Vahid Əziz – Yeni şeir

Vahid əzizdən yeni şeirlər

YAZIQ OLAN…

Vətən–torpaq, daşdı, dağdı,
insanı–gora bağlıdı,
yazıq olanım Qarabağ,
yoxsa ki,Qarabağlıdı?

Bir dünyayam-bərbad olan,
mində-bir dəfə şad olan,
sevilməli–abad olan,
yoxsa ki, xarabalıqdı?

Hey çırpınar dara düşən,
sınar bəxti qara düşən,
Azərbaycan tora düşən
“Qara qızıllı” balıqdı!

Məddahlar öz azarında,
dərd-yoxsuld, kef-harında!
ucuzluq–vaxt bazarında,
qalan yerlər bahalıqdı.

Boşboğaz meydan suluyur,
nakişi quyruq buluyur,
boş vədlər qarın doyurur,
doyurmayan–halallıqdı.

Ağırmış vaxtın dabanı,
zaman bitirmir davanı,
durna tərk etdi yuvanı,
tərk etməzdi… havalqdı!

= = = =

SƏN–DAĞA,DAŞA OXŞAMA…

Məni sıxan dağlar deyil,
bu dağlarda olmayandı!
səndən başqa xəyalımda
özgləri qalmayandı.

Getdim-güllər əl elədi,
çinar-qışdan gileyləndi,
ömrümə hakim–əbədi,
məni yola salmayandı!

Qopar məni buralardan,
bu daşlardan,qayalardan!
gözümün nurunu alan,
gözü yaşla dolmayandı.

Zaman yetər,inanıram:
yenə mehmanın olaram,
ömür sönər,mən solaram;
sənə sevgim solmayandı.

Qorxuram ki,yana–yana,
alışam bu cüy yaşama;
sən–dağa,daşa oxşama,
onlar salam almayandı…
27.07.2019. Qalaaltı.

= = = =

ÇƏMƏNDƏ…

Baş aça bilmirəm şehli çəməndən;
külək bir-birinə rəngləri qatır,
yuxuda bir ətir duyuram hərdən,
amma ki,bilmirm–gül harda yatır?

Sevdiyi ceyrandı,yozsa-cüyürdü?
içimdə suallar şimşəktək çaxır,
başını qoyduğu yastıq nə cürdü–
gözləri-gözlərə,yollara baxır?

Bəlkə bir bəxtəvər saçını hörür,
boynuna dolayır hörüklərini,
oyaqmı,şıltaqmı,ya–yuxu görür?
dalağım sancardı görsəydi məni.

Nədən indiyədək rastıma çıxmır,
həyatda gəzdiyim fürsət,üryim?
gül məni eşilmir,üzümə baxmır,
qalır nəvazişə həsrət ürəyim…

= = = =

UNUDULMUŞ BİR ÇİÇƏK…

Düşüb payız yağışına,
için-için ağladı,
tale qoydu özbaşına–
Haqqa ümid bağladı,

Nə arılar yaxın gəldi,
nə bir heyran kəpənək,
son baharda qəribsədi
unudulmuş bir çiçək,

Bilsə–buymuş aqibəti,
bir dibçəkdə bitərdi,
ya kərənti aparardı,
ya-yolçuyla gedərdi,

Solub qopan ləçəklərdə
ürəyinin yanğısı,
unudulmuş çiçəklərin
eyni solur hamısı…
04.08.2019.

Müəllif: VAHİD AZİZ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir