ƏJDƏR ƏLİZADƏ

Əjdər Əlizadə “üç yarpaq” -da

PƏRVANƏ KİMİ…
(Rəməl bəhri: növ-6, variant VII)

Şə`mim ol, mən dolanım dövrənə pərvanə kimi,
Sevmişəm «Leylimi», Məcnun nədi, divanə kimi.

Həsrətin çox çəkirəm mən o siyah tellərinin,
İzn(i) ver, qoy darayım saçlarını şanə kimi.

Özlədim mən səni lap çox, necə ki, sən də məni,
Sevgi hopmuş bədənə, yetmədədir qanə kimi.

Gözlərin məst eləyir şux baxıban sevgilinə,
Ruyin aldır, dodağın tər-təzə güldanə kimi.

Sən gülürsən, açılır qönçə dəhan, tez-tez gül,
Dişlərin cərgələnib, yanyana dürdanə kimi.

Həsrətin hey uçurur can evimi, ey dilbər,
İndi sənsiz gəzirəm sərsəri, məstanə kimi.

Görməyir göz, nə qədər dözməliyəm hicranə,
Yox əlac eyləyənim, dəhr(i)də meyxanə kimi.

Əjdərəm, cənnəti bəxş eylədi hər vəsli gülün,
Hicri qəmlər gətirir, fərz elə, qəmxanə kimi.

19.08.2019

<<<<əJDƏR ƏLİZADə>>>>

ÇARADIR…
(Rəməl bəhri: növ-6, variant VII)

Səri-zülfün kimi ey gül, güzəranım qaradır,
Həsrətindən ölürəm, sanki, bu qəlbim yaradır.

Sənli xoş günlərimin qədrini heç bilməmişəm,
Yoxluğun xeyli gülüm, güclü təlatüm yaradır.

Qalmadı tabü-təvan, səbri-qərar bitdi tamam,
Çaşmışam yollarımı, kim bilə səmtim haradır.

Bu qədər dərdi, qəmi tək çəkirəm, söylə nədən,
Gendə küskün gəzəli, lap geyimin zərxaradır.

Gözlərin canlar alır, naz ilə baxma, gözəlim,
Ruyin alma, sinən ağ, ləblərin al ayparadır.

Əjdərin söylə gülüm, hicrinə dözsün nə qədər,
Lütf edib gəl deməyin bil ki, mənimçün çaradır.

18.08.2019

<<<<ƏJDƏR ƏLİZADƏ>>>>

GÜNDƏN… 
(Həzəc bəhri: növ-1, variant I)

Nədən bülbül hər an ağlar, gülə aşiq olan gündən,
Qəmi-hicran yara bağlar, gözüm yaşnan dolan gündən.

Baharım sovmuş ay ellər, daşıb çaylar, coşub sellər,
Gözüm, könlüm giley eylər, bağım, bağçam solan gündən.

Cəfa çəkdim, səfa yoxdur, kədər qəlbə dəyən oxdur,
Qəmim artıb, qarın toxdur, həyatdan dərs alan gündən.

Uçub göldən sonam getmiş, sevən könlüm qürub etmiş,
«Vəfadarım» kəma yetmiş, məni dərdə salan gündən.

Fəqir Əjdər yazır qəmdən, səsi hiss eylənir bəmdən,
Gözüm düşmür cüda nəmdən, ürək zülfün yolan gündən…

17.08.2019

Müəllif: ƏJDƏR ƏLİZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir