QABİL DƏRDLİ

Qabil dərdli “üç yarpaq” da

BUNDAN ARTIQ DƏRD OLAR?

Dərdin nədi, sorma mənə,
Zəhrimardan qənd olarmı?
Bağrım başı sana-şana,
Bundan artıq dərd olarmı?

Əsrlərdi döyülürük,
Əsrlərdi söyülürük.
Hələ yenə öyünürük,
Bundan artıq dərd olarmı?

Doğma yurdum viran qalub,
Çiçəklərim vaxtsız solub,
Haqq sözümüz yalan olub
Bundan artıq dərd olarmı?

Yırtıqlara yamaq olduq
Soydaşlarçun soraq olduq
Ona buna calaq olduq
Bundan artıq dərd olarmı?

Ürəyimiz yana-yana,
Bel bağladıq şaumyana.
Ağlar qaldı bacı, ana,
Bundan artıq dərd olarmı?

Sahibi bəlli itlərin,
Qanlıdır daim əlləri.
Sayı artır şəhidlərin,
Bundan artıq dərd olarmı?

Günahı nə, bilə bilmir,
Öz elində ölə bilmir.
Dərdli dərdin bölə bilmir,
Bundan artıq dərd olarmı?

<<<<qABİL DƏRDLİ “ÜÇ YARPAQ” Da>>>>

SƏN AYRI, MƏN AYRI…
Nədir bu intizar, nədir bu hicran,
Bülbül ası güldən, gül də bülbüldən.
Ayrılığa qərar verdik bir zaman,
Sən ayrı çəməndən, mən ayrı güldən.

Buydumu ilqarın, əhdin axırı?
Odlu şimşək kimi birdən çaxırıq.
Yandırırıq, bir birini yaxırıq,
Sən ayrı bir çöldən mən ayrı çöldən.

Yaz gələndə bağ bağçaya çıxardıq,
Tər çiçəkdən çələng hörüb taxardıq.
Dağ çayında suya dönüb axardıq,
Sən ayrı bir seldən, mən ayrı seldən.

Mən bir Məcnun idim, sən gözəl Leyli,
Mən güneyli oldum, sən də quzeyli.
Danışdıq, küsüşdük, olduq gileyli,
Sən ayrı bir dildən, mən ayrı dildən.

İndi həsrətliyik şirin sevdaya,
Sahib çıxammadıq eşq adlı paya.
Baxırıq, ay sonam, göydəki aya,
Sən ayrı bir göldən, mən ayrı göldən.

<<<<QABİL DƏRDLİ “ÜÇ YARPAQ” DA>>>>

GEDƏCƏYİK HAMIMIZ

İtəcəyik hamımız
Bütün itənlər kimi.

Günün gündüzündə də
Bir çölün düzündə də
Görünməz olacağıq…
Yanıb solmuş bağ kimi,
Susayıb hər istiyə
Sönmüş o ocaq kimi,
Gözləri acışdıran
Kor duman tək tüstüyə
Bürünməz olacağıq…

Dağı dağ, düzü aran,
Gəzib, tozub axtaran,
Bu vətənin içində,
O vətənçün nigaran,
Tapmayıb istəyini,
Çıxıb gedənlər kimi,
Gedəcəyik hamımlz…
19.08.2019

Müəllif: QABİL NABİYEV DERDLİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

3 thoughts on “QABİL DƏRDLİ”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir