ABBAS İLHAM – SÖZ…

Abbas İlham “üç yarpaq”- da

AZAD ET

Oynadıb qəlbimi bir oyuncaqtək,
İndi ki, doymusan…kənara tulla…
Onsuz da əlimdən almısan mənim-
Bu canım əzabdan bəlkə qurtula…

Nə qədər səndədir, yaxşı bax ona,
Dəyərli, qiymətli bir əsərdi, O.
Dahi Yaradanım yaradıb onu,
Bəndənin əlində bir əsirdi, O.

Tapdasan günahdır – O əmanətdir,
O dahi varlıqa qayıtmalıdır…
Tanrım öz möhrünü vurubdur ona,
Yatsa da nə vaxtsa ayıtmalıdır…

Azad et, əfv eylə…Gör neçə ildir,
Eşqin zindanında məhbusdur qəlbim.
Nə sənə, nə mənə, nə də dünyaya –
O dahi varlığa məxsusdur qəlbim…

İyun, 2016
= = = =

YENƏ DƏ YANILIRAM…

Xəzər! Bir daha qoynuna alaydın bizi…
İlk dəfə o iki gənci alan kimi…
Utana-utana… ilk dəfə biri-birini
yarıcılpaq görən, 
Əl-ələ tutub, qaça-qaça, 
sənə qovuşmağa can atan,
Sevgisini sənlə bölmək üçün 
qoynuna atılan
o iki gənci deyirəm…
Yanar baxışlı, od nəfəsli,
şirin məhəbbətli, vüsal həvəsli…
biri-birinə dəlicəsinə vurulan
o iki dəlini deyirəm…

Al bizi yenə də qoynuna Xəzər,
Əsəbləş…lərzəyə gəl… 
Qoy, nə vaxtsa bizimlə oynayan dalğaların
əl-gol atsın…döysün bizi…
Nə vaxtsa başımız üstə fırlanan qağayıların
danlasın bizi…söysün bizi…
O ülvi sevgiyə kəm baxdığımız üçün,
bir eşqin tacını başımız üstə qaldırıb,
sonra da yerə çaxdığımız üçün…

Al bizi yenə də qoynuna Xəzər,
İstəsən, sahildən uzaqlara apar.
Apar bir dəfəlik…apar…
…Yenə də düşüncələrim azdırır məni.
Yenə də yanılıram…
Biz ancaq Xəyal dənizində üzə bilərik –
Axı hər ikimizin 
sahildə sevdiklərimiz var…

= = = =

YENƏ DƏ

Deyərdin, şəklini öpüb yatıram…
Gülüm, şəklimə də qısqanardım mən.
Deyərdin, yastığım sənin sinəndir…
Baş qoyub yastığı qucaqlardın sən.

Deyərdin, sənsizlik öldürər məni,
Bir anım, bir günüm sənsiz olmasın…
Deyərdin, bir güləm eşqin bağında,
Qoyma, xəzan dəysin…rəngim solmasın.

Yenə də o yastıq, gülüm sənlədir?..
Yenə də baş qoyub qucaqlayırsan?..
Yenə də “sinəmə” göz yaşı düşür –
Yenə də gecələr sən ağlayırsan?..
Ağlama…qəlbimi sən dağlayırsan…

Müəllif: ABBAS İLHAM

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir