NAZİM YAQUBOĞLU

Nazim YaquboĞLUNDAN BİR ŞEİR

QORQUD ƏMANƏTİ

Tarixi bilinməz Ulu Xalqımın ,
Yenilməyən gücü , qüvvətidir saz .
Minlərlə mədəni sərvət içində ,
Xalqımın ən böyük sərvətidir saz .
****
Sehri hüdudsuzdur , mənası dərin ,
O candan əzizdir , həm baldan şirin .
Dədə Ələsgərin , Dədə Şəmşirin ,
Sonsuz əzəməti , qüdrətidir saz .
****
Yetmiş iki dildə düşün , qan deyir ,
Döyüşə girəndə qana – qan deyir .
Sevən aşiqlərə alış , yan deyir ,
Sevilən qızların ismətidir saz .
****
Qorqud babamızın əmanətidir ,
Xalqımın müqəddəs , saf niyyətdir .
Leylinin , Məcnunun ülviyyətidir ,
Tomrisin , Babəkin qeyrətidir saz .
****
” Ruhani ” , ” Gəraylı ” , ” Dilqəmidir ” , bil ,
Xəstə könüllərin məlhəmidir , bil !
Qəribin sevimli Sənəmidir , bil ,
Babam Koroğlunun şöhrətidir saz .
****
Tarın , kamançanın doğma qardaşı ,
Aşıq Ədalətin könül sirdaşı ,
Qərib qocaların axan göz yaşı ,
Nakam cavanların həsrətidir saz .
****
Ağsaqqal öyüdü , ata qayğısı ,
Qardaş ləyaqəti , ana laylası ,
Nazim , ruhumuzun qeyrət qalası ,
Xalqın keçmişınə hörmətidir saz .

Müəllif:NAZİM YAQUBOĞLU

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru