Elçin Məlhəmli – Ana şeirləri

Elçin Məlhəmli Ana şeirləri

ANA

Ürəksiz yaşamaq olarmı görən?

Insanı yaşadan ürəkdir ana.

Soruşsan dünyada hər kəsdən əgər,

Söyləyər, “ən gözəl diləkdir ana.

Döyünən qəlbimdə fikirlər ümman,

Həyatda borcludur ona hər insan,

Hamının qəlbində yurd saldığından,

Deyirəm, ən zərif çiçəkdir ana.

13.05.1978. Şamaxı.

ANA

Sən mənə can verdin, nəfəs, qan verdin,

Sən idin ömrümə yaraşıq, ana.

Mələklər apardı səni yanına,

Itdi gözlərimdən nur, işıq, ana.

Həyətdə yıxılıb əziləndə mən,

Sən idin pənahım, köməyim mənim.

Həyatda min dəfə əzirlər indi,

De, kimin dizinə gedim söykənim?

Ən çətin vaxtımda, dara düşəndə,

Sən idin dərdimə-sərimə yanan.

Indi ağlayıram adın gələndə,

Məni bu halımda yox ovunduran.

Qurban olum torpağına, daşına,

Yorulmuşam, istəyirəm dincəlim.

Sən yanında yer hazırla, beşik qur,

Mən də dincəlməyə yanına gəlim.

02.05.1998. Bakı.

 

ANA

Sənin torpağına qurban olum mən,

Xoş gəldin yuxuma, xoş gəldin, ana.

Öpdükcə hey öpdüm yanaqlarından,

Dad bildim dünyada, dad bildim, ana.

Dinməzcə, sakitcə üzümə baxdın,

Qəlbimdə qəm evin dağıtdın, yıxdın,

Başımı sinənin üstünə sıxdın,

Sildin göz yaşımı, sən sildin, ana.

Elçinəm, dünyadan bezmişəm yenə,

Sənsən ümid yerim düşsəm çətinə,

Dedim: “Məsləhət ver, yol göstər mənə”,

Güldün gözlərinlə, sən güldün, ana.

01.10.2007. Bakı.

QURBAN OLUM

Axı nə tez köçüb getdin,
Off! Yaşına qurban olum.
Indi şəkildə gördüyüm,
Göz, qaşına qurban olum.

Həm mehriban idin, həm şən,
Hər dərdimizi bölüşən,
Kirpiyində son ilişən,
Göz yaşına qurban olum.

Ey məni anlayan, duyan,
Hər anımda oldun həyan,
Indi məni qarşılayan,
Baş daşına qurban olum.

Atamla verib baş-başa,
Bir yerdə doldunuz yaşa,
Son mənziliniz də qoşa,
Yoldaşına qurban olum.

Müəllif: Elçin Məlhəmli (Bagirov)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir