ABDULLA CƏFƏR

Abdulla Cəfər – bir şeir

Dəli yoxdu

(…biz qəribə insanlarıq…)

Harama əl uzatmır,
Deyirik əli yoxdu.
Dərdi çoxdu danışmır,
Deyirik dili yoxdu.

Yolu dilik-dilikdir,
Ömrü çilik-çilikdir,
Var-dövləti bilikdir,
Deyirik ləli yoxdu.

Görmədim belə alver, 
Alır , deyir yenə ver.
Qan sorur dolanır Yer,
Deyirik zəli yoxdu.

Zəif olan büzüşür,
Güclü olan döyüşür,
Hamı tullanıb düşür,
Deyirik dəli yoxdu.

Gözlərini bağlayır,
Bəm oxuyub ağlayır.
Səsi ürək dağlayır,
Deyirik zili yoxdu.

Ətir saçır hər yana,
Qalıbdır yana-yana,
Biz baxırıq tikana,
Deyirik gülü yoxdu.

Yeyirik ətin, yağın,
Çıxardırıq lap ağın,
Bol məhsullu torpağın,
Deyirik gili yoxdu.

Bizə lazımdı rəndə…
Saf, təmiz su görəndə,
Tərslikdən sən də, mən də,
Deyirik lili yoxdu.

Kim nəyi, necə qanır?..
Şam işıq saçıb yanır,
Özünü xöşbəxt sanır,
Deyirik külü yoxdu.

Bu çayın gölü yoxdu,
Bu dağın çölü yoxdu,
Günü, aya calayıb,
Deyirik ili yoxdu.

Dərd çıxır yüzə, minə,
Yaralar alır sinə,
Boğur için-içinə,
Deyirik qəmi yoxdu…

Müəllif: ABDULLA CƏFƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir