QABİL DƏRDLİ

qabil dərdli “üç yarpaq” – da

DƏYİŞƏR GÜLLƏR, GÜLÜM.

Ömür keçir, gün keçir,
Sabah gəlir, dün keçir.
Hələ ki, sözün keçir,
Dəyişər illər, Gülüm.
Bülbül gül fərağında,
Çəmənzar qırağında.
Şirin dil sorağında,
Dəyişir dillər, Gülüm.
Gözələ gül yaraşır,
Yelkənə yel yaraşır.
Sonaya göl yaraşır,
Dəyişir göllər, Gülüm.
Bivəfadan üz əli,
Aldadar göz düz əli.
Dəyişməz tül gözəli,
Dəyişər tüllər, Gülüm.
Qapı bağlı, yox açar,
Qalmarıq böylə naçar.
Güllər solar, gül açar,
Dəyişər güllər, Gülüm.

= = = =

GÖZLƏDİM
Gözlədim mən səni bu gecə yarı,
Özlədim, gözlədim ürəyimdəcə.
Aşiq sevdasını, yarı öz yarı,
İstəyər, gözləyər hər gün, hər gecə…

Nədənsə ürəyim yenə bərk vurur,
Yadıma o gülər bəniz düşüncə.
Bir yanda təəssüf, bir yanda qürur,
Ürəyim tək səni istəyir necə.

Əlini hiss etmək istər bu əlim.
Gəzişək sahildə üzü küləyə.
Mən sənin ətrini küləkdən alım,
Saçın səpələnsin üzə, sinəyə.

Deməyək qapılıb qəm otağında,
“Heyif o günlərdən, getdilər güdaz”.
Tərsinə fırlanan fələk çarxında,
Biz də tərs mayallaq fırlanaq bir az.

Birimiz ovçuyuq, birimiz şikar,
Kim kimi tovlayıb, ovladı bilməm.
Bəzən gizlin olduq, bəzən də aşkar,
Bizə yoldaş oldu həm sevinc, həm qəm.

= = = =

BU GÜN
Həyatımın
ən ağır günlərindən biri kimi
qalır yadımda bu gün.
Çox illər öncə(47 il) 
elə ağır oldu ki,
çiynimə qoyulan yük…
Elə pis oldu ki,
mənə verilən 
“atasız” adı…
Ağırlığına öyrəşdimsədə,
heç öyrəşmədim o ada.
Çox dəyişdi həyatımı
o gün…
Yaxşıyamı, pisəmi bilmirəm…
Sözüm içimdə o qədər qaldı ki,
doğmalaşdı sözlərim.
Gözüm atalı uşaqlarda o qədər qaldı ki, özğələşdi gözlərim…
Hətta bəzən yola da getmədi
ürəyimlə gözüm .
Çox dəyişdim mən də…
Bəlkə də
uşaqlıqda boynum bükülü qaldığından,
indi dik durur hamının önündə…
Səsim o vaxt kəsik olduğundan,
indi çox ucalır yeri gəldikcə.
Ürəyim çox sızıldadığından 
daşlaşıb bəlkə indi,
təkcə kimsəsizlərə acıyır…
Bəlkə ,
ətrafdakı ədalətsizliklərə məruz qala-qala
belə mübariz olmuşam haqsızlığa qarşı?
Bəlkə zalımları görə-görə,
aciz olmuşam
atasızların qarşısında?
Bəlkə,
əlbirdir bu dünya
mənimkimilərin bəxti ilə…
24.07.2019

Müəllif: QABİL NABİYEV DERDLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir