MAYIL DOSTU – V U R Ğ U N A M

Mayıl dostu “üç yarpaq” da

GÜNAHKAR ÖZÜNSƏN

Hardan gəldin,necə girdin qəlbimə,
Ömrümün yazını boran, qar etdin.
Dədəlik elədin könül dünyama,
Bu geniş aləmi, mənə dar etdin.

Mənəmlik,lovğalıq sevgiyə yaddır,
Apardın özünü, sultan sayağı.
Güldürdün özünə doğmanı,yadı,
Özün saxta oldun,sevgin bayağı.

Sadəlik insanın başının tacı,
Bu sənə çatmadı, ola bilmədin.
Adi sözlərin də zəhərdən acı,
Ağıla, kamala dola bilmədin.

Təkəbbür başına bir bəla oldu,
Cavanlıq ötübdü, üstdən keçmisən.
Belə ömür tərzin, bu həyat yolun,
Heç kimi qınama, özün seçmisən.

= = = =

V U R Ğ U N A M

Dəyişə təbiət, hər yan allana,
Naxışlana, dərə-təpə xallana,
Çəmən, çiçək bala bata, ballana,
Nəfəsi ətirli yaza vurğunam.
***
“Baş Sarıtel” gilə – gilə süzülə,
“Ruhani”, “Dilqəmi” simə düzülə,
Kərəm yana, tüstülənə, üzülə,
Havası ləngərli saza vurğunam.
***
Qələm qaşlar düyünlənə yay ola,
Çəp baxışlar, zülmət yaran ay ola,
Xoş təbəssüm gül üzünə pay ola,
Yandıran, can alan naza vurğunam.
***
Pərdə – pərdə bəmdən qalxa, zillənə,
Zəngulə ucala, göyə millənə,
Bu haraydan qara daş da dillənə,
Gözəl səsə, xoş avaza vurğunam.

= = = =

KAMİL ÖMÜR SÜR...

Bir həsrətin dumanına,
Xoş niyyətin gümanına,
Kor fürsətin amanına —
Düşənləri görürsənmi?
***
Haqsızlıq üzüb didənə,
Son ümidə yol gedənə,
Ehtiyaclar qul edənə,
Qəlbindən pay verirsənmi?
***
Zalım cəsuru əyəndə,
Harın, yazığa dəyəndə,
Haram halalı yeyəndə,
Haqqa qala hörürsənmi?
***
Təbiətə zər toxuyan,
Naxışa meydan oxuyan,
Behiştin ətrin qoxuyan,
Gül – çiçəyi dərirsənmi?
***
Beşcə günlük bu dünyada,
Bir fikirləş, sal da yada —
Ömrü vermirsən ki, bada,
Kamil ömür sürürsənmi?

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İbrahim Rüstəmli

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 1 August 1966 ) əsl dost, gözəl insan, hərbi jurnalistikanın əsasını qoyanlardan biri, eyni zamanda pedaqoq – müəllim kimi şərəfli bir adın daşıyıcısı, Azərbaycan Respublikasın Əməkdar Jurnalisti, neçə-neçə orden-medalların, mükafatların laueratı, bütün bu sadaladıqlarımın hamısından üstün gələn VƏTƏNİN VƏTƏNPƏRVƏR OĞLU, bir əldə silah, bir əldə qələm tutan yazarlarımızın ən öndə gələnlərindən, ən tanınmışlarından biri olan İbrahim Rüstəmlinin doğum günüdür. Ad gününüz mübarək, İbrahim müəllim. Uca Yaradandan Sizə uzun ömür, can sağlığı, bütün işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Uğurlarınızbol olsun…

İbrahim müəllimin hərbçi həyatı – əsgər şərəfi haqqında əvvəllər də dəfələrlədərc olunmuş bir yazısını Sizlərə təqdim edirik:

İbrahim RüstəmliƏsgər Şərəfi


Hardan başlayıb, harda qurtaracağımı bilmədiyim yazılarımdandı bu, – taleyim, qismətim, alın yazımdı elə bil…

Uşaqlıq şəkillərimə baxıram. Ucqar əyalətdə, qayğısız kənd uşağının əsgəri salamı və bu «salamın» obyektivin yaddaşında əbədi ilişib qalan sehrli pıçıltısı, gizli həqiqətləri…

Yeniyetməliyimi, cavanlığımı təftişim bu həqiqətlərin ən solğun, ən xırda işartısını belə görmək, duymaq və anlamaq istəyimin təhdididi yəqin. Özümü oda-közə vururam. Ancaq nə faydası! Hər dəfə, hər cəhddən sonra 45 illik ömrümün bəlkə də ən böyük etirafı ilə üz-üzə, baş-başa qalıram: Mən heç vaxt zabit olmaq istəməmişəm!

Arzularımın ucsuz-bucaqsız sahillərində Füzulinin, Dostoyevskinin, Lorkanın, Markesin, Mirzə Cəlilin, Sabirin… qağayı fəryadına bələnmiş isti nəfəsini, mehriban baxışlarını duyuram. Onlar 25-30 il bundan qabaq əyalətdə tək-tənha qoyub gəldiyim qayğısız kənd uşağının ən yaxın havadarları, ən etibarlı dostlarıdı… Kutuzov, Napoleon, Suvorov… yaddı bu uşağa. Kutuzovun, Napoleonun, Suvorovun… bu uşağa heç uzaq «qohumluğu» da çatmır.

İndi bizi bir-birimizdən zaman adlı, dibi görünməyən dəhşətli bir uçurum ayırır. Uçurumun bu tayından o tayına, al-qanına bələnmiş o uşağa çatdırası çox həqiqətlərim, çox mətləblərim var. Əsgər olduğumu hamıdan və hər şeydən çox duyduğum məqam Səninlə üz-üzə, göz-gözə qaldığım məqamdır. Mən öz ömrümün ən ali həqiqətləri ilə yalnız bu məqamda yol yoldaşı, çiyindaş ola bilirəm. Səni illərin o tayında niyə tək-tənha qoyub-gəldiyimi anlayıram. Ömrümə damcı-damcı çırpılan günlərin «daş dələn» qüdrətində Allahın diktəsini hiss edirəm: Bizi bir-birimizdən torpaq ayırdı. Bu torpağın adı yurddu, Vətəndi. Qarabağdı bu torpağın adı.

Düşmən elimizin-obamızın üstünə yeriyəndə biz, bizi tanımayan bu qaynar şəhərə hələ təzəcə qədəm basmışdıq. Bu şəhər bizi udmamışdı hələ onda. İkimiz də bir yerdə bütöv idik, tam idik. Səni kövrək qanadlarınla həmişə, hər yerdə başımın üstündə vurnuxan, sevgi dolu arzularıma ayna tutan mələyə bənzədərdim onda. Paytaxtın səsli-küylü küçələrində dualarımın boğulduğunu – Allaha çatmadığını heç hiss etmədim. Yurda qahmar çıxan insanlara qoşuldum. Və bir də onda ayıldım ki, mən əsgərəm.

Torpağı yağmalanan bir yurdda əsgər olmaq şərəfdi.

Bir də əsgər şərəfi var. Bu şərəf əyninə geydiyin libasla, o libasla ürəyinin üstündə, çiynində, başında gəzdirdiyin rəmzlərlə bitib-tükənmir. Əlinə silah alanda da, döyüşəndə də, dost dediyin, qardaş dediyin adamın bir mərmi partlayışından tikə-tikə parçalandığını öz gözlərinlə görəndə də… gərək insan olduğunu unutmayasan.

Atatürkü xatırlayıram. İzmirdə yunan bayrağını ayağının altına xalı kimi sərmişdilər. Qılıncdan da iti baxışlarını ətrafındakılara zilləyəndə, o bayraq yerdən həmən götürüldü. Atatürk yunan bayrağını yerdən qaldırmadı ki; Atatürk türk əsgərinin adını qaldırdı, əslində. Tarixin yaddaşını təzələdi…

1992-ci ildə Milli Qəhrəman Şirin Mirzəyevlə bir yerdə Ağdam ərazisində döyüş postlarını gəzirdik. Fərrux dağında mövqe tutan artilleriyaçılarla da görüşdük. Şirin Mirzəyev artilleriya qurğularının mövqeləri və koordinatları ilə şəxsən maraqlandı. Bir qədər fikrə getdikdən sonra bölmə komandirini yanına çağırıb, ondan mövcud koordinatları dəyişməsini tələb etdi: silahları kilsəyə, dinc əhaliyə tuşlamaq olmaz. Siz torpaqlarımıza göz dikmiş erməni quldurları ilə döyüşürsünüz. Allahla-dinlə, dinc əhali ilə yox. Əslində bu, Şirin Mirzəyevin öz dininə-imanına və xalqına olan hörmətinin, ehtiramının ifadəsi idi. Başqalarına əsgər şərəfini tanıtmaqdan ötrü bundan gözəl məqam, bundan tutarlı ifadə tapmaq çox çətindi, məncə.

…Uşaqlığıma, yeniyetməliyimə qayıdıram. Bu qayıdış əslində yenə də Ağdam torpağında erməni snayperi tərəfindən öldürülən 9 yaşlı Farizlə bağlıdı. Erməni snayperi mənim uşaqlığımı öldürüb əslində. Hələ ağzından süd iyi gələn bir körpəyə silah tuşlamaq, onu hədəfə almaq və başından vurmaq… Dünyanın heç bir yerində, dünyanın ən sonuncu əsgəri belə həyət-bacada oynayan günahsız bir uşağa güllə atmazdı. Dünyanın ən sonuncu əsgəri belə günahsız uşağı öldürməyi öz şərəfinə sığışdırmazdı. Amma erməni əsgəri bunu elədi. Özü də harada – Azərbaycan torpağında. Bəli, o, Azərbaycan torpağında, öz həyət-bacasında oynayan uşağı öldürdü, – mənim uşaqlığımı öldürdü…

İndi mən o erməni snayperinə, erməni snayperinin optik cihazdan bərələn gözlərinə 9 yaşlı Farizin bulaq suyu kimi dumduru, donmuş gözləri ilə ayna tuturam. İndi mən Farizin saf baxışları ilə o erməni dığasını özünə tanıdıram: Sən bu iyrənc görkəminlə unudulacağına ümid bağlama! Həyatımın sonuna bir gün qalsa da, törətdiyin bu cinayətin, bu qətlin hesabını səndən soruşacam.

Məni bu sözləri yazmağa vadar edən mənim əsgər şərəfimdi. Bu şərəf on minlərlə Azərbaycan əsgərini bir səngərdə, bir cəbhədə birləşdirir. Bu məqamda hər şeyi zamanın öhdəsinə buraxmaq niyyətində də deyilik, əsla! Bunu da yadında saxla!

İndi sənin – bir körpə qatilinin 9 yaşlı uşağın gözlərində gördüklərin mənim üçün gün kimi aydındı: Qarşında bu gördüyün Azərbaycan əsgəridi! Onu yaşadan və cihada çağıran əsgər şərəfidi! Bu da sənsən – şərəfini itirmiş erməni əsgəri!
ƏVVƏLLƏR DƏRC OLUNUB: Lent.az/2011, araz.az/2018

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Gövhər Rüstəmli təltif olundu

Tanınmış yazar Gövhər Rüstəmli (Rüstəmova Gövhər Vasif qızı) Milli Mətbuat Günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “QIZIL QƏLƏM” MÜKAFATI – na layıq görülmüşdür. Bu münasibətlə Gövhər xanımı təbrik edir yeni – yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ETİBAR VƏLİYEV

tanınmış şairdən ibrətamiz bir şeir

NEYLƏYƏCƏK

Siz qoymayın ki, dərd çəkim,
Tüstü mənə neyləyəcək.
Yerin altından qorxuram,
Üstü mənə neyləyəcək.

Məni sıxıb, neylədi ki,
Sonra yıxıb neylədi ki,
Taxta çıxıb neylədi ki,
Düşdü, mənə neyləyəcək.

İstəyirsən sən də quşda,
Qarğış qalmır ki ağuşda.
Sən dediyin o bayquş da,
Quşdu, mənə neyləyəcək.

Alın yazım sələm deyil,
Hər əldəki ələm deyil.
Bəndə yazan qələm deyil,
Tuşdu, mənə neyləyəcək.
31.07.2019

Müəllif: ETİBAR VƏLİYEV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RƏFİQƏ ABBASOVA

TANINMIŞ HƏKİM-ŞAİRƏ RƏFİQƏ ABBASOVA

Ötən illər

Sakitcə boylandım geriyə sarı,
Gördüm toz içində xatirələri.
Gah acı,gah şirin,gah uzaq,yaxın,
Fərqli bir biçimdə xatirələrim.

Gah dərddən asmışam xatirələri,
Bəzən gülüşümdən,bəzən gözümdən.
İndi cox uzaqdan gəlir həniri,
Çoxunu asmışam şirin sözümdən.

Bəzən xatirələr piyada qalır,
Gəldiyi yollara sığmır elə bil.
Hərdən də yiyəsiz qalıb ağlayır,
Dərdlərinə yanmaz nə dodaq nə dil.

Pərəni pozulur xatirələrin,
Ötən illərimdən boylanıb baxır.
Günlərim,aylarım,illərim mənim,
Zamanın hökmünə baş əyib axır.

Qapımın ağzında boynunu burur,
Payız küləkləri canına əsir.
Yaddan çıxardığım sözün söhbətin,
Təzə xatirələr yolunu kəsir.

Müəllif: Refiqe Abbasova

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAHİM ÜÇOĞLANLI

Ağdam ədəbi mühitinin tanınmış nümayəndəsi

Azərbaycanın tanınmış şairlərindən olan, “Qızıl Qələm” Mükafatı laureatı, Ağdam ədəbi mühitinin nümayəndəsi, Rahim Üçoğlanlıdan (Rahim Üçoğlanlı Rzayev ) bir neçə şeir t’qdim edirik:

HEÇ

Bilmirəm nədəndir,neyləmişəm mən,
Bəxtimin düyünün fələk açmır, heç..
Dünyanı işığa qərq edən günəş,
Üstümə bir zərrə şəfəq saçmır, heç.

Şehli gül çiçəyin çoxdan dərmirəm,
Dünyaya gələndən bir gün görmürəm,.
Kədəri ac qoyub su da vermirəm,
Durub ürəyimdən çıxıb qaçmır, heç..

Rahiməm,köksümdə sevgi əkirəm,
Sınıq könülləri eşqlə tikirəm..
Ha sözlə vəsv edib nəzmə çəkirəm,
Sevimli tərlanım göylə uçmur, heç.!

Ağdam – 31.07.2019

= = = =

YARADIB

Tanrının lütvünə bax gör nə gözəl can yaradıb,
Gözünə sürmə çəkib, kipriyini san, yaradıb.

Nur verib camalına, işıq yayıb şölə saçır,
Hər qaranlıq gecəyə san ki onu dan, yaradıb.

Ətirli gül çiçəkdən zərrə-zərrə bal çıxarıb,
O gözəl əndamını mum eləyib şan, yaradıb.

Suyun ulduzdan alıb,palcığın aydan yoğurub,
Canına ruh üfürüb, damarında qan, yaradıb.

Gör necə dəyişdirib, Rahimi tək bir baxışı,
Qap-qara bir qul idim söküb məni xan, yaradıb. 
Ağdam-29.07.2019

= = = =

GÜLÜM İNCİYƏR

İstədim gül verəm,əlim gəlmədi,
Dedim,gülü görüb gülüm,inciyər.
Öz qoxu bu gülü dəyərdən salar,
Əlimdə tutduğum gülüm, inciyər..

Bilirəm,həyatda gül gülü sevməz,
Bir gül öz yerini bir gülə verməz,.
Qısqanclıq eyləyib gül gülü görməz,
Pərt olub hər iki gülüm, inciyər..

Qıymaram qəlbində eşq dönə aha,
Lap gülüm olsada qızıldan baha..
Çalışıb bu fikrə düşmərəm daha,
Gülə, gül vermərəm, Gülüm, inciyər.. 
Ağdam-28.07.2019

= = = =

KÖNLÜMÜN

Sevgidən deyəndə həsrətdən şişib,
Yarpaq tək titrəyib teli, könlümün.
Bir sınıq saz kimi kökündən düşüb,
Yenib bəmdə durub zili, könlümün.

Çəkdiyi zülümdən tabı qalmayıb,
Qapısın açsa da sevgi dolmayıb.
Bircə gün həyatda qəmsiz olmayıb,
Heç hamar olmayıb yolu, könlümün.

Bu fani dünyada bir gün görməyib,
Eşqidən bac alıb, xərac verməyib.
Nazlı gözəllərdən əhval sormayıb.
Əzəldən lal olub dili, könlümün.

Saf duyğu hisslərlə boşalıb, dolub,
Məhəbbət uğrunda son şəhid olub.
Köksümdə özündən xatirə qalıb,
Bir ovuc ağ-appaq külü, könlümün.!
Ağdam-1989

Müəllif: RAHİM UCOGLANLİ ( Rahim Üçoğlanlı Rzayev )

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru