Zaur İlhamoğl – Ana şeiri

Zaur İlhamoğlundan Ana şeiri

Ana, mənə layla de…

Görürsənmi, anacan, necə də üzülmüşəm,
Necə də sınıxmışam?
Eh,elə dolmuşam ki, axası göz yaşımı
Bəbəyimdə sıxmışam.
Körpə çağlarım təki yatım dizlərin üstə
Laylançün darıxmışam,
Ana, mənə layla de!

Dizlərin-varlığımın sığındığı tək məkan
Başımı qoyum, ana.
“Şirin balam, a layla,
Körpə balam, a layla”
Səsini duyum, ana.
Bəlkə, ruhum dincələr qoy yatım mışıl-mışıl,
Bir az uyuyum, ana.
Ana, mənə layla de!

Səhərdən axşamadək çəkdiyim acıları
Bir gecədə unudum.
İçimdəki yanğını, içimdəki atəşi
Bircə anlıq soyudum.
Kədər məngənəsində sıxılan ürəyimi
Laylan içrə ovudum.
Ana, mənə layla de!

Axı yaxşı bilirsən, sənin şirin sözlərin
Varlığıma həyandır.
Yatırt! Yatdığım zaman birdən qorxub ağlasam,
Hay ver məni oyandır.
Birdə qorxmayım deyə bıçaq qoy başım alta,
Dur, bir üzərlik yandır,
Ana, mənə layla de!

Nə olsun böyümüşəm, yaşlanmışam həyatda,
Qurban sənə, layla de.
Ehtiyacım var axı, ” Olmaz” kəlməsi demə,
Dönə-dönə layla de.
Ölüm dizlərin üstə, bəlkə, dinclik taparam,
Susma, yenə layla de.
Ana, mənə layla de!

Müəllif: Zaur Ilhamoglu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir