MƏMMƏD QƏDİR

sevgi şairindən sevgi şeirləri

Səndə mən

İşığında üzə çıxdım, Ayüzlüm,
Görünmürdüm dumanda mən, çəndə mən.
Anlamıram səhv edirəm, ya düzgün,
Bələdçiyəm bəlli olan kəndə mən.

Nə ətirli eşq cücərdi qışımdan,
Bir sevdalıq möhlət aldım daşımdan,
Boylananda papaq düşür başımdan,
Gör nə boyda ucalmışam məndə mən.

Necə çıxır baxanların cızdağı,
Bu ucalıq görənlərin göz dağı,
Damla-damla yoxa çıxıb buz dağı,
Allah, necə ərimişəm səndə mən.

Əridikcə candan çıxır acı su,
Gözdən axır ayağına uca su,
Şirinləşmir ayrılığın acısı,
Ha çəkirəm şəkərə mən, qəndə mən.

Eşq əzabı aşiq ömrün mabədi,
Saf sevgindi ürəyimin məbədi,
Qurban olum, bax, neynirsən Məmmədi,
Bu sevdada Tanrı sənsən, bəndə mən.

= = = =

Keçəcək

Gözlərinə de, daşmasın,
Su gecə məndən keçəcək.
Ehmallı ol, bulaşmasın,
Yu, gecə məndən keçəcək.

Keçən keçər, gül, ya ağla,
Dammaz qəlbə, batmaz ağla,
Qanadına işıq bağla,
Qu gecə məndən keçəcək.

Ruhumu yıxıb içimdən,
Ürəyim çıxıb içimdən,
Həyatım axıb içimdən,
Bu gecə məndən keçəcək.

Taleyim lək, bu gecə dən,
Güc edəcək bu gec edən,
Mən keçməsəm bu gecədən,
Bu gecə məndən keçəcək.

= = = =

Bu qədər olmaz

Hər şey mizanından çıxsa məhv olur,
Ayüzlüm, intizar bu qədər olmaz!
Həsrət keyf çəkir, ruhum qəhr olur,
Əzizim, dərd-azar bu qədər olmaz!

Gör nə ruhdan düşüb ruhun adamı,
Daha gecə doğur ruhumun danı,
Tökülər gecəyə ruhumun qanı,
Köynəyimə sızar,- bu qədər olmaz!

Susduğum sinəmdən min ah qoparar,
Savabı çəkənlər günah qoparar,
Qorxuram sevgini yuyub aparar,
Ağladıqca zar-zar, bu qədər olmaz!

Səbrim böyüdükcə kəsib soymuşam,
Qızdıran başıma cuna qoymuşam,
Vallah, sənsizlikdən cana doymuşam,
Adam candan bezar bu qədər olmaz.

Məmməd, yar dərdini yarıdana de,
Yarısın qüruba, yarı dana de,
Yara gücün çatmır, Yaradana de,
Vallah, giley-güzar bu qədər olmaz.

Müəllif: MEMMED QEDİR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir