Müzəffər Məzahim

MÜZƏFFƏR MƏZAHİmin söz dünyası

HAQQA LAYİQ OL

El içində saf dolan , pak adla xoş niyyət qazan,
Ol ləyaqət timsalı , səksiz səlahiyyət qazan.

Olma şöhrət , var əsiri , çünki yoxdur faydası,
Axirət dünyasına hazırla yük , xeyrət qazan.

At əda hisslərini , ol sadə Allah bəndəsi,
İnsan ol , insanlara hörmət elə , biət qazan.

İstəsən könlün firavan , ömrün olsun çox rahat,
Ol şirindil , qəlbi saf hər kəslə ünsiyyət qazan.

Ömür Allahdan mükafatdır , Müzəffər , düz yaşa,
Haqqa layiq ol , döyüş nəfsinlə , hürriyyət qazan.

==== Müzəffər Məzahimin söz dünyası ====

MƏNİM ÜRƏYİMDƏ

Qışa, payıza dönübdür,
Yazlar mənim ürəyimdə.
Daha isinib əriməz,
Buzlar mənim ürəyimdə.

Əldən çıxan son fürsətin,
Məğlubiyyət xəcaləti,
Əl çatmayan yurd həsrəti,
Sızlar mənim ürəyimdə.

Əlacsızdır dərdlərimiz,
Əhilləşib qurdlarımız,
Qərib düşən yurdlarımız,
Bozlar mənim ürəyimdə.

Qız həyalı qarıyan bəxt,
Qismətini arayan bəxt,
Başqasına yarıyan bəxt,
Nazlar mənim ürəyimdə.

Sevdilər, sevilmədilər,
İçimdən qəm silmədilər,
Xoşbəxt ola bilmədilər,
Qızlar mənim ürəyimdə.

Pıçıldayar su yanıqlı,
Haray çəkər qu yanıqlı,
İnildəyər bu yanıqlı,
Sazlar mənim ürəyimdə.

=== Müzəffər Məzahimin söz dünyası ===

SAZIN

Bir həzin yaz axşamı,
Olduq qonağı sazın.
Aşığın yanağını,
Öpdü yanağı sazın.

Axdı nəğməli sellər,
Coşduqca coşdu dillər,
Dedik alışıb tellər,
Yanar çanağı sazın.

Bir duyğulu ürəkdir,
Buluddan da kövrəkdi,
Bizi tarıma çəkdi,
Belə sınağı sazın.

Sığındıq mehrinə biz,
Dözdük hər “qəhrinə” biz,
Bələndik sehrinə biz,
Bu dastan, nağıl sazın.

Müəllif: Müzəffər Məzahim

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir