Eldar İsmayıl BÖYÜKTÜRK

ELDAR iSMAYıL BÖYÜKTÜRkdən bir şeir

SEVDİYİMİZ BU DÜNYA SEVILMƏLI DEYILMİŞ…

Mamırlı daşlarına baş qoyub yatmaq olmur,
Köhlənini dəhləyib mənzilə çatmaq olmur.
Əldən uçan günləri əl atıb tutmaq olmur,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Qönçələnən gülləri vədəsiz solub gedir,
Dünənki barlı bağlar bu gün məhv olub gedir.
Dünyaya göz vuranın gözləri dolub gedir,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Vəzifələr başında milləti ac qoyanlar,
Yatdı, sökdü doymadı başına tac qoyanlar.
Papağını itirdi papağı kəc qoyanlar,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Kef üstən kef gəzənin qazanı zəhər imiş,
Sən demə şadlanmağın son ucu kədər imiş.
Nəşəli xoş günlərin hamısı hədər imiş,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Yüyənimi tutmamış atı yürüyüb keçir,
Qurdu sürünü qırır, iti hürüyüb keçir.
El yaylağa çıxınca otu quruyub keçir,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Son baharı yarımçıq, bir ömrə qış gətirir,
Alxışı daşa çırpıb, qəfil qarğış gətirir.
Bir göz sevinc içində, bir gözə yaş gətirir,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Hayqıran çox aslanı salmışam tora deyər,
Bir günə ağ deyəndə bir günə qara deyər.
Eşqin həyat deyərkən ölümü çara deyər,
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Bu dünya hər insana bir fürsət, dövran verib,
Gör kimə sona qədər geniş bir imkan verib.?
Hər kəsə qəbir adlı soyuq bir məkan verib!
Sevdiyimiz bu dünya sevilməli deyilmiş…

Müəllif: ELDAR ISMAYİL BÖYÜKTÜRK

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “Eldar İsmayıl BÖYÜKTÜRK”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir