TOFİQ QƏBUL – SÖZ…

Tofiq QəbuLUN SÖZ DÜNYASI, ÖZ DÜNYASI

YALAN İLAN BAŞI

İçimdə acı var, dərd var, ələm var,
Barışa bilmirəm yalanlar ilə.
Yalan ayaq tutsa, xəyanət saçar.
Yalanlar sirdaşdır ilanlar ilə.

Yalan yıxan evlər bir də tikilməz,
Axı çox görmüşük ağ yalanları.
Dünyamız qayğılı, heç üzü gülməz,
Çiynində daşıyır dağ yalanları.

Yalan tikə-tikə udur yurdumu,
Dünyanın gözünü bağlıyanlar var.
Bu gün qara donlu düşmən qudurur,
Onu gecə-gündüz yallIyanlar var.

Şuşanın yolları duman, çən olub,
Xankəndim çökübdür dizləri üstə.
Qarabağ yurduma ağ kəfən olub,
Götürüb qoyuram gözlərim üstə.

İçimdə acı var, dərd var, ələm var,
Şuşamın işğalı düşür yadıma.
Xalqımı sındırmaz min-min yalanlar,
Göz yaşı yaraşır ancaq qadına.

Xalqım inadını bıçaq eləsə,
Yalanın ipləri kəsiləcəkdir
Bütövlük andını bayraq eləsə,
Yalan ilan başı, əziləcəkdir.

8.05.2008.

= = = =

HANSI HAQLI?

Könlüm deyən başqa şeydir, həyat deyən başqa şey,
Könlüm həyat ilə, vallah, uzlaşmır ki, uzlaşmır.
Könlüm deyən qayğı, istək, könlüm deyən sevgi hey
Həyat deyən bir cəngəllik, könlüm ilə yollaşmır.

Könlüm qucaq açır eşqə, ünsiyyətə, vəhdətə,
Həyat isə bir burulğan, min hiyləsi, toru var.
Könlüm yaddır qəzəb, kinə, könlüm yaddır nifrətə
Həyat isə yeniş- yoxuş, dolusu var, qarı var.

Könlüm haqlı, yoxsa həyat? Qoy ariflər söyləsin,
Könlüm batıb göz yaşına, inim-inim inləyir.
Həyat axır bildiyi tək, kim göynəyir, göynəsin.
Həyat baxır bu dünyaya, yalnız onu dinləyir.

3.08.2019.

Müəllif: TOFİQ QƏBUL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir