dövlət başçıları məlum Gəncə hadisələrini törətdilər.

 Tarixə iyul hadisələri tək daxil olacaq bu qardaş qırğınının təşkilatçıları son məqamda Naxçıvan MM-in sədri, dünyanın özündə belə ictimai-siyasi xadim kimi tanınan Heydər Əliyevi paytaxta dəvət edərək, özləri aradan çıxdı. Belə qarışılıqdan istifadə edən düşmən özünün muzdlu ordusunu daha da hərbi texnika və sursatla gücləndirərək, demək olar ki, artıq Qarabağın bütün dağlıq bölgələrini ələ keçirmək planının son hissəsini yerinə yetirdi.

 Artıq bir neçə il idi ki, ağdamlılar aramlı-aramsız atəşlərə tutulan vaxtlardan şəhəri tərk etməyə başlamışlar. İmkanlı adamlar özlərinə müxtəlif yerlərdə yurd-yuva salmışlar. Lakin minlərlə kənd əhalisi, Ağdamda yaşayış səviyyəsi aşağı olan sadəlövh sakinlər belə güman edir və inanırdılar ki, dövlət başçılarının səyi və hərbi qüvvəlrimizin gücü ilə düşmənlərin burunları ovular və onlar öz evlərində sakit, əmin-amanlıqla yaşayarlar. Yuxarıda göstərdiyimiz səbəblərdən artıq nizam-intizamını itirmiş ordumuzun bir hissəsi Ağdam ətrafında əhəmiyyətli döyüş yüksəkliklərinin əldən getdiyini və düşmənin xeyli qüvvətli texnikasının üstünlüyünü görüb geri çəkildi. Düzdür, düşmənə qarşı hərbi hisslərimizin bəziləri və yerli adamlar müqavimət göstərmiş, son anadək döyüşmüşlər. Lakin təəssüf ki, Ağdam və ətraf kəndlər bir-iki günün içərisində tamamilə boşalmışdır.

 Düşmən caynağına keçmiş qədim şəhərimizin evlərindən qalxan tüstüləri görmək adamı mənən sıxırdı, əzab verirdi. Özünün, ailəsinin canını bu oddan-alovdan götürüb qaçan, yollara sarılan bu admlara baxdıqca adamın xəyalı yüz illərin o yanına, tarixin saralmış səhifələrinə gedib çıxır. Xəyalında məcburi öz torpağından didərgin düşən, bu ana-bacılara, oğul-uşaqlara baxdıqca adamın daxilində bir ocaq yanır. Hiddət, qəzəb, nifrət adamı coşdurur. Bu səhnəni görənlərin gözlərində bircə “neyləməli” sualı və bircə “amansız düşməni yerində oturtmaq üçün birləşməli və hücuma keçməli” cavabı var. 

DƏRC OLUNUB:

(“Azərbaycan ordusu” qəzeti, 14 avqust 1993-cü il. Akif Şahverdiyev)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏLİ VƏLİYEV-MÜƏLLİM

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 23 July 1963 ) əsl ziyalı, tanınmış pedaqoq, görkəmli ictimai – siyasi xadim Əli Vəliyevin doğum günüdür. Ad gününüz mübarək, Əli müəllim. Uca Yaradandan Sizə can sağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AĞDAM HAQQINDA ŞEİRLƏR

təvəkkül goruslu – ağdama ithaf olunur

(AĞDAMIN İŞĞALINA NÖVBƏTİ DƏFƏ İTHAF EDİRƏM!)

OLUBDU SÜVAR

Hönkürüb ağladıq ölü şəhəri,
Ağlaya-ağlaya ruhumuz öldü!
Hədiyyə eləmir heç kim zəfəri,
Çölümüz alovdu, içimiz küldü!

Heç millət bu qədər səbr eləməzdi,
Yaman dözümlüyük, yaman toxdağıq!
Özünə , yurduna cəbr eləməzdi,
Dözürük, dururuq, vallahi dağıq!

Bu həsrət, bu zillət dağlar yıxardı,
Biz isə dağları vəsf eləyirik.
Guya ki, dərəsi, çayı axardı,
Xəyalən laləsin kəşf eləyirik!

Yağı öz işində, edib yerlə bir,
Evlərdən qutarıb kövşən yandırır!
Bizim də səbrimiz olubdu kəpir,
Vurduqca, döydükcə kərən sındırır!

Yazmaqdan, deməkdən dilimiz qabar,
Nə bir oxuyan var, nə oyanan var.
“Lazıma” möhtacmış deyirlər vüqar,
O da ki, “Yetərə” olubdu süvar!

23.07.2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

= = = =

bir daha ağdam haqqında

DAMĞALI ÖMÜR

(26 ildir ki, AĞDAMSIZIQ!)

Gəzdiyim təpələr mənə göz dağı
Kənardan baxıram, özgələr kimi.
Yurdumun köksündə düşmən ayağı,
Qisasdı dərdimin uzman həkimi.

Vətənin içində perik düşmüşük,
Qartalın yurduna bayquşlar qonub.
Taledən inciyib, bəxtdən küsmüşük,
İstəklər tükənib, arzular donub.

Bu nə biganəlik, bu necə dözüm,
Vətən qan ağlayır, hərə işində.
Demişəm, qurtarıb daha hər sözüm,
Vətən parçalanır düşmən dişində.

İl ilə calanır, gün də ki, günə,
Durmadan yaş gəlir yaşımın üstdə.
Qanunsuz,qərarsız düşdüm sürgünə,
Köçkünlük damğası qaşımın üstdə*

* alnımda.

Müəllif: MAYİL DOSTU

= = = =

ağdam, ağdam, ağdam…

AĞDAM QƏM ÇAĞIM

(Bu gün Agdamimin talan günudu.)

Kəlbəcər dərd yerim, Agdam qəm cagim.
Yurd yeri boş qalan, aglar oylagim.
Düşmən əlindədi hələ torpagim 
Gözundən qan axir Şuşa bulagin.
Bu gün urəyimin yanan günüdü.
Bu gün Agdamimin talan günudu.

Bu gun səhidlərim uyuya bilmir.
Səsləyir bizləri, qeyrət, hünərə.
Bu gün səhidimin ruhu sevinmir.
Düşmən əlindədi hələ Agdərə.
Alin torpaqlari ey vətən oglu.
Təsəlli eyləyin biz şəhidlərə.

Bu gün Qarabagin solubdu, gülü.
Qubadli, Zəngilan gozəl Fizuli,
Bu gün qiz-gəlini gəzir yarali,
Sinəsi daglidi hələ Xocali.
Bu gün nahaq-haqqi danan günudu.
Bu gün torpagimin yaman günüdu.

Müəllif: ARZU MUZƏFFƏR QİZİ NURİ

= = = =

səni itiririk, ağdam… itiririk…

(Bu gün Ağdamin işğalından 26 il ötür. )

AÇIQ MƏKTUB

Eheyyy…övladlarım,
bu baharı da
mənsiz qarşıladınız.
Soyuq qəlblə soyuq qışı
yola saldığınız kimi.
Tədbirlərdə,bayram toplantılarında
məni yada saldınız
köhnə filimlərdə
kədərli kadrları
xatırladığınız kimi.
“İnşallah gələn bayramları…”
cümləsini işlətməkdən
diliniz niyə bağlamadı qübar.
Hər bayram yolunuzu
həsrətlə gözləməkdən
gözlərim yollarda qaldı,
sinəm tutdu qübar.
Qorxuram yaman,
zamanın sürətindən,
vaxtın üsyankar cürətindən,
bir gün unudulacağımdan,
Təbriz,İrəvan kimi
tariximizin qara səhifələrindən
boylanacağımdan.
Tələsin,nə qədər ki,qoynumda
sonuncu doğulan insan yaşayır,
məni döğma yurd kimi xatırlayır.
Vallah,sonra gec olacaq.
Bu torpağı döğulduğu vətən kimi
tanımayan insan
babalarının səhvini düzəltməyin
nə qeydinə qalacaq,
nə hayında olacaq.

23.07.2019.

Müəllif : ŞƏMSİYYƏ QARAMANLI

= = = =

rahim üçoğlanlı – deyirlər…

DEYİRLƏR BU YERDƏ BİR ŞƏHƏR OLUB
(Yer üzündən silinən Ağdamıma ürək ağrısı ilə)

Deyirlər bu yerdə bir şəhər olub,
Namusdan qeyrətdən qalası varmış..
Özü ağ olsada, bəxti qaraymış,
Başının min cürə bəlası varmış..

Hər gələn qonağa sürfə açarmış,
Adı çəkiləndə düşmən qaçarmış.
Bütün Qarabağa işıq saçarmış,
Eldar tək,Asif tək balası, varmış…

Qeyd:

(ardı var kövrəldim yaza bilmədim)

Müəlli: RAHİM UCOGLANLİ

= = = =

Dərdimiz bir ildə böyüdü

(Ağdamım…)

Dərdimiz bir ildə böyüdü,Allah,
Qocaldı dərdimin beli büküldü.
İnləyib can verir Ağdamım Allah,
Düşmən gülüşündən qəlbim söküldü.

Zərif bənövşəsi barıt qoxuyur,
Bulaqların gözü qan yaşla dolub.
Çölləri toplardan giksinib durur,
Çəməni,çiçəyi xiffətdən solub.

Bəzən xəyalımda əlimdə bayraq,
Gedirəm ot basmış yollarıyla mən.
Ağdamın dərdini hər gecə-gündüz,
Çəkməkdən düşübdür saçlarıma dən.

Müəllif: Refiqe Abbasova

= = = =

Zaur Ustac – 21 – yazı

KÖÇKÜN  (QAÇQIN)  OLMAQ  NƏ DEMƏKDİR?!

(İyirmi  birinci  yazı)

Salam olsun, ey dəyərli oxucum. Səbəbi, mövzusu o qədər  ürəkaçan olmasa  belə  daha bir görüş də qismətimiz oldu. Hər an, hər dəqiqə, hər saat üçün şükürlər olsun Uca Yaradana. 17.07.2019-cu il səhər saat 05:30 adəti üzrə yenə erkəndən oyanıb yazı masasının arxasında əyləşmişəm. 17.07.1993 – cü ildən bizi əsrin dördə birindən də artıq bir zaman kəsiyi ayırır. İndi durub köhnə gündəlikləri araşdırıb həmin günü,  bu saatı harda olduğumu, nə iş gördüyümü  daha dəqiq tapıb bura yaza bilərdim… Ancaq, bu gün onun olduqca böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, bura yazmağın heç bir mənası yoxdur. Sadəcə həmin günlər barədə bir cümlə ilə belə məlumat verə bilərəm ki, 3-4 iyun Gəncə hadisələri nəticəsində dağılmış (Qardaş Türkiyə Respublikasından gəlmiş təlimatçıların min-bir əziyyəti hesabına Qarabağda döyüşmək üçün yaradılmış XTT-un) hərbi hissənin Ağdərə-Tərtər cəbhəsinə atılmış başsız bölüyünün əsgəri kimi 2016-cı ildə də haqqında çox söhbət gedən Talışda idim… Və bu vaxt, mənim bu gün də qeydiyyatda olduğum, yəni şəxsiyyət vəsiqəmdə yaşayış yeri kimi qeyd olunan Ağdam rayonu, Yusifcanlı kəndi artıq yer üzərində demək olar ki, yox idi. Çünki, artıq iyun ayının 12-si bu kəndin əli silahlı əsgər sakini Gəncə -Goranboy –Goran, Göygöl (Xanlar) – Aşıqlı – Mingəçevir aralığında yollarda “gic-gic işlər”-lə məşğul olarkən bu gün də müəmma olaraq qalmaqda davam edən bir şəkildə heç kimin gözləmədiyi, tamamilə ağıla gəlməz istiqamətdən zirehli texnikaların üstündə əsgərlər kəndə daxil olaraq onun böyük bir hissəsini yandırmaqla  sakinləri  kəndi tərk etməyə məcbur etmişdilər…

Ancaq və yenə ancaq, bütün bunlara rəğmən 17.07.1993 – cü ildə,  bu vaxtda, bu saatda heç kimin ağlına belə gəlməzdi ki, Ağdam da əsrin dördə biri qədər əhəmiyyətli dərəcədə böyük vaxt olan zaman kəsiyində dönülməmək üzrə tərk ediləcək… Ancaq, bu baş verdi və mən bu gün oturub uzun çək-çevirdən sonra bu yazını yazmaq qərarına gəldim. Onu qeyd edim ki, “93-ün yayı və ya bir qaşıq qatıq” kitabında o günlər barədə təfsilatı ilə məlumat verilib. Bu yazını yenə yazmazdım, “Muştuluq torpaqlar qaytdı”, “Qara ket” və “Yüz manatlıq qəbz” adlandırdığım əhvalatlar baş verməsəydi, bu məsələlər bu qədər uzanmasaydı, işğaldan iyirmi il sonra başqa-başqa bölgələrdə doğulmuş uşaqların adamı çıxılmaz vəziyyətlərə salan  sualları olmasaydı… Çox təəssüf ki, bunların hamısı var və mən bəlkə bu yazını yazmağa gərək qalmadı deyərək ildən-ilə ertələsəm də, bu gün bu yazını yazmağa məcburam…

SÖZÜ  QƏRİB, GÖZÜ QARA QOCALAR 

                      Arsız aşıq elsiz necə yaşadı?!

                     Ölsün Ələsgər tək qulların, dağlar…

                                                           Aşıq Ələsgər

“Qaçqın” kəlməsi işlək şəkildə leksikonumuza  ötən əsrin 80 – ci illərinin sonlarında daxil olsa da, lap uşaqlıqdan  qocalardan bu sözü  ara-sıra mənasını tam anlamasaq da eşidir, elə də yaxşı hal olmadığını təxmini bilirdik. Sonrakı məlum hadisələr nəticəsində özümüz köçməyə məcbur olmamış, bir – neçə il bizdən yuxarıda olanların öz ev-eşiklərini tərk edib, bizə sığınmalarına şahidlik etdik. Sanki, buranı da tərk edənə qədər burda yaşayaq havası ilə onlarla birgə yaşadıq. Onlar bizdə ailənin bir üzvü (qonaq kimi yox) kimi yaşasa da qonşuların filankəsgildə “qaçqın” qalır deməsini eşitdik. Ancaq, bu sözü yenə tam anlamı ilə qavramadıq… Lakin, qocalar bunun nə demək olduğun bilirdi… Ona görə elə yaşlı insanlar var idi ki, son dörd-beş il ərzində “onlar dağdan düşməz” deyə-deyə özlərinə təskinlik versələr də, artıq dağdan düşüb, düzdəki kəndləri tək-tək yandıranda  “burda ölərik, heç yana getmərik” – deməyə başladılar. Bu yerdə nəzərinizə çatdırım ki, İlahi Ədalət deyilən bir məfhum var – belə deyən şəxslərin heç biri o kəndi tərk etmədi… Həmin günədək öz əcəli ilə ölənlər öldü – orda dəfn olundu… Bir-neçə nəfər həmin gün həlak oldu- çox ibrətamiz hadisələrə şahidlik etdi insanlar, ancaq, mətləbə dəxli olmadığına görə söhbəti uzatmıram… Bir nəfər də kənd yandırılsa da, tamam talansa da sonadək orada qaldı… Tərk etmədi… Öz yurd-yuvasını, ev-eşiyini tərk etməyin (istəməyərək, məcburi şəkildə, öz xoşunla deyil…) “QAÇQIN”, ”MƏCBURİ KÖÇKÜN” olmağın nə demək olduğun açıqlamağa başlamazdan əvvəl çox kiçik bir haşiyəyə çıxmaq istəyirəm.

HAŞİYƏ

Əslində bəlkə də mənim bu yazını yazmağa heç haqqım çatmır. Çünki, mən öz kəndimizdən üç gün-üç gecə qonaqlıq verib əsgərə getmişdim və ordudan tərxis olunandan sonra da ailə qurub kirayədə yaşamağa başladım. Mənim bu barədə təsəvvürlərim hərbi xidmətdə olarkən qısa və uzun müddətli məzuniyyətlərdə görüb, müşahidə etdiyim ailəmin, qohumların, yaxınların, tanıdığım insanların yaşadıqları, təsadüfən ya iştirakçısı, ya da şahidi olduğum hadisələr  və bir də ətrafdakı insanların olduqca qəribə, eyni zamanda müxtəlif reaksiyalarından ibarətdir. İnanın ki, uşağnı “qaçqın gəl bunu apar”, “səni qaçqına verərəm” kimi kəlmələrlə qaçqınla qorxudan zümrə  ilə yanaşı, “ona bax”, “adı qaçqındı” kimi ifadələrlə sanki, qaçqınların, köçkünlərin paxıllığını çəkirlərmiş kimi görsənən və bunu gizlətməyib yuxarıda qeyd olunan formada, bəzən daha açıq və net şəkildə biruzə verən bir təbəqəqə də formalaşıb. Bu tarixdir, bu danılmaz, gizlənilməsi mümkün olmayan faktdır, reallıqdır. Bu sətirləri ona görə yazıram ki, aşağıda yazacaqlarımın səmimiliyinə inanmağınız üçün daha münbit zəmin yaransın. Yəni, bundan sonra yazacaqlarım, çadırda yaşamamış, başqa-başqa idarə və müəssisələrin künc-bucağına sığınmamış, bu hadisələrdən əvvəl də, sonra da öz evində yaşamış şəxsin, vətəndaşın fikirləri, münasibətidir… Və əgər bu şəxs bu qədər əziyyət çəkir, sıxılırsa, gör indi digərləri nə çəkir… Bu çox çətin və məsuliyyətli məsələdir… Çadır məsələsi isə ümumiyyətlə əsl dəhşətdir…

KÖÇKÜN  (QAÇQIN) OLMAQ NƏ DEMƏKDİR?!

 “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz…”

                                                        Aqil Abbas

 Sadəcə bir insan kimi mənə çox maraqlıdır ki, “ÇADIRDA YAŞAMAQ DƏHŞƏTDİR” ifadəsi heç vaxt orada olmayan, ancaq, həmin vaxt Azərbaycanın  müxtəlif  bölgələrində  yaşamış və bu mənzərəni televizordan, mətbuatdan izləmiş yaşlı nəsil və ya indi internetdəki videolardan, fotolardan izləyən gənc nəsil üçün hansı anlam, məna kəsb edir… Neçə faiz əhalimizi bu məsələ düşündürür…

 Mən işin bütün maddi tərəfin bir kənara qoyub, sırf məni narahat edən mənəvi tərəfindən, əsl zərbədən danışacam. Halbuki, maddiyyət də önəmlidir. Məsələn, üç evi, iki maşını, normal işi – gəliri olan adam qəfil maşını əzib iki min manatlıq xərcə düşındə və ya heç nə olmasa da yol polisi adicə kəmər vurmamağın üstündə saxlayıb cərimə yazanda, içində beş-on manat olan cüzdanı itirəndə, hətta nəxənək köhnə  tanışlara ürcah olanda hansı hissləri keçirdiyimiz hamımıza yaxşı məlumdur… O ki, qaldı yüz – iki yüz il ərzində, (beş yüz ilə gedib çıxanlar da var) dədə – babanın qurub – yaratdıqları, əkib – becərdikləri, stabil həyat tərzi sehirli nağıllarda olduğu kimi qəfil bir hərəkətlə yoxa çıxır və sən barlı-bəhərli meyvə ağaclarından ibarət olan, qara kölgəli bağlarla əhatə olunmuş, bütün şəraiti olan ən azı iki yüz kvadrat metrlik, iki mərtəbəli daş evdən qəfil düşürsən heç bir şəraiti olmayan çölün düzünə… Sağ olsun yenə xeyirxah insanlar gətirib çadır verirlər ki, al Gün başına vurmasın və sən düşünürsən ki, bu gündən sənin, ailənin evi bu çadırdı… Yalnız üstünü örtən, altında və içində heç nə olmayan çadır…  İndi düşünün görək qızın otağı ayrı, oğulun otağı ayrı, qocanın otağı ayrı, hətta ildə-ayda bir dəfə gələcək qonağın da otağı ayrı qurulu şəkildə “üst ev”- də həmişə hazır gözləyən bu kişi, doqquz  baş külfətlə bu çadır – evdə nə edəcək… Həm də illər boyu… Bu barədə kifayətdir… “Arifə bir işarə bəs eylər.” Həm də şükür Allaha bu məsələ demək olar ki, ölkəmizdə həll olunub. Maddiyyətin o qədər də önəmli olmamasının bariz nümunəsi elə budur. Dünya bizə qədər də nə müharibələr, nə dağıntılar görüb… İndi bəh-bəhlə gedib gəzdiyimiz Avropa şəhərlərinin əksəriyyəti ötən yüz il ərzində neçə dəfə dağılıb, tikilib… Burda da yenə pis-yaxşı hamının evi oldu… O yerlərdən gələn mal-qara  heç bir neçə ay da davam gətirə bilməyib, tələf olsa da insanlar yaşamağa davam etdilər… Ancaq necə?!  Çadırlar, qaçqınlıq, köçkünlük nələri aldı bizdən?!

GEDƏR-GƏLMƏZƏ GEDƏNLƏR-İTİRDİKLƏRİMİZ:

Yalnız bir kəndin (Ağdam rayon, Yusifcanlı kəndi) timsalında itirdiyimiz  bir-neçə çox vacib dəyərləri  Sizlər üçün sadalamağa çalışacam:

  • Ən birinci ağayanalıq demək olar ki, əriyib getdi.
  • İkinci bəlkə də min illiklər boyu formalaşmış ailə mədəniyyəti, ailədaxili intizam, böyük-kiçiklik yox oldu. Bu Sizə adi məsələ kimi görünə bilər, ancaq əslində çox ciddi problemdir ki, fəsadları artıq özünü göstərir. Ailədə ən azı beş – altı uşaq olanda böyük bacı, böyük qardaş münasibətləri çərçivəsində valideynlərə və ya valideynə elə də yük düşmür sonbeşikdən ailə başçısına qədər hər kəs öz yerini və işini bilirdi. İndi bir-iki uşaq olan ailədə bu qaydada təbii öz yerini tutma prosesi getmədiyinə görə valideynlər çox yüklənir, əziyyət çəkirlər. Uşaqlar isə normal təbii mühitdə böyüyüb inkişaf etmədiklərinə görə olduqca müxtəlif problemlər, hətta bəzən xəstəliklər (psixoloji) lə üzləşirlər.
  • Üçüncü, bu artıq dəqiq minilliklər ərzində formalaşmış olduqca unikal Yazı – İlk Baharı qarşılama adətidir – Bahar bayramı, Novruz bayramı – biz ona “Qarqara çıxılan gün” deyirdik. Bu bir aydan artıq davam edən və sonda martın iyirmi birinci günü Qarqara çıxmaqla yekunlaşan olduqca möhtəşəm rejissoru da, aktyoru da kənd sakinlərindən ibarət olan möhtəşəm bir tamaşa idi… Bu barədə  “Qarqara çıxılan gün” kitabında ayrıca yazılıb.
  • Və nəhayət toy və yas adətləri…

Bütün maddi itkilərin yeri dolsa da, mənəvi sərvətlər bir dəfəlik yox oldu… Yaxın on il ərzində  qayıtmaq mümkün olsa Bayram, toy, yas adətlərin bərpa etmək olar. Ancaq, daha gec olsa bu mümkün olmayacaq…

QAÇQIN-KÖÇKÜN OLMAQ NƏ DEMƏKDİR?!

Olduqca qısa yazmağa çalışdığım, bütün yuxarıda sadaladıqlarımın hamısı  sonda yazacağım bir cümlənin tam səmimi olduğuna Sizi inandırmaq üçün idi. O cümləni yazmazdan əvvəl bir daha fikrimi əsaslandırmağa çalışacam. 2002 – ci ildən  Bakı şəhəridə yaşayıram, heç vaxt maddi çətinliyim olmayıb (ümumiyyətlə qayıtmaqdan başqa həyata keçməmiş heç bir arzum yoxdur, şükür Allaha…) . Əvvəlcə bir müddət kirayədə, sonra isə öz evlərimdə yaşamışam. Bu müddət ərzində Bakı şəhəri, Yasamal rayonu daxilində üç dəfə evimi dəyişmişəm və hər dəfə yeni təmirli evlərə köçmüşəm. Tam şəraitli, bütün rahatçılığı olan evlər olub. Ancaq, o evin heç birində həyətimizdəki zoğal ağacının altında qoyulmuş taxtın üstündəki kimi bircə dəfə də olsun rahat yata bilməmişəm… Qaçqın-köçkün olmaq öz evində qonaq kimi yaşamaqdır… Evləri dəyişsən də, illər ötsə də bu hiss dəyişmir… Qayıdacağın günü gözləyirsən…

QEYD

 Əziz oxucum, ilk öncə sona qədər həmsöhbət olub, bu sətirləri oxuduğunuza görə təşəkkürümü bildirirəm.  Sonra isə Sizinlə ən məhrəm bir məsələni bölüşmək istəyirəm. Hərdən özümə təskinlik vermək üçün belə fikirləşirəm ; “a kişi elə bil ki, sən də cammat kimi kənd-kəsəyini qoyub köçmüsən Bakıya, yaşa də…” Ancaq, elə o andaca bir uğultu burğu kimi adamın beyninə işləyir; “axı elə deyil…”

22.07.2019. Bakı ş.

Müəllif: Zaur Ustac

QEYD:

Bu yazı müxtəlif saytlarda yayımlanmaqla bərabər müəllifin “YARADANLA BAŞ-BAŞA” və adlı kitabında müstəqil məqalə kimi yer almışdır.

Bundan əlavə “ƏDALƏT” qəzetinin N:125 (5589) 23 iyul 2019 – cu il sayında dərc olunmuşdur.

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TUNCAY MUSTAFAYEV

“KAKTUS YARPAQLARI” – TUNCAY MUSTAFAYEV (SENSEY)

AZƏRBAYCAN

Biz müstəqil dövlətik!

Bizim bayrağımız var.

Babalardan əmanət

Qalan torpağımız var.

* * *

Borcluyuq qorumağa!

Qulluğunda durmağa!

Əkməyə, suvarmağa

Dədə tövsiyəmiz var.

* * *

Tuncayam, elim, Ağdam!

İnana bilmir adam.

Vətən edilib, edam…

Dörd yanda tikəmiz var!

14.04.2018. (İlk şeir) Bakı ş.

= = = =

AY DAĞLAR

Dağlar, dağlar, ay dağlar,

Barlı, baratlı dağlar.

Qonaq-qaralı dağlar,

Paylı, sovqatlı dağlar.

* * *

Başqa aləm yaz, bahar,

Gül bülbülə yar olar,

Nə istəsən burda var,

Bağlı, bağatlı dağlar.

* * *

Tutulubdu yol-iriz,

Dağlarsız qalmışıq biz.

Darıxıb yol, izimiz,

Yollu, yolatlı dağlar.

* * *

Qarabağda qaldı dağ,

Sinəmizə çəkdi dağ,

Azad olsun qarabağ,

Toylu, büsatlı dağlar.

* * *

Ellər qalıb aranda,

Yollar itib dumanda,

O günlər qaldı harada?

Elli, elatlı dağlar.

* * *

Tuncay kimdi, nə bilə?

Yaş gördüm; bıldır, gilə.

Gözlər kor, görə-görə,

Ellər həsrətli, dağlar…

27.04.2019. Bakı ş.

Müəllif: Tuncay Sensey

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru