Aqil Abbas – … QARABAĞ …

Əzrayılın erkək-dişiliyi – hekayə

(Molla Rəşidin Qarabağda dolaşan ruhuna)

…Oturmuşdu, daha doğrusu, yayxınmışdı stula. Yorğun görünürdü. Elə bil biçindən gəlmişdi. Kök adam, isti də nə təhər təntitmişdisə, mağarın ortasındakı sərinkeşin gətirdiyi mehi də səhra küləyi kimi hiss edirdi.

Camaat bu dəqiqə Şuşada, Dəlidağda sərin bulaqların başında əmlik qabırğasından kabab çəkəndə, kef partladanda, O da yayın bu istisinin adamı mindiyi bir vaxtda yeddi gün oturmalıydı bu qaramat mağarda. Ömrü bu qaramat mağarlarda ağrı-acıların içində keçirdi, xüsusilə də rəhmətə gedən cavan olanda bu ağrı-acını daha çox hiss edirdi. İncəvara, bir az əvvəl dəfn elədiyinə Əzrayıl çoxdan qayıb yazırdı.

Oturmuşdu bu qaramat mağarda, 1400 il əvvəl baş vermiş və nağıllaşmış hadisələrdən danışmalıydı. Hansı ki, camaat bu nağılları bəlkə yüz dəfə eşitmişdi. Onun başqa mollalardan fərqi o idi ki, həmin nağıllara özünün rəngini qatardı, gözünə də bir az duz vurardı. Bu da onun apardığı məclisləri maraqlı edərdi.

Süfrədə bircə quş südü yoxuydu. Yas Sahibi bazarı ələk-vələk eləsə də, tapa bilməyib əsəbləşmişdi. Quş südü satanlar da Seyid Lazım ağanın cəddinə and içmişdilər ki, yoxdu, nə bilək dədən öləcək, Ağcabədinin ispalkomunun atasının bu gün üçüdü, səhərin gözü açılmamış adamları tökülüb bazarda nə qədər quş südü vardı yığıb apardılar.

Beləcə, stolun üstə Ağcabədinin ispalkomunun atasının zibilinə bircə quş südü əskik idi. Heç toylarda belə süfrə açılmırdı. Hətta badımcana oxşayan bir sarı meyvə də vardı ki, çoxları da onu ilk dəfəydi görürdü. Amma heç kim o meyvəyə əlini vurmurdu. Eşitmişdilər ki, onu Afrikada meymunlar yeyir. Bu meyvənin yetişdiyi ölkələri də elə onun adıyla adlandırırdılar – Banan Respublikası. Düzdür, Darvin sübut eləmişdi ki, insanlar meymundan əmələ gəliblər, Sovet alimləri də bunu təsdiqləyirdilər. Onlar isə Sovet hökumətinin Allahsız alimlərinə inanmadıqları kimi, Darvinə də inanmırdılar. Ümumiyyətlə, çoxu heç Darvini tanımırdı da, ona görə də bu meyvəyə əl vurmurdular.

Toydan fərqli olaraq süfrədə bircə araq çatmırdı. Amma O bilirdi ki, yeyib-içən oğlanlar ehsan vaxtı ya vurub gəlirlər, ya da keçib qonşu həyətdə əvvəlcədən gətirib qoydurduqları urus “vodka”sıyla boğazlarını yaşlayırlar. Əslində, bu urus “vodka”ları girdirməydi, rayondakı şərab zavodlarında hazırlayırdılar, amma butulkanın üstünə yapışdırdıqları “Moskovskiy vodka” etiketi girdirmə deyildi, uşaqlar Moskvadan göndərirdilər.

Oturmuşdu, hərdən süfrədəki mer-meyvədən dadırdı. Meymunların sevdiyi meyvəyə O da əl uzatmırdı, badımcandan zəhləsi gedirdi, onda ki hələ onun sarısı ola. Və hərdən də çayçının işarəsi ilə bir “Fatihə” verirdi ki, getmək istəyənlər getsinlər. Amma yerindən tərpənən olmurdu. Bilirdilər ki, belə bahalı süfrənin bahalı da ehsanı olacaq.

Qarabağda varlı adamların toylarını adətən Qədir Rüstəmov aparardı, yasların da Qədir Rüstəmovu O idi. Səsi də, düzdür, Qədirin səsi kimi olmasa da, Şahmalı Kürdoğlunun səsi kimi qaymağıydı, xalis Qiyaslı qaymağı. Dilinin şirin olması da avazına bir rəng qatardı. Bəlkə yeganə mollaydı ki, o şirin avazı, şirin boğazlarıyla “Quran”ı elə oxuyardı ki, məclisə bir qəbiristanlıq sükutu çökərdi.

Bəzən eyni gündə iki saytal adamın yası düşürdü. Onda qanı bərk qaralardı, deməli, mütləq birinin xətrinə dəyəcək.

Bu gün də elə olmuşdu. Hətta onu atalarının yasına aparmaq üçün qapıya gələn saytal adamlar öz aralarında dava salıb bir-birlərinin üstünə silah da çəkmişdilər. O da Seyid Lazım ağanın cəddinə and verib onları sakitləşdirə bilmişdi.

– Arvad, qəstyumumu gətir, yenə zivilə düşmüşəm.

– Noluf?

– İki yas birdən düşüf. Dalımca gələnlər az qala bir-birlərini qırmışdılar. İndi bilmirəm hansına gedim.

– Ay kişi, sən bellə də, razılaşdır, birinin üçünü ver, birinin yeddisini. Denən qırxın da ayrı-ayrı günə salsınlar.

– Arvad deyil ey, Sokratdı.

Başqa mollalardan fərqli olaraq bahalı və səliqəli geyinməyi xoşlayardı.

Geyinib-kecinib düşmüşdü aşağı, hər iki tərəfin adamları gözləyirdi. Uzun çək-çevirdən sonra onları ortaq məxrəcə gətirə bilmişdi.

Ölənin nəvəsi maşını elə bərk qovurdu ki, onun da sürətlə gedən maşından zəhləsi gedərdi, qorxurdu. Yas yerlərində də tez-tez deyərdi:

– Ay camavat, day Əzrayıl öz yerini jiquliyə verif, siz də onunla çilingağaş oynuyursuz.

Gözü qalmışdı sürətölçəndə. Əqrəb 130-u göstərəndə day özünü saxlaya bilmədi:

– Qardaşoğlu, saxla maşını!

– Nə olub, Rəşid əmi?

– Saxla deyirəm, saxla dana.

Uşaq maşını saxladı.

– Dədən ölüf?

– Başa düşmədim.

– Niyə başa düşmədin, soruşuram dədən ölüf?

– Hə.

– Toşnu ölüf?

– Əşi, deyirəm ölüb də. Ölməsə sənin dalınca niyə gəlirdik ki?

– Qardaşoğlu, mən skorıy pomoş döyüləm ey, pokoynu pomoşam. Mən ölüləri diriltmirəm ey, o dünyaya yola salıram. Gedif basdırajıyıx dana, yarım saat tez, yarım saat gej.

Qarağacıya o qədər adam yığılmışdı ki, heç 1 Mayda hökumət Lenin meydanına bu qədər adam yığa bilmirdi. Göydən də od tökülürdü, tər dabanından axırdı. Yas Sahibinin xoşuna gəlmək, gözünə girmək üçün millət də bir basabas salmışdı, az qalırdı onu itələyib salsınlar məzara.

– Ə, bir geri durun dana, qoyun camavat işin görsün.

Kimsə dedi:

– Rəşid əmi, deyəsən, məzarı bir az dayaz qazıblar ey, bir təpkeş də vursalar pis olmaz.

Dönüb tərs-tərs onu deyən adama baxdı:

– Ə, boş-boş danışma, durub qaçajax?! O yaşda heç Qarqarda daş da qalmıyıf. Basdırın gedək!

Məclislərdə yeyib-içən cavanlar Rəşid əmiyə cavabı olmayan suallar verməyi, onunla məzə tutmağı xoşlayırdılar. Və onu da bilirdilər ki, mütləq vəziyyətdən çıxacaq, nə isə qeyri-adi və ləzzətli bir söz deyəcək ki, xoruz banı da eşitməyib.

Onu yas məclislərinin Qədir Rüstəmovu eləyənlərdən biri də zarafatları və hədərə suallara hüdərə cavab verməsiydi.

“Quran”ı çox gözəl bilirdi. Amma heç vaxt özünü savadlı, guya ərəbcəni gözəl bilən mollalar kimi aparıb ayələri ağzını əyə-əyə, bəlağətlə ərəbcə söyləyib, sonra tərcümə etməzdi. Elə azərbaycanca deyərdi və elə şirin Qarabağ ləhcəsində deyərdi ki, adama elə gələrdi “Quran” elə azərbaycanca, özü də Qarabağ ləhcəsində yazılıb.

Bu vaxt Çayçı Əziz əlində ikirəng çay girdi içəri. Şalvarının balağını da bir az qatlayıb çirməmişdi. Məcməyini də əlində nümayişkarcasına tutmuşdu. Bu yerlərdə adət idi, toylarda hörmətli qonaqlara ikirəng şirin çay gətirərdilər, qonaq da çayçının məcməyisinə ondan-on beşdən nəmər atardı.

Və Çayçı Əziz çayı gətirib qoydu Onun qabağına:

– Rəşid əmi, təzədəmdi, birincisini saa gətirmişəm.

Başa düşdü ki, lağbazlardan kimsə çayçının cibinə beşdən-ondan basıb məzə qılır.

O da özünü o yerə qoymadı, çıxarıb məcməyiyə bir onluq atdı. Sonra çayı qarışdırıb bir qurtum aldı və dedi:

– Ay Əziz, deyirəm kaş sənin kimi səliqəli bir arvadım olaydı.

Məclisi pıqqıltı tutdu.

Başladı Əzrayıldan bir hədis danışmağa.

… Qəbul imtahanları yaxınlaşırdı. Bakıya getməliydi. Kiçik oğlu oboxeyisliyə girmək istəyirdi. Taxçada-boğçada nə vardı hamısını yığıb-yığışdırıb bir on min manat düzəltmişdi. İnstitut müəllimlərini söyürdü ki, ay it uşağı, mən bu qədər pulu yığmaq üçün heç bilirsiz nə qədər ölü götürmüşəm, məclis yola salmışam ki, verəm siz yeyəsiniz?

Hərdən oğlunu da danlayırdı:

– Gözünə su ver dana, kaçaqar Məyişin oğlu gedif Maskvada yurfaka girir, sən burdan-bura Allahın xaltəsərrüfatına girəmmirsən.

Oğlu:

– Ata, öyrən gör bu şəhərdən bircəcə uşaq ora öz biliyi ilə giribsə, gəl məni sal təpiyinin altına.

Bu şəhərdə institutların qəribə adları vardı: Politexnikin adı “QAİ məktəbi”ydi.

– Oğlun harda oxuyur?

– Raykomluqda.

Deməli, Universitetin tarix fakültəsində. Xalq Təsərrüfatının da adı “oboxeyislik” idi. Ən dəbdə olanı da Tibb İnstitutuydu ki, oranın da qiyməti əlli minə qalxmışdı. Bütün imkanlı adamlar uşaqlarını bəhsə-bəhsə, daha dəqiq desək, bir-birinin acığına Tibb İnstitutunda oxudurdu.

Bir dəfə tanışlardan biri uşağı imtahandan kəsildiyinə görə onu aparmışdı Tibb İnstitutuna, kafedra müdiri işləyən qohumunun yanına minnətə.

Dəhlizdə o qədər tanış uşaq gəlib onunla görüşmüşdü ki, kafedra müdirinə demişdi:

– Prafessor, elə bu inistutun filialını bizim rayonda açın, dana. Baxıram, hamısı bizimkilərdi. Həm uşaxlar yazıxdı, evdən-eşikdən uzaxda əziyyət çəkillər, həm də bu şəhərin canı oxumaxdan daha çox avaragorluq edən bu davakar uşaxlardan qurtarsın.

Sonra da qayıtmışdı ki:

– Vallah, əgər bu uşaxlardan doxtor olarsa, məndən də şeyxülislam olar.

Arvad da yapışmışdı ki, kimin qızından əskiksən, niyə uşağı “medinstituta” qoymursan?

– Rəhməddiyin qızı, abaxeyisdiyin pulun zorla düzəltmişəm. Uşağı medinistuta qoymax üçün gərəh şəhərdəki pullu kişilərin yarısını basdırım. Yazıxdılar axı.

Bu gün bir az rahatlanmışdı ki, yayın bu cırhacırında Bakıya gedəsi olmayacaqdı. Xalq Təsərrüfatının prorektoru Yas Sahibinin qohumuydu və eşitmişdi ki, artıq yoldadı, gəlir.

Yas Sahibi də demişdi:

– Rəşid əmi, ürəyini buz kimi saxla. Elə bil uşaq oturub Xalq Təsərrüfatında.

Hətta Əzrayılın bir tikə çörək kəsdiyi çobana o bir tikə çörəyin xətrinə ona zaman tanıması hədisini bitirəndən sonra bir “Fatihə” verdi.

Lağbaz cavanlardan biri:

– Rəşid əmi, Allahın neçə Əzrayılı var?

– Ə, nə düşüh-düşüy danışırsan, əlbəttə, bir dənə.

– Bəs, onda necə olur ey, eyni vaxtda biri Ağdamda, biri Ağcabədidə, biri Moskvada, biri Nyu-Yorkda… bir günün içində yüz minlərlə adam ölür, Əzrayıl bunları necə çatdırır?

– Sənin dayın Mingəçevirdə qesdə işdəyir, eləmi?

– Hə.

– Gələndə dayından soruş, bax, orda urus İvan rubilniki vuranda bir göz qırpımında Gürcüstanda da, Ermənistanda da və bizdə də neçə milyon işıx yanır. Yəni sən deyirsən Allahın Əzrayılı o urus İvanca da yoxdu?

Lağbaz geri çəkilmək istəmədi:

– Yaxşı, Rəşid əmi, Əzrayıl erkəkdi, yoxsa dişi?

– Qardaşoğlu, belədi, dana, hələ mənim sinəmə qonmuyuf. Nə vaxtkı sənin sinənə qonajax, onda əlinlə altdan-yuxarı bir yoxluyarsan. Əlin bir şeyə dəydisə, deməli, erkəkdi. Dəymədisə…

– Rəşid əmi, bax, niyə Allahın mələkləri olan İsrafilin, Cəbrayılın, Mikayılın adını camaat uşaqlarına qoyur, amma Əzrayılın adını heç kim qoymur?

– İnsannar özdəri ad qoydular-qoymadılar elə Əzrayıla dönüf, ona görə.

Məclisdəkilərin qırışığı bir az da açıldı, lağbazın özü də güldü.

***

Ehsan vaxtı çəngəl-bıçağın səsi mağarı başına elə götürmüşdü ki, elə bil bazardakı dəmirçilər məhləsindəsən. Gözünün ucuyla baxırdı. Görürdü ki, cavanlar arabir çıxırlar, qayıdanda da sifətləri qızarmış qayıdırlar. Ona elə gəldi ki, elə Yas Sahibi də, deyəsən, qonşu həyətə dəyib.

Ehsan bitdi, “Fatihə”sini verdi. Süfrə yığılandan sonra söhbətə başladı.

– O gün bir ovçu dostum zəng eliyif deyir ki, Ağcabədidən yaxşı turaş vuruf gətirmişəm, axşam gələrsən turaşplov yeməyə. Getdim. Sağ olsun xanımı, şahlara layıx plov dəmləmişdi. Oturdux süfrəyə, oğlanları da oturdu, xanımı da qulluq edir. Bir də gördüm xanımı gəlif böyük oğluna deyir ki, səni telfona çaarırlar. Uşax çıxdı, heş iki dəyqə keşmədi qayıtdı. Özündən balaca qardaşına dedi ki, ə, məni yox ey, səni çaarırlar. O da çıxdı yan otağa, qayıtdı. Bir az keşmiş xanımı balaca oğluna dedi ki, a bala, səni telfonda iş yerindən axtarırlar. O da getdi telfonla danışmağa. Tez döndü, böyük qardaşına dedi ki, ə, mamam səhv salıf ey, səni çaarırlar. Gah onu çaarırlar telfona, gah bunu çaarırlar. Telfonla danışdıxca üzləri də başdıyır qızarmağa. Dedim, nədi a bala, telfonda sizi dannıyırlar, hamınız qıfqırmızı qızarmısız? Evin xanımı bir də uşaxlardan hansınsa telfona çaaranda, dedim, ay bajı, o telfonu gətir qoy ortalığa, bu uşaxlar adam balası kimi rahat çörəhlərini yesinnər. İndi baxıram, yaman tez-tez qonşuya telfon dalınca gedirsiz. Belə getsə yaxın zamanlarda, – əli ilə Stepanakertdən gəlib Dorik müəllimin yanında oturmuş erməniləri göstərdi, – elə onnar kimi telfonu gətirif qoyassız ortalığa .

Yas Sahibi güldü:

– Rəşid əmi, işin olmasın, dədəm özü də yeyib-içən kişi olmuşdu. Neyləsinlər, Ləvənin plovu elə-belə getmir də.

Rəşid əmi:

– Nə deyirəm, Allah o yeyif-içən dədənə o dünyada da yeyif-işmək qismət eləsin.

***

Bayırda bir hərəkətlilik hiss olundu. Kimsə içəri girib Yas Sahibinin qulağına nə isə pıçıldadı, o da durub çıxdı bayıra. Əgər Yas Sahibi qonağın ayağına çıxırsa, deməli, qonaq ya vəzifəli adamdı, ya da uzaqdan gələn.

Fikirləşdi ki, yəqin, Prorektordu. Amma içəri Prokurorla Rəis daxil oldu. Stepanakertdən gələnlərlə ayrıca görüşdülər, camaata da başları ilə salam verib keçib yuxarı başda əyləşdilər və Rəşid əmi ilə də ayrıca salamlaşdılar. O da söhbətini saxlamadan salamlarını aldı və danışdığı hədisi bir az da qısa eləyərək bir “Fatihə” verdi və üzünü tutdu Rəisə:

– Ay Rəyis, prakuror da burdadı, bu şəhərə niyə əl gəzdirmirsiz?

– Rəşid əmi, nə olub bu şəhərə?

– Hərdən başın açılanda bir bulvar tərəfə get, cavanlar məhf oluf gedir. O şeyi bura dadandıranların öyü yıxılsın. Hər gün dava-qırğın, hər gün bıçaxlaşma.

Rəis zarafata salmaq istədi:

– Rəşid əmi, belədi də, sənin çörəyin ölənlərdən çıxır, bizimki də dava-qırğından, bıçaqlaşanlardan.

– Allah ikimizin də çörəyini kəssin.

– Rəşid əmi, sən Allah, heylə demə, ağzı dualı adamsan.

– Rəyis, qorxma, Allahın işi-güjü yoxdu, elə oturuf gözdəyir görsün Molla Rəşid nə deyir?!

Kimsə gördü ki, Rəşid əmi Rəisi sıxışdırıb, söhbəti dəyişmək üçün soruşdu:

– Rəşid əmi, deyirlər ki, nə vaxt dəvə incəlib iynənin ulduzundan keçəcək, onda da cəhənnəm əhli əzabdan xilas olacaq. Adamın heç inanmağı gəlmir ey, o boyda dəvə iynənin ulduzundan necə keçə bilər?

– Çox asan. Sənin gözüyün didəsi elə iynənin ildızı boyda döyül? Nejə olur ki, Allah günəşi, Ayı, nə bilim, neçə milyon kilometr uzaxda olan ildızdarı, heç uzağa getmiyək, bu boyda mağarı sənin o iynənin ildızı boyda olan didəndə yerrəşdirə bilir, amma dəvəni iynənin ildızından keçirə bilmir?!

– Rəşid əmi, vallah, sən alimsən.

– Alim deyiləm ey, sadəcə olarax Allaha səndən daha çox inanıram. Allah qadir Allahdı. Bu dünyanı yoxdan var edən Allahdı.

… Gün gələcəkdi məclisdə şirin avazla, özü də “Segah” üstündə “Quran” oxuduğu vaxt qəfil yer-göy dağılacaqdı. Mağarın yaxınlığına düşən “Qrad”ın qəlpələri elə “Quran” sədaları altında mağarı dağıdacaq, neçə adamı qanına qəltan edəcəkdi. O isə surəni yarımçıq saxlayıb təlaş içində ora-bura qaçanlara, vay-şivən qoparanlara baxacaqdı, sonra özünü toxtayıb surəni axıradək oxuyacaqdı. Və bu Onun yas məclislərində oxuduğu son “Quran” olacaqdı.

Günü qəbiristanlıqlarda keçəcəkdi, şəhidlərin dəfnində. Şəhidlər o qədər çox olacaqdı ki, dəfn etməyə molla da çatmayacaqdı, heç yas mərasimləri də qurulmayacaqdı. Elə dəfn qurtaran kimi hamı silahını götürüb səngərə qaçacaqdı. Yalnız cəbhə xəttindən uzaq kəndlərdə camaat özü şəhidlərə yas saxlayacaq və ehsan verəcəkdi.

… Hələ o günə çox vardı. Hələ dünya gözəl dünyaydı. Hələ bu şəhərdə avtomobil qəzalarını saymasaq insanlar gül kimi qocalıb çox gözəl də ölürdülər.

Hələ O qocalıb gözəl ölmüş bir ağsaqqalın yasında başda əyləşib məclisi aparırdı.

İçəri girəndə görmüşdü ki, rəhmətliyin cavanlıq şəklini vurublar gəbənin üstünə, özü də qalstuklu-zaddı. Hansı ki, yazıq ömründə heç vaxt qalstuk taxmamışdı, bu şəhərdə qalstuk taxana belə birtəhər baxırdılar.

Başını bulayıb demişdi:

– Ay bala, bu şikli dəyişin. Kənardan gələnlər elə bilərlər növcavan ölüf, ehsan yeməzlər.

Bu şəhərdə cavanların yasında ehsana əl uzatmazdılar.

Yas Sahibi də onun sözündən sonra şəkli dəyişmişdi…

İsti onu lap təntitmişdi. Mağardakı sərinkeşlər yaxalarını cırsalar da, az tafovut eləyirdi. Sərinləmənin yeganə yolu çay idi. Əli ilə işarə elədi ki, çay gətirsinlər. Bunu görən lağbaz cavanlar bir-birlərinə göz-qaş elədilər, başlamaq vaxtıdı. Hamı yaxşı bilirdi ki, Rəşid əminin bir şakəri var, əgər söhbət edirdisə, çay içməzdi və çay içəndə də söhbət eləməzdi. Çayçı Əziz stəkanı gətirib qoydu Rəşid əminin qarşısına. Kişi əlini atıb stəkanı götürəndə cavanlardan biri:

– Rəşid əmi, bu təsbeh niyə otuz üç dənədi ey?

Stəkanı qaytarıb qoydu nəlbəkiyə. Tərs-tərs sual verən cavana baxıb sözə başladı. Azı iyirmi dəqiqə məlum hədisi danışdı. Fikrini bitirdikdən sonra əli ilə Çayçı Əzizə işarə elədi ki, bu çayı dəyiş.

Çayçı Əziz ikinci stəkanı gətirib qoydu onun qarşısına. Əlini atırdı ki, stəkanı götürsün, başqa bir cavan:

– Rəşid əmi, o namərd ki, məsciddə həzrət Əlinin kürəyinə xəncər vurdu ha, necə olub ki, həmin gün Müaviyəni də öldürməliydilər, amma öldürmədilər?

Yenə stəkanı qaytarıb qoydu nəlbəkiyə, yenə tərs-tərs həmin cavana baxdı. Sonra dəsmal ilə üz-gözünün, boyun-boğazının tərini sildi və başladı həmin hədisi danışmağa. Bir yarım saat da bu çəkdi.

Söhbəti bitirdi. Hirs vurub kişini, boğazı quruyub, yenə işarə elədi ki, tez bu çayı dəyişin. Baxdı ki, cavanlar bığaltı gülümsəyirlər.

Üçüncü stəkan gəldi. Əlini çaya atmaq istəyirdi ki, cavanlardan bir başqası:

– Rəşid əmi, o xəndək davasındaki həzrət Əli…

Rəşid əmi cavana sualını tamamlamağa imkan vermədi. Stəkanı götürdü və dedi:

– Ay oğul, ciyərim yanır, qoy bir bu çayı içim. Allah qoysa, onu da sənin dədəyin yasında danışaram.

Məclisi pıqqıltı tutdu. Söz özünə də ləzzət elədi, özü də güldü.

Yenə bayırda bir hərəkətlilik yarandı. Yenə kimsə girib Yas Sahibinin qulağına nəsə pıçıldadı, o da durub çıxdı bayıra.

Fikirləşdi ki, yox ey, bu dəfə gələn mütləq Prorektordu. Yanılmadı. Mağara əvvəl Prorektor, arxasınca da Katib girdi. Beş-altı nəfər ayağa qalxmaq istədi. Katib əli ilə işarə elədi ki, olmaz.

Hər ikisi gəlib onunla əlbəəl görüşdülər və sağ tərəfdə əyləşdilər.

***

Çox qəribə bir təsadüf baş vermişdi. Aşura günü 1 Maya düşmüşdü. Aşurada Qarabağın demək olar ki, bütün rayonlarının camaatı bu şəhərə axışırdı. Ölkədə rəsmi olaraq fəaliyyət göstərən 4-5 məscidin biri də bu şəhərdə idi. Qətl günü məscidin qarşısına bəlkə də 50-60 min adam yığılırdı, iynə atsan yerə düşməzdi. Məscidin ətrafındakı yolları da maşınlar üçün bağlayırdılar ki, camaat əziyyət çəkməsin.

Ehsan verilərdi, şərbət paylanardı, dürməkdə halva paylanardı. Və bu ehsanı da gələn camaat öz gücüylə təşkil edərdi. Kasıbın olanından – kimin evində nə bişirdisə bir qazanını vurub qoltuğuna, gətirirdi bu ehsan süfrələrinə.

Kəlbəcərlilər, laçınlılar özləriylə gətirdikləri say-seçmə qoyunları Məscidin böyründə xüsusi yerdə kəsib iri qazanlarda bozartma bişirərdilər ki, adam yedikcə yemək istəyərdi.

1 May günü, təbii ki, Lenin meydanında böyük bir nümayiş olurdu. Məktəblilər, idarə və müəssisələrin işçiləri sıra ilə əllərində də Siyasi Büronun üzvlərinin portretləri, qardaş respublikaların bayraqları gəlib Lenin heykəlinin qabağında quraşdırılmış tribunanın önündən keçirdilər – sevinclə, əl yelləyə-yelləyə, “Urra!” bağıra-bağıra.

Həmişə də nümayişin önündə əlində Stalinin portreti Dəli Kərəm keçərdi. Dəliliyi-filan yox idi, sadəcə elə belə hərəkətlərinə görə “dəli” deyib yola verirdilər. Şüarı da “Yaşasın Stalin” idi. O Stalin ki, Dəli Kərəmin nəslinin yarısını güllələtmişdi, yarısını da yük vaqonlarına doldurub göndərtmişdi Qazaxıstana. Və hələ də çoxu elə orda yaşayırdı. Özü də internat uşağıydı.

Lenin meydanına yol Məscidin önündən keçirdi. Nümayiş saat 10-da başlayırdı və bir saatdan da çox çəkirdi.

İndi çıxılmaz vəziyyətə düşmüşdülər. Çünki saat 10-dan da camaat yığılırdı Məscidin önünə.

Raykomun instruktoru gəldi Rəşid əmigilə.

– Rəşid əmi, Katib səni çağırır.

– Ölüsü düşüf?

– Yox.

– Bəs onda Katip məni neyniyir?

İnstruktor güldü:

– Yəqin, partiyaya keçirəcək.

– Ay bala, mən İmam Hüseyn partiyasının üzvüyəm, ondan da böyük partiya tanımıram.

Oturdu instruktorun maşınına, gəldilər raykoma.

Katib Allah adamıydı, “Quran”ı da çox gözəl bilirdi. Təkcə İslamı yox, elə bütün dinləri bilirdi. Hətta iclaslarda “Quran”dan misallar çəkməkdən çəkinməzdi.

Rayona gələn kimi də ilk işi iki əsr yaşı olan Məscidin böyür-başındakı, üzbəüzündəki dükanları, yeməkxanaları sökdürmək olmuşdu. Məscidin önünü, üzbəüzdəki ərazini bağ-bağat eləmişdi, gül-çiçək əkdirmişdi. Hələ bir Çay evi də tikdirmişdi. Məscidin önünə bulaq çəkdirmişdi. Yolu məscidin önündən keçənlər və ya namaz qılmağa, nəzir-niyaz verməyə gələnlər hər gün Katibin dədəsinə rəhmət oxuyurdu.

– Rəşid kişi, bilirəm ki, sənin təkcə bu şəhərdə yox, bütün Qarabağda xətir-hörmətin var, ağır kişilərdənsən, səni eşidirlər. Bəlkə bir camaatla danışasan Aşuranı bir saat arxaya çəksinlər ki, biz nümayişimizi keçirə bilək, yoxsa aləm dəyəcək bir-birinə.

Rəşid əminin üzünə bir istehzalı təbəssüm qondu:

– Katip, təh bizim camaat olsa, birtəər yola verməy olar. Mən Laçına, Şuşaya, Ağcabədiyə, Bərdəyə, Kəlbəcərə, Stepanakertə nejə çatdırım ki, Aşuraya saat on birdən sonra gəlsinlər. Bir də Qətli nejə arxaya çəhməy olar, saat on ikidə sınır. Bunu mənnən yaxşı bilirsən.

– Bəs indi neyləyək?

– Katip, sənin əlində qəzet var, radyo var, böyük bir təşkilat var. İmkanın var ki, məytəvlərə, təşkilatlara xəbər göndərəsən ki, nümayiş saat onda yox, doqquzda başlıyajax. Vəssalam, sənin də işin düz getsin, bizim də.

Katib bir xeyli fikrə getdi, sonra dedi:

– Rəşid kişi, sən doğrudan da deyilən kimi varsan, müdrik adamsan. Qoy elə sən deyən kimi olsun.

Sonra üçüncü katibi çağırıb göstərişlərini verdi.

Rəşid əmi qalxdı ayağa:

– Elə sən də Allah adamısan. Allah işini avand eləsin! İndi gedə bilərəm?

Katib:

– Bir dəqiqə gözlə, – dedi və keçdi arxa otaqdan məxmərə bükülmüş bir kitab gətirdi, – Rəşid kişi, bu da məndən sənə bir hədiyyə. Qurandı, Azərbaycan dilində. – kitabı öpüb verdi Rəşid əmiyə.

Rəşid əmi də kitabı öpüb gözünün üstünə qoydu və dedi:

– Sağ ol, Katip. Maa bunnan böyük hədiyyə ola bilməz.

Və səhərisi gün nümayiş də çox sakit keçmişdi, Aşura da.

***

Söhbətə Katib başladı:

– Rəşid kişi, işlər necədi?

– Elə də yaxşı deyil.

– Niyə?

– Əvvəla, ölənlər çoxalıf. Havadandı, yeməhdəndi, nə bilim nədəndi, həm də cavanlar yaxşı böyümür. Bulvar oluf o iki adam ölənəcən döyüşür ey, onun adı nədi?

Kimsə yerdən dedi:

– Qladiator.

– Hə, hə, qladyator meydanı. Qorxuram bunun axırı heş yaxşı olmaya.

Bu sözü eşidəndə Rəisin bir az rəngi qaçdı.

Katib:

– Rəşid kişi, sən bu rayonun sayılıb-seçilən ağsaqqallarından birisən. Özün də dinimizi, tariximizi bilən bir ziyalısan. Gözəl sözlərini, fikirlərini yas yerlərində deyirsən. Deyirəm bəlkə hərdənbir məktəblərdə sənlə görüşlər keçirsinlər, ya ayda bir dəfə müəllimləri, məktəbliləri yığaq mədəniyyət evinə, sən də bir az dinimizin əxlaqi dəyərlərindən onlarla söhbət edəsən?!

– Sağ ol, ay Katip. Onsuz da özüm hərdən bizim uşaxların oxuduğu məytəvə valideyn iclaslarına gedirəm, orda da sözümü deyirəm. Yaxşı olar ki, məytəvlərdə tədbirlərin sayı artırılsın, rayon tədbirləri tez-tez olsun, uşaxların başı qarışsın belə tədbirlərə, bulvardan, bazardan, çayxanalardan yığışsınlar. Bayaq Rəyisə də deyirəm, özü də hələ uşax milisi də var, bir çıxsınlar bazara, meydana, çayxanalara. Əvvəllər internat uşaxları olardı, indi az qala bütün məytəvlərin uşaxları elə internat uşaxları ola! Yaxşı ki, Yusif müəllim var, heç olmasa bu dəjəl-düjəl uşaxların çoxunu küçələrdən yığıf-yığışdırıf gətirif idman məytəvinə.

İdman məktəbinin direktoru Yusif müəllim də məclisdəydi. Təbii ki, rayona yeni gəlmiş Katibə onun haqqında deyilən xoş sözlərdən məmnun oldu, başı ilə də Rəşid əmiyə bir təşəkkür elədi.

Katib:

– Rəşid kişi, çox düz buyurursan. Elə bu yaxınlarda fikrim var rayon ziyalılarını yığım bir yerə, elə siz də orda olasız, bu dediklərinizi də, həm də demədiklərinizi orda bir müzakirə eləyək.

– Katib, bilirəm Xuduynan, Bəxtiyarnan, Nurəddin doktornan, elə bizim Şahmarnan bərk dossan. Onnar da tez-tez rayona qonax gəlirlər, sən də onnarı götürüf aparırsan Şuşuya, ya Dəlidağa. Yaxşı eliyirsən. Amma onnar gələndə təşkil elə qoy mədəniyyət evində, məytəvlərdə görüş keçirsinlər. Onnarın sözü mənim dedihlərimdən daha ötkəm olar. Onnar məndən müdrik adamlardılar. Öyün Zeynal məllimə deyirəm, deyirəm ki, bu qojaları başına yığıf Füzulidən danışdığını get məytəvlərdə uşaxlara danış. Sən gəl Zeynal məllimi maarif midiri qoy ey, həmkarları hamı işdədə bilər.

Katib güldü:

– Neçə dəfə demişəm, deyir yaşım keçib, təzədən məktəblərlə işləyə bilmərəm.

– Partiyanın əsgəri döyül? Hara deyirlər, ora da getməlidi dana.

Katib:

– Rəşid kişi, yaxşı bilirsən ki, o, partiyadan çox, Füzulinin əsgəridi.

Məclisin qırışığı təmiz açılmışdı. Katibin Rəşid əmiylə belə səmimi söhbəti hamıya ləzzət eləmişdi.

Prorektor da sakitcə oturmuşdu, söhbətə qarışmırdı.

Sonra Katib dedi:

– Rəşid kişi, bəlkə bir “Fatihə” verəsən, iş çoxdu. Professor da qonağımızdı. İstəyirəm rayonda gedən işlərlə yaxından bir tanış olsun. İcazə versən, sonra lap Şuşaya da apararam.

Rəşid əmi güldü:

– Katip, hamı icazəni sənnən alır.

Katib:

– Rəşid kişi, buranın da katibi sənsən də.

Bir “Fatihə” verdi. Katib Prorektorla qalxdı, yenə Rəşid əmiylə əlbəəl görüşdülər, sonra da onların ardınca Prokuror, Rəis Yas Sahibinə başsağlığı verib çıxdılar.

Rəis çıxmamışdan əvvəl gəldi Rəşid əminin yanına. Cibinə bir əllilik basdı:

– Rəşid əmi, dədəmə bir “Quran” oxuyarsan.

– Nayran olma, bir hazır surə var, tapşıraram dədənə.

Rəis başını bulaya-bulaya güldü və çıxdı.

Onları yola salandan sonra Yas Sahibi gəldi Rəşid əminin yanına, qulağına pıçıldadı ki, axşam saat 9-dan sonra gedərsən Qonaq Evinə, Prorektor səni gözləyəcək. Dedi ki, arxayın olsun.

– Amanatı da aparım?

– Yox. Amanatı səhərdə-birisigündə mənə çatdırarsan, qaçhaqaç deyil ha. Özü də dedi ki, kasıb adamdı, on min çoxdu, elə beş min versə bəsdi.

– Allah onun da, sənin də balalarını saxlasın. Dədənə də elə bir yasin oxuyajamkı cənnətdə nə qədər huri-qılman var yığışajax başına. Elə burdakı kimi orda da kef partdadajax.

Sonra da yerini rahatladı, yenə bir stəkan çay içdi və başladı şirin avazla “Yasin” surəsi oxumağa.

Yas Sahibi də gözlərini yumub ləzzətlə qulaq asırdı və dədəsini cənnətdə huri-qılmanların arasında təsəvvür edirdi.

Amma bilmirdi ki, bu dəqiqə dədəsini Qarağacıda inkir-minkir salıb çubuğun altına, bu dünyada etdiyi günahlara görə şülüyürlər.

***

… Dayanmışdı Küllük təpənin üstündə. Haçansa bu təpə də qəbiristanlıq olmuşdu. Özü də çox qəribəydi ki, burda müsəlman məzarlarının arasında neçə-neçə xristian qəbiri də vardı. Səbəbini heç bilən də yoxuydu. Bu təpədən şəhər əl içi kimi görünürdü. Baxırdı yanan şəhərinə. Göydən od yağırdı şəhərə. Təpənin yanından keçən yolda maşın-maşına dirənmişdi. Yüzlərlə də adam pay-piyada. Bəzilərinin də qucağında, boynunda uşaqlar üz tutmuşdular yaxın kəndlərə.

Müharibə başlayandan yüzlərlə şəhidi dəfn eləmişdi. Heç çoxuna ölü namazı da qılmamışdı, çünki vaxt yoxuydu. Yas yerlərini çatdırmaq olmurdu. Qarağacı da Əsgəran tərəfdən güllə altında qaldığından şəhidləri də tələm-tələsik basdırırdılar. Məsciddən sayı hesaba gəlməyəcək qədər şəhid kəfənlədib haqq dünyasına yola salmışdı. Çoxlarını heç kəfənləmək də olmurdu, ya parça-parçaydılar, ya da yanmışdılar deyin əyindəkiləri çıxarmaq olmurdu. Məcbur olub hələ qanlarının, yaralarının üstünə torpaq səpdirirdi, sonra da elə geyimli-gecimli kəfənlədirdi, belələrini tabutda basdırdırdı. Bəzilərinin üstündən heç sənəd də çıxmırdı, haralı olduqları, kim olduqları bilinmirdi. Məscidin axundu Barata deyirdi ki, bunların şəkillərini çəkdir, qəbirlərini də nömrələ vur dəftərə, bir gün sahibləri çıxar.

İndi isə gözünün qabağında şəhəri şəhid olurdu – “Quran”sız, “Fatihə”siz.

Baxırdı və fikirləşirdi ki, 70 il qulluğunda durduğu Allah bu zülmü nə təhər götürür. Təkcə şəhərdəki evlər yanmırdı, təkcə camaatı qırılmırdı, şəhid olmurdu, bu şəhərin duzu da, zarafatları da, suyu da, havası da şəhid olurdu.

Bu şəhər şəhid olmalı şəhər deyildi axı…

Və şəhər yanırdı. 70 ildən çoxuydu hər namazda, hər “Quran” oxuyanda Allahdan əmin-amanlıq istəmişdi, bu millətə xoş günlər arzulamışdı, bu şəhərə xoş günlər arzulamışdı. Və indi, nədənsə, Füzulinin bir beyti dolanırdı başında:

“Allah, bu nə zülm, bu nə sitəm,

Qiyami qiyamətlər içində bu qiyamət”.

İndi qiyamət günü deyildi, bəs, onda bu nə qiyamət idi, bu nə zülm idi, bu nə sitəm idi? Allah bu 70 ildə onun dualarını eşitməmişdimi? Və Allah bu zülmü, bu qiyaməti görmürdümü? Elə isə Allah niyə susurdu? Niyə göz yumurdu bu zülmə, bu qiyamətə?

Və birdən-birə şəkk elədi. Və çöndü oğluna dedi:

– Allah yoxdu, oğul!

Və çox qəribədi ki, Allah onun 70 illik dualarını qəbul etmədiyi halda, şəkkinə qəzəbləndi və bir “Qrad”ı düz Küllük təpəyə tərəf uçurdu.

İlkin mənbə:

Əzrayılın erkək-dişiliyi – Aqil ABBAS – hekayə | Edebiyyatqazeti.az

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Balayar Sadiq – Yeni poema

Tanınmış şair Balayar Sadiqin yeni poeması bilginlərin və oxucuların ümumi müzakirəsinə təqdim olunur: – rəylərinizi şərh bölməsinə yaza bilərsiz. – FİKİRLƏRİNİZ BİZİM ÜÇÜN ÇOX DƏYƏRLİDİR.

Hərflərin hərifi
(neo-poema)

İmadəddin Nəsiminin 650 illiyinə

1
Səslər uçub
qonurdu
hərflərin dodağına…

Titrəyirdi göy üzü
ilk öpüşdən
uçunan
bakirə yanaq kimi…

Bir sözün ətrindən
qapısı gülümsəyirdi
on səkkiz min aləmin…

Mələklərin alnından
öpürdü qələm.
Kəbənin üzündəki
qara xal nazlanırdı…

2

Yollar ləpələnirdi
sükut əlifbası tək…

Hərflərin həyasından
əcəl yaşmaq tuturdu
mərifət yollarında…

3

Bir eşq misalıydı
rəqəmlərin payızı…
Səhraların könlündə
bir dərviş üşüyürdü…

Əsirdi vəhdət küləyi
ayrılığın
yanağı allanırdı…

4

“Dörd” yerdən çatlamışdı
heyrət güzgüsü

“Beş”lərin işığında
“Altı” naxış gülürdü…

Hər naxışın
Otuz iki” ilməsi “
quş dili” öyrənirdi…

5

Cahanın
Nəsimi vaxtıydı…

Üzündə Həvva çiçəkləmişdi
Adəmin…

6

“Yeddi” rəng
danışırdı
“İyirmi səkkiz” ləçəkdə…

7

“Məqtə”dən
“mətlə”yəcən,
Pünhan-pünhan
yaddaş damcılayırdı gələcəkdən…

8

İndi
ümidləri mərmi qoxulu
Hələb şəhərinin
göz yaşlarını silir “Ağrımaz” qəzəli –
sən keçdiyin küçələr boyu…

9

Zamanın əlləri
mərmi-mərmi yarpaqlay
Hələb küçələrində…

“Ənəlhəqq” sözünün
yaddaşını
misra-misra soymaq
“pünhana xoşdur, yaxşıdır”.

10

Min Kəbə ziyarətidir
bir hərfin
könlünü almaq…

Bir “Xeybər”in fəthidir
min hərifi
könlünə almaq…

11

“Quran”ın ovcuna
dağılmış sözlər
hansı ziyarətdən
gəlir?!

Barmağını dişləyir
həqiqət…

12

Mərmilərin alnında
bayraq-bayraq
dalğalanır “Ənəlhəqq” sözü…

Sən o sözün
hansı hərfindəsən? – sorusur
bir doluxsunmuş dərviş…

13

“Qibləgah”dan
“Səcdəgah”a gedən yolun
ayağını qan aparırdı…

Qan bu yolu
heyran-heyran aparırdı… 14

Alınlardan
üçub gedən yazıların
arxasınca
əl edən hərflərin
göz yaşını
səndən başqa
oxuyan olmadı…

15

Ruhunda
rəqəmlərin təbəssümüdür
ölümün dadı.

16

Adamlardan
yıxılırdı Allah,
Allahdan
adam-adam
yıxılırdı rəqəmlər,
səslər, hərflər…

17

Hərflərdən yıxılırdı
əlifbalar, dövranlar
dərvişlər…

Hər dərvişin dilində
bakirə bir “Ənəlhəqq” sözü
üşüyürdü üzü qibləyə.

18

Sən o sözün içindən
keçib gedirdin
hər gün
könlündəki
göyərçinlərə
misra səpməyə…

19

Hələ də
bir quşun dimdiyində
bir misra çırpınır…

20

Hər gecə mələklər
uçub gəlir
o misranın qoxusuna…

Hərflər hər gecə
daş atır
o misranın içindəki
Sözün yuxusuna… 21

Beyt-beyt əsir
Sözün nəsimi
və sənin əynində
nimdaş xatirədir
rəqəmlərin köynəyi…

22

Hələb küçələri
sənin dodağında
intihar edən misraya
salavat çəkir hələ də…

23

650 ildir
Allahdan yıxılırsan,
Allaha yıxılırsan…

Qarışqalar qibləyə
daşıyır səsini…

24

Yuxusunu qarışdırıb rəqəmlər…
Eşqdə güzgülənir
bir dərviş…

Qapsını açıq qoyub
həqiqətin…

25

“Allahu-Əkbər” yollarının
yaxasına qonub
“Ənəlhəqq” nidası…

Gülümsəyir minarələr
bir dərviş dodağındakı
şehli həqiqətlərə…

26

Varaqlar üstə
səcdəyə
durub eşq…

Qələm
həyadan qaldırmır
başını…

27

Kərbəla çöllərini
qoltuğuna vurub
hardan gəlir,
bu dodağı qurumus
“Ənəlhəqq” sözü?

28

Allahın
kövrələn vaxtıdır…

Misralar utandığından
hərflərin üzündə
gizlədir
Allahın göz yaşını…

Hərflər susur…
sən danış…

bir misra təzələ
Sözün yaddaşını…

Müəllif: BALAYAR SADİQ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu

Təvəkkül GorusluDAN BİR ŞEİR

AYRILA BİLMƏRİK

Sevgi mehrabına uzun yol gəlduk,
Mən səni, sən məni ilahi bildik,
Ürəyi ovcunda çırpınan əldik,
Ayrila bilmərik belə tələsik!

Dumanı tərk etməz dağın ətəyin,
Arısı buraxmaz balın, pətəyin,
Ayrılıq çalmasın neyin, tütəyin,
Ayrıla bilmərik belə tələsik!

Mən sənə”həyatım”, “nəfəsim” dedim,
Sən mənə həyata həvəsim dedin,
İndi hara gedək…hayana gedim,
Ayrıla bilmərik belə tələsik!

Gündüzə günəşik, gecəyə ayıq,
Birimiz dənizik, birimiz çayıq,
Sən mənə, mən sənə Tanrıdan payıq,
Ayrıla bilmərik belə tələsik!

Sən mənim çiçəyim, mən sənin gülün,
Bəzəyək sevginin çəmənin, çölün,
Ayırsa bizləri ayırar ölüm,
Ayrıla bilmərik belə tələsik!

Qoy əvvəl ruhumuz candan ayrılsın,
Ürəklər ürəkdən , qandan ayrılsın,
Təvəkkül canandan onda ayrılsın,
Ayrıla bilmərik belə tələsik!

17.09.2019.

Müəllif:TƏVƏKKÜL GORUSLU MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Müzəffər Məzahim

Yeni dərs ili münasibəti ilə bütün müəllim, şagird və tələbələri, ələxsüs bu il ilk dəfə məktəbə gedən balalarımızı təbrik edir, uğurlar arzulayıram. Hörmətlə: Müzəffər Məzahim

YOLUN UĞURLU OLSUN

(Birinci sinifə gedən balalarımıza)

Məktəblisən bu gündən,
Ay mənim dəcəl balam.
Necə yaraşır sənə,
Bu adın gözəl balam.

Təzə-təzə dostların,
Bu gün başında cəmdir.
Daha oyuncaqların,
Kitab, dəftər, qələmdir.

İşıqlı sabahlara,
Quş kimi aç qol-qanad.
Kitablardır pənahın,
Oxu, hər arzuna çat.

Yazacağın ilk “Ana”,
“Vətən” sözün mübarək.
Məktəbə ilk addımın,
İlkin izin mübarək.

Elə birinci gündən,
Yolun yüksəliş olsun.
Bütün dərsləri öyrən,
Qiymətlərin beş olsun.

Sevinsin müəllimin,
Atan-anan öyünsün.
Bap-balaca ürəyin,
Arzularla döynsün.

Get elm öyrən, bilik al,
Yolun uğurlu olsun.
Sənə gəl-gəl söyləyən,
İlin uğurlu olsun.

Müəllif: Müzəffər Məzahim

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İlham Vəliyev “Vintsas” Mükafatı ilə təltif olunub

Şamaxı Dövlət Regional Kollecinin direktoru, İqtisad elmləri namizədi, dosent, cənab İlham Vəliyev “Vintsas” Mükafatı ilə təltif olunub. Mükafat laureata 16 sentyabr 2019 – cu ildə Şamaxı şəhərində – Şamaxı Dövlət Regional Kollecində – Bilik Gününə həsr olunmuş tədbirdə “Yazarlar” jurnalının Baş redaktoru, şair-publisist cənab Zaur Ustac tərəfindən şəxsən təqdim olunmuşdur.

QISA ARAYIŞ

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi  (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə  indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif  vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir.

Həm yeni tədris ilinin başlanması, həm də bu mükafat münasibəti ilə İlham müəllimi təbrik edir, fəaliyyətində yeni-yeni uğurlar arzu edirik.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ƏBÜLFƏZ ÜLVİ

ƏBÜLFƏZ ÜLVİ – SÖZ

SEVDAMIZA

Sev, yad fikirlərə olmayaq həmdəm,
Az fikir veririk az, sevdamıza.
Kağız səndən olsun, qələmi məndən,
Adını əlinlə yaz sevdamıza.

Sevgisiz ömür-gün asan sayılmaz,
Sevib, sevilməyən insan sayılmaz
Saç seyrək olarsa, nöqsan sayılmaz.
Təki deyilməsin daz, sevdamıza
.
Həsrəti yandıraq oda, közündə,
Məhv olar hər cürə qada közündə,
Sevdanı isidək sevda közündə,
Yan ala bilməsin buz sevdamıza

Qoparaq kəntöyü badını eşqin,
Bir az da artıraq dadını eşqin,
Gəl elə qoruyaq adını eşqin,
Qeybət “dul” deməsin “qız” sevdamıza.

Ülvi, sən də soyun dərd bələk olsa,
Əbədi geyinək xoş dilək olsa,
Bulaqdan götürək su gərək olsa,
Gözsiyu verməsin göz, sevdamıza.
12.09.2019.

<<<ƏBÜLFƏZ ÜLVİ – SÖZ>>>

DÜNYADAN KÜSMÜŞƏM

(Dünyadakı neqativliklərə)

Mən dünyadan yetərincə küsmüşəm,
Can qoyuram, düz gətirmir mənimlə.
Bir az deyil betərincə küsmüşəm,
Ortaq olub şənimlə yox, qəmimlə.

Vecə almır, namərdi çox, mərdi kəm,
Asılıdır gör kimləri, kimidən.
Mən dünyanın əvvəlini bilmirəm,
Bəlkə özü namərd olub himindən.

Məhrum edib gülü sevgi tacından,
Salmaq üçün tora, təzə tor tapıb.
Bu dünyanın günahından, suçundan,
Məhəbbət də dara düşüb, çor tapıb.

Düşünən yox, nəyi əkdim nə dərdim
Dərdin çəkmir tox acından ölənin.
Hər tikəsin min tikəyə bölərdim,
Bu dünyanı təbəqəyə bölənin.

Haqq görümmür, haqqı elə yeyiblər,
Bu dünyanın hər addımı şərdi, şər,
Zər qədrini zərgər bilər deyiblər,
Görən nə vaxt gələcəkdir o zərgər?
13.09.2019.

<<<ƏBÜLFƏZ ÜLVİ – SÖZ>>>

QALIBDIR

Nəfəsində diriliyin sehri var,
Hələ dadı damağımda qalıbdır.
Səndən gələn eşqin özəl mehri var,
Eşqin ürək otağımda qalıbdır.

Oynatmışam öz rolunda Leylimi,
İstəyimdən sən çalmısan xeylimi,
Neylədinsə cəzb etmisən meylimi,
Özgələri sorağımda qalıbdır.

Bu dünyada çox nakəslik baş alıb,
Bu xislətdən çox göz küsüb, yaş alıb,
Sən keçmisən imtahandan beş alıb,
Nadan nifrət qalağımda qalıbdır.

Nə görübdür eşqin məndə, tez alıb,
Hər şey sənin, canda mənə nə qaalıb?
Təbəssümün ürəyimdə iz salıb,
İntizarın dalağımda qalıbdır.

Əllərimi gətirəndə yaxına,
Yox demisən həmmlələrin çoxuna,
İzinin ver tellərinə toxunam,
Bu borc kimi ayağında qalıbdır.
15.09.2019.

<<<ƏBÜLFƏZ ÜLVİ – SÖZ>>>

KÖNLÜMÜ

A canım, sən bəyəm məndən keçmisən,
Axı neyləmisən əsir, könlümü?
Elə bil hicranı cəllad seçmisən,
Qılıncın sıyırıb kəsir könıümü.

Yoxsa ixtiyarın Sultan, Xan keçib,
İşlət yaxşılığa belə an keçib,
Ürəyim Məcnunun kursundan keçib,
Zənn etmə almayıb təhsil, könlümü.

Yoxsa
Tanrım mənə qəza göndərib?
Sənin qiyafəndə cəza göndərib,
Yayda da, yazda da buza döndərib,
Sən mənə verdiyin fəsil könlümü.

Sevdanı sındırsan, düzəltməz yaxı,
Tez götür aradan kədəri, ahı,
Sənin öz sinəndə döyünür, axı,
Yəqin görməmisən əsil könlümü.

Ülviyəm, taleyim onsuz dərd alıb,
Zaman elə ona qəmi sərt salıb,
Qarabağ bir, təkcə könlümdə qalıb,
Sən də götürmüsən əsir, könlümü.
16.09.2019.

Müəllif: ƏBÜLFƏZ ÜLVİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Məmməd Mərzili

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (15 Sentyabr 1956 ) gözəl insan, əsl dost və sevimli şair Məmməd Mərzilinin doğum günüdür. Ad gününüz mübarək, Məmməd müəllim!!! Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Meyxoş Abdullah

Səma mələyi…
(hekayə)

(Sən mənə Tanrı dərgahı qədər ucasan, ey Qadın… M.A.)


… O qız çox gözəl idi. Allah onu, elə bil özü üçün yaratmışdı. Bütün məharətini, sevgisini, sanki bu qızın gözəlliyinə həsr etmişdi. Uzun boyu, cazibədar görkəmi, bir baxışıyla ürəklərə dərd salan iri, qara gözləri, quş pətənəyinə bənzəyən alqırmızı dodaqları, alma kimi qıpqırmızı yanaqları, dağçayı kimi şırım-şırım şırımlanıb kürəyinə səpələnən gur, qara saçları, enli sinəsindən köynəyinin yaxasını dikəldən döşləri, o qızı göydən enmiş bir səma mələyinə bənzədirdi. Onu görən kişilər evləndikləri qadınları sarıdan nə qədər bədbəxt olduqları barədə düşünürdülər.
Qız isə, onun dərdindən ölənləri sanki görmürmüş kimi öz sirrli, sehirli aləmində idi. Heç kəsin qəlbinə dəyməz, yan-yörəsində olan, onunla maraqlananlara isə mehribanlıq göstərərdi. O, gözəl olmaqla yanaşı, həm də çox ağıllı, qürurlu bir qız idi. Bu xasiyyətinə görə onu tələbələrin hamısı sevirdi, hətta subay, cavan müəllimlər də.
Universitetin dördüncü kursunda oxuyarkən hamını təəccübləndirən bir hadisə baş verdi. Kimsənin yuxusuna belə girməyən bu hadisə çoxlarının hıçqırığını içində qoydu. İradənin Camal adlı bir oğlanla görüşdüyü xəbəri yayılanda, çoxları Allahın bu qıza ağıldan başqa hər şey verdiyinə inanmaq istəyirdi.
İradənin sevib, könül verdiyi Camal adlı oğlan, onu sevənlərin və dərdindən ölənlərin yanında çox aciz və gülməli görünürdü. Yarı-yaraşığı olmayan bu oğlan, bu hadisəyə qədər heç kəsin diqqətini özünə cəlb etməmişdi. Birdən-birə belə bir söz-söhbətin yaranması, doğurdan da, çoxlarına qəribə gəldi və Camal az bir vaxtda barmaqla göstərilən bir adama çevrildi.
Dördüncü kursun başa çatmasına az qalmış İradə ilə Camal nişanlandılar. Qurbağa gölünə daş atılmış kimi hamı sakitcə öz içinə çəkilərək, bu cütlüyün gələcək taleyinin necə olacağıyla maraqlanırdılar. Sinələrinə çalın-çarpaz dağ çəkilmiş İradəni sevənlərin qəlbindən, qəribə də olsa, qara fikirlər keçirdi… Bu fağır və aciz bəndələrin ürəklərindən keçənləri Allah duyduqca, o da gülümsəyirdi… Çünki Allahın özünün də bu qızdan xoşu gəlirdi və xoşu gəldiyi bəndəsini də həmişə sınağa çəkər Allah, – deyirlər.
Bu hadisənin üstündən bir müddət vaxt keçmişdi, gənclər toya hazırlaşırdılar. Toy günü də, artıq dəqiqləşdirilmişdi. Elə bu zaman qəribə bir hadisə baş verdi. İradənin könül verdiyi Camal həyətlərindəki qoz ağacından yıxılaraq onurğasını qırdı.
Bu xəbər İradənin dərdindən ölənlər üçün elə də bəd xəbər olmadı. Amma İradə üçün bu xəbər dünyanın sonu kimi göründü… Sevdiyi bir adamın bu hala düşməsi qızın dünyasını altüst etdi. O, bütün varlığıyla ağrı içərisindəydi.
Cəlalın aparılmadığı xəstəxana, göstərilmədiyi həkim qalmadı. Hara apardılarsa, bu xəstəliyin sağalmaz olduğunu, Cəlalın ömürlük şikəst qalacağını söyləyirdilər.
Ümidsizlik ailələri yaman pərişan etmişdi. Hər iki tərəf məyyus idi. Onlar bu ağır hadisənin sonunu ancaq nişanın qaytarılmasında görürdülər. Hətta, Cəlalın özü də taleyi ilə barışaraq, nə qədər ağır da olsa, İradənin başqa birisiylə ailə quraraq xoşbəxt olmasını istəyirdi.
Son söz isə İradənin idi. Onun atacağı addım bu məsələni kökündən həll edəcəkdi. O, hamıya bu sözləri dedi: – Mən Cəlalı sağ, salamat olarkən sevib, ona könül vermişəm. Onu bu vəziyyətdə tərk edib gedə bilmərəm. Bu mənim üçün böyük bir günah olar. Bu günahımı bundan sonra heç kimin ocağına, hətta, ölsəm qəbrevimə belə daşıya bilmərəm… Mən həmişəlik onunla, mənim üçün hamıdan istəkli olan Cəlalımın yanında qalacağıma qərar verirəm!..
Qızın bu sözlərindən sonra hamı susdu… Təkcə İradənin anasının, əllərini ağzına təpərək, sevimli qızının gələcək bədbəxt taleyi üçün hıçqırtıyla ağlayaraq, fəryad qoparmasının şahidi oldular.
Toy günü təxirə salınmadı. Təyin olunan gün dəvət olunan qonaqlar hamısı toyda iştirak edirdilər.
Toy günü, əlil arabasında oturmuş, bəylə yanaşı duran bu məğrur qızın sevgisi lap flimlərdəki kimi hamını kövrəltmişdi. Göz yaşlarını saxlaya bilməyənlər də vardı. Amma ağ gəlinlik paltarında, su sonası kimi görünən İradə çox xoşbəxt görünürdü.
Vaxtilə İradəni sevənlərdən də toyda iştirak edirdilər. Onlar özlərini əlil arabasında oturan Cəlalın yerində hiss edə bilsələr də, İradənin onların yanında dura biləcəyini təsəvvürlərinə belə gətirə bilmirdilər. Çünki, o boyda sevgini duymaq onlar üçün, doğurdan da, çox çətin idi.
Toy günündən sonra İradə Cəlalın həm həyat yoldaşı, həm də qulluqçusu oldu.
Bir addım belə ata bilməyən Cəlal, ömrünü, gününü əlil arabasına, bir də onu canından çox sevən İradənin qayğısına bağladı. – Sevgi, istək olan yerdə əlil arabası dünyanın möhtəşəm saraylarından da uca və rahat görsənir adama, – deyirdi Cəlal.
İllər sürətlə gəlib keçirdi. Bu ötüb, keçən illər insanlara çox şeyləri unutdurdu. Təkcə, İradə bu həyatın hər ilini, hər gününü və hər dəqiqəsini əlil arabasında ömür sürən həyat yoldaşı ilə birgə yaşadı. Bu illər ərzində həyat ondan hər şeyini, sevincli günlərini, xoşbəxtliyini, hətta qadınlığını da əlindən alsa da, bircə iradəsini sındıra bilmədi, sevgisini əlindən ala bilmədi. O, xobəxtliyini sevdiyi adamın yanında olmaqda, onu yaşatmaqda, onunla birgə bu həyatı yaşamaqda tapdı… Amma çoxlarının yaşaya bilməyəcəyi ağrılı bir ömür bahasına…
İradənin qurup yoldaşları hər il may ayında bir yerə toplaşar və keçmiş tələbəlik illərini yada salardılar. Bu görüşdə, təkcə İradə ilə Cəlal iştirak edə bilmirdilər. Xəbər-ətər tutanda da, bildirirdilər ki, bu halımızla sizi narahat etmək istəmirik.
Uşaqlar onları başa düşürdülər və çoxlarına da elə gəlirdi ki, İradə utandığından onlarla görüşmək istəmir. Necə olsa axı, heç kəsi bəyənməyən bir qıza, indi əlil arabasında, vaxtilə hamıdan üstün tutduğu birisini öz əlləriylə ora-bura sürümək utanc gətirirdi, – düşünürdülər. İradə isə susaraq öz ağrılı həyatını yaşayırdı. Onun çəkdiklərini özü kimi heç kəs duya biməzdi, Çünki özgə ölüsü adama yatmış kimi görünür, – deyirlər.
Tələbə yoldaşları ali məktəbi bitirməyin 30 illiyinə hazırlaşırdılar. Kim isə təklif etdi ki, bu dəfəki görüşü şəhərdə deyil, İradə ilə Cəlalın yaşadığı rayonda keçirsinlər. Zarafat deyil, otuz ildənbəri görmədikləri dostları üçün bu gözlənilməz və sevindirici bir hadisə olacaqdı, uşaqlar düşündülər.
Hamı bu təkliflə razılaşdı. Vaxt təyin olunan gün keçmiş tələbə dostları yığışaraq o məkana getdilər. Bu qəfil gəlişdən nə İradənin, nə də Cəlalın xəbəri yox idi. Dostları bu gözlənilməz görüşü onlar üçün bir sürpriz etmək istəyirdilər.
Hər şey məxfi şəkildə hazırlanmşdı. Onların gəlişindən heç kəs xəbər tutmamalıydı.
İradəgilin yaşadığı rayona çatanda uşaqlar mer-meyvə almaq üçün qəsəbənin bazarına daxil oldular. Bazarın girəcəyində uşaqlardan kim isə əlini dodaqlarının üstünə qoyub; – Bir dəqiqə ayaq saxlayın! – dedi.
Hamı ayaq saxladı. Həmin adam barmağını onlardan on beş-iyirmi metr kənarda göy-göyərti satan bir qadına tuşlayıb dedi: – Uşaqlar, bu İradə deyilmi?!
Hamı onun göstərdiyi istiqamətə baxdılar. Uşaqların çoxu onu tanıdı, tanımayanlar isə bir qədər keçəndən sonra həmin qadının İradə olduğunu təsdiqlədilər.
Saçları ağarmış, olduqca yaşlı görünən İradənin bu halı hamımnın ürəyini ağrıtdı. Onlardan kim isə, tam yəqinlik etmək üçün yaxınlıqda şor, pendir satan yaşlı qadından soruşdu:
– Xala, o qarşı tərəfdə göy-göyərti satan qadını tanıyırsanmı?!
Qadın əlini gözünün üstünə qoyub, deyilən tərəfə baxdı və:
– Əlbəttə, tanıyıram. Bədbəxt İradədir də. Əri şikəstdir, araba möhtacıdır. İnstitutu qurtarıb e… Mən şor, pendir satıram, o da göy-göyərti. Daş belə dünyanın başına düşsün, görüm, – deyə yaşlı qadın gileyləndi. – Amma bilirsiniz necə gözəl qız idi bizim rayona gəlin gələndə? Adam ona baxanda ağzının suyu axırdı. İndi də çox mərifətli gəlindir, qaynanası onun başına and içir. Elə biz bazarda oturanlar da onun xatirini dünyalar qədər istəyirik. Tikansız adamdır. Adamın belə gəlini ola, yoxsa mənim matişkə gəlinlərim kimi… Ərləri yağ-böyrək içində onları saxlayır, onlar da məni bazarda, bu toz-torpağın içində oturdurlar. Evə dönəndən sonra da, qulluqçu kimi onların zir-zibillərini təmizləyirəm, – deyə yaşlı qadın acıqlı-acıqlı dilləndi.
Uşaqlar gördükləri mənzərədən heyrətə gəlmişdilər. Qarşısına bir yığın göy-göyərti töküb satan qadının vaxtilə gözəlliyi dillərdə dastan olan İradənin olduğuna heç kəsin inanmağı gəlmirdi. Həyat onun gözəlliyinin üstündə elə bir xəzan yeli əsdirmişdi ki, o gözəllikdən indi əsər-əlamət belə qalmamışdı.
Uşaqlar qərara gəldilər ki, İradənin bu halında ona yaxınlaşmaq, onu utandıra bilərdi. Ona görə də, tezcə oranı tərk edib uzaqlaşdılar. Və qərara gəldilər ki, Cəlalın yaşadığı evi axtarıb tapsınlar.
Yoldan keçənlərin birindən Cəlalı soruşdular.
– Xəstə, çolaq Cəlalımı deyirsiniz? – deyə, həmin adam suala sulla cavab verdi. Sonra sualının cavabını gözləmədən:
– Cəlalgilin yaşadığı ev, qarşıdakı döngəni burulandan sonradır. Həm də, əlavə etdi ki, Cəlalın həyat yoldaşı İradə xanım bazarın girəcəyində göy-göyərti satır. İstəyirsiniz ona xəbər edim gəlsin, Cəlalgilin bizə qohumluğu çatır, – deyə həmin adam əlavə etdi..
Uşaqlar onun təklifinə etiraz etdilər, İradə xanımı narahat etməməyi qərara aldılar.
Cəlalgilin evinin darvazasını döyəndə, qapıya on üç-on beş yaşlarında bir qız çıxdı. Qız çox yaraşıqlı və gözəl idi. Eynən İradənin gəncliyindəki gözəlliyi kimi.
– Bura Cəlalgilin evidirmi?! – sualına, qız adamların çoxluğundan qorxmuş kimi, bir-iki addım geri çəkilərək:
– Bəli, bizim evimizdir! – dedi.
– Siz Cəlalın nəyisiniz? – deyə qonaqlardan kimsə soruşdu.
– Cəlalın qızıyam! – deyə o, gülümsədi.
– Ananız da İradə xanımdır? – deyə qadınlardan biri soruşdu.
– Elədir, anam da İradədir! – deyə qız dilləndi. Sonra o, qapıdan bir azca aralı çəkilib:
– Buyurun, içəri keçin, niyə qapıda dayanmısınız? – deyə yaşına uyğun olmayan bir ərkyanalıqla dilləndi.
Qonaqlar həyətə keçəndə, Cəlalı əlil arabasında həyətdəki çardağın altında gördülər. O bayaqdan qapıya tərəf boylanırdı. Qonaqları görəndə, əvvəlcə təəccübləndi, sonra isə uzun illər bundan qabaq gördüyü insanları tanıyanda, sevindiyindən uşaq kimi qışqırdı:
– Ooo!.. Gör kimlər gəlib? Bu nədir, İlahi, yoxsa məni qara basır? Gözlərimə inana bilmirəm ki, bu sizsiniz. Xoş gəlmisiniz, buyurun həyətə, buyurun. Sonra o, əlləriylə oturdğu əlil arabasının təkərlərini hərlədərək qonaqlara tərəf sürdü.
Cəlal hamıyla bir-bir əl tutub, qucaqlaşıb görüşdü. O sevindiyindən özünü tamam itirmişdi.
– Keçin, həyətə… Bu lap gözlənilməz oldu ki… Kaş, xəbər edəydiniz. Adam belə qəfil gəlməz, axı… Siz məni lap dəli etdiniz. Özümü tamam itirmişəm. Bu necə oldu, gərək xəbər edəydiniz? Sonra o kənarda dayanan qızına üzünü tutub:
– Qızım, yuxarıdan stulları gətir aşağı… – Xahiş edirəm, oturun, bu dəqiqələrdə İradə də gəlməlidir. Evə bazarlıq etmək üçün dükan, bazara gedibdir… Ürəyimə danmışdı ki, bu gün nə isə bir hadisə baş verəcəkdir. Görürsünüz, baş verdi də… Bundan da böyük hadisə… Hə yaxşı oldu, nə yaxşı siz gəldiniz… Vallah, elə darıxmışdıq ki, sizdən ötəri… – deyə Cəlal sevindiyindən, həm də həyəcanlandığından bilmirdi ki, nə etsin.
Qonaqlar yerbəyer olub rahatlandılar. Cəlalın anası da həyətə düşüb qonaqlarla bir-bir görüşdü, onlara “xoşgəldin” dedi. Arvadın sevincindən rəngi-ruhu tamam ağarmışdı. Göz yaşlarını saxlaya bilmirdi.
Sonra Cəlal qızına tərəf dönüb:
– Sevinc, qızım, qaç ananı çağır… Denən, dostlarımız gəlibdir, tələbə yoldaşlarımız, ha, – denən… – Sizin gəlişinizi bilsə çox sevinəcəkdir. İradə gözəl insandır, çox gözəl, – deyə Cəlal kövrəldi.
Sevinc evə keçdi və bir azdan qoltuğunda bir dəst paltar eşiyə çıxdı. Hətta, qapıdan çıxarkən, qoltuğuna vurduğu paltarların arasından bir tay qadın tuflisi də sürüşüb yerə düşdü. O tezcə əyilib ayaqqabını yerdən götürdü və qaçaraq getdi…
İradənin qayıtması çox uzun çəkmədi. Həyət qapısından içəri keçib dayandı və bir müddət həyətdəki qonaqlara baxdı. Sanki keçmiş tələbə yoldaşlarından kimin gəlib, gəlməməsini öyrənmək istəyirdi.
Qonaqlar da dönüb ona baxdılar. Bayaq bazarda gördükləri İradə idi, amma indi bir azca fərqli, üst-başına azacıq əl gəzdirmişdi. O, bir müddət beləcə darvazanın yanında donub qaldı.
Sonra əlləriylə üzünü qapayaraq hönkürdü.
Gələn qonaqların hamısı ayağa qalxıb, ona tərəf irəlilədilər. İradə bir-bir onlarla qucaqlaşıb görüşdü. Bəzi dostlarının adını səhv saldığına, yaxud da unutduğuna görə təkrar-təkrar onlarla görüşüb, üzrxahlıq edirdi. Neynəsin, zarafat deyil, son görüşün üstündən nə az, nə çox, düz otuz il bir vaxt keçmişdi…
Dərd-sər unudulmuşdu, hamı deyib, gülür, tələbəlik illərinin unudulmaz xatirəlrindən danışırdılar. Cəlal da çox şən idi, deyib, gülür, işaqlarla zarafatlaşırdı. Hamı Cəlalı tərifləyirdi, ondan danışırdı. Axı, necə olsa, o tələbəlik illərinin qəhrəmanı, Ağ atlı oğlan idi. Çünki İradə hamının içindən onu seçmişdi. O, İradənin seçdiyi bəxtəvər oğlan idi…
İradə də kövrəlmişdi… O nəzərlərini tələbə yoldaşlarını üzünə dikərək, onların cavanlıq çağlarını xatırlamağa çalışırdı. Ona görə heç nə dəyişməmişdi, sadəcə hamı bir az yaşlaşmış və müdrük görkəmdə idilər. Bircə, onun yaddaşına narahatlıq gətirən əri Cəlalın oturduğu əlil arabası idi. İradə bu əlil arabasını xatırlaya bilmirdi. Axı o, tələbə çağlarında, o qaynar gənclik vaxtlarında bu əlil arabası onların arasında yox idi…
İradənin qaynanası qonaqların gəlişinə çox sevinirdi. Bayaqdan özünü oda-gözə vuran, bu yaşlı qadın həyət-bacada dolaşaraq, qonaqlar üçün çay dəmləyir, yemək hazırlayırdı. Aradabir vaxt tapan kimi özünü onların içərisnə atır və dil-ağız edərək qonaqlara yalvarıb, yaxarırdı.
Yemək yeyilib qurtardıqdan sonra, çay süfrəsi hazırlandı. İradənin qaynanası Gülzar arvad, elə bil, bu məqamı gözləyirmiş. Ağbirçək nənənin ürəyi dolu idi, fürsət gözləyirdi ki, bir-iki kəlmə də o danışsın. Neçə illərdən bəri ürəyində sirr saxladığı sözləri açıb söyləsin.
Qonaqlar da bunu duymuşdular, çünki Gülzar arvad həsrətdolu baxışlarla onları süzdükcə, gözlərindən axan yaş heç kəsin nəzərindən yayınmırdı. Birdən o, titrək əllərini havada yelləyərək, sanki qonaqların nəzərlərini özündə çəmləşdirmək istədi. Hamı susdu. Nəzərlər bu ağbirçək ananın üzərində donub qaldı. O kövrək səslə:
– Ey, adamlar, bu sözümü sizə deyirəm, eşidin… Mən bu yaşa qədər gəldim, amma belə bir qadın görmədim ki, ailəsinə, həyat yoldaşına bu qədər sədaqətli olsun. Heç bir gəlin onun kimi ola bilməzdi. Bu neçə ili o bizim evdə gəlin yox, qulluqçu oldu. Canını, ömrünü bizə, mənim balama həsr etdi. Bu otuz ildə o nələr çəkmədi, bunu siz anlaya bilməzsiniz. Yox, heç biriniz anlaya bilməz onun çəkdiklərini… O olmasaydı mənim oğlum indi həyatda yox idi. Heç biz də yaşaya bilməzdik. Biz yaşadığımıza, sağ qaldığımıza və bu günümüzə görə İradəyə borcluyuq. – Sizə bir sirr açım! – deyə, arvad üzünü qonaqlara tərəf tutub dedi:
– Gördüyünüz o qız İradənin qızı deyil, böyük oğlumun qızıdır. İradə onu doğulan gündən qızlığa götürübdür. Qohumlarımız və bızi tanıyanlar elə bilirlər ki, o qızın anası İradədir. Qızın özü də elə bilir ki, onun anası İradədir. Bu barədə ona heç kəs bir söz deməyibdir. Amma sizə deyəcəyim sirr bu da deyil… Sirr odur ki, İradənin özü də qızdır… O, bu evə necə qız gəlmişdisə, indinin özündə də o cür qalıb, bakirə olaraq… – Görmüşdük ki, qızlar ata evində qalıb qarıyırlar. İradə isə ər evində qız olaraq qarıdı… Biz onun günahlarına batmışıq, adamlar, siz bunu bilirsinizmi?! – deyə ağbirçək ana hıçqırdı…
Ananın bu sözləri gələn qonaqların qulağında ildırım kimi çaxdı. Hamı təəccübdən içini çəkərək, donuq baxışlarla İradəyə baxırdılar. İradə isə əlil arabasında oturmuş həyat yoldaşına sığınaraq xəfifcə gülümsəyirdi… O, bu halında elə gözəl görünürdü ki, sanki göylərdən enmiş bir səma mələyi idi…

Müəllif: Meyxoş Abdullah

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ASİF OSMAN

Asif OsmaNIN SÖZ DÜNYASI

DEYİRLƏR

Dünyanın hər işi-gözümdə saxta,
Nə zamana sığır, nə də ki, vaxta.
Nadanın birini çıxarıb taxta,
Varlığın incisi, ləli deyirlər.

İnsanın taleyi qaralı-ağlı,
Çoxdur aramızda sinəsi dağlı.
Kasıbın üzünə qapılar bağlı,
Varlıya baş əyib “bəli” deyirlər.

Xeyirin yolları tuş gəlib nəhsə,
Şər həvəs göstərir düşdüyü bəhsə.
Öz halal haqqını istəyən kəsə,
Qan içən, qan soran zəli deyirlər.

Yoxdur qismətindən yarıyan, doyan,
Varmı bu dünyanı yoluna qoyan?
Ay Asif, gerçəyi çox etmə bəyan,
Düzü söyləyənə “dəli” deyirlər.

20. 05. 2019

<<<ASİF OSMANIN SÖZ DÜNYASI>>>

OLMASA

Ürək yanıb külə dönməz,
Odlara salan olmasa.
İnsan oğlu rahat yaşar,
İlantək çalan olmasa.

Məhəbbətdən güc alaram,
Sevə-sevə ucalaram.
Ömür sürüb qocalaram,
Can evim talan olmasa.

Güldən xalı toxuyardım,
Şən nəğmələr oxuyardım,
Kədərimə son qoyardım,
Qürbətdə qalan olmasa.

Bir-birinə kömək edər,
Halal zəhmət getməz hədər,
İnan hamı haqqı güdər,
Ortada “filan” olmasa.

Dərd-qəm yeyib əriməzdim,
Cavan yaşda çürüməzdim,
Əyri yolda yürüməzdim,
Dünyamız yalan olmasa.

04. 05. 2019

<<<ASİF OSMANIN SÖZ DÜNYASI>>>

NEYNİRƏM

Bağ-bağçamda açılsa da gül-çiçək,
Kimsə dərib qoxlamırsa neynirəm.
Ürəyimi nişan alan bu göyçək,
Gözləriylə oxlamırsa neynirəm.

Yuxu görməz yalan yerə göz yuman,
İstəyini ala bilməz hər uman.
Görüşəndə eyləsə də andaman,
Hörmətimi saxlamırsa neynirəm.

Asif yanır nakam eşqin oduna,
Yarı gəlib yetişməyir dadına.
Tez-tez məni özü salıb yadına,
Arada bir yoxlamırsa neynirəm.

15. 04. 2019

<<<ASİF OSMANIN SÖZ DÜNYASI>>>

SƏRHƏDLƏR SÖKÜLƏYDİ

Nə olaydı qəlblərə,
Məhəbbət əkiləydi.
Ürəklərdə sevgidən,
Saraylar tikiləydi.

Xəyalları sürüyən,
Dərələrdə yeriyən,
Zirvələri bürüyən,
Çən-duman çəkiləydi.

Bizi oda salanın,
Zamansız can alanın,
Kaş ki, namərd olanın,
Dizləri büküləydi.

Haqqın önündə duran,
Qonşu arası vuran,
İnsanları ayıran,
Sərhədlər söküləydi.

02. 04. 2019

Müəllif: ASİF OSMAN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru