ƏJDƏR ƏLİZADƏ – İTİRDİK…

Əjdər Əlizadədən bir şeir

İTİRDİK…
(Rəşad Atakişiyevin xatirəsinə)

Ölkəmizdə pilotların baş tacı,
Fəxr edirdik bir cəngavər yetirdik.
Aman Allah, xəbər gəldi çox acı,
Rəşad kimi bir igidi itirdik…

Qələm susur, gücü də yox ki, yaza,
Nə baş verdi, necə oldu bu qəza?
Xalqımıza ağır oldu bu “cəza”,
Rəşad kimi bir igidi itirdik…

Nə ad verək səni bizdən alana,
Allah kömək olsun yerdə qalana.
Necə deyək səni soran balana
Rəşad kimi bir igidi itirdik?..

21.08.2019

Müəllif:ƏJDƏR ƏLİZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Aysel Xanlarqızı Səfərli

Aysel XanlarqIZI SƏFƏRLİDƏN BİR ŞEİR

MƏNİM KİMİ…

Nə qədər ağrısan da 
Ağrıya bilməzsən
Mənim kimi..
Zərif çiyinlərimdə
Daşıdığım qayğı yükü
Yalnızlığınla damğaladı gecələrimizi.
Qızım telefondakı mesajlarda “darıxıram” sözünü yazmağı öyrəndi ilk…
Oğlum kağızdan təyyarə düzəldib uçururdu
Otaqboyu…
Hava limanına döndərmişdi evimizi.

Hə, bir də
Mən ata olmağı da öyrənmişəm 
Sən uzaqdaykən..
Öz atasızlığımı da 
Uşaqlarımın sənin qürbət qoxulu sevginə büküb…

Axşamlar
Yorğun 
Addımlarım evin kandarında
Əlimdəki torbaların ağırlığına acıyıb
Qapı döyür 
yerinə,
Sabahlar isə həsrətinə
Bir fincan çay süzüb,
Ana oluram,
Məktəblilərimin saçlarına sığal çəkib….

Sən qazanc dalıyca gedərkən,
İçimdəki ağrıları
Kirayə evimizin
Darısqal künclərinə
Boşalda bilməmişdim…
Hər özəl günümüz yoxluğunla təqvimlənmişdi…
Eh,unutdum,
Gələcəyin hansısa bir gününə
Ümid işarələmişdim….

İndisə
Ömür düyünlənib
Boğazımda…
Bilirsən?
Yerlər intihar edir
Ayağım altda…
Bir boş yer qalıb
Dar ağacında…
Yerimə bir az da sən “ana”
Olmağı öyrən…
Çıxıb getməyim gəlir bu həyatdan..
Sənsiz ölərəm dediklərimiz
Gedəndə
ölə bilmədik,
Uzaqdan uzağa
xoşbəxt ola bilmədik…

Müəllif: Aysel Xanlarqizi Safarli

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Abdülkadir Sağlam

TÜRKİYƏ ƏDƏBİYYATI NÜMAYƏNDƏLƏRİ

Abdülkadir Sağlam

Abdullakadir Sağlam 1943- cü ildə Emirdağda anadan
olub. Həyatı boyu ağır günlər keçirsə də
ayaqda qalıb yaşam mücadiləsi edə bilmişdir. 
4 kitab müəllifidir, hazırda təqaüddə olan başkomitandır.
İzmirdə yaşayır.

MƏN NECƏ GÜLÜM

Ala gözlərimdə qurumuş yaşlar,
Yaralı qəlbimə dəmir attı ağrı- acılar.
Gəncliyimin baharında 
doldu saçıma ağlar,
Yaralı ürəyim,
kədərli üzümlə mən necə gülüm?
Erkən gəldi ayrılıq, 
zincirlə bağladı zalım ayrılıq.
Zindan oldu mənə 
bu dünya artıq.
Günəşim doğmayır, 
dünyam qaranlıq…
Bu qara yazımla mən necə gülüm?
Könül bağçamda 
güllərim bir- bir solmuş,
Dostlarım nə arar, nə sorar olmuş…
Bu gün ürəyim 
dərddən sağalmaz olmuş.
İçdiyim su,
yediyim aşım zəhərlə dolmuş.
İçim qan ağlarkən mən necə gülüm?
Söyləyin dostlar.
mən necə gülüm…?
NECƏ? 

Müəllif: Abdülkadir Sağlam

Təqdim etdi: Eldar Ismayil Böyüktürk

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Əhməd bəy Ağaoğlu

DANIŞAN FOTOLAR

Əhməd bəy Ağaoğlu və həyat yoldaşı Sitarə xanım. (1930-cu illər)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

QABİL DƏRDLİ

Qabil dərdli “üç yarpaq” da

BUNDAN ARTIQ DƏRD OLAR?

Dərdin nədi, sorma mənə,
Zəhrimardan qənd olarmı?
Bağrım başı sana-şana,
Bundan artıq dərd olarmı?

Əsrlərdi döyülürük,
Əsrlərdi söyülürük.
Hələ yenə öyünürük,
Bundan artıq dərd olarmı?

Doğma yurdum viran qalub,
Çiçəklərim vaxtsız solub,
Haqq sözümüz yalan olub
Bundan artıq dərd olarmı?

Yırtıqlara yamaq olduq
Soydaşlarçun soraq olduq
Ona buna calaq olduq
Bundan artıq dərd olarmı?

Ürəyimiz yana-yana,
Bel bağladıq şaumyana.
Ağlar qaldı bacı, ana,
Bundan artıq dərd olarmı?

Sahibi bəlli itlərin,
Qanlıdır daim əlləri.
Sayı artır şəhidlərin,
Bundan artıq dərd olarmı?

Günahı nə, bilə bilmir,
Öz elində ölə bilmir.
Dərdli dərdin bölə bilmir,
Bundan artıq dərd olarmı?

<<<<qABİL DƏRDLİ “ÜÇ YARPAQ” Da>>>>

SƏN AYRI, MƏN AYRI…
Nədir bu intizar, nədir bu hicran,
Bülbül ası güldən, gül də bülbüldən.
Ayrılığa qərar verdik bir zaman,
Sən ayrı çəməndən, mən ayrı güldən.

Buydumu ilqarın, əhdin axırı?
Odlu şimşək kimi birdən çaxırıq.
Yandırırıq, bir birini yaxırıq,
Sən ayrı bir çöldən mən ayrı çöldən.

Yaz gələndə bağ bağçaya çıxardıq,
Tər çiçəkdən çələng hörüb taxardıq.
Dağ çayında suya dönüb axardıq,
Sən ayrı bir seldən, mən ayrı seldən.

Mən bir Məcnun idim, sən gözəl Leyli,
Mən güneyli oldum, sən də quzeyli.
Danışdıq, küsüşdük, olduq gileyli,
Sən ayrı bir dildən, mən ayrı dildən.

İndi həsrətliyik şirin sevdaya,
Sahib çıxammadıq eşq adlı paya.
Baxırıq, ay sonam, göydəki aya,
Sən ayrı bir göldən, mən ayrı göldən.

<<<<QABİL DƏRDLİ “ÜÇ YARPAQ” DA>>>>

GEDƏCƏYİK HAMIMIZ

İtəcəyik hamımız
Bütün itənlər kimi.

Günün gündüzündə də
Bir çölün düzündə də
Görünməz olacağıq…
Yanıb solmuş bağ kimi,
Susayıb hər istiyə
Sönmüş o ocaq kimi,
Gözləri acışdıran
Kor duman tək tüstüyə
Bürünməz olacağıq…

Dağı dağ, düzü aran,
Gəzib, tozub axtaran,
Bu vətənin içində,
O vətənçün nigaran,
Tapmayıb istəyini,
Çıxıb gedənlər kimi,
Gedəcəyik hamımlz…
19.08.2019

Müəllif: QABİL NABİYEV DERDLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Professor Aida Qasımova

Humanist humanitar dissertasiyalar:

kodlaşdırmadan üzgörənliyədək

Ölkəmizdə elmi əsərlərin səviyyəsinin yüksəldilməsi, elmi dərəcə və adların verilməsi prosesinin yaxşılaşdırılması aktual bir problem kimi gündəmdədir. Bu problemin həlli o dərəcədə vacibdir ki, hətta ölkə prezidentini belə müdaxiləyə vadar etdi. Bununla əlaqədar, humanitar sahəyə aid dissertasiyalarla bağlı bəzi məsələlərə diqqət yönəltmək istəyirəm.

Kodlaşdırma

Qeyd etmək  istərdim ki, dissertasiyaların mövcud kodlaşdırma sistemi özünü doğrultmur. Bu sistem müəllifin əl-qolunu bağlayır, onun mövzuya dəstək ola biləcək əlavə fikir və mülahizələri qarşısında sədd çəkir. Digər tərəfdən, bu sistem istifadə olunan ədəbiyyatın izlənməsini də çətinləşdirir. Oxucu hər dəqiqə dissertasiyanın sonundakı siyahını vərəqləmək məcburiyyətində qalır. Bəzən texniki səbəblərdən siyahıda qarışıqlıq yaranır və sairə.

Hal-hazırda inkişaf etmiş ölkələrin bir çoxunda dissertasiyalarda  “footnote” sistemindən istifadə olunur. Bu halda həm istifadə olunan ədəbiyyat göz önündə olur, həm də müəllif dissertasiyaya yerləşdirə bilmədiyi fikirləri aşagıda, qeydlərdə verir. Sovet dövründən qalma əcaib kodlaşdırmadan Rusiyada da əl çəkilib. Humanitar sahə birmənalı olaraq footnote və ya endnote tələb edir. Mənim fikrimcə Footnote sistemi daha səmərəlidir.

Aşkarlıq

Artıq bir çox ölkələrdə dissertasiya işləri müvafiq elmi müəssisələrin, universitet və kolleclərin saytında yerləşdirilir. Bu cür aşkarlıq ölkəmizdə də tətbiq olunsa, dissertasiyalarda plagiata yol verilməsinin qarşısı alınar. Yəni peşəkar oğrular azından rüsvay olacaqlarından qorxarlar. Belə olsa,  müəssisənin nüfuzu naminə dissertasiyaların elmi səviyyəsinə daha çox diqqət yetirilər.

Digər tərəfdən, AAK-dakı anonim rəylərin də həmin müəssisənin öz saytında yerlışdirilməsi faydalı olar. Çünki bəzən dissertantlar nə üçün işlərinə mənfi rəy yazılmasını başa düşmür, qərəzçilik axtarır, şikayət edir və yaxud əlavə səylər göstərib dərəcə almaqda israrlı olurlar. AAK saytında yerləşdirilən rəylər AAK ekspertlərinin də məsuliyyətini artırar.

Məqalə həcmi

Avtoreferatlara əlavə edlən çap olunmuş əsərlər siyahısında çox olsa 1000-2000 söz, bəzən bundan da az həcmli yazıların, tezislərin elmi məqalə adı altında təqdimi yolverilməzdir. Mənim fikrimcə, minimum məqalə həcminin müəyyənləşməsi və AAK siyahısında olan jurnalların bu minimuma riayət etməsi ümumi işin xeyrinə olar. Başlanğıc üçün bu minimumu 6000 söz kimi müəyyənləşdirmək olar. Humanitar sahədə kiçik həcmli yazılar gözə kül üfürməkdən başqa bir şey deyil. Qeyd edim ki, inkişaf etmiş ölkələrin humanitar sahədəki nüfuzlu jurnallarında məqalə həcmi adətən 8000-12000 söz arasında olur.

Dissertasiya həcmi

Mənim fikrimcə, PhD dissertasiyalarının tələb olunan həcmi də olduqca kiçikdir. Keçmış elmlər namizədləri üçün nəzərdə tutulmuş dissertasiya həcmi humanitar elmlərdə PhD üçün yaramır. Xarici ölkələrdə PhD yüksək elmi dərəcədir. Bundan sonrası yoxdur. Dünya elminə inteqrasiya üçün bu dissertasiyaların həm həcmi artmalı, 200-300 səhifə çərçivəsində müəyyənləşməli, həm də səviyyəsi yüksəlməlidir. Rusiyada ədəbiyyatşünaslıq üzrə yazılan bəzi namizədlik dissertasiyaları ilə tanış olduqda, onların 300-350 səhifə olduğunu gördüm. Yəni artıq söhbət PhD-dən gedisə, bu dərəcəyə müvafiq dissertasiyalar meydana gəlməlidir. PhD qazanmış şəxs artıq yetkin bir alim olduğunu nümayiş etdirməlidir. Sonrakı mərhələ sayılan doktorluqda həcm məhdudiyyəti olmamalıdır.

Ədəbiyyat siyahısı

Hər bir elmi əsər müəllifi öz sahəsi ilə bağlı bütün ədəbiyyata bələd olmasını nümayiş etdirməlidir. Hal-hazırda humanitar sahədə konkret ədəbiyyat sayı kimi bir tələbin olmaması heç də bir-iki kitabdan “istifadə” kimi başa düşülməməlidir. Təəsüf ki, bir çox elmi əsərlərdə istifadə olunan ədəbiyyatın kasadlığı nəzərə çarpır. Bəzən yüzlərlə kitabı əhatə edən ədəbiyyat siyahsı müqabilində cəmi 10-15 ədəbiyyatdan istifadə edilir. Nəinki xaricdə, hətta ölkəmizdə nəşr olunan əsərlərə də tam bələd olma nəzərə çarpmır. Humaniyar sahədə saxta istinad hallarına da rast gəlinir. Bu özünü daha çox plagiat əsərlərdə göstərir. “Müəllif” plagiat faktini gizlətmək üçün bəzən yazıya sanki istinad “bəzəyi” vurur, dəxli olmaya əsərlərə “istinad verir”.

Transliterasiya

Şərqşünaslıq sahəsində transliterasiyasız elmi əsər ola bilməz. Dünya təcrübəsində İJMES-n (linki aşağıda verilən İnternational Journal of Middle East Studies) transliterasiya sistemi bütün elmi əsərlədə tətbiq olunur. Çox nadir hallarda bəzi jurnallarda cüzi fərqlər nəzərə çarpır. İJMES-in transliterasiya sistemi ərəb, fars və osmanlı, eləcə də klassik Azərbaycan ədəbiyyatı ilə bağlı dissertasiya, monoqrafiya və elmi məqalələrdə tətbiq oluna bilər. Bu sistemə dilimizə müvafiq bəzi dəyişikliklər edilməlidir. Məs. ərəb “sə” hərfi ingilis dilindəki th-lə deyil s-nin altında xətt ilə, “zəl” hərfi “dh” kimi deyil z hərfinin altında xəttlə göstərilə bilər. İngilis dilində olmayan “ğ” və “x” hərfləri də, “gh” və “kh” şəklində deyil, dilimizdə olduğu kimi əks oluna bilər. Qalan hallar –izafətlər, artikllər, “ayn” , “həmzə”, emfatik səsləri bildirən hərflər,  uzunluqlar və s. İJMES sistemi şəklində əks oluna bilər. https://ijmes.chass.ncsu.edu/docs/TransChart.pdf

Plagiat proqramlarının yarıtmazlığı

Plagiatçılıq Azərbaycanda geniş yayılmış bir biabırçılıqdır. Cəzasızlıq üzündən bu hal artıq “hamıya olar, mənə yox?” kimi absurd bir həddə çatıb. Ölkəmizin, elmimizin nüfuzuna xələl gətirən bu halın qarşısını almaq üçün oğurluqla qazanılmış elmi dərəcə və adların ləğvi sahəsində qəti addımlar atılması müsbət nəticə verər.

Plagiatın yoxlanmasında yalnız mövcud proqramlara əsaslanmaq səhvdir. Çünki bu proqramlar tərcümə ilə işləmir, yəni xarici dillərdən tərcümə edilib oğurlanmış yazılardakı plagiat faktlarını aşkarlamır. Bu səbəbdən, plagiat faktları, yaxşı olar ki, ilkin müzakirələrdə aşkarlansın və yaxud sonrakı mərhələlərdə opponentlər və ekspertlər tərəfindən göstərilsin.

Mövzuya uzaqdan yaxınlaşma

Bu, humanitar sahədə ən çox rəst gəlinən haldır. Dissertantlar birbaşa öz mövzuları ilə məşğul olub yeniliklər gətirmək əvəzinə, ümumi xarakterli, hamıya məlum məsələlərə bəzən bir neçə fəsil həsr edirlər. Əsas mövzu axırıncı fəsildə yarımçıq tədqiqat şəklində təqdim olunur.  Beləliklə də, elmi əsərlərin orijinallığı şübhə altına düşür, dissertasiya işləri dərs vəsaiti təsiri bağışlayır. Mənim fikrimcə, mövzu ilə bağlı ümumi məsələlər dissertasiyanın həcminin beş faizindən artıq olmamalıdır. Qeyd edim ki, inkişaf etmiş ölkələrdə, bu məsələlərə olduqca az yer ayrılır. Azərbaycanda isə sanki səhifə sayı artırılırmış kimi, hamıya məlum fakt və mülahizələr təkrarlanır, orijinal tədqiqat hissəsi isə ixtisar edilir.

Elmi yeniliyin Azərbaycan modeli

Qloballaşma şəraitində elmi işlərin yeniliyi Azərbaycan sərhədləri çərçivəsində müəyyənləşə bilməz. Hər bir elm sahəsinin dünyadakı mövcud nailiyyətləri nəzərə alınmalıdır. “Bu mövzu Azərbaycanda ilk dəfə işlənir” adı altında xaricdə çap olunmuş əsərlərin tərcüməsinin elmi tədqiqat kimi təqdimi yolverilməzdir. Təəssüf ki, bu hal ölkəmizdə olduqca geniş yayılıb.

Fürsətcillik

Elm səhəsinin bəzi “işbazları” görkəmli şəxslərə, vəzifə və nüfuz sahiblərinə, onların qohumlarına əsərlər həsr etməklə tələm-tələsik, asan yolla elmi dərəcələr qazanırlar. Bu zaman baza təhsili belə nəzərə alınmır; həkimə dilçilik, mühəndisə ədəbiyyatşünaslıq üzrə elmi dərəcə verilə bilər. Nəticədə elmdən uzaq, zəif əsərlər meydana gəlir. Belə əsərlər nə nüfuz sahiblərinə, nə də Azərbaycan elminə şərəf gətirməyib, sadəcə fürsətdən istifadə edib dərəcə qazanmaq vasitəsinə çevrilir.

İndeksləşmiş jurnallarda nəşr

Hal-hazırda AAK Veb of Science-də (keçmiş Thomson Reuters-in, hazırki Clarivate Analytics-in xüsusi xidmət saytı) indeksləşən jurnallarda çap olunmaq tələbi qaldırıb. Bu, müsbət hal olub alimlərin dünyada tanınmasına şərait yaradır. Azərbaycan aliminin dünyada tanınmaq üçün kifayət qədər elmi potensialı var. Əlbəttə, söhbət əsil alimdən gedir. Mənim fikrimcə, humanitar sahədə Veb of Science-lə yanaşı SCOPUS-la da kifayətlənmək olar. Eləcə də BRİLL,  Taylor and Francis,  Springer, Peeters, Routledge kimi nəşriyyatların jurnal və toplularında nəşr olunmuş məqalələr də humanitar sahə üçün yetərincə dəyərli tədqiqat nümunəsi sayıla bilər. Əsas məsələ pulla məqalələr nəşr edən jurnallardan və işi biznesə çevirən insanlardan uzaq olmaqdır. İnternetdə bir neçə saytda bu cür  jurnalların (Predatory journals) siyahısı verilib.

Üzgörənlik

Əgər elmi əsərlər qarşısında müəyyən tələblər qoyulubsa, bu tələblər hamıya şamil olunmalıdır. Burada kiminsə qohumu, adamı, və yaxud “öz adamımız” kimi prinsiplərə yer verilməməlidir. Ölkəmizin ümumi mənafeyi naminə üzgörənlik olmamalıdır.

Müəllif:

Professor Aida Qasımova

Bakı Dövlət Universiteti

20 avqust, 2019

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru