HƏMİD ARASLI

HƏMİD ARASLI HAQQINDA

Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayaraq,1922-ci ildə Gəncə Darülmüəllimi Seminariyasında təhsilini davam etdirir. 1926-cı ildə seminariyanı bitirib Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyir. O, bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, tələbələrini də bu işə cəlb edir. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu vaxtından əvvəl bitirib 1931-ci ildə Gəncəyə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın şərq şöbəsində müdir işləyir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı fondun direktoru olur. 1935-ci ildən elmi yaradıcılığa başlayır. Bir il sonra (1936) Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul edilir. 1938-ci ildə fondda saxlanılan əlyazmalar içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr aşkar edib onu işdən azad edirlər. 1938-1939-cu illərdə Azərnəşrin Bədii ədəbiyyat şöbəsində redaktor vəzifəsinə qəbul olunur. 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deməyə başlayır. 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə mətnşünaslıq şöbələrinə rəhbərlik edir. 1943-cü ildə “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunur. 1954-cü ildə “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bir il sonra ona professor adı verilir. H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın əməkdar elm xadimi adına layiq görülüb.

Azərbaycan qədim və orta əsrlər, Azərbaycan ədəbiyyatı Nəsimi, Kişvəri, Əmani, Saib Təbrizi, Qövsi Təbrizi, Məhcur Şirvani, Vaqif, Vidadi haqqında tədqiqat əsərlərinin müəllifidir. Nizami və Füzuli irsinin öyrənilməsində xüsusi ilə mühim işlər görmüşdür. Azərbaycan folklorunun, “Kitabi-Dədə Qorqud”, “Koroğlu” dastanları və aşıq yaradıcılığının tədqiqi ilə də məşqul olmuşdur. “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi” (1943-1944), “Azərbaycan ədəbiyyatı tarixi”nin (1957-1960) əsas müəlliflərindəndir. Azərbaycan ədəbiyyatının fars, türk, özbək, türkmən ədəbiyyatları ilə əlaqəsinə dair əsərləri var. Xətai, Nəsimi, Qövsi, Vaqif, Vidadi, Füzuli əsərlərinin tərtibçisi və redaktorudur. Orta və ali məktəblər üçün dərsliklər yazmışdır. Elmi kadrların hazırlanmasında mühüm xidməti olmuşdur. “Şərəf nişanı” orden və medallarla təltif olunmuşdur.

ƏLAVƏ: Araslı Həmid Məmmədtağı oğlu 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir