SALMAN MÜMTAZ

SALMAN MÜMTAZ 
(1884-1937)

Əsgərov Salman Məmmədəmin oğlu –  şair, ədəbiyyatşünas, mətnşünas, kitabşünas, bibliofil, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü
 
1884-cü il mayın 20-də Azərbaycanın Nuxa (indiki Şəki) şəhərində tacir ailəsində doğulub. Kiçik yaşlarında ailəliklə Orta Asiyanın Aşqabad  şəhərinə köçdüklərindən uşaqlıq dövrü burada keçmiş, ibtidai təhsilini də xalxallı Mirzə Əsədullanın məktəbində alıb. Ərəb, fars və urdu dillərini mükəmməl öyrənib. Onda klassik Şərq ədəbiyyatını toplayıb nəşr etməyə güclü həvəs oyanıb. O, ticarətlə məşğul olsa da, Zaqafqaziyanın ictimai mədəni həyatı, dövri mətbuatı ilə ciddi maraqlanıb. Burada çıxan qəzet və jurnalların, xüsusən “Molla Nəsrəddin”in Türkistan, Ural və Sibir üzrə müvəkkili olub, gülgü-satirik məcmuənin geniş yayılmasına çalışıb (1905). “Molla Nəsrəddin”, “Zənbur”, “Kəlniyyət”, “Tuti”, “Qardaş köməyi” jurnallarında, “Günəş”, “Səda”, “Tərəqqi”, “İqbal”, “Yeni iqbal”, “Açıq söz” və s. qəzetlərdə onun külli miqdarda satirik şeiri, məqaləsi, məktubu və mənzum felyetonu dərc olunub (1908-1909).  Aşqabaddan Bakıya köçüb (1910).  Bundan sonra klassik ədəbi irsi toplamağa, nəşr və tədqiq etməyə geniş imkan yaranıb.
Bakı dövri mətbuatı ilə – “Füqəra füyuzatı”,  “Kommunist”, “Maarif və mədəniyyət”, “Azərbaycanı öyrənmə yolu” jurnal və qəzetləri ilə əməkdaşlıq edib (1920-1930). Eyni zamanda Azərbaycan ədəbiyyatı, şifahi xalq ədəbiyyatının nümunələrini toplamaq və tədqiq etməklə ardıcıl məşğul olub. “Kommunist” qəzeti redaksiyasında əməkdaşlıq  etdiyi illər “Azərbaycan ədəbiyyatı” seriyasından  “Ağa Məsih Şirvani”, “Molla Pənah Vaqif”, “Nişat Şirvani”, “Qövsi”, “Qasımbəy Zakir”, “Mirzə Şəfi Vazeh” və s. kitablarını nəşr etdirib. Azərbaycan dövlət nəşriyyatında klassik irs şöbəsinin müdiri işlədiyi  zaman “Baba bəy Şakir”, “El şairləri” (iki cilddə), “Aşıq Abdulla”, “Mehdi bəy Şəqaqi”, “Ağa Bağır Şirvani”, “Mirzə Nəsrulla bəy Didə” kitablarını müqəddimə və şərhlərlə nəfis şəkildə çap etdirib (1927-1928).
Azərbaycan Dövlət Muzeyində, SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Tarix, Dil, Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi, klassik irs şöbəsinin müdiri, elmi işçi vəzifələrində işləyib (1926-1936). Bu dövrdə onun Azərbaycan ədəbiyyatının toplanıb nəşr edilməsi və tədqiqi işində dönüş yaranıb.
“Kommunist” qəzetində “Unudulmuş yarpaqlar” sərlövhəsi altında verilən silsilə məqalələri, tapıntı və araşdırmaları klassik Azərbaycan ədəbiyyatının öyrənilməsinə kömək edib. “Kommunist” nəşriyyatı onun 24 kitabını çapdan buraxıb (1925-1926). O, “Molla Pənah Vaqif”, “Şeirlər” (Sarı aşıq), “El şairləri”, “Sarı aşıq və bayatıları” kitablarını tərtib edib müqəddimə ilə nəşr etdirib (1927-1935). Sovet Yazıçılarının Birinci Ümumittifaq qurultayına nümayəndə seçilib (1934).
    1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib, sürgündə vəfat edib. Respublika Əlyazmaları İnstitutuna onun adı verilib.

Salman Mümtaz haqqında (Milli Kitabxana) PDF: http://anl.az/el/t/te_sm.pdf

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir