Rahim Üçoğlanlı

Rahim üçoğlanlının söz dünyası

TAPILMADI

Bu gün sözlər ilə şəklini çəkdim,
Nurunu çəkməyə söz, tapılmadı.
Sözləri xəmir tək qatıb yoğurdum,
Gözünün rəngləri düz, tapılmadı.

Çəkdim kipriyini, kaman qaşını,
Şeirlə daradım gülüm, başını.
Düzdüm yanağına Kəbə daşını,
İşvəni yaratdım, naz tapılmadı.

Həvəslə şəninə gül çiçək əkdim,
Bülbül tək eşq ilə dövrəndə səkdim.
Əksinə can verib, min ədva tökdüm,
Şəkərin bol etdim, duz, tapılmadı.

Sussuz səhra kimi lap quraqladım,
Məhəbbət kitabın hey varaqladım..
Çox nəzər yetirdim,çox soraqladım,
Dünyada sənin tək Qız, tapılmadı.. 
Ağdam-10.08.2019

= = = =

SANMA BİTİB TÜKƏNMİŞƏM KÖZÜM YOX

Qoca dünya, az sınağa çək məni,
Boşla gedim, bu ruhumdu özüm,yox..
Gəl çalışma tez dilimi kəsməyə,
Heç düşünmə deyiləsi sözüm, yox..

Çox istədin sındırasan,sınmadım,
Sərçə kimi hər budağa qonmadım..
Elə bilmə dərk eləyib qanmadım,
Zənn eləmə haqqı görən gözüm, yox..

İndi məni hey qıdıqla gülmərəm,
Çıxarsan da qabırğamı bilmərəm..
Gedər olsam, bir də sənə gəlmərəm,
Daha canda əvvəlki tək dözüm, yox..

Od ələyib alov tökmə üstümə,
Göy tutular, yer qaralar, tüstümə..
Bil ki hələ bir el qızar istimə,
Sanma bitib tükənmişəm, közüm, yox..
Ağdam – 09.08.2019

= = = =

HARDA QALDIN AY SEVİNCİM

Harda qaldın ay sevincim,
Bir dəfə görmədim səni.
Naxış vurub ilmə-ilmə,
Qəlbimə hörmədim, səni.

Unutdun səmti yönü də,
Qəm yedi ömrü,günü də..
Pay tutub bir ağ sinidə,
Ruhuma vermədim, səni.

Rahimi, yada salmadın,
Dərdin əlindən almadın.
Gəlib köksümə dolmadın,
Heç yığıb sərmədim, səni..

Ağdam-02.08.2019

= = = = =

HEÇ

Bilmirəm nədəndir,neyləmişəm mən,
Bəxtimin düyünün fələk açmır, heç..
Dünyanı işığa qərq edən günəş,
Üstümə bir zərrə şəfəq saçmır, heç.

Şehli gül çiçəyin çoxdan dərmirəm,
Dünyaya gələndən bir gün görmürəm,.
Kədəri ac qoyub su da vermirəm,
Durub ürəyimdən çıxıb qaçmır, heç..

Rahiməm,köksümdə sevgi əkirəm,
Sınıq könülləri eşqlə tikirəm..
Ha sözlə vəsv edib nəzmə çəkirəm,
Sevimli tərlanım göylə uçmur, heç.!

Ağdam – 31.07.2019

Müəllif: RAHİM UCOGLANLİ ( Rahim Üçoğlanlı Rzayev  )

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir