MÖVLUD AĞAMMƏD

Mövlud AğamməDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI

EY DİL…

(Qəzəl – Müstəzad)

Ey dil, bu bəla mülkü mənə verdi əziyyət,
dincəlməmişəm mən.
Hər an çəkirəm cövri-cəfa, qüssə,fəlakət,
heç gülməmişəm mən.
***
Salmış məni zindanə olub hüsnümə aşiq,
oldummu ki, layiq?
Verməklə dözüm Ol mənə göstərdi kəramət,
incəlməmişəm mən.
***
Meyl eylədiyimdən meyə zülmüm qara gəlmiş,
dərdim zara gəlmiş.
Çək dərdini derlər mənə, çək, etmə şikayət, 
heç bilməmişəm mən.
***
Yardan yana çəkmək ilə ah-nalə, dözərdim,
dərdimlə gəzərdim.
Göz yaşları bəsdir demə, etməzdi kifayət,
heç silməmişəm mən.
***
Qəm eyləmə, can tərk eləmiş cismini, getmiş,
çün vəslinə yetmiş.
Dünyaya gələndən bəri can olmadı rahət,
xoş gəlməmişəm mən.

23.05.2019. Quba – Zərdabi.

MÖVLUD AĞAMMƏDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI


GECƏDİR

(Qəzəl)

Yandırın şəmi gecə, çün vəsli-canan gecədir,
Gül üzün şölə saçır, hər yan çıraqban gecədir.
****
Məclisi-meyhanədir, saqi, dolandır badəni,
Olmuşam məsti-xumar, yar mənə mehman gecədir.
***
Qissseyi-Yusif olub dərdim, əlac qəmhanədir,
Etmişəm könlüm evin məhbəsi-zindan, gecədir.
****
Et gülüstanə güzar, cənnət olar hər tərəfin,
Yar yanında hər dəmim rövzeyi-rizvan, gecədir
***
Etsə gər tərki-yarın Mövlud edər naleyi-zar,
Qalxacaq ərşi-müəllayə bu əfğan, gecədir.

20.10.2014. Quba – Zərdabi.

MÖVLUD AĞAMMƏDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI

GƏTİRDİN

(Qəzəl)

Gülşəndə, gülüm, bülbülü əfganə gətirdin,
Yardan yaralı aşiqi seyranə gətirdin.
***
Zənn etmədi, bir gün gələcək fəsli-zimistan,
Solmaqda ikən ol gülü min canə gətirdin.
***
Getməz, o yolun yolçusu olmazdı, bilirdin,
Min məkrilə ol Yusifi zindanə gətirdin.
***
Yox ağlamağın şarəsi Məcnun kimi zar-zar,
Səhrada çəkib dərdi gülüstanə gətirdin.
***
Hər an sənə şükr eyləyirəm ki, məni, Mövlud,
Sevdayə salan nazlı pərişanə gətirdin.

31.08.2016. Quba – Zərdabi.

MÖVLUD AĞAMMƏDİN ÖZ DÜNYASI – SÖZ DÜNYASI

“Sən ömrümün bənövşəsi” kitabımdan

İSTƏYİRƏM..

(Qoşma)

İstəyirəm, çıxıb gedim uzağa,
Bir kimsəsiz…özüm gedim, tək-tənha.
O uzaq, uzaqda, bəlkə, səninlə
Görüşərik, imkan olsa, tez gəl ha.
***
Dərd məni öldürdü, sənə qıymadı,
Doğranıb ürəyim, qıma-qıymadı.
Kərəm Əslisinin oduna yandı,
Mən sənin oduna qalandım, bil ha.
***
Fələk qara yazdı taleyimizi,
Qoruya bilmədik bu sevgimizi.
Biz necə sevirdik bir-birimizi
Ağlama, gözünün yaşını sil ha.
***
2.03.2014. Quba – Zərdabi.

Müəllif: MÖVLUD AĞAMMƏD

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

One thought on “MÖVLUD AĞAMMƏD”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir