RAFİQ HÜMMƏT

ATA, ANA HAQQINDA ŞEİR

GÖZLƏRİMİN QABAĞINDA…

Hər günü – bir göz qırpımı, tutub əlindən,
Bizə dəyər-dəyməzinə sırıyır zaman.
Gözlərimin qabağında qocalır atam,
Gözlərimin qabağında qarıyır anam.

Bu dünyanın zər libası gəlmir əynimə,
Mən bu ömrü ömür kimi yaşayammıram.
Özgələrin atəşidi yandıran məni,
Mən özümün atəşimə yaxşı yanmıram.

Üzü soyuq adamlarda daş nəfəsi var,
Üzü soyuq adamlardan küsməyim çətin.
Söz üstündə yarpaq kimi əsirəm, anam,
Niyə sənin başın üstdə əsməyim çətin?!

Atam mənim, Tanrı qulu olmaq zülümdü,
Dəbdəbələr taxtı sevən qullara gedir.
Əfv et, hər an yanınızda ola bilmirəm,
Ömrün çoxu yaşam üçün yollara gedir.

Bilən bilir – mən ömrümü hey zəiflərə,
Budağında yellər döyən yarpağa verdim.
Kürəyinə sığınmağa tək Allah qaldı –
Dost-qardaşın şahlarını torpağa verdim.

Görən, kimi isitməyə doğuluruq biz,
Bəlkə dünya bizi yaxan bir buxarıdır?
Boş əllərim yerdə-göydə ömür axtarır,
Ömrüm məndən ya aşağı, ya yuxarıdır.

Tanrı verən bir ömürdü, mənim ha deyil –
Ya doğmama bağışlayam, ya yada satam.
Gözlərimin qabağında əriyir anam,
Gözlərimin qabağında qocalır atam.

Müəllif: Rafiq Hümmət

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir