MƏMMƏD ARAZ

AZƏRBAYCAN – DÜNYAM MƏNİM

( “Azərbaycan!” deyiləndə ayağa dur ki, … )

Azərbaycan – qayalarda

bitən bir çiçək,

Azərbaycan –

çiçəklərin içində qaya.

Mənim könlüm bu torpağı

vəsf eləyərək,

Azərbaycan dünyasından

baxar dünyaya.

Azərbaycan mayası nur,

qayəsi nur ki…

Hər daşından alov dilli

ox ola bilər.

“Azərbaycan!” deyiləndə

ayağa dur ki,

Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,

Oğulların göz atəşi gözəl əridir.

Azərbaycan səhərinin

bəbəklərində

Qütb ulduzu,

dan ulduzu gözəlləridir.

Tariximə qara xətli hicri, miladi

Qılıncların qan ağzıyla

yazılmadımı?

Babaların boz çöllərə bənzər

Muradı

Qızıl bayraq

dalğasından yaz almadımı?!

İllər olub-kürrələrdə

dəmir olmuşuq.

Sərhədlərdə dayanmışıq

küləkdən ayıq.

Od gölündə,

buz çölündə gəmi olmuşuq,

Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,

Dalğalandı Sabirlərin

ümman dünyası,

Azərbaycan qatarı da yollara çıxdı

Dağılanda Qoca şərqin

duman dünyası.

Azərbaycan mayası nur,

qayəsi nur ki…

Hər daşından alov dilli

ox ola bilər.

“Azərbaycan!” deyiləndə

ayağa dur ki,

Ana yurdun ürəyinə toxuna bilər.

Müəllif: Məmməd Araz (www.memmedaraz.az)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TOFİQ QƏBUL – SÖZ…

Tofiq QəbuLUN SÖZ DÜNYASI, ÖZ DÜNYASI

YALAN İLAN BAŞI

İçimdə acı var, dərd var, ələm var,
Barışa bilmirəm yalanlar ilə.
Yalan ayaq tutsa, xəyanət saçar.
Yalanlar sirdaşdır ilanlar ilə.

Yalan yıxan evlər bir də tikilməz,
Axı çox görmüşük ağ yalanları.
Dünyamız qayğılı, heç üzü gülməz,
Çiynində daşıyır dağ yalanları.

Yalan tikə-tikə udur yurdumu,
Dünyanın gözünü bağlıyanlar var.
Bu gün qara donlu düşmən qudurur,
Onu gecə-gündüz yallIyanlar var.

Şuşanın yolları duman, çən olub,
Xankəndim çökübdür dizləri üstə.
Qarabağ yurduma ağ kəfən olub,
Götürüb qoyuram gözlərim üstə.

İçimdə acı var, dərd var, ələm var,
Şuşamın işğalı düşür yadıma.
Xalqımı sındırmaz min-min yalanlar,
Göz yaşı yaraşır ancaq qadına.

Xalqım inadını bıçaq eləsə,
Yalanın ipləri kəsiləcəkdir
Bütövlük andını bayraq eləsə,
Yalan ilan başı, əziləcəkdir.

8.05.2008.

= = = =

HANSI HAQLI?

Könlüm deyən başqa şeydir, həyat deyən başqa şey,
Könlüm həyat ilə, vallah, uzlaşmır ki, uzlaşmır.
Könlüm deyən qayğı, istək, könlüm deyən sevgi hey
Həyat deyən bir cəngəllik, könlüm ilə yollaşmır.

Könlüm qucaq açır eşqə, ünsiyyətə, vəhdətə,
Həyat isə bir burulğan, min hiyləsi, toru var.
Könlüm yaddır qəzəb, kinə, könlüm yaddır nifrətə
Həyat isə yeniş- yoxuş, dolusu var, qarı var.

Könlüm haqlı, yoxsa həyat? Qoy ariflər söyləsin,
Könlüm batıb göz yaşına, inim-inim inləyir.
Həyat axır bildiyi tək, kim göynəyir, göynəsin.
Həyat baxır bu dünyaya, yalnız onu dinləyir.

3.08.2019.

Müəllif: TOFİQ QƏBUL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 6 – cı yazı

ALTINCI  YAZI

RUH VƏ YUXU  HAQQINDA

Yuxu və ruh bəşər övladı yaranandan onu düşündürməyə başlamışdır. Zaman-zaman bilicilər və elm adamları bu barədə müəyyən sözlər, fikirlər söyləsələr də əsas odur ki, günümüzə qədər ruhun nə, yuxunun nə olduğu barədə heç kim dəqiq fikir ortaya qoya bilməmişdir. Bir balaca da dinin təsiri və basqısı altında bu sahə sanki, toxunulmaz elan olunmuş sirli bir tabudur. Əsasən son üç əsr ərzində bir neçə dəfə başqa-başqa elm adamları tərəfindən ciddi cəhdlər olsa da fakt odur ki, günümüzədək konkret olaraq ruhla yuxunun əlaqəsi, onların ümumiyyətlə bir-biriilə yaxın yoxsa heç əlaqəsi olmayan anlayışlar olduğunu ortaya qoyan sistemli bir fikir yoxdur. Bu yerdə elan edirəm ki, ruh və yuxu heç də çoxlarının iddia edib, dəstəklədiyi kimi sirli  aləm deyil, tam əksinə 2+2=4 edir qəbul etdiyimiz hesab kimi aydın, net bir anlayışdır. Və beləliklə, RUH MADDİDİR, YUXUGÖRMƏ HADİSƏSİ BUNU SÜBÜT EDƏN ƏN BARİZ NÜMUNƏDİR.

 Ruh maddidir, bədən dediyimiz orqanizmə daxil olur və heç bir dəyişikliyə uğramadan oranı tərk edir. Ruhun bədənə istənilən vaxt daxil olub çox rahat şəkildə də tərk etdiyini qəbul etsək, eyni bir ruh  dəfələrlə  bizim üçün çox nisbi olan müxtəlif zaman və məkanlarda başqa-başqa bədənlədə ola bilməsi reallığı məntiqidir. Deməli, buradan belə nəticəyə gəlmək olar ki, RUH MADDİDİR, SABİTDİR VƏ MÜTƏHƏRRİKDİR.

Ruh maddidir – ruhun bədənə daxil olub və ya oranı tərk etməsi sübuta ehtiyacı olmayan hamının gözlə gördüyü,  görməyənlərin də görə biləcəyi real həyat hadisəsidir.

Ruh sabitdir- yəni ruh bir bədəndə olan zaman heçbir dəyişikliyə uğramır 9-yaşlı uşaqla, 90 – yaşlı ahılın ruhu arasında heç bir fərq yoxur. Bir ruh, bir bədəndə 100 il qalsa da qəti olaraq  heç bir dəyişikliyə uğramır!!!! Sadəcə çox nadir hallarda ola bilər ki, bir bədəndə başqa-başqa vaxtlarda ayrı-ayrı ruhlar mövcud olsun. Görünür bu ruhlar gəzintidən qayıdanda ünvanı səhv salırlar ya da bədəndə baş vermiş ciddi dəyişikliklər (yaxşıya və ya pisə doğru – insanın nə ilə qidalanması onun ruhuna birbaşa təsir edən amildir) əvvəlki ruhun daha həmin bədəndə yaşamasını məqbul etmir. Əksi də tam məntiqidir yeni bir ruh bu bədəndə yaşamaq istəyir.

Ruh mütəhərrikdir – onun sərbəstliyi ancaq bədən adlı evə təhkimçiliyi ilə məhdudlaşır ki, oranı da müəyyən zamanlarda tərk edib, qayıtmaq iqtidarındadır. Yuxu hadisəsi zamanı ruhlar tam sərbəst olurlar. (Onlar ya bədəndə, ya bədənin yaxınlığında və hətta ola bilir ki, zaman-məkan anlayışlarını aşaraq çox-çox uzaqlarda olurlar – bu prosesi yatdığımız zaman yuxunun dərinliyi sübut edir.)

RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR

Hamımızın dildən-dilə, ağızdan-ağıza eşitdiyimiz pis ruh anlayışı səbəbsiz deyil. Necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz” . Pis olan yerdə bunun əksi olan yaxşı da mütləq olmalıdır. Əslində necədir? Bütün RUHLAR İKİ ƏSAS QRUPA BÖLÜNÜR. Bu qruplar da öz növbəsində yarımqruplara bölünür.

ƏSAS QRUPLAR:

  • Yaxşı (xoş) ruhlar,
  • Pis (bəd) ruhlar.

Yaxşı ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Çox  yaxşı ruhlar,
  • Nisbətən yaxşı ruhlar.

Pis ruhlar da öz növbəsində iki yarımqrupa bölünür:

  • Nisbətən pis ruhlar,
  • Çox pis ruhlar.

Ruhları necə tanıyırıq? Ruhlar bir-birini tanıyırlar. Biz hər hansı bir yerə birinci dəfə getdiyimizdə, yəni tanımadığımız adamların içinə düşdükdə, məclislərdə, növbələrdə, qəbullarda, nəqliyyatda, cürbəcür yad adamlar çox olan yerlərdə heç tanımadığımız, ilk dəfə lap uzaqdan gördüyümüz adamlar haqqında anındaca müəyyən qəti fikir formalaşır və biz sanradan fikrimizdə yanılmadığımızın şahidi oluruq. Bu real həyat hadisəsi ruhların bir-birini tanıdığını açıq-aşkar sübutudur. Sözsüz ki, bütün bu anlatdıqlarım nə vaxtsa bizim ata-babalarımıza da məlum olub. Məsələn, RUHUN NÖVLƏRƏ AYRILMASINI sübut edən dəlilin izləri bizim atalar sözündə  belə bir cümlədə – uazqdan görən kimi “quşum qondu” sənə. Bu nə deməkdir? Ruhun daşıyıcısı olan bədən lazımı nöqtəyə hələ çatmamış, bədəndə olan ruh öz mütəhərrikliyi, yaddaşı və əhatə arealı əsasında anıdaca bədəni məlumatlandırir. Təbii olaraq yuvasını, evini pislikdən, gələ biləcək zərərdən qorumaq və ya xeyirə, yaxşıya  yönəltmək üçün. Bizi yanında olanda özümüzü çox rahat hiss etdiyimiz adamlarla eyni növ ruhun daşıyıcısıyıq. (Əlbətdə yaxşı və pis anlayışlarının dəyişkən qütblərdə olan tam nisbiliyini qəbul etmək şərti ilə….)

YUXUGÖRMƏ HADİSƏSİ

Yuxu (röya)  ruhun gəzintisidir. Yuxular (röyalar) üç  qrupa bölünür:

  • Keçmişin izləri,
  • Indiki zaman,
  • Gələcəkdən xəbər.

Prinsip etibari ilə yuxugörmə hadisəsi ilə bağlı müəyyən fikirlər zaman –zaman söylənilib. Xüsusi ilə ilk iki qrup barəsində tutarlı mülahizələr mövcuddur. Mən burada ancaq Ziqmund Freydin adını çəkməklə kifayətlənəcəm. (Bunun bir əsas səbəbi var ki, ancaq əmin olduğum həqiqət barədə danışmağı xoşlayıram, fikir deyəndə istinad etməyi o qədər də xoşlamıram – çünki, mən özüm əmin olmayandan sonra kimin nə deməyinin elə də əhəmiyyəti yoxdur. Sitatı ancaq və ancaq atalar sözlərindən gətirirəm – bizim hər bir Ata sözümüz cilid-cilid kitablara sığmayacq dərəcədə əhəmiyyətli elmi məna kəsb etdiyi qənaətindətyəm.) Həqiqətən də Ziqmund Freydin –dahi almin bu sahədə xidmətləri böyukdür. O, əsasən birinci qrupa aid yuxugörmə hadisəsi barədə araşdırmalar aparmış və düzgün nəticəyə gəlmişdir. İkinci qrup yuxugörmə hadisəsinə səthi toxunmuş və üçüncü qrup yuxuların da mövcüdluğunu inkar etməmiş – elə yuxular da var ki, onların sadəcə izahı yoxdur deməklə kifayətlənmişdir. Bəs əslində necədir?

KEÇMİŞİN İZLƏRİ OLAN YUXULAR (RÖYALAR) – bu nə deməkdir? Yuxarıda da qeyd etdiyimiz kimi, dahi alim də bunu qeyd etmişdir ki, gündəlik yaşam tərzimiz, fikirlər, xəyallar beynimizdə izlər qoyur ki, bu hadisələr də müxtəlif şəkil dəyişmiş formalarda yuxugörmə zamanı təzahür edir. Adətən bu cür yuxuları (röyaları) yatandan xeyli vaxt keçdikdən sonra, dırin yuxuda olduğumuz vaxt görürük – bərk yatanda. Biz yuxuda bu tip yuxuları (röyaları) görən zaman yanımızda oyaq olan –yatmamış adam bizim yuxu (röya) gördüyümüzü hiss etməz. Bu zaman ruhumuz ya bənimizdədir, ya da  bədəndən çox da uzaqda deyil. Heç bir qonaq ruh yoxdur.  Belə yuxuları görməyimizdə ruhla bədənin payı demək olar ki, əlinin əliyədir. Və belə yuxular dahi alimin də qeyd etdiyi kimi heç bir məna, əhəmiyyət kəsb etməyən keçmişin izlərindən başqa bir şey deyil.

İNDİKİ ZAMAN YUXU GÖRMƏ HADİSƏSİ – bu zaman kəsinliklə ruh bədənimizdədir. Bu tip yuxugörmələrdə qonaq ruhlar da iştirak edə bilər. Və bu tip yuxuları biz çox səthi yatdığımız zaman görürük. Əgər yanımızda oyaq, yatmamış adam olsa o bizim yuxu (röya) gördüyümüzü hiss edə bilər. Burada onu qeyd edim ki, kişilərdə eyakulyasiya ilə müşayət olunan, qadınlarda isə özünəməxsus şəkildə təzahür edən yuxular (röyalar) da məhz ikinci qrupa aiddir. Bu tip yuxularda məsələn qolumuzun kəsilmək üzrə olduğunu görüb, oyananda onun pis vziyyətdə altımızda qaldığının şahidi ola bilərik. Yaxud yuxuda bizi kimsə çağırar oyanıb həqiqətən çağrıldığımızı görə bilərik. Və ya soyuqda, yağışda, qarda qaldığımızı görüb, oyananda həqiqətən üşüdüyümüzü görə bilərik. Bu tip yuxuların (röyaların) görülməsi zamanı da bədənlə ruhun payı yarıya-yarıdır. Bəzi məqamlarda bədənin payı çox ola bilər. Bədənin payı o hallarda çox olur ki, bu vaxt ya lazımlı-lazımsız qidalardan çox yeyirik, ya da ac qalırıq bu proses müəyyən mənada ruha əziyyət verir. Belə yuxular da real həyat hadisələri, bilavasitə orqanizmin tələbləri ilə əlaqəli olub, elə bir əhəmiyyət kəsb etmir. Bir daha vurğulayıram ki, belə yuxuları (röyaları) səthi yatdığımız zaman, adətən təzəcə yuxuya gedən (yatan) zaman görürük.

GƏLƏCƏKDƏN XƏBƏR VERƏN YUXULAR – hamının sirlı,  izahı olmayan yuxular (röyalar) adlandırıb, üstündən sükutla keçdiyi, ƏSLİNƏ İSƏ ƏN ƏHƏMİYYƏTLİ YUXULAR . Bəs niyə heç kim bu barədə danışmaq istəmir və çox hallarda izahıolmayan yuxular deyirlər. Yuxugörmə hadisəsi zamanı daha çox araşdırma aparmış və əsaslı dəlilər ortaya qoymuş Ziqmund Freyd də məhz bu tip yuxuları göstərmədən sadəcə belə İZAHI OLMAYAN YUXULAR (RÖYALAR) adlandırıb, üstündən keçmişdi. Çünki, biz bu yuxuları görən zaman heç bir anlam verə bilmir, iş-işdən keçəndən sonra yadımıza düşsə, xatırlasaq onda anlayırıq. Bu da çox gec olur. Burada onu qeyd edim ki, adətlərimzdən bzə məlum olduğu kimi pis (qarmaqarışıq) yuxu (röya) gördükdə onu axar suya danışmaqda fayda var. İnsan səhər və ya gecə hövlank oyananda instinktik olaraq yuxunun (röyanın) pis olduğunu anlayıir. Əlbətdə bunu ruhu bədəni ilə həmahəng olan insanlar hiss edə bilər. Axı nə baş verəcəyi ya qonaq getmiş yaxud da qonaq qəbul etmiş ruha artıq məlumdur. Bu tip yuxuları (röyaları) görəndə  ruh bədənimizdə olmur. Ya səfərdə qonaq olurlar (zaman – məkan tanımadan), ya da qonaq qəbul edirlər. Bu yuxularda qonaq rular adətən bizim dünyasını dəyişmiş yaxınlarımızın, doğmalarımızın ruhları olur. Ancaq tanımadığımız  (yəni ruhumuz sözsüz ki, o ruhu tanıyır sadəcə bizə məlum olmayan) ruhlar da qonaq gələ bilər və ya bizim ruhumuz tamam yad bir məclisdə (bəlkə də onlar bizim bizə məlum olmayan lap uzaq əcdadlarımızdır) iştirak edə bilərlər. Belə tip yuxularda bizə nəsə xəbər verirlər, məlumat çatdırırlar, iş tapşırırlar, kömək etmək istəyirlər…. Əlbətdə, əgər anlaya bilsək….

YUXUNUN (RÖYANIN)  MÜDDƏTİ – yuxunun müddəti yuxugörmənin aid olduğu qrupa görə ani və ya təxminən bir neçə dəqiqə ola bilər. (Əlbətdə bizim zaman anlayışımıza görə.)

ÇALIŞIN  ELƏ QİDALANIN Kİ, YUXUNUZU QARIŞDIRMAYASINIZ. YOXSA, BİR VAXT RUHUNUZ DA SİZİ TƏRK EDƏCƏK….

    16.10.1016. (12:51) Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” kitabında müstəqil məqalə kimi yer almışdır.

Bundan əlavə “HƏFTƏ İÇİ” qəzetinin 28 mart 2019 – cu il, N:54 (3102) sayında “YUXU və RUH…” (səh. 8) adı ilə dərc olunmuşdur.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Zaur Ustac – 5 – ci yazı

BEŞİNCİ  YAZI

MÜTALİƏ  NIYƏ  VACİBDİR?

Salam çox dəyərli oxucum, bu yazını “beşikdən qəbrədək oxumaq lazımdır”, “oxumaq, oxumaq  yenə də oxumaq” və s.  çox məşhur olan buna bənzər digər  mütaliəyə, elm öyrənməyə  təşviqedici  kəlamların açıqlaması kimi də  qəbul etmək olar. Niyə görə elmdən, kitablardan bircə damla nəsə götürməyi bacarmış şəxslərin hamısı oxumağı, mütaliəni  belə ciddi-cəhdlə məsləhət görmüş, təbliğ və təşviq etmiş, hətta bəzi hallarda əmr kimi buyurmuşdur?  Bunun bircə səbəbi var. Necə ki, dövrümüzdə kimsə maraqlı, əyləncəli bir yerə səyahət edəndə və ya ucuz və sərfəli yerdə alış-veriş edəndə, yaxşı həkimə rast gələndə və s. bu siyahını ən xırda məişət problemlərimizi həll etdiyimiz  yerlərin, kəslərin təbliğinə qədər uzatmaq olar.  Bu barədə danışmağı, yaxın ətrafındakı dostu-tanışı, doğmaları məlumatlandırmağı, onlara xeyir verməyi, onlar üçün faydalı olmağı özünə borc bilir, oxumağın, mütailənin təbliği də eyni bu qəbildən olan həyati əhəmiyyətli bir hadisə olduğu üçün, bunun xeyrini, faydasını görmüş hər kəs onun təbliğ və təşviqini özünə borc bilmişdir. Bəs nədir mütaliənin faydaları? Bu kiçik yazıda mümkün qədər yığcam və sistemli  şəkildə bir neçə kəlmə də mütaliənin, bilgili, məlumatlı olmağın faydası barədə mən danışmaq istəyirəm. Əvvəlcədən qeyd edim ki, çalışacam  ancaq və ancaq praktik və həyati söhbət olsun. Sizi inandırım ki, bu ən ümdə, çox vacib məsələdir. Xüsusən də olduqca geniş imkan və resurslara malik müasir dövrümüzdə bu prosesdən kənarda qalmaq sadəcə olmaz! Bunu belə qəbul etmək lazımdır. Bir söz də əlavə etmək istəyirəm çoxumuzun tez-tez işlətdiyi “günahdır” kəlməsini…. Bəli, bəli kitab, jurnal, qəzetlərdən əlavə əlimizin əltında internet kimi çoxumuzun bəlkə də təsəvvür belə edə bilməyəcəyi informasiya zənginliyi dövründə oxumamaq, mütaliə etməmək, öyrənməmək, öz həyatını yüngülləşdirməmək sadəcə “günahdır”. Vəssalam! Keçək əsas məsələyə, nə verir mütaliə bizə? Birinci ən ümümi cavab, əlbətdə, məlumatlı olmaq ilk növbədə həyatımızı, gündəlik yaşam tərzimizi asanlaşdırır. Sizə deyərdim ki, əhəmiyyətli dərəcədə yüngülləşdirir. Bizi izafi xərclərdən qoruyur. Və başqa belə çoxlu həyati misallar gətirmək olar. İndi çalışacam  ki, bu barədə mümmkün qədər sistemli və yığcam danışım. Bir insan ömrünü mütaliə baxımından beş hissəyə asanlıqla ayırmaq olar:

  • Uşaqlıq,
  • Yeniyetməlik,
  • Gənclik,
  • Orta yaş dövrü,
  • Ahıllıq.

Keçək açıqlamalara, uşaq hələ məktəbə getməzdən əvvəl indiki müasir vasitələrin zənginliyindən də istifadə etməklə, sözləri olmasa belə şəkilli kitablarla tanış olması, oynaması onlara baxıb öz-özünə hekayələr uydurması, danışması çox vacibdir. Çünki, o məktəbə gedəndə, artıq ilk kollektivə düşəndə danışmağa nəsə sözü olmalıdır. Sizi inandırım ki, nə qədər laqeyid, dəcəl uşaq olsa da o, oyuncaqlarının içində, stolun üstündə, televizorun, kompüterin, planşetin yanında  hətta döşəmədə belə (qoy olsun onsuz da oyuncaqlar bütün günü əl-ayağa dolaşır) olsa şəkilli kitab görsə, (indi olduqca bahalı pultlu maşınların, helikopterlərin, gəlinciklərin və s. birinin qiymətinə 2-3 dənə yaxşı möhkəm materiallardan hazırlanmış, tez xarab olmayan şəkilli kitablar almaq olar) uşaq götürüb onunla da maraqlanacaq, baxacaq. 3-4 yaşlarında bütün normal uşaqlar (daha inkişaf etmiş, hazırlıqlı uşaqları çıxmaq şərti ilə, onlar artıq oxumağı bacarırlar) şəkilli kitablara baxıb hekayələr uydurmağı, ordakı oğlanın və ya qızın yerində olmağı bacarırlar, istəyirlər, sevirlər. Yetər ki, onlara bu abu-havanı yaradıb sərbəstlik verəsən. Bir müddət oynadıqdan sonra isə təbii olaraq uşaq yazmağa və oxumağa can atacaq. Məktəbi gözləmədən uşağın digər tələblərini ödədiyimiz kimi bu təlabatı mütləq qarşılamaq lazımdır. Bunun üçün sadəcə 4-5 ay planlı və məqsədyönlü  şəkildə, məşğul olmaq uşağın bir ömür boyu qarşıda dayanmış əsas problemini kökündən həll etmək lazımdır. İnanın 3-5 yaş arasındakı bütün normal uşaqlara ən şoxu 1 il əziyyət, xərc çəkib sadəcə onu kitablarla, intrnetdəki axtarış sistemləri ilə tanış etməklə, kitablardan istifadə etməyi (yazıb oxumağı), sadə hesablamanı öyrətməklə məktəbə hazır şəkildə göndərsək onun bütün gələcək problemlərini həll etmiş oluruq. Məktəbə ən azı yuxarıda qeyd olunan dərəcədə hazırlıqlı və ondan daha yaxşı qaydada hazırlanmış şəkildə gedən  (kitablardan istifadə etməyi, mütailəni bacaran),  sərbəst çalışmaqda heç bir çətinliyi olmayan uşaq sizi bütün gələcək təhsil boyu izafi xərclərdən, təhsildən  sonra  (maşın almaq, işə düzəltmək, ev almaq, toy etmək kimi) isə daha böyük və vacib külli miqdarda sərfiyyatdan  xilas edəcək. Burada söhbət qismən maiddiyyatdan gedir çünki, bizim mental alaraq öz dəyərlərimiz var. Ancaq, burda əsas məsələ odur ki, bu hazırlıqlı uşaq gələcəkdə özü ya bunları qəbul etmək istəməyəcək, ya da ona ehtiyacı olmayacaq. Birinci sinifə gedəndə tam hazırlıqlı olduğu üçün bütün məsələlər ona asan və adi gəldiyindən  bütün həyatı boyu belə davam edəcək. Bura da böyüyün öhdəçiliyi və vəzifəsi sadəcə nəzarət etməkdən ibarət olacaq. Bura qədər biz sadəcə uşaq vaxtı mütaliənin nə qədər vacib və önəmli olduğundan danışdıq. Bütün ibtidai siniflər boyu və ondan sonra da yeniyetməliyə qədər uşağı nəzarətsiz qoymaq olmaz! Bu dövrdə uşaqlar lüğətlərdən istfadə etməyi mütləq  bacarmalıdırlar. Uşaq vaxtı mütaliə etmək  hamıya vacibdir, gələcəyin ustasına da, müğənnisinə də, aşbazına da, hərbiçisinə də hamıya. Mütaliə nəticəsində uşaq istənilən mühit və kollektiv içərisində tam sərbəst şəkildə, kompleksiz öz yerini tapır, öz kiçik dünyasını qurur, ətrafını formalaşdırır. Məlumatlı uşaq yeni mühitə tez inteqrasiya edir, uyğunlaşır. Belə uşağın dostları çox olur. Bütün kollektivin sevimlisi olur. Bütün bunlar nəyin nəticəsidir? Əlbəttə, mütaliənin, oxumağın, araşdırmağın.

 Yeniyetməliklə uşaqlığın şərhəddinin harda bitib, harda başladığı dəqiq heç kimə məlum olmasa da uşaq böyüdükcə  təbii proseslərin nəticəsində orqanizmdə istər fiziki, istərsə də mənəvi cəhətdən bir çox dəyişikliklər baş verir ki, məlumatlı və məlumatsız yaxud da bu dəyişiklikləri gözləyənlə, gözləməyən uşaq-yeniyetmənin  hərəkətləri, özünü aparması, bu dəyişikliklərə reaksiyası da məntiqi olaraq müxtəlif olur. Elə bil  bilirsən ki, dostun qonaq gələcək hazırlıqlı olursan.  Ya da qəflətən qapı döyülür. Effekt təxminən eynidir. Məlumatlı yeniyetmə qeyri-adi heç nə yoxmuş kimi öz yaşam tərzini mütaliənin hesabına sakit şəkildə davam etdirir.

  Məlumatlı gənc (ancaq və ancaq davamlı mütaliə nəticəsində buna nail olmaq mümkündür) məktəbdən sonra ixtisas seçimində, təhsilin digər pillələrində,  hərbi xidmətdə, ilk iş yerində də demək olar ki, heç bir çətinliklə üzləşmir. Məlumatlı gənclərin ailə həyatı da qat-qat daha uğurlu olur. Onlar kənar müdaxilələr və təbiətin maneçiliyi olmasa. Demək olar ki, seçimlərində çox az-az hallarda yanılırlar. Deyərdim ki, bu şeçim –gələcək ömür-gün yoldaşını seçmək dünyaya yenidən gəlmk qədər əhəmiyyətli bir hadisədir. Bu məqamda səhv etmək, doğuşu qəbul edən mamaçanın səni əlindən yerə salmasına bərabərdir. Bəlkə də daha artıq. Deməli, mütaliə sayəsində gənc bu sınaqdan da mümkün qədər az risklə keçir. Mütaliə sayəsində 25-30 yaş arası hər bir gənc heç bir kömək olmadan öz işini tapmağa və ya qurmağa, özünü maşınla, evlə təmin etməyə qadirdir.

   Mütaliə heç vaxt bitmir. Ailə həyatı, məişət problemləri, qidalanma, yaşam tərzi, istirahət, ixtisas artırma, orta yaşlı hamının gündəlik qayğılarıdır. Mütaliə sayəsində  oxumuş, savadlı, bütün həyatını tam təmin etmiş şəxslər daha sağlam yaşayırlar. Belə şəxslərin ailə büdcəsi daha dayanıqlı, qidaları daha sağlam, istirahətləri daha keyfiyyətli olur. Mütaliə isə bitmir ki, bitmir…. İnsan daim axtarışdadır. O,  fasiləsiz olaraq, oxuyur, axtarır, araşdırır, hər şeyin ən yaxşisini, ən ucuzunu istəyir  və  mütaliə nəticəsində  buna nail olur.

   Mütaliənin bir mənfi cəhəti var ki, onu  da ahıllıqda hiss edirsən… Bir vaxt oyanırsan ki, məktəb yoldaşlarından, xidmətdə bir yerdə olduğun dostlardan, tələbə  vaxtından əlaqə saxladığın adamlardan demək olar ki, heç kim qalmayıb. Yada salmağa çalışırsan, çoxları qəfil ölümlə (gecə yatıb, səhər oyanmayıblar), qəzada, həbsdə,  müxtlif səbəblərdən dünyaların çoxdan dəyişiblər, ya da heç bir məlumat yoxdur. Sağ qalanları barmaqla sayırsan…. Bu şəxslərin demək olar ki, hamısı səinin həmsöhbətlərin, həmfikirlərin, həmişə kitab alıb-verdiyin, hansısa yeni bir məlumat-xəbər barədə həmişə mübahisə etiyin  yoldaşlardır…. Günlər keçir bir də görürsən daha zəng edən, statuslarına şərh yazan dost-tanışdan heç kim qalmayıb….  İstər-istəməz  nə vaxtsa dostlarla mübahisədə dediyin söz düşür yadına; – “mütailə orqanizmin kompleks müalicəsi və sağlam həyat deməkdir” –  üzünə  qeyri-ixtiyari təbəssüm qonduğunu hiss edirsən….. O vaxt dostlardan bir çoxu bunla razılaşmasa da izahat verəndən sonra ki, mütaliə yeganə vasitədir ki, həm ruhun hən də cismin bunla qidalanır, yekəqarın bankirdən başqa hamı bunla razılaşmışdı. Bankirin ki, isə sadəcə kor inad, həm də nankorluq idi.  O, artıq çoxdan unutmuşdu ki, say – hesabını itirdiyi var dövlətini özü ilə qonşudan alib geyərək oxumağa gəldiyi nimdaş pencəyin cibində gətirməmişdi…. Ani olaraq onun lap çoxdan olmuş yas mərasimi gözünün önünə gəlir, yaziq şəhərin mərkəzində tək qaldığı mənzilində qəflətən dünyasını dəyişmişdi. Ancaq işdə bir-neçə gün görsənməyəndən sonra mənzilində cansiz tapmışdılar. Yekə adam bir az da şişmişdi, evin qapısından çıxmadı. Zalım oğlu qapını da elə düzəltdirmişdi ki, sökmək  də mümkün olmadı. Həm də baxdılar ki, qapı sökülsə də oradan çıxmayacaq. Odur ki, pəncərələri söküb, kranla pəncərədən düşürdülər…. Təəssüf   hissi ilə başını bulayıb, düşünürsən yəqin ki, ən çox mütaliə edən elə mən olmuşam…..

15.10.2016. (13:15) Bakı.

QEYD:

Bu yazı müxtələf saytlarda yayımlanmaqla bərabər müəllifin “USUBCAN ƏFSANƏSİ” və “QƏLƏMDAR” adlı kitablarında müstəqil məqalə kimi yer almışdır.

Müəllif: Zaur Ustac

© Zaur USTAC,2019. Bakı.

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

RAFİQ HÜMMƏT

şairin şair haqqında şeiri və ya etiraf

ŞAİR ÖMRÜ

Şair ömrü dəm-dəsgaha uyğunlaşmır ki,
Şair olan öz dərdini özüylə bölür.
İşdir, ürək birdən dərdə tab gətirməsə,
Ay nurunda çiçəkləmiş sözüylə bölür.

Şair ömrü xana-şaha uyğunlaşmır ki,
Dövran var ki, qul şah olur, şah da didərgin.
Bir ömürdə neçə şaha vurulsun şair –
Şah var adil, şah var göyçək, şah da var çirkin.

Şair ömrü hər günaha uyğunlaşmır ki,
Hər günahın arxasında bir zalım durur.
Mən neyniyim, anam mənim, yalın əlimlə
Kimi çəkib qaldırıram, bir zalım vurur.

Şair ömrü hər gün aha uyğunlaşmır ki,
Ahdı, çəkir, çəkir, çəkir…
Ah ki, tükənmir.
Öz içində ölüm ilə vuruşur şair,
Deyirlər ki, bir balaca dərdi çəkəmmir.

Şair ömrü dəm-dəsgaha uyğunlaşmır ki,
Bizlər onsuz da çox uyduq dəsgaha, baba.
Cah-cəlalı sevən kəslər çox gözəl bilir:
Səsi heç vaxt çatmayacaq sabaha, baba…

Müəllif: RAFİQ HÜMMƏT

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru