Təvəkkül Goruslu

Təvəkkül Goruslu – yeni şeirlər

SEVGI QOXUYUR

Həyat eşqi ilə vurur, döyünür,
Ürəyim deyir ki, nə yaxşı varsan.
Bir görsən sevinir, necə öyünür,
Qəlbimə, könlümə nə yaxşı, yarsan!

Duysa gələcəksən şıltaqlıq edir,
Elə bil uşaqdı, yolun gözləyir.
Bilsə ki, görüşün zamanı nədir,
Saatı izləyir, vaxtı izləyir!

Həsrətin gecəsi uzundan- uzun,
Quş olur sinəmdə sübhdən oxuyur.
Əbədi məskəni olubdu yazın,
Sən varsan ürəyim sevgi qoxuyur!

09.08.2019.

= = = =

KƏNDƏ GEDƏCƏM

Gör neçə illərdi görmürəm kəndi,
Allahın bir günü kəndə gedəcəm.
Könlümün sızlayan telləri dindi,
Hamı öz kəndində, mən də gedəcəm!

Kalafa yerində oturub məhzun,
Səmaya , üfüqə, göyə baxacam!
Əlimlə daşların torpağın, tozun,
Bir başqa kəsəyə, daşa yaxacam!

Dərddən oynayacam uşaqlar kimi,
Sevincdən, şadlıqdan dəli olacam!
Saz edib odunu aşıqlar kimi,
Ruhani çalacam…ağı çalacam!

Arada yellənib, dərəyə qaçib,
Şırranın altında heykəl duracam!
Babamın, nənəmin qəbrini açıb,
Kəlləmə bir patron…güllə vuracam!

Alsın ağuşuna qoy nənəm məni,
Babam sığal çəksin bəyaz saçıma.
Desinlər “gözlədik sənin gəlməni,
bəlkə bir şey olmuş qolu-qıçına!?…

Alıb əllərimə yolun ucunu,
Allahın bir günü kəndə gedəcəm.
Atıb üzərimdən “qaçqın” suçunu,
Kənddə ölmək üçün öndə gedəcəm!

08.08.2019.

= = = =

RƏSMİ VÜSALIN

Sevgidən, sevdadan bəhs etmə mənə,
Gözümün önündə sevgi rəsmi var.
Elə vurulmuşam, aşiqəm sənə,
Məcnunun, Kərəmin yalnız ismi var!

Olmuşam şairin, rəssamın sənin,
Xəyalım molbertdi, düşüncəm fırça.
İlhamla çəkdiyim Leyli rəsminin,
Üzünü gizlədir sirr adlı parça!

Sahilsiz rəngi var arxa fonunun,
Nə mavi, nə sarı, nə narıncıdı.
Eşq adlı ümmanın bitməz sonunun,
İlkidi, sonudu…axırıncıdı!

İlhamım dinirsə səni vəsf edir,
Misralar, sətirlər sevgi cığırı.
Ruhum ki, köç edir, cismimdən gedir,
Hər yanda, hər yerdə səni çağırır!

Könlümə həkk olub rəsmi vüsalın,
Asılıb qəlbimin baş guşəsinə.
Bu cəbr, bu məsəl sənin misalın,
Gəl dalaq, əzizim, eşq nəşəsinə!

06.08.2019.

Müəllif:TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir