İLDIRIM ƏKBƏROĞLU

ildırım əkbəroğlunun söz dünyası

Öz yoluyla yenə gedir bu dünya

Öz yoluyla yenə gedir bu dünya,
Həminki tək günəş batar,ay çıxar.
İstəsən də tər qala,gül solmaya,
Xəzan əsər,soyuq düşər,yay çıxar.

Alqışlarla kürsü tutan bir bəndə,
Kim olduğu məlum olur gedəndə.
Bir gündədir güdülən də,güdən də,
Bəd işlərdən xoş günlərdə hay çıxar.

Sığallanıb çoxu,onu öyəndə,
Ayılıbdır başı daşa dəyəndə.
Qürurlanıb çox döşünə döyən də,
Öz başına döyənlərə tay çıxar.

Ay İldırım,yağdıran var,yağan var,
Nə ağasan,şükür,nə də ağan var.
Pay adına xalqı soyub ,yığan var,
Sənin üçün xoş bir sözdən pay çıxar.

<<<<iLDIRIM ƏKBƏROĞLu>>>>

HƏR KƏSİN SON GÜNÜ,ÖZ SON VAXTI VAR

İştah da,tamah da olmaz bu qədər,
Yığdığı haramdır,yediyi hədər.
Dünyadan gedəndə əli boş gedər,
Çox da başda tacı,altda taxtı var

Zəngləri kəsilməz,qapısı yağır,
Dindirmək müşküldür,zəhmi çox ağır.
Halala xor baxır,haramı yığır,
Deyirlər kişinin yaxşı baxtı var.

İldırım,həlimdir qəlbində duyğyn,
Gözlə,qırar onu buzu soyuğun.
Etdiyi işlərə,əmələ uyğun,
Hər kəsin son günü,öz son vaxtı var.

Müəllif:İLDIRIM ƏKBƏROĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Abdulla Məmməd

ABDULLA MƏMMƏD “ÜÇ YARPAQ” – DA

DAHA QISQANMIRAM DƏNİZİ SƏNƏ


Daha qısqanmıram dənizi sənə,
Mavi dalğaları qabarsa belə.
Göyün lay buludlu bənizi yenə,
Məni boz üzündən qoparsa belə.

Qağayı eşqimin gözündə dinən,
Sübh çağı qızaran nur ləpəliyəm.
Sənli xatirənin gözünə dönən,
Dərdi şahə qalxan gur ləpəliyəm.

İçimi göynədir sözümün canı,
Sevinci can verən yaş gözdən düşür.
Salma qəribliyə sözümü, canım,
Köksündən asılan daş gözdən düşüb.

Dənizin qoynunda qədər gəmi tək,
Qırır dərd buzunu sənli gümanın.
Çırpır qayalara daşlaşan ürək,
Gözləri yol çəkən sevgi umanı.

Sənli ümidimi hey atıb-tutur,
Dalğalar sübh tezdən qüruba qədər.
Dinən gur ləpələr hey kədər udur,
Həsrət ağrısını çaldıqca qədər.

Qasırğa haraylı çənli güman da,
Kəsir ümidini nurlu sabahdan.
Yol azan gəmiyəm sənli gümanda,
Əl üzmür dumanlı fikir günahdan.

Xoşbəxt günlərimiz vardı gül kimi,
Sevgini vəsf edən şairi atdın.
Bülbülü küsdürən şehli gül kimi,
Sözü dərd üyüdən şeirə qatdın.

Qədər dəniziyəm-ləpəm əsəbi,
İntizar şimşək tək qamçılar məni.
Sənli xatirəmin qüssə qəzəbi,
Gün gələr gözündən damcılar məni.

Azərbaycan. Quba.

26.08.2019.

<<<<Abdulla — Məmməd>>>>

SƏNSİZ QƏRİBSƏDİ YUXULARIM DA

Qədər dənizində qərq olan sevgi,
Əlindən tutmadı sənli diləyin.
Gözdə buludlanan sevincin, sanki
Üzülən ümidlə üzdü ürəyi.

Qəlbinin səsini dinləyən kəsin
Çiçəyi çırtladı seçimli sözlə.
Həyəcan püskürən odlu nəfəsin
Üzünə qabardı biçimli sözlər.

Qəhərə təsəlli gəzən gözlərin,
Yol çəkən gümanı qəm çiçəklədi.
Zildə nəfəsini dərən sözlərin,
Səbrımə sığınıb bəm çiçəklədi.

Közərən gümanın küllənən gündən,
Taleyin üzümə üzün ağartdı.
Ürəyim gözümdə dillənən gündən,
Dilənən ümidin gözün ağartdı.

Sənsiz qəribsədi yuxularım da,
Nisgili yumadı gözümün yaşı.
Təskinlik umduğum yuxularımda,
Qəmli xatirənmi eşqə baş daşı?!

Həsrət yaxasından tutub günlərin,
Gecəli-gündüzlü dərd sirkələdi.
Ömür ağacında sevgi bəhəri,
Qədər əlacını gec dərk elədi…

Tərk edib limanı sevdalı gəmin,
Özüylə apardı gəncliyimi də.
Sevincin yerinə bəxş edib qəmi,
Ömrümdən qopardı dincliyimi də.

Azərbaycan. Quba.

18.08.2019.

<<<<Abdulla — Məmməd>>>>

GÜMANI AĞLAYAN GÜNÜMƏ DƏRDƏM

Daha tənhalıqla qaynamır qanım,
Səbrim sürükləmir eşqi günaha.
Dərdə necə dözsün bu ürək, canım?
Ürəkdə ürəklik qoymadın daha!

Gümanı ağlayan günümə dərdəm,
Gözə muncuq-muncuq düzürsən çəni.
Kövrək ürəyimdə, ürəksiz dərdim,
Gecə xəyalınla üzürsən məni.

Sənli günlərimin sərinliyindən,
Torpaq tək çat verir xatirələrin.
Susayan xəyalın dərinliyində,
Hicranı göyərdir nəmli qədərim.

Çatlayır eşqimin yaz tumurcuğu,
Ağrını gözümə çəkən ürəkdə.
Könlümü dağlayan yarın yoxluğu,
Sızlayır sözümə çökən ürəkdə.

Qədərlə isinən yar nəfəsi tək,
Həsrətin yanğısı üzümə hopur.
Dalğın gül gözündə buzlaşan istək,
Daşlaşan ürəyin sözünə hopur.

Ürəyi ürəklə üzən varlığı,
İsidə bilmirəm xatirələrlə.
Gözümdən düşdükcə inadkarlığın,
Nə qədər başımı qatım qədərlə?!

Duyğuyla oynayan-hissimə qənim,
Tənha bir qüssədən gen olmaz bir də.
Sevda yollarımı bürüyən çənin,
Başıma iş açdı durduğum yerdə…

Qədərim dərdimin tutub əlindən,
Uşaq tək gəzdirir elədən belə.
Adını ömürlük asıb dilimdən,
Eşqini anacaq ürəyim elə!

Azərbaycan. Quba.

08.08.2019.

Müəllif: Abdulla Məmməd

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru