MƏZAHİR İSGƏNDƏR

Məzahir İsgəndərin öz dünyası söz dünyası

Bizi bizdən qoru, Allah!


İ b l i s i n g ü l ü ş ü

Qəşş edər, çəkər də İblis qəhqəhə,
Yerlər də, göylər də inlər, hey inlər.
Heyrət!.. İnsanlığa, insana heyrət!
Dil dağlanar, zəncirlənər beyinlər.

İnsanın məkrinə, zülmünə heyrət!
Bilinməz kim dinsiz, kimdi nə dinli?
Haqqı axtalayıb, olubdu insan
İlandan məkrli, dəvədən kinli.

Heyrət!..Ədalətə, insafa heyrət!
Min toxun bir acdan xəbəri olmaz.
Ürəklərdə şeytan, gözlərdə şər cin
Hakim… öndə düz tərəzi qurulmaz.

Yalan ayaq tutub, şütüyüb də gör,
Dırnaqlar ətindən aralanıbdı.
İnsana “insan ol” deyənə yazıq,
Bir deyib,min yerdən yaralanıbdı.

Xəyanət,xəbislik olub da əlbir,
Kükrəyib, dəniztək qalxıbdı şahə.
İnsanı insana saldırıb, ey vah,
Qəşş edər, çəkər də İblis qəhqəhə…

**********************

Dağlar, döndüm sənə

Heç durmadan bir an,bir dəm,
Haqq soruşub, düşdüm heydən,
Əlim üzüb yerdən, göydən,
Dağlar,döndüm!.. Döndüm sənə!

O əl-ayaq, baş qalmadı,
Can alan göz-qaş qalmadı,
Nə dost, nə sirdaş qalmadı,
Dağlar, döndüm!.. Döndüm sənə!

Nəyim var ki, nə də böləm?
Başdan-başa bomboş çöləm,
Əllərimdə dəftər-qələm
Dağlar, döndüm!.. Döndüm sənə!

O əzəlki xoş nəfəslə
Məni hayla, məni səslə,
Axı,yenə o həvəslə,
Dağlar, döndüm!.. Döndüm sənə!

Saz dindirib, söz qoşmağa,
Haqq gəzib, haqq soruşmağa,
Öz-özümə qovuşmağa,
Dağlar, döndüm!.. Döndüm sənə!

**********************

M ə n s ə n i s e v m ı ş d i m

Mən səni sevmişdim dəlilər kimi,
Mən səni sevmişdim özümdən də çox.
Buraxıb getsən də məni yoldaca,
Hələ də sən təki bir sevdiyim yox.

Mən səni sevmişdim özümdən də çox,
Mən səni sevmişdim yer-göy qədəri.
Mən səni sevmişdim silib, yox edim
Üzündəki, gözündəki kədəri.

Mən səni sevmişdim yer-göy qədəri,
Mən səni sevmişdim!.. Sevmişdim,gülüm!
Sevmişdim ki, güldürəsən gözümü,
Sevməmişdim, belə yanıb-tökülüm.

Sevmişdim ki, güldürəsən gözümü,
Sevmişdim ki, mənə əl-qol olasan.
Sevmişdim ki, sabahlara mən sənə,
Sən də mənə dönüb, bir yol olasan.

Sevmişdim ki, mənə əl-qol olasan,
Sevmişdim ki, sənə ürək, göz olum.
Sevmişdim ki, bir yay günü sənə meh,
Bir qış günü ocağına köz olum.

Sevmişdim ki, sənə ürək, göz olum.,
Sevmişdim ki, mənə nəfəs olasan.
Sevmişdim ki, mənə məni sevdirən
Sonsuz həvəs, əvəzsiz kəs olasan.

Sevmişdim ki, mənə nəfəs olasan,
Sevməmişdim, belə yanıb-tökülüm
Mən səni sevmişdim yer-göy qədəri,
Mən səni sevmişdim!.. Sevmişdim,gülüm!

**********************

E ş q i m i z ə ə l v i d a

Gülüm, nə sən, nə mən küsüm taledən,
Gülü solan eşqimizə əlvida!
Çəkib həsrət, edib qəhər, yeyib dərd,
Gözü dolan eşqimizə əlvida!

Gör nə dağlar sinəmizə basılı?
Sən də, mən də lal göylərdən asılı,
Bənövşətək boynubükük,qısılı,
Yetim olan eşqimizə əlvida!

Bu alovun, bu atəşin, bu közün
Day da qalmaz yanğısına bir dözüm,
Cırmaqlayıb, didib-töküb üz-gözün,
Saçın yolan eşqimizə əlvida!

Bu yol qərib, ayaq qərib, göz qərib,
Leyli-Məcnun bizə baxıb, közərib,
Qarlı qışda çırımçılpaq meh gəzib,
Yayda donan eşqimizə əlvida!

Bir çırpınıb, pərvazlanıb, quş olub,
Bir ovçunun hədəfinə tuş olub,
Min ah çəkib, çəkə-çəkə huş olub,
Dağa qonan eşqimizə əlvida!

**********************

Müəllif: MƏZAHİR İSGƏNDƏR

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir