Məzahir İsgəndər – Yeni şeir

Məzahir İsgəndərin öz dünyası – söz dünyası

B a ğ ı ş l a, ə z i z i m

Salamsız-kəlamsız, səssiz-səmirsiz
Ötüb keçdin, yanıqlı bir baxışla.
Günah məndə,ya ki səndə, nə fərqi,
Bağışla,əzizim!.. Məni bağışla!

Ötüb keçdin,yanıqıı bir baxışla,
Deyəsən,gizlicə çəkdin bir ah da.
Kim bilir,bəlkə də təzdən yaşadın
Sənli-mənli o günləri o ahda?

Deyəsən,gizlicə çəkdin bir ah da,
Deyəsən,bir az da əllərin əsdi.
Deyəsən,ruhun da çıxıb bədəndən,
Sənli-mənli o günlərə tələsdi.

Deyəsən, bir az da əllərin əsdi,
Görüb üzümdəki qəmi,qüssəni.
Bəlkə xatırladın, yadına saldın
Yağışlı bir gündə o ilk busəni…

Bəlkə xatırladın,yadına saldın
O sirli-sehirli daş altın da sən.
Dönüb də quş olub, sanki uçurdun
Sonsuz səmaların üst qatında sən…

Bəlkə də yadına düşdü o geçə,
Bəlkə,buna görə yaşardı gözün?
Bəlkə duydun,sən yenidən eşitdin
Dilinə dediyim “sevirəm” sözün?..

Salamsız-kəlamsız, səssiz-səmirsiz
Ötüb keçdin yanıqlı bir baxışla.
Günah məndə, ya ki səndə,nə fərqi,
Bağışla,əzizim!.. Məni bağışla!
10.08.2019.

= = = =

M ə n b i r d ə l i – d i v a n ə y ə m

Ey yol gəzən mənə sarı,
Düşüb də dağda-daşdayam.
Olub dəli-divanəcə,
Öz-özümlə savaşdayam.

Olub dəli-divanəcə,
Od yeyib, od içərəm mən.
Öz-özümü edib körpü,
Öz-özümdən keçərəm mən.

Olub dəli-divanəcə,
Öz-özümü daşlaram mən.
Öz əlimlə öz-özümü
Pendir kimi qaşlaram mən.

Olub dəli-divanəcə,
Köpükləyib, coşaram mən.
Öz-özümü gah bir cütə,
Gah da vələ qoşaram mən.

Olub dəli-divanəcə,
Çəkilib,gah daşaram mən.
Bir an yerdə, bir an göydə,
Orda-burda yaşaram mən.

Olub dəli-divanəcə,
An gülüb, an ağlaram mən.
An özümü əzizləyib,
An özümü dağlaram mən.

Olub dəli-divanəcə,
An donub,an yanaram mən.
An özümü quş, kəpənək,
An da böcək sanaram mən.

Olub dəli-divanəcə,
An düşüb, an qalxaram mən.
Özümə an aşağıdan,
An da üstdən baxaram mən.

Ələ qələm alan gündən
Həm şəm, həmi pərvanə mən.
Yaşaram da beləcənə,
Olub dəli-divanə mən!

O9.08.2019

= = = =

Əlvida, qəm-kədər, sənə

Əlvida!… Əlvida, qəm-kədər, sənə!
Əlvida!.. Əlvida, ölüm qorxusu!
Eşitdi səsimi Allahım, deyən,
Yenə gəldi bu qurumuş arxa su.

Əlvida!.. Əlvida,ölüm qorxusu!
Könlümə yaşamaq həvəsi qondu.
Yenə döndü yerlərinə fəsillər,
Yaz qış donun, qış yaz donun soyundu.

Könlümə yaşamaq həvəsi qondu,
Quş olub, indicə süzəcəyəm mən.
Bac alıb tufandan, fırtınalardan,
Sonsuz dənizlərdə üzəcəyəm mən.

Deyən, döndü yerlərinə fəsillər,
Deyən, nə inləyib, küsəcəyəm mən.
Misranı misraya, bəndi də bəndə
Qoşüb da üst-üstə düzəcəyəm mən.

Misranı misraya, bəndi də bəndə
Bağlayıb, dastanlar qoşacağam mən.
Çay kimi çağlayıb, yel kimi əsib,
Yıxıb, bənd-bərəni aşacağam mən!

Çay kimi çağlayıb, yel kimi əsib,
Gah da ki bir meh olacağam mən.
Həzin nəğmə təki, körpə səsitək
Axıb,ürəklərə dolacağam mən…

Salam, yazı masam, dəftər-qələmim,
Salam, yeni qismət, ey qədər, sənə!
Deyən,güldü dünya mənim üzümə,
Əlvida!.. Əlvida, qəm-kədər, sənə!

09.08.2019.

Müəllif: MƏZAHİR İSGƏNDƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir