Məzahir İsgəndər – Yeni şeir

Məzahir İsgəndərin öz dünyası – söz dünyası

B a ğ ı ş l a, ə z i z i m

Salamsız-kəlamsız, səssiz-səmirsiz
Ötüb keçdin, yanıqlı bir baxışla.
Günah məndə,ya ki səndə, nə fərqi,
Bağışla,əzizim!.. Məni bağışla!

Ötüb keçdin,yanıqıı bir baxışla,
Deyəsən,gizlicə çəkdin bir ah da.
Kim bilir,bəlkə də təzdən yaşadın
Sənli-mənli o günləri o ahda?

Deyəsən,gizlicə çəkdin bir ah da,
Deyəsən,bir az da əllərin əsdi.
Deyəsən,ruhun da çıxıb bədəndən,
Sənli-mənli o günlərə tələsdi.

Deyəsən, bir az da əllərin əsdi,
Görüb üzümdəki qəmi,qüssəni.
Bəlkə xatırladın, yadına saldın
Yağışlı bir gündə o ilk busəni…

Bəlkə xatırladın,yadına saldın
O sirli-sehirli daş altın da sən.
Dönüb də quş olub, sanki uçurdun
Sonsuz səmaların üst qatında sən…

Bəlkə də yadına düşdü o geçə,
Bəlkə,buna görə yaşardı gözün?
Bəlkə duydun,sən yenidən eşitdin
Dilinə dediyim “sevirəm” sözün?..

Salamsız-kəlamsız, səssiz-səmirsiz
Ötüb keçdin yanıqlı bir baxışla.
Günah məndə, ya ki səndə,nə fərqi,
Bağışla,əzizim!.. Məni bağışla!
10.08.2019.

= = = =

M ə n b i r d ə l i – d i v a n ə y ə m

Ey yol gəzən mənə sarı,
Düşüb də dağda-daşdayam.
Olub dəli-divanəcə,
Öz-özümlə savaşdayam.

Olub dəli-divanəcə,
Od yeyib, od içərəm mən.
Öz-özümü edib körpü,
Öz-özümdən keçərəm mən.

Olub dəli-divanəcə,
Öz-özümü daşlaram mən.
Öz əlimlə öz-özümü
Pendir kimi qaşlaram mən.

Olub dəli-divanəcə,
Köpükləyib, coşaram mən.
Öz-özümü gah bir cütə,
Gah da vələ qoşaram mən.

Olub dəli-divanəcə,
Çəkilib,gah daşaram mən.
Bir an yerdə, bir an göydə,
Orda-burda yaşaram mən.

Olub dəli-divanəcə,
An gülüb, an ağlaram mən.
An özümü əzizləyib,
An özümü dağlaram mən.

Olub dəli-divanəcə,
An donub,an yanaram mən.
An özümü quş, kəpənək,
An da böcək sanaram mən.

Olub dəli-divanəcə,
An düşüb, an qalxaram mən.
Özümə an aşağıdan,
An da üstdən baxaram mən.

Ələ qələm alan gündən
Həm şəm, həmi pərvanə mən.
Yaşaram da beləcənə,
Olub dəli-divanə mən!

O9.08.2019

= = = =

Əlvida, qəm-kədər, sənə

Əlvida!… Əlvida, qəm-kədər, sənə!
Əlvida!.. Əlvida, ölüm qorxusu!
Eşitdi səsimi Allahım, deyən,
Yenə gəldi bu qurumuş arxa su.

Əlvida!.. Əlvida,ölüm qorxusu!
Könlümə yaşamaq həvəsi qondu.
Yenə döndü yerlərinə fəsillər,
Yaz qış donun, qış yaz donun soyundu.

Könlümə yaşamaq həvəsi qondu,
Quş olub, indicə süzəcəyəm mən.
Bac alıb tufandan, fırtınalardan,
Sonsuz dənizlərdə üzəcəyəm mən.

Deyən, döndü yerlərinə fəsillər,
Deyən, nə inləyib, küsəcəyəm mən.
Misranı misraya, bəndi də bəndə
Qoşüb da üst-üstə düzəcəyəm mən.

Misranı misraya, bəndi də bəndə
Bağlayıb, dastanlar qoşacağam mən.
Çay kimi çağlayıb, yel kimi əsib,
Yıxıb, bənd-bərəni aşacağam mən!

Çay kimi çağlayıb, yel kimi əsib,
Gah da ki bir meh olacağam mən.
Həzin nəğmə təki, körpə səsitək
Axıb,ürəklərə dolacağam mən…

Salam, yazı masam, dəftər-qələmim,
Salam, yeni qismət, ey qədər, sənə!
Deyən,güldü dünya mənim üzümə,
Əlvida!.. Əlvida, qəm-kədər, sənə!

09.08.2019.

Müəllif: MƏZAHİR İSGƏNDƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adilə Nəzər – Söz

Adilə nəzərdən bir şeir

SƏNİ TANIMADAN…

Getdin, vaxt da keçmir baxmaqla şəklə,
Çoxumu apardın, qalıbdı azım.
İndi mən bu qırıq, yarım ürəklə,
Sənə xoş sözləri de necə yazım.

Gözümü silməyə əlim yetişmir,
Sanki, əllərimdə şüşə qırığı..
Bu qədər tezlikdə niyə tanıdım,
Səni tanımadan kor ayrılığı…

Göz yaşım bahadı, qızıldan baha,
Gizlədib gülürəm, – sanım, adım var. 
(Bir gizli qorxuda bürünüb aha, 
Aşkarda fədakar olur qadınlar..)

Gəlib məni tapdı dərd yapışmağa,
Başqa yaxa yoxdu dünyada sanki.
Yazıram… ayrı yer yox tapışmağa,
Boş ver, mən yaxşıyam, yenə həminki…

Həyatda hər kəsin bir taleyi var,
Mənim də həsrətə düşdü hər yanım..
Düzdür, olmasa da sevilmək qədər,
Səni anlamaq da gözəldi, canım.

Bilmirəm, nə idi yaşadıqlarım,
Duyğular yarandı belə dərindən.
Susuram, yenə də sən orda dinlə,
Burada səsimin batan yerindən.

09.08.2019

Müəllif: ADİLE NEZER

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Mayıl Dostu “Üç yarpaq”-da

Mayıl dostu “üç yarpaq” – da

G E D Ə K

Sevincimiz gilə – gilə,
Niyə düşdük yaman dilə?
Gəl yapışaq biz əl – ələ,
Bu dünyadan çıxıb gedək.

Sevgimiz qəmə bələndi,
Göz yaşımız çox ələndi,
Gül – çiçəyə səpələndi,
Göz yaşını yığıb gedək.

Sevgidən aldıq ilhamı,
Gözdən qandıq hər eyhamı,
Bizə düşmən deyil hamı,
Dost əlini sıxıb gedək.

Bağ – bağata mehir saldıq,
Eşqin ətrin güldən aldıq,
Çəmənliyə layla çaldıq,
O yerlərə baxıb gedək.

Pis gözləri ovaq, deşək,
Eşq odunda yanaq, bişək
Sən bulud ol,mən də şimşək,
Guruldayaq, çaxıb gedək.

= = = =

G Ö R Ə S Ə N

Qalxasan yaylağa, minib köhlənə,
Duyğuların şehə bata, şehlənə,
Əhvalın çiçəklə, güllə mehlənə,
Çiçəyi, daşları yaran görəsən

Qara bulud ağ yağışla yüklənə,
Şimşək çaxa, duman göyə diklənə,
Sürü çaşa, erkəc təzə, təklənə,
Yayın ortasında boran görəsən

Aləmi bürüyə qəribə qoxu,
Dumana bürünə zirvələr çoxu,
Tuta təbiəti şirin bir yuxu,
Dərədə sürünən toran görəsən.

İlahi duyğudur burda hökm verən,
Vəfalı dağlardı qəlbimə girən,
Olubmu,sübh çağı yaylağı görən?
Dağları yuxudan duran görəsən.

= = = =

G Ə Z İ R Ə M

Tablaşa bilmirəm bu ağır yükə,
Bir uşaq gərəkdi, dizimi bükə,
Toxunma ürəyim asılan tükə,
Dərdimi çəkməyə ürək gəzirəm.
***
Ananın, atanın göz yaşı bitmir,
Şivənim qurtarmır,dərdim də getmir,
Artıq, götürməyə gücüm də yetmir,
Bu yükün altına dirək gəzirəm.
***
Öyrəndik Vətəni para görməyə,
Vərdiş etdik, ağı qara görməyə,
Kimi tapım dərdə çara görməyə,
“Lazım olsa” deyil, gərək gəzirəm.
***
Artıq, ayaq tutub yalan yeriyir,
Yaxşı nəyim varsa itir, əriyir,
Dözüm bizi dağa, dikə dirəyir,
Səbrimi yığmağa mərək* gəzirəm.

*mərək — ot-ələf, saman yığılan qapalı yer

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rahim Üçoğlanlı

Rahim üçoğlanlının söz dünyası

TAPILMADI

Bu gün sözlər ilə şəklini çəkdim,
Nurunu çəkməyə söz, tapılmadı.
Sözləri xəmir tək qatıb yoğurdum,
Gözünün rəngləri düz, tapılmadı.

Çəkdim kipriyini, kaman qaşını,
Şeirlə daradım gülüm, başını.
Düzdüm yanağına Kəbə daşını,
İşvəni yaratdım, naz tapılmadı.

Həvəslə şəninə gül çiçək əkdim,
Bülbül tək eşq ilə dövrəndə səkdim.
Əksinə can verib, min ədva tökdüm,
Şəkərin bol etdim, duz, tapılmadı.

Sussuz səhra kimi lap quraqladım,
Məhəbbət kitabın hey varaqladım..
Çox nəzər yetirdim,çox soraqladım,
Dünyada sənin tək Qız, tapılmadı.. 
Ağdam-10.08.2019

= = = =

SANMA BİTİB TÜKƏNMİŞƏM KÖZÜM YOX

Qoca dünya, az sınağa çək məni,
Boşla gedim, bu ruhumdu özüm,yox..
Gəl çalışma tez dilimi kəsməyə,
Heç düşünmə deyiləsi sözüm, yox..

Çox istədin sındırasan,sınmadım,
Sərçə kimi hər budağa qonmadım..
Elə bilmə dərk eləyib qanmadım,
Zənn eləmə haqqı görən gözüm, yox..

İndi məni hey qıdıqla gülmərəm,
Çıxarsan da qabırğamı bilmərəm..
Gedər olsam, bir də sənə gəlmərəm,
Daha canda əvvəlki tək dözüm, yox..

Od ələyib alov tökmə üstümə,
Göy tutular, yer qaralar, tüstümə..
Bil ki hələ bir el qızar istimə,
Sanma bitib tükənmişəm, közüm, yox..
Ağdam – 09.08.2019

= = = =

HARDA QALDIN AY SEVİNCİM

Harda qaldın ay sevincim,
Bir dəfə görmədim səni.
Naxış vurub ilmə-ilmə,
Qəlbimə hörmədim, səni.

Unutdun səmti yönü də,
Qəm yedi ömrü,günü də..
Pay tutub bir ağ sinidə,
Ruhuma vermədim, səni.

Rahimi, yada salmadın,
Dərdin əlindən almadın.
Gəlib köksümə dolmadın,
Heç yığıb sərmədim, səni..

Ağdam-02.08.2019

= = = = =

HEÇ

Bilmirəm nədəndir,neyləmişəm mən,
Bəxtimin düyünün fələk açmır, heç..
Dünyanı işığa qərq edən günəş,
Üstümə bir zərrə şəfəq saçmır, heç.

Şehli gül çiçəyin çoxdan dərmirəm,
Dünyaya gələndən bir gün görmürəm,.
Kədəri ac qoyub su da vermirəm,
Durub ürəyimdən çıxıb qaçmır, heç..

Rahiməm,köksümdə sevgi əkirəm,
Sınıq könülləri eşqlə tikirəm..
Ha sözlə vəsv edib nəzmə çəkirəm,
Sevimli tərlanım göylə uçmur, heç.!

Ağdam – 31.07.2019

Müəllif: RAHİM UCOGLANLİ ( Rahim Üçoğlanlı Rzayev  )

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru