Adil Cəfakeşin Söz dünyası

Adil Cəfakeşin söz dünyası

İLAHİ, BU YAĞIŞ NƏ GÖZƏL YAĞIR

Laçın yağışına oxşatdı özün, 
İlahi, bu yağış nə gözəl yağır. 
Möhkəm döyəcləyir damın dəmirin, 
Başımın üstündə qurub çal – çağır, 
İlahi, bu yağış nə gözəl yağır.

Sönüb sərinləşir yanğı sinədə, 
Yüz dəfə şükr edir, qoca nənə də. 
Sağına başlayıb səma yenə də, 
Döşünü doldurmuş buludu sağır, 
İlahi, bu yağış nə gözəl yağır.

Çalır göy üzündə qələbə, düşür, 
Bakıya, Bağdada, Hələbə düşür. 
Bir anın içində yüz təbə düşür, 
Yağır gah şiddətli, gah ağır – ağır, 
İlahi, bu yağış nə gözəl yağır.

Şair üstünlüyü baxışa verib, 
Söz ilə çəkdiyi naxışa verib. 
Çıxıb üst – başını yağışa verib –
Deyir həm dəlisov, həm də ki, fağır ,
İlahi, bu yağış nə gözəl yağır.

ADİL CƏFAKEŞİN SÖZ DÜNYASI

MƏNİMTƏK DƏRVİŞ YOX İMİŞ

Bir qocalan qurddu bəxtim, 
Ağzında bir diş yox imiş. 
Mənim kimi bir hal əhli, 
Mənimtək dərdiş yox imiş.

Şeytan göstər daş atmağa, 
Xülyaları yaşatmağa. 
Gün keçirib, baş qatmağa, 
Bir yönlü vərdiş yox imiş.

Xoş işi də batil kimi, 
Öz özünə qatil kimi. 
Mən Cəfakeş Adil kimi, 
Dünyada dərviş yox imiş.

ADİL CƏFAKEŞİN SÖZ DÜNYASI

SAHİBSİZ QƏBİR KİMİYƏM

Ta çək – çevir etmə məni, 
Mən açılmış sir kimiyəm. 
Sevgi adlı cinayətdə, 
Səninlə əlbir kimiyəm.

Suyum axmaz, odum yanmaz, 
Görən məni adam sanmaz. 
Çünki, sənsiz arzulanmaz 
Tək gələn səbir kimiyəm.

Düşünürəm nələr, nələr, 
Bunu ancaq duyan bilər. 
Eh, tökülür xatirələr, 
Yaddaşı xəlbir kimiyəm.

Yox məni ağlayan bəndə, 
Gəl unutma barı sən də. 
Mən qəriblər ölkəsində, 
Sahibsiz qəbir kimiyəm.

Adımı çək, söylə məni, 
Tanış elə köylə məni. 
Gəl ziyarət eylə məni, 
Ocaq kimi, pir kimiyəm.

Müəllif:ADİL CƏFAKEŞ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir