XOSAXAN MUSAYEV – HƏKİM

ad gününüz mübarək!!!

Xosaxan Musayev, 70 yaşın mübarək!

Bu gün ( 31 Avgust 1949 ) tanınmış həkim, rentgenoloq Xosaxan Musayevin doğum günüdür.

Xosaxan Musayev 20 il Respublika Diaqnostika Mərkəzinin şua-diaqnostika şöbəsinin rəhbəri olub.
        Musayev Xosaxan Ataxan oğlu – 1949-cu il avqustun 31-də Lerik rayonunda anadan olub.  1976-cı ildə Azərbaycan Tibb Universitetinin mualicə-profilaktika fakultəsini bitirən Xosaxan həkim, 1977-ci  ildə 12 saylı Birləşmiş Şəhər Xəstəxanasında rentgenoloq kimi fəaliyyətə başlayır.  Burada işlədiyi müddətdə rentgenologiya üzrə 5 aylıq ixtisaslaşma kursu keçir.
         O öz ixtisas biliklərini 1979-1981-ci illərdə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Rentgenologiya kafedrasında klinik ordinatura keçməklə daha da artırır.
        1981-1989-cu illərdə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnsitutunun Rentgenologiya kafedrasında rentgen-qasroenterologiya üzrə assisent işləməyə başlayır. Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda pedaqoji fəaliyyəti ilə, o bu sahədə yüzlərlə həkimlər yetişdirib, həkimlərin yeni nəslinin yetişməsi və inkişafına öz töhvəsini verir. Yetişdirdiyi həkimlər ölkənin müxtəlif xəstəxana və klinikalarında fəaliyyətlərini davam etdirirlər. Bilik və təcrübəsini bölüşdüyü həkimlər onu tələbkar, ədalətli, səmimi və qayğıkeş bir insan kimi xatırlayırlar. Bütün bu gözəl keyfiyyətlərinə görə tələbələrin hörmət və məhəbbətini qazanan Xosaxan həkim sözün əsl mənasında sənətinin vurğunudur.
        İxtisası üzrə biliyini artırmaq üzərində müntəzəm olaraq çalışaraq 6 ay Respublika Klinik Uroloji Xəstəxanasında “Sidik ayırıcı yollarının rentgen tədqiqatları” üzrə tətdiqatlar apararaq, elmi nailiyyətlərini praktikada tətbiq edir. 
       O, 1988-ci ildə uzun illərin zəhmətinin bəhrəsi olaraq indiki Səhiyyə Naziri, Oqtay Şirəliyevin əmri ilə Respublika Diaqnostika Mərkəzinin şua-diaqnostika şöbəsinin rəhbəri təyin olunur.  20 il Respublika Diaqnostika Mərkəzinin şöbə müdiri işlədikdən sonra, 2008-ci ildən 2013-cü ilə qədər müxtəlif özəl klinikalarda işləyib.  2013-cü ildən etibarən Medika Hospitalda həkim-rentgenoloq işləyir.       
      Xosaxan Musayev Respublikada ilk dəfə mədə-bagırsaq yolunun kontraslı rentgen videoqrafiya tədqiqatlarını tədbiq edib. Döş qəfəsi üzvlərinin, sümük və oynaqların, sidik-ayrıcı yollarının, kəllənin, burunətrafı ciblərinin və digər rentgen tədqiqatlarını apararaq Respublikada rentgenologiya ixtisası üzrə mühüm yeniliklər etmişdir. 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC – DİLARƏ

…bu gün onun anım günüdür…

DİLARƏ

(…SQ-nın pilotu D. Babayevaya ithaf olunur…)

Bizdə atalardan bir məsəl qalıb:

“Aslanın erkəyi, dişisi olmaz”…

Bu yurdun neçə mərd oğlu, qızı var,

Adı anılmalı, anmasaq  olmaz…

*     *     *

Yaradan bəxş edib, bu namı bizə,

Ellərin sultanı, xan Azərbaycan…

Var olsun bu torpaq, yaşasın Vətən,

Anam Azərbaycan, can Azərbaycan…

*     *     *

Dünya yaranandan mayamız belə,

İplikdən əjdaha doğub hanamız…

Lalənin al rəngin yazıb tarixə,

Analar anası, Tomris anamız…

*     *     *

Ruhu, düşüncəsi zəkidən zəki,

Əhsən deyib ellər, qalıb tamaşa…

Necə Nüşabəsi olub bu elin

İsgəndər mat qalıb, edib tamaşa…

*     *     *

Neçə Sarası var, dünya tanıyır,

Əlində qələmi  qılıncdan iti …

Zaman hökmün verib, geriyə dönməz,

İllər axıb gedir itidən iti…

*     *     *

Zaman dəyişsə də dəyişmədik biz,

Xanım-xatın qızlar birər qəhrəman…

Anadan, atadan gördüklərimiz

Tarixdə qalmayıb, yaşayır hər an…

*     *     *

İllər axıb gedir, biz yaşayırıq,

Ruhumuz o ruhdur, qanımız o qan…

Əzəldən dünyanın gərdişi belə,

Sözümün canı var, can Azərbaycan…

*     *     *

İndi “İmarət”-də qonaq  Xan qızı,

-Natəvan pəjmürdə, ruhu pərişan…

Əldən ələ düşüb eli, obası,

İltifat edən yox, yox hal soruşan…

*     *     *

Tarix nələr görüb, nələr öyrədib,

Halı haldan anlar, ariflər bilər…

Aramla süzülür bu çeşmədən nur,

Fitrətdə, mayada qor olan bilər…

*     *     *

Onun yaddaşında neçə Nigar var,

Ley kimi qayadan süzüb düzlərə…

Unutmaq olarmı söylə Həcəri???

Nəbiyə qoşulub, düşüb düzlərə…

*     *     *

Ucadan ucadır şanlı tarixim,

Ruhumun qidası şərəfdi, şandı…

Zamanın fövqündə dayananların,

Anası bircədi,  – Azərbaycandı!!!

*     *     *

Uçmaq arzusuna düşdü, Dilarə…

Ruhu göy göylərin qonağı idi…

Ulduzlar göylərdən gəl-gəl edirdi,

Sonsuz ənginliklər  oylağı idi…

*     *     *

Tanıdı Leylanı, ününü duydu,

Andı Züleyxanı fəxrlə hər an…

Cəhd etdi, çalışdı əzmlə hər gün,

Məqsədi fikrindən çıxmadı bir an…

*     *     *

Uçdu arzusunun qanadlarında,

Sevindi  ilk  uçuş  müjdəsi  ilə…

Taledən, qismətdən razı idi,

Anardı Tanrını “min şükür” ilə…

 *     *     *

Fəqət, yarı yolda qaldı arzular,

Axı, quş qanadı çox kövrək olur…

Məni dəstəkləyər  qulaq dostları,

Məncə, tər çiçəklər çox tez də solur…

02. 05. 2018. Bakı.  (08:50)

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ VƏ WWW.USTAC.AZ

Kəmaləddin Qədim

KƏMALƏDDİN QƏDİMİN SÖZ DÜNYASI

YERİNDƏ DAYANIB, DURURMU DÜNYA…

Yerində dayanıb, dururmu dünya,
Sən niyə dayanıb, niyə durasan?..
Bir gün də olmaya sənin bu dünya,
Sən ona bir ömür yiyə durasan..

Vaxt, zaman dayana qəsdinə, gələ,
Baxmaya boyuna, şəstinə, gələ.
Dərdlər qoşun çəkib üstünə gələ,
Cibində bir paslı tiyə durasan…

Bişəsən odunun, közünün üstdə,
Tutasan özünü gözünün üstdə.
Söz vermisən deyə, sözünün üstdə
Dönəsən bir quru bəyə, durasan…

Yüz suçun ola, bir bağış düşməyə,
Üzünə bir qutsal baxış düşməyə.
Başına bir damcı yağış düşməyə,
Ha açıb əlini göyə durasan…

Xəzana çevrilə gülün deyilən,
Lap ərşə dayana zülüm deyilən.
Ayrılıq deyilən-ölüm deyilən
Bir sabah qapını döyə, durasan…

KƏMALƏDDİN QƏDİMİN SÖZ DÜNYASI

BURDA HƏR ŞEY VAXTINANDI

” Xəstəxana şeirləri” silsiləsindən

Burda hər şey vaxtınandı…
Keçib getmək bilməsə də
vaxt andır…
Vurulacaq iynənin,
qoşulacaq sistemin vaxtı var.
Onsuz da bol-bol
vaxtı var xəstənin,
vaxtı var…
Biri gəlib
yeməyin vaxtını yadına salır,
Birisi də
içəcəyin dərmanların.
Dünən, bu gün nə vardısa
təkrar olacaq yarın…
Bir özgə adı var burda vaxtın,
bir özgə dadı.
Burda hər şey yalnız və yalnız
Getməyin vaxtı olduğunu
xatırladır…

KƏMALƏDDİN QƏDİMİN SÖZ DÜNYASI

SƏNİ GÖRÜB CANNAN OLAN…

Səni görüb cannan olan
Tapsa, səndə canı tapar.
Yerişindən, duruşundan
Ədəbi, ərkanı tapar.

İstər min dərd, bəla gətir,
Qail olar sənə xətir.
Ötər səni sətir-sətir
Dərdinə dərmanı tapar.

Olmayıbdı hətta qurban,
Bu ləzzətdə, dadda qurban.
Mən boyda, mən adda qurban
Sən adda ünvanı tapar.

Baxan səmtə,yönə baxar,
Baxar, dönə-dönə baxar.
Kafər belə sənə baxar
Səndə Yaradanı tapar…

Müəllif:KƏMALƏDDİN QƏDİM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUSA ƏLƏKBƏRLİ

Musa ƏləkbərlİDƏN BİR ŞEİR

ÖLÜMÜ ÖLDÜRÜB GƏLƏK DÜNYAYA

Gəl elə yol seçək sonu olmasın,
Təzədən vurulaq mələk dünyaya.
Ayrılıq səmtinə yönü olmasın,
Ölümü öldürüb gələk dünyaya!
Sonra qəh-qəh çəkib gülək dünyaya.

Gəl elə yol seçək ucsuz-bucaqsız,
Orda bir insanın izi olmasın.
Bizi itirməsin vaxtlı, ya vaxtsız,
Nə də “get” deməyə üzü olmasın.
Yeni bir ünvan da verək dünyaya,
Ölümü öldürüb gələk dünyaya!

Qoy o yol başlasın yerin altından,
Keçsin göylərin də yeddi qatından.
Allahın özündən, kainatından,
Diləyək bir sonsuz dilək dünyaya,
Ölümü öldürüb gələk dünyaya!

Yol gedək biz zaman, əsr bilməyək,
Heç yerdə, heç nədə kəsr bilməyək.
Tanrım, sənin olsun bu sirr, bilməyək,
Bəlkə heç o deyil gərək dünyaya,
Ölümü öldürüb gələk dünyaya!

Bir sonsuz həvəslə biz gedək onu,
Deməyək hardadır bu yolun sonu.
Silək bu yollardan xofu, qorxunu,
Ancaq ürək verək, ürək dünyaya
Ölümü öldürüb gələk dünyaya!

Bir sevgi başlayaq uzun, lap uzun,
Sonuna çatmayaq ancaq sonsuzun.
Qoy qıraq şaxını şaxtanın, buzun
Xoş nəzərlə baxsın fələk dünyaya,
Ölümü öldürüb gələk dünyaya!

Müəllif: MUSA ƏLƏKBƏRLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏSƏD CAHANGİR YAZIR

Əsəd Cahangir: –  “Ədəbi gənclik nə istəyir?” 

Üçüncü hissə  

“Kilidsiz açarlar” hekayəsinin müəllifi Ziyad Quluzadə hər an erməni hücumu gözlənilən bir kənddə xərçəngə tutulub yatağa düşən, ölümünü öz sevimli kitablarının əhatəsində gözləyən atanın timsalında sovet dövrü millətçi kəsimi və onun turançı eyforiyasının iflasından danışır. Lakin hekayə boyu Kafkanın “Çevrilmə”si və Sizif haqqında miflə bağlı çoxsaylı mesajlar göstərir ki, müəllif məsələnin bir ucunu aparıb Allaha bağlamaq istəyir. (“Çevrilmə” üzdə ataya etirazın ifadəsi olsa da, altda yəhudilərin allahı Yəhvaya üsyanın işarəsi, Sizif isə Olimp tanrılarına itaətsizliyin birbaşa əksidir) Amma o bunu elə də uğurla eləyə bilmədiyindən, istər Kafka, istərsə də Sizif atanın kitabxanasından çıxıb, oğulun hekayəsində tam vətəndaşlıq statusu qazanmır, əsas müəllif vurğusu dini yox, mill(lətç)i düşüncənin üstünə düşür. Lakin istənilən halda xəstə atanın kitabxanası həm də Allahın Kitabını işarələyir və bununla da, yeni dönəmin praktik gəncliyi sovet dövrü insanının ilahiləşdirilmiş mill(ətç)i ideallarına ironiyasını bildirir. Bu, gerçəklikdə öz təsdiqini tapmayan, sadəcə ideya şəklində mövcud olan hər  şeyə, sözün bütün anlamlarında Kitaba ironiyadır: Ata, xəbərin var, erməni gəlib qapının ağzını kəsib, üç gün ömrün qalıb, sən hələ də romantik xəyallarla yaşayırsan? Ziyadın ironiyasının dilə gəlməyən alt qatında mən bu ritorik ittihamları “eşidirəm”. Amma hər cür kobud birmənalılıqdan uzaq bu ironiyaya ataya sevgidən doğan həzin ağrı-acı da qarışır.  Bu, hekayəyə intellektual zəriflik, elitar duyğusallıq gətirir və Didronun bir kəlamını yada salır: “Bədii  ədəbiyyatın (bir-Ə.) vəzifəsi (də-C.) insanı kobudluq və bayağılıqdan xilas etməkdir.”    

Kilidsiz açarlar” hekayəsinin müəllifi Ziyad Quluzadə hər an erməni hücumu gözlənilən bir kənddə xərçəngə tutulub yatağa düşən, ölümünü öz sevimli kitablarının əhatəsində gözləyən atanın timsalında sovet dövrü millətçi kəsimi və onun turançı eyforiyasının iflasından danışır. Lakin hekayə boyu Kafkanın “Çevrilmə”si və Sizif haqqında miflə bağlı çoxsaylı mesajlar göstərir ki, müəllif məsələnin bir ucunu aparıb Allaha bağlamaq istəyir. (“Çevrilmə” üzdə ataya etirazın ifadəsi olsa da, altda yəhudilərin allahı Yəhvaya üsyanın işarəsi, Sizif isə Olimp tanrılarına itaətsizliyin birbaşa əksidir) Amma o bunu elə də uğurla eləyə bilmədiyindən, istər Kafka, istərsə də Sizif atanın kitabxanasından çıxıb, oğulun hekayəsində tam vətəndaşlıq statusu qazanmır, əsas müəllif vurğusu dini yox, mill(lətç)i düşüncənin üstünə düşür. Lakin istənilən halda xəstə atanın kitabxanası həm də Allahın Kitabını işarələyir və bununla da, yeni dönəmin praktik gəncliyi sovet dövrü insanının ilahiləşdirilmiş mill(ətç)i ideallarına ironiyasını bildirir. Bu, gerçəklikdə öz təsdiqini tapmayan, sadəcə ideya şəklində mövcud olan hər  şeyə, sözün bütün anlamlarında Kitaba ironiyadır: Ata, xəbərin var, erməni gəlib qapının ağzını kəsib, üç gün ömrün qalıb, sən hələ də romantik xəyallarla yaşayırsan? Ziyadın ironiyasının dilə gəlməyən alt qatında mən bu ritorik ittihamları “eşidirəm”. Amma hər cür kobud birmənalılıqdan uzaq bu ironiyaya ataya sevgidən doğan həzin ağrı-acı da qarışır.  Bu, hekayəyə intellektual zəriflik, elitar duyğusallıq gətirir və Didronun bir kəlamını yada salır: “Bədii  ədəbiyyatın (bir-Ə.) vəzifəsi (də-C.) insanı kobudluq və bayağılıqdan xilas etməkdir.”    

    Ziyad 30 il öncəki “xəstə” zamanın (atanın!) nəbzini tutaraq, ürək döyüntülərini dinləyir və ona diaqnoz qoyur – ölüm! Çıxardığı nəticədən asılı olmayaraq məhz bu mövzuya müraciət hekayə müəllifinin uğurudur. Çünki o, tarixin yüzlərlə olayı arasından həlledici, kritik məqamı tutur, ümummilli taleyüklü problemi seçir və tarixi qəlbindən vurur! Hamletin diliylə desək, “maral yaralandı, düz ürəyindən!” Amma belə bir hekayə 30, heç olmasa 20 il öncə yazılsa, öz müəllifinin daha ciddi uğurundan xəbər verərdi. Çünki ədəbiyyat zamanla bərabər at başı yüyrütməli və daha yaxşısı onu qabaqlamalıdır. Yazıçı təkcə həkim yox, həm də öncəgörən, ədəbiyyat təkcə bədii diaqnostika yox, həm də proqnostika mərkəzidir. Məsələn, Ziyadın haqqında yazdığı dövrə münasibətini M.F.Axundov özünün “Aldanmış kəvakib” (1857) povestində 130 il öncə, özü də daha obyektiv bildirib. Dostoyevski bolşevizmin gətirəcəyi fəlakəti “Cinayət və cəza” (1862) Oruell isə kommunizmin çökəcəyini “1984” (1948) romanlarında yarım əsr öncə xəbər veriblər. Muğannanın “İdeal”ını diqqətlə oxuyanlar bilir ki, Qarabağ hadisələrinin nə vaxt başlayacağı romanda ilinə qədər proqnozlaşdırılıb. A.Abbas “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” romanında Mübariz İbrahimov fenomenini illər öncə görüb və göstərib. Bu, zamanın buxovlarından azad olmaq, onu qabaqlamaq istəyən əbədi ruhun tələbidir və əslində, bədii istedaddan daha ciddi şeydir. Təəssüf ki, Ziyad da, onun yaşıdları da hələki keçmişə baxırlar. Mən fantastik janrda yazan nəinki gənc, yaşlı yazarımızı da görmürəm və bu, ədəbiyyatımızın ciddi boşluqlarından biridir.               Bütün bunlar, əlbəttə, iraddan daha çox arzudur, amma Ziyada konkret bir iradım da var. “Kilidisiz açarlar” başlığı reallıqdan məhrum (kilidisz) ideallar (açarlar) barədə mesaj ötürməklə müəllif ideyasını əks etdirir.  Amma ad və hekayənin əlaqəsi ümumi ideya planı ilə də bitir – müəllif bu əşyalara mətndə özəl bir yer ayırmır.     “Kilidsiz açarlar” realist üslubda yazılıb, hekayənin ikinci planla bağlı başlığı isə müəllifin modern advermə üsulunu göstərir. Məncə, hekayənin adı və özü arasında birbaşa əlaqənin olmaması bu metodoloji uyğunsuzluqdan irəli gəlir. Halbuki, bu uyğunluğa malik əsərlər nəsrimizdə kifayət qədərdir: “Yaşıl teatr”da (S.Əhmədli) insan təbiətlə oyun oynayır (yaşıl teatr) həm də personajların yaşadığı həyətin yaxınlığında Yaşıl Teatr binasının tikintisi gedir; “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə (Anar) altıncı qat sosial ehkamlardan yüksəyə qalxmağa işarədir, həm də romanın qəhrəmanlarından biri beşmərtəbəli binanın liftiylə “altıncı qata” qalxır; “Dalanda” (S.Azəri) romanında dalan taleyin çıxılmazlığının rəmzidir, həm də qəhrəmanın evi dalanda yerləşir;     Adın həm yuxarı, həm də aşağı vurması – ikili kodlaşdırılması İ.Hüseynovun “Teleqram”ı, Elçinin “Ölüm hökmü”, F.Kərimzadənin “Qarlı aşırım”ı, İ.Məlikzadənin “Quyu”su, M.Süleymanlının “Dəyirman”ı, A.Məsudun “İzdiham”ı, K.Abdullanın “Yarımçıq əlyazma”sı, R.Məcidin “10 sentyabr”ı, K.Əfsəroğlunun “İt qanı”, A.Quliyevin “Rusiyadan gələn qardaş”ı, S.Talıblının “Adəmin övladları”, H.Herisçinin “Solaxay”ı, İ.Fəhminin “Aktrisa”sı və digər roman və povestlər üçün də səciyyəvidir. Ziyadın hekayəsində bu ikiliyin ancaq birinci tərəfi var, ikincisi yoxdur, yuxarısı var, aşağısı yoxdur. Semiotik dillə desək, işarələnən var, amma işarələyən görünmür. Ona görə müəllifin tənqid etdiyi turançı ideallar kimi hekayənin adının da ayaqları yerə çatmayıb, eləcə havada qalır. Ziyad başlığa mətnin içində ayaq yeri qoymur.    Yeri gəlmişkən, uğurlu ad seçimi təkcə Ziyad yox, demək olar ki, bütün gənclərin problemidir. Yəqin buna görə antologiyadakı 20-dən artıq hekayə arasında hədəfə vuran ad azdır. Halbuki, tarix şumerdən, teatr qarderobdan başladığı kimi,  bədii əsər də addan başlayır. Ad əsərin nüvəsidir və onun qeyri-adekvatlığı müəllifin öz yazdığının nüvəsinə çatmaması, nə demək istədiyinin özünə axıracan aydın olmaması deməkdir. Postmodernist düşüncənin ada tamam əks mövqedən yanaşması – Eko özünün “Kənar qeydlər”ində deyirdi ki, ad oxucunu çaşdırmaq üçündür –  məhz sözü öz nüvəsindən ayırmaq məqsədi güdürdü. İndi niyə güdürdü, belə yanaşma konkret tarixi zamanla bağlı hansı tələbdən doğurdu, bu artıq başqa söhbətin mövzusudur.         Ziyadla diametral əks mövqedə duran Rövşən Danyeri özünün”Ayin” hekayəsində dini inanc və elmi xurafatı rədd edərək, çıxış yolunu mifə (bozqurdçuluğa!) qayıdışda görür. Rövşənin çağdaş dövrün bəlasına çevrilən elmi xurafatı rədd etməsiylə razılaşıram.Dinin inkarı məsələsi üzərində isə ayrıca dayanmalı olacam.      Mif və elmdən fərqli din öz kökü etibarilə tarixi yox, əzəlidir və elə buna görə də əbədidir, yəni  bəşəri yox, ilahidir. Miflə elm isə tarixi və bəşəridir, yəni  müəyyən tarixi dönəmlərdə insanın dinə yanaşmasının keçici formaları kimi meydana çıxır. Rövşənin bozqurdçuluğa özəl rəğbəti özü də onun “milli din”ə sahib olmaq arzusundan doğur. Bu arzunu gerçəkləşdirmək üçün ötən əsrdə bizdə iki cəhd olub – “İdeal” romanıyla Muğanna, “Mütləqə inam” kitabıyla Asif Ata. Amma gənc yazar kimi böyük yazıçı və ünlü mütəfəkkir də unudurdular ki, din özünün ilahi mənşəyi və mahiyyətiylə milli çərçivəyə sığmır. Çünki o, qan birliyi yox, daha köklü prinsipə – ruhani vəhdətə söykənir. Ruh isə nəinki milli, hətta ümumbəşəri də yox, metafizik subyektdir. Odur ki, millətçi kəsimin düşüncəsinin əksinə, İslam “ərəbin” yox, Allahındır. Əgər belə olmasaydı, Rövşənin can atdığı bozqurdçu babalarımız özləri Allaha könül xoşluğuyla iman gətirməzdilər.  

    “Ayin”dəki ideoloji problemlər üzərində yerli-yataqlı dayanmağım, “analitik ayin” icra etməyim təsadüfi deyil. Əvvəla, bu hekayə müəllifin öz ideoloji proqramını təqdimi vasitəsidir. İkincisi isə söhbət olduqca ciddi məsələdən – yeni nəslin din, mif, elm kimi fundamental ictimai şüur formalarına yanaşmasındakı doğru-yanlışlardan gedir. Gələcək toplumun mənəvi-idraki durumu bu yanaşamalarla müəyyənləşəcək. Amma aydındır ki, necə düşünmək, nəyə iman gətirməkdə kimisə qınamaq fikrindən uzağam. Öncələrdə dediyim kimi, bu hər kəsin fərdi seçim haqqı, vicdan məsələsidir. Digər yandan mətnə ideoloji altyapı qoymaq özü artıq Rövşəni təqdir etməyə yetərlidir. O, antologiyadakı gənclər içində ən konseptual və sistemli düşünənlərdən biri(ncisi)dir.     Bütün bunlarla yanaşı, “Ayin” hekayədir və bu tələb edir ki, ona bədii mətn kimi yanaşaq. Mistika və reallığın kəsişdiyi bu hekayə vaxtaşırı bir-birini əvəzləyən iki paralel xətt üstündə qurulub və özünün mürəkkəb kompozisiyası ilə seçilir. Rövşənin istər məzmun, istərsə də formaca belə mürəkkəbliyə getməsini müəllifin sadəcə özünütesti adlandırsaq, yəqin ki, insafsızlıq olar. Çünki əvvəlki hekayələrinə baxanda gənc yazarın texniki irəliləyişi göz qabağındadır. Üstəlik də bu, onun gələcək inkişafına göz eləyir. Amma hekayənin paralel xətləri arasında sadəcə ideya yox, həm də daha aydın forma (süjet!) əlaqəsinin olmasına, məncə, ehtiyac var. Çünki bütün hekayə boyu inkişaf edən bu xətlər finalda vahid axara düşmür, eyni nöqtədə birləşmirlər. Bu, o deməkdir ki, Rövşən öz bozqurdçu ideyasını mətn çərçivəsində tam formalaşdıra bilmir. Nəticədə “Ayin”in mürəkkəb süjet və kompozisiyasına həm də mükəmməl demək olmur.       Savalan Talıblının “Qəza” hekayəsi mistik yox, real olaya, tarixi deyil, çağdaş həyat materialına söykənir. Bakı küçələrindən birində baş verən yüngül bir avtomobil qəzası ağır mənəvi-əxlaqi qəzanın üstünü açır. Müəllifə görə, bu durumun səbəbi analitik-laborator çözümü olan qan-gen yaddaşında, çıxış yolu isə elmdədir. Hekayənin süjet baxımından Elçinin “Parisdə avtomobil qəzası” hekayəsi, ideya yönündən S.Əhmədlinin “Qanköçürmə stansiaysı”  povestiylə səsləşməsi də təsadüfi deyil – birinci əsərdə milli xarakter, ikincidə isə milli genetikanın bədii analizi var.    Amma Savalan unudur ki, hər sonra gələn nəzəriyyənin özündən öncəkini inkar etməsi elmə mütləq həqiqət kimi baxmağa imkan vermir. Ona inam bəsləmək olar, amma iman gətirmək olmaz. Çünki bu “iman” xurafatın yeni növünü  – elmi xurafat yaradır. Rolan Bart deyirdi: “Hər dövrün öz mifi var”. Çağdaş dövrün mifi də elmdir. Amma elmi mifə çevirməklə bir şeyi unuduruq – biz mağara adamının od əldə etmək üçün iki quru ağac parçasını bir-birinə sürtməsinə necə baxırıqsa, gələcəyin (post)insanları da bizim qürur duyduğumuz çağdaş elmimizə elə baxacaq. Qanın laborator analizinə gəlincə, o bir çox xəstəliklərin müayinə və müalicəsinə səbəb   ola bilər. Amma problemlərin kökü qan yox, ruhdadır və o, heç bir laborator analizə sığmır. Təəssüf ki, Savalan bir addım dərinə atıb, qandan ruha keç(ə bil)mir.  

    Lakin bu, “Qəza”nın bədii ləyaqətinə xələl gətirmir. Müəllif subyektivizminin minimuma enməsi burda istər hadisə, istərsə də xarakterlər baxımından bədii həqiqəti həyat həqiqətinə maksimum yaxınlaşdırır. Hekayənin əslən rayondan olan alim qəhrəmanı, onun kəndçiləri bəyənməyən deyingən qaynanası və öz anasının yolunu gedən arvadı, bütün həyatını elmə həsr edən xeyirxah qoca professor, hətta epizodik personajlar olan “anlayışlı” polis nəfərləri və işvəkar tibb bacısı belə həyati prototipləriylə hər gün rastlaşdığımız, bədii ümumiləşdirmə gücüylə təsvir olunan canlı insan surətləridir. Qəfil hadisəylə başlayıb, novella finalıyla bitən süjet də öz təbiiliyi və məntiqiliyinə oxucuda şübhə oyatmır – hadisələr ən çox necə ola bilərsə, elə də baş verir. Ümumən, “Qəza” antologiyadakı hekayələr arasında ən səciyyəvi realizm örnəyidir.     İndiyəcən Azərbaycan radiosunun əməkdaşı kimi tanıdığım Savalanın hekayəsi yəqin bu üzdən mənim üçün sürpriz oldu. Amma məni bir sual düşündürür – görəsən, o, qəza ehtimallarıyla dolu yazıçılıq yolunu tutacaq, yoxsa “Qəza” onun bioqrafiyasına ötəri gənclik həvəsindən doğan  xatirə kimi yazılacaq? Qoy, bir sualı da zaman cavablandırsın.     Müşfiq Şükürlü özünün “Mənim kiçik nağılım” hekayəsində təkcə Savalan yox, dünyaya alternativ mövqedən çıxış edir – ruh qatına keçir. Onun nağılçısı dünyasını dəyişmiş körpənin ruhudur və odur ki, gənc yazar insana  nə elmi, nə dini, nə də mifik yox, mistik rakursdan baxır. Bu təcrübə Elçinin “Baş” romanında artıq olub və hər işdə hamını qabaqlamağa çalışan Müşfiq burda bir az gecikib. Lakin “Baş” onun başından yuxarı sıçramaqda yaşıdları arasında birinciliyini inkar etmir. Üstəlik də Xalq Yazıçısı və gənc yazarın məsələyə yanaşması fərqlidir – birincisi ruha həqiqət, ikincisi metafora (“nağıl”!) kimi baxır.       Müşfiqin “ruhu” anasına bəslədiyi gizli sevgidən, ərinə xəyanəti açılan qadının çağasını da götürüb, məşuqunun yanına köçməsindən, çağanın onların sevişməsini seyr etməsindən, nəhayət, 7 aylığında dünyadan köçməsindən elə zərif şeiriyyət, kövrək lirizm, axıcı dillə danışır ki, elə bil, kəpənək gülə qonur. Axı, bu insanın yox, ruhun dilidir. Bu dildə olsa-olsa ilk məhəbbətin etirafı mümkündür. Müşfiqin “ruhu” elə belə də eləyir – anasına bəslədiyi (ilk!) “məhəbbətini” boynuna alır. Lakin günah olmayan bu dildə cəza da yoxdur –  hamı və hər şey bağışlanır. Gəlin biz də təhkiyə tərzinə bədii tərcümələrdən gələn açıq-aşkar təsiri Müşfiqə bağışlayaq.       Amma, doğrudanmı, bu dünyada bağışlanmayan günah yoxdur? Müşfiq yerə “göylərdən” baxdığından hər şeyi “gözəl” görür və deyir ki, sizin günah saydıqlarınız ruhun əzəli sevdasıdır. Əzəli olan isə hər cür sonrakı yasaqdan üstündür və deməli, günah deyilən şey yoxdur. Öz “körpə”, “məsum”, “qurbanlıq” ruhunu metafizik çarmıxa çəkməklə günah kompleksindən azad olmaq! Məncə, hekayə müəllifinin ilk və düşünülmüş qənaəti budur.  

   Müşfiqin hekayədən daha çox ruhun qissəsini xatırladan hekayəsi ilhamdan daha çox “vəhyin” məhsuludur. O bir neçə il öncə antakiyalı dülgər Həbib Nəccar haqqında hekayəsində Quranın qəlbinə (“Yasin”!) girmişdisə, bu hekayəsini öz ruhunun hökmüylə yazıb. Birinci halda yazmaq onun üçün Allahla müsahibə, ikincidə isə mübahisə üsuludur. Birinci hekayədə o ilahi tezisi sadəcə bədiiləşdirir, ikincidə isə ona qarşı antitezis irəli sürür – öz sevgi “dinini” yaradır. Görünür, gənc yazarın Allahla barışı gələcəkdə yazacağı hansısa üçüncü hekayədə baş tutacaq – çünki tezis və antitezisdən sonra labüd olaraq sintez gəlir. Amma bu proqnoz hekayə barədə hələ son qənaət deyil.      Bəs, son qənaət nədir? Müşfiq insanın üzünü astarına (ruh!) çevirmək və orda öz sevgi idealını tapmaqla, ölümdən nəinki qurtulmur, əksinə, “ölməmişdən əvvəl”  (körpə ikən!) ölür. Başqaları ölümə qədər gəlirsə, o ölümü ötüb keçir. Başqaları ölümün fasadına baxırsa, o ölümün interyerindən baxır. Başqaları başqalarının ölümünü yazırsa, o özünün (“Mənim …nağılım”!) ölümünü nağıl edir.     Kamyünün Kaliqulası (“Kaliqula”) ölümdən qaçmağın mümkünsüzlüyünü görüb, absurd bir üsula əl atır –  özü ölümə çevrilir. Müşfiqin “ruhu” daha “çoxbilmiş” tərpənir – dünyanı tərk edir və ölməzliyə qovuşur. Ölümsüzlüyün bir yolu var – o da ölümdür. Hekayədən hasil olan bu son qənaət, məncə, artıq şüuraltı qatdan doğur. İnsan özü də fərqinə varmadan ölüb ölümdən qayıtmaq, dünyaya yeni  tale formatında gəlmək istəyir.    Əlbəttə ki, Müşfiq ölüb, yenidən doğulmayacaq! Hətta reinkarnasiya (tənasüh) təliminə inansaq və onun ruhu 300-500 ildən sonra özgə bədən geyib hardasa dünyaya yenidən gəlsə belə, o körpə bizim indi tanıdğımız bu oğlan yox, tamam başqası olacaq. Müşfiqin taledən narazılığı isə ən azı bu ömürdə çözülməyəcək! Bəlkə, bu çözüm heç lazım deyil?  Çünki bu narazılıqdan gələcək nəsrimizin razılıq doğuran örnəkləri doğula bilər. Müşfiqin isə barışdan başqa əlacı yoxdur, çünki yazı(q)çının  əzəldən qisməti budur – əzab alıb, nəşə satmaq! Bu yaxşı, ya pisdirmi, bilmirəm, bir onu bilirəm ki, əgər qəza vəfasızlıq etməsə, bütün gələcək əzab və nəşəsiylə birgə Müşfiqin alnına yazıçı qisməti, yazıçı taleyi yazılıb.     Biz bu gün insanı (post)insandan ayıran həlledici keçid zolağına gəlib çatmışıq. Amma bu, sadəcə ayırıcı zolaq yox, uçurumdur. Elə bir uçurum ki, ya onu keçməli, ya ölümü seçməlisən! Üçüncü variant yoxdur! Bu zolağın üstündən sıçramağı bacaranları yeni həyat, bacarmayanları “ruhlar səltənətinin dinc qoynu” gözləyir. Qəribədir, Müşfiqin bir çox yaşıdları – gənclər (!) bu dilemmanı ölümün xeyrinə çözür. Bəziləri bunu Fərhad, Zərdüşt, Mövlud, Mahmud kimi həyatda, bəziləri mətndə eləyir. Bu bəzilərinin alın yazısı, bəzilərinin şəxsi iradəsindən doğur. Amma fərq eləməz, mahiyyət birdir – nəticə ölümün xeyrinədir! Müşfiqin “ruhunun” çoxundan fərqi odur ki, o, ölümün gəlişini gözləmədən özü onun üstünə gedir – seçimi özü eləyir. Bu yöndən onu bir nəfərə – “körpə” ömrünü intiharla başa vuran Mövluda bənzədirəm.  Mövludun özünü yerə atdığı hündürmərtəbəli bina Müşfiqin dünyaya boylandığı metafizik mərtəbənin təcəssümü, Mövludun ölümü Müşfiqin nağılının gerçəkləşməsidir.     Bir faktı deyim – “Mənim kiçik nağılım”ı öz işlədiyi “Teleqraf.com” saytında ilk dəfə Mövlud dərc edib və görünür ki, xarakterinə uyğun bir maksimalizmlə nağılı həqiqət zənn edib. Çoxbilmiş Müşfiq isə fəndə əl ataraq ölümü aldadır – vaxtından əvvəl (körpə ikən!)  və mətndə “ölməklə” onun vaxtı və yerini dəyişir. Təsadüfi deyil ki, o, hekayədə ölümdən əvvəli və sonranı yazır, bu ikisi arasındakı zolağa isə probel (tabu!) qoyur. Görəsən, niyə? Təkcə ona görəmi ki, onun bədəndənkənar hissiyyatı – ölüm təcrübəsi yoxdur və bilmədiyi bir şeyi yaza da bilmir? Bu da var! Amma həm də ona görə ki, o, ölümdən yazmaq istəmir və bu naməlum, sirli, qorxunc zolağın üstündən gözünü yumub, at gedişiylə sıçrayır. O, mərhuma ölüm sənədi vermək istəməyən həkimə, məhkuma ölüm hökmü vermək istəməyən hakimə bənzəyir.     Bəs, Müşfiq niyə qurtuluşun alternativ elmi yolunu (postinsan) qoyub, əski mistik təcrübəyə (ruh) üz tutur? Niyə gül kimi çiplərdən alıb bədəninə qoymaq və ölməzliyin dadını çıxarmaqdansa, ölüb ölümdən qayıtmaq istəyir? Çünki hər gün feysbukda ingilis dilində musiqi albomları və filmlər paylaşsa da, onun ən yeni dünya elmi, fəlsəfi və bədii fikriylə dialoqu yoxdur, milli elmi, fəlsəfi, bədii fikir isə bu barədə susur. Müşfiqin paylaşmalarıysa bu dialoqun baş tutmamasından doğan boşluğu dolduran sadəcə kosmetik görüntülərdir, halbuki onlar kosmik olmalıydı.     Yaxşı, bəs, belə bir dialoq baş tutsa, nə olacaqdı ki? O çiplərdən almaq, ümumən tibb elminin son nailiyyətlərindən bəhrələnmək üçün maddi vəsait -özü də küllü miqdarda –  lazım deyilmi? Neçə müddətdir işsiz qaldığından Hacıkəndə – qaçqın valideynlərinin yanına gedən Müşfiq isə mənə yazır ki, mümkünsə oralarda mənim üçün bir iş soraqlayın. Mən onun demədən dediklərini sizə çatdırıram: gəlin, ermənilərin yurdundan qaçqın saldığı bir gənci biz də ədəbiyyatdan qaçırmayaq; istedadlıdır, özünə görə savadı, sözünə görə qələmi var, ana dilini pis bilmir, bu qədər maddi çətinlik içində ödənişli kurslara gedərək ingiliscəni də yaxşı-yaman öyrənib; bəyəm, bütün bunlar  qəzet, sayt, mərkəz, birliklərdən birində ona adi bir kargüzar ştatı vermək üçün bəs eləmir?     Söhbət, əlbəttə ki, təkcə Müşfiqdən yox, aldığı maaş ailə-uşağıyla birgə yaşadığı kirayə mənzilin haqqını güclə ödəyən Mansur Rəğbətoğludan, qəzetlərdən birinə birtəhər korrektor düzələn və bunu həyatının sevinci kimi qarşılayan Fuad Cəfərlidən, normal həyat dalınca baş götürüb Türkiyəyə gedən Ziyad Quluzadədən, eyni səbəbdən Almaniyaya getməyə hazırlaşan Bahəddin Salmandan və ömrünü sözə, ədəbiyyata bağlamaq istəyən neçə-neçə istedadlı gəncdən gedir. Muğannanın sözü olmasın, bu gənclər “xaliqin ən gözəl yaranmışlarıdır.” Gəlin, onları həyatdan əl götürüb, özlərindən “nağıllar” uydurmağa, bundan bir şey çıxmadıqda hündür binaların ən uca mərtəbələrinə qalxıb, ölümün ağuşuna atılmağa, bəxtə və Allaha etiraza vadar eləməyək…  

Müəllif: Esad Cahangir

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Balayar Sadiq – Söz

Balayar SadiQDƏN BİR ŞEİR

Azadlıq

Azadlıq! 
Səni çox istəyirdik, 
az aldıq. 
Səni sevə-sevə azaldıq.
Eh, azadlıq, azadlıq…
Dəli kimi sevdik səni,
Sevgimizdən asıldıq.

Sənə uzalı əllərimizi
zəmi kimi biçə-biçə,
meydanlara, küçələrə tökülən
qanımız üstdən keçə-keçə,
adına meydan verdilər,
küçə verdilər – Azadlıq!..

Bir gün
məmləkətin başı üstə 
şəhid ruhların 
qiyamı başlanacaq.
Göy üzündən ahlar,
günahlar daş-daş yağacaq. …

Yağacaq
“Azadlıq” adı verilmiş
meydanlara, küçələrə;
Üstünə qərənfil çilənmiş
qara paltarlı şəhid gecələrə.

Ah, azadlıq, azadlıq –
kiminə çörək ağacısan, 
kiminə başdaşı.
Mən sənə arzularımı uzatdım, 
Sən mənə iki damla göz yaşı…

Müəllif: BALAYAR SADİQ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elburus Qəmgin

Elburus Qəmgin “üç yarpaq” – da

İçərim odda!
(Ayaqlı təcnis)

Böyük sərkərdənin,bütöv millətin,
Kim görüb yurdunu yağı dağıda?
Qalx ey yatan millət haray, ay haray
Bizi tərpətməyir, yağı dağı da.
İçərim odda!!!

İç zəfər meyini, al şərabını
Götür əllərinə al, şərabını.
Şığı üstünü kəs, al, şər, abını
Qoyma qazanında yağı, dağıda.
İç , ərim, odda!

Söndür ocağını, külünü bellə,
At dərin quyuya külünü, bellə.
Qəmginin qəlbindən kül, ünü, bellə
Görsün qarşısında yağı dağı da.
İçərim odda!

ELBURUS QƏMGİN “ÜÇ YARPAQ” – DA

Dərdlər gəlib

Çoxaldıqca görən xeyri dəyirmi?
Məşədimiz,kəbleyimiz, hacımız?
Kişi-kişi qürrələnib gəzirik
Girovdadır gəlinimiz,bacımız.

Hanı Nadir şahlar, hanı Babəklər
Uduzmuşuq, aşkardadır gerçəklər.
Ey yalan danışan ağzı göyçəklər
Əsirdədir Qarabağ tək,tacımız.

Dərdlər gəlib qəlbimizi oymağa
Düz deyəni kəsib dilsiz qoymağa.
Baş qarışıb hələ xalqı soymağa
Doymayıbdır gözləri ac, acımız.

ELBURUS QƏMGİN “ÜÇ YARPAQ” – DA

Müraciət

Yurd yeriniz ey məzarlar
Tülküdə ,boz qurddadımı?
Sizə bircə sualım var 
Sümüyünüz yurddadımı?

Nələr çəkmədi başınız
Dünya yaşıdır yaşınız
O nəşiniz, baş daşınız
Buzdadımı, oddadımı?

Yuxudayıq biz yatmışıq
Bizim deyilsiz, atmışıq.
Özümüzü unutmuşuq
Sizdə,hər şey yaddadımı?

Müəllif: ELBURUS QƏMGİN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İLDIRIM ƏKBƏROĞLU

ildırım əkbəroğlunun söz dünyası

Öz yoluyla yenə gedir bu dünya

Öz yoluyla yenə gedir bu dünya,
Həminki tək günəş batar,ay çıxar.
İstəsən də tər qala,gül solmaya,
Xəzan əsər,soyuq düşər,yay çıxar.

Alqışlarla kürsü tutan bir bəndə,
Kim olduğu məlum olur gedəndə.
Bir gündədir güdülən də,güdən də,
Bəd işlərdən xoş günlərdə hay çıxar.

Sığallanıb çoxu,onu öyəndə,
Ayılıbdır başı daşa dəyəndə.
Qürurlanıb çox döşünə döyən də,
Öz başına döyənlərə tay çıxar.

Ay İldırım,yağdıran var,yağan var,
Nə ağasan,şükür,nə də ağan var.
Pay adına xalqı soyub ,yığan var,
Sənin üçün xoş bir sözdən pay çıxar.

<<<<iLDIRIM ƏKBƏROĞLu>>>>

HƏR KƏSİN SON GÜNÜ,ÖZ SON VAXTI VAR

İştah da,tamah da olmaz bu qədər,
Yığdığı haramdır,yediyi hədər.
Dünyadan gedəndə əli boş gedər,
Çox da başda tacı,altda taxtı var

Zəngləri kəsilməz,qapısı yağır,
Dindirmək müşküldür,zəhmi çox ağır.
Halala xor baxır,haramı yığır,
Deyirlər kişinin yaxşı baxtı var.

İldırım,həlimdir qəlbində duyğyn,
Gözlə,qırar onu buzu soyuğun.
Etdiyi işlərə,əmələ uyğun,
Hər kəsin son günü,öz son vaxtı var.

Müəllif:İLDIRIM ƏKBƏROĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Abdulla Məmməd

ABDULLA MƏMMƏD “ÜÇ YARPAQ” – DA

DAHA QISQANMIRAM DƏNİZİ SƏNƏ


Daha qısqanmıram dənizi sənə,
Mavi dalğaları qabarsa belə.
Göyün lay buludlu bənizi yenə,
Məni boz üzündən qoparsa belə.

Qağayı eşqimin gözündə dinən,
Sübh çağı qızaran nur ləpəliyəm.
Sənli xatirənin gözünə dönən,
Dərdi şahə qalxan gur ləpəliyəm.

İçimi göynədir sözümün canı,
Sevinci can verən yaş gözdən düşür.
Salma qəribliyə sözümü, canım,
Köksündən asılan daş gözdən düşüb.

Dənizin qoynunda qədər gəmi tək,
Qırır dərd buzunu sənli gümanın.
Çırpır qayalara daşlaşan ürək,
Gözləri yol çəkən sevgi umanı.

Sənli ümidimi hey atıb-tutur,
Dalğalar sübh tezdən qüruba qədər.
Dinən gur ləpələr hey kədər udur,
Həsrət ağrısını çaldıqca qədər.

Qasırğa haraylı çənli güman da,
Kəsir ümidini nurlu sabahdan.
Yol azan gəmiyəm sənli gümanda,
Əl üzmür dumanlı fikir günahdan.

Xoşbəxt günlərimiz vardı gül kimi,
Sevgini vəsf edən şairi atdın.
Bülbülü küsdürən şehli gül kimi,
Sözü dərd üyüdən şeirə qatdın.

Qədər dəniziyəm-ləpəm əsəbi,
İntizar şimşək tək qamçılar məni.
Sənli xatirəmin qüssə qəzəbi,
Gün gələr gözündən damcılar məni.

Azərbaycan. Quba.

26.08.2019.

<<<<Abdulla — Məmməd>>>>

SƏNSİZ QƏRİBSƏDİ YUXULARIM DA

Qədər dənizində qərq olan sevgi,
Əlindən tutmadı sənli diləyin.
Gözdə buludlanan sevincin, sanki
Üzülən ümidlə üzdü ürəyi.

Qəlbinin səsini dinləyən kəsin
Çiçəyi çırtladı seçimli sözlə.
Həyəcan püskürən odlu nəfəsin
Üzünə qabardı biçimli sözlər.

Qəhərə təsəlli gəzən gözlərin,
Yol çəkən gümanı qəm çiçəklədi.
Zildə nəfəsini dərən sözlərin,
Səbrımə sığınıb bəm çiçəklədi.

Közərən gümanın küllənən gündən,
Taleyin üzümə üzün ağartdı.
Ürəyim gözümdə dillənən gündən,
Dilənən ümidin gözün ağartdı.

Sənsiz qəribsədi yuxularım da,
Nisgili yumadı gözümün yaşı.
Təskinlik umduğum yuxularımda,
Qəmli xatirənmi eşqə baş daşı?!

Həsrət yaxasından tutub günlərin,
Gecəli-gündüzlü dərd sirkələdi.
Ömür ağacında sevgi bəhəri,
Qədər əlacını gec dərk elədi…

Tərk edib limanı sevdalı gəmin,
Özüylə apardı gəncliyimi də.
Sevincin yerinə bəxş edib qəmi,
Ömrümdən qopardı dincliyimi də.

Azərbaycan. Quba.

18.08.2019.

<<<<Abdulla — Məmməd>>>>

GÜMANI AĞLAYAN GÜNÜMƏ DƏRDƏM

Daha tənhalıqla qaynamır qanım,
Səbrim sürükləmir eşqi günaha.
Dərdə necə dözsün bu ürək, canım?
Ürəkdə ürəklik qoymadın daha!

Gümanı ağlayan günümə dərdəm,
Gözə muncuq-muncuq düzürsən çəni.
Kövrək ürəyimdə, ürəksiz dərdim,
Gecə xəyalınla üzürsən məni.

Sənli günlərimin sərinliyindən,
Torpaq tək çat verir xatirələrin.
Susayan xəyalın dərinliyində,
Hicranı göyərdir nəmli qədərim.

Çatlayır eşqimin yaz tumurcuğu,
Ağrını gözümə çəkən ürəkdə.
Könlümü dağlayan yarın yoxluğu,
Sızlayır sözümə çökən ürəkdə.

Qədərlə isinən yar nəfəsi tək,
Həsrətin yanğısı üzümə hopur.
Dalğın gül gözündə buzlaşan istək,
Daşlaşan ürəyin sözünə hopur.

Ürəyi ürəklə üzən varlığı,
İsidə bilmirəm xatirələrlə.
Gözümdən düşdükcə inadkarlığın,
Nə qədər başımı qatım qədərlə?!

Duyğuyla oynayan-hissimə qənim,
Tənha bir qüssədən gen olmaz bir də.
Sevda yollarımı bürüyən çənin,
Başıma iş açdı durduğum yerdə…

Qədərim dərdimin tutub əlindən,
Uşaq tək gəzdirir elədən belə.
Adını ömürlük asıb dilimdən,
Eşqini anacaq ürəyim elə!

Azərbaycan. Quba.

08.08.2019.

Müəllif: Abdulla Məmməd

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

NAZİM YAQUBOĞLU

qarabağ şeirlərdə

AZƏRBAYCAN – QARABAĞSIZ ŞİKƏSTDİR 

Azərbaycan – Qarabağsız yaralı ,
Azərbaycan – Qarabağsız şikəstdir .
Xocalıdan , Kəlbəcərdən aralı ,
Bunca dözdüm , daha yetər , əbəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Ruhumuza yaraşıqdir , bəzəkdir ,
Oddan , Sudan daha artıq gərəkdir .
Biz bir caniq , o sinədə ürəkdir ,
Qəlbi candan ayrı salan nakəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Yerdən Marsa ” İpək yolu ” çəksək də ,
Min ” göydələn ” körpü , saray tiksək də ,
Tərəqqidə Avropanı keçsək də ,
Qarabağsız həyat bizə qəfəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Həm xanəndə , həm aşıqdir Qarabağ ,
Həm Günəşdir , həm işıqdır Qarabağ ,
Ana yurda yaraşıqdır Qarabağ ,
Millətimə candır , qandır , nəfəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Gör Şuşasız nə virandır bu Vətən ,
Xankəndisiz bir zindandir bu Vətən .
Qarabağsız yarimcandır bu Vətən ,
Ruhsuz , başsız qaldığımız ta bəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Saakyan Şuşada fərman verir ,
Xocalının yaraları qan verir .
Azərbaycan Qarabağsız can verir ,
Bu zülmdür , bu sistemdir , bu qəsddir ,
Azərbaycan – Qarabağsız şikəstdir .
****
Yaquboğlu , bir gün ola , görəsən ,
O cənnətdə azad , rahat öləsən .
Bu arzuya qovuşmağın deyəsən ,
Boş xülyadir , xam xəyaldır , həvəsdir ,
On səkkiz il səbr elədik ta bəsdir ,
Azərbaycan – Qarabağsız şikəstdir .

12 . 02 . 2010 .

<<<<qARABAĞ ŞEİRLƏRDə>>>>

QARABAĞ

Ölüb torpağına qarışmamışam ,
Yanında qaradır üzüm , Qarabağ .
Səni əsir edib yağıya , yada ,
Didərgin olmuşam özüm , Qarabağ .
****
Səndən ayrilanı batmısam yaşa , 
Qürbətdə ömür də olurmuş qısa .
Sənə efirlərdən baxmaqdandisa ,
Kaş ki , kor olaydı gözüm , Qarabağ .
****
Sənsən damarımda dövr edən qanım ,
Varlığım , həyatım , ürəyim , canım .
Sənsən adım , sanım , şərəfim , şanım , 
Söhbətim , Qarabağ , sözüm , Qarabağ .
****
Torpağın dərmandır könül ağrıma ,
Öpüm çınqılını , başım bağrıma .
Geniş çöllərinə , dar cığırina ,
Düşmür neçə ildir izim , Qarabağ .
****
Sənsiz bir arzum da yetməyib başa ,
Ümidim , niyyətim toxunub daşa .
Ölüm mənimkidir , təki sən yaşa ,
Sənə qurban olsun Nazim , Qarabağ .

Müəllif: NAZİM YAQUBOGLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru