Mayıl Dostu “Üç yarpaq”-da

Mayıl dostu “üç yarpaq” – da

G E D Ə K

Sevincimiz gilə – gilə,
Niyə düşdük yaman dilə?
Gəl yapışaq biz əl – ələ,
Bu dünyadan çıxıb gedək.

Sevgimiz qəmə bələndi,
Göz yaşımız çox ələndi,
Gül – çiçəyə səpələndi,
Göz yaşını yığıb gedək.

Sevgidən aldıq ilhamı,
Gözdən qandıq hər eyhamı,
Bizə düşmən deyil hamı,
Dost əlini sıxıb gedək.

Bağ – bağata mehir saldıq,
Eşqin ətrin güldən aldıq,
Çəmənliyə layla çaldıq,
O yerlərə baxıb gedək.

Pis gözləri ovaq, deşək,
Eşq odunda yanaq, bişək
Sən bulud ol,mən də şimşək,
Guruldayaq, çaxıb gedək.

= = = =

G Ö R Ə S Ə N

Qalxasan yaylağa, minib köhlənə,
Duyğuların şehə bata, şehlənə,
Əhvalın çiçəklə, güllə mehlənə,
Çiçəyi, daşları yaran görəsən

Qara bulud ağ yağışla yüklənə,
Şimşək çaxa, duman göyə diklənə,
Sürü çaşa, erkəc təzə, təklənə,
Yayın ortasında boran görəsən

Aləmi bürüyə qəribə qoxu,
Dumana bürünə zirvələr çoxu,
Tuta təbiəti şirin bir yuxu,
Dərədə sürünən toran görəsən.

İlahi duyğudur burda hökm verən,
Vəfalı dağlardı qəlbimə girən,
Olubmu,sübh çağı yaylağı görən?
Dağları yuxudan duran görəsən.

= = = =

G Ə Z İ R Ə M

Tablaşa bilmirəm bu ağır yükə,
Bir uşaq gərəkdi, dizimi bükə,
Toxunma ürəyim asılan tükə,
Dərdimi çəkməyə ürək gəzirəm.
***
Ananın, atanın göz yaşı bitmir,
Şivənim qurtarmır,dərdim də getmir,
Artıq, götürməyə gücüm də yetmir,
Bu yükün altına dirək gəzirəm.
***
Öyrəndik Vətəni para görməyə,
Vərdiş etdik, ağı qara görməyə,
Kimi tapım dərdə çara görməyə,
“Lazım olsa” deyil, gərək gəzirəm.
***
Artıq, ayaq tutub yalan yeriyir,
Yaxşı nəyim varsa itir, əriyir,
Dözüm bizi dağa, dikə dirəyir,
Səbrimi yığmağa mərək* gəzirəm.

*mərək — ot-ələf, saman yığılan qapalı yer

Müəllif: MAYİL DOSTU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir