Təvəkkül Goruslu

Təvəkkül Goruslu (Məmmədov)

XURAFAT

Bir millətin, camaatın,
Döndər üzün dinə sarı.
Al ləzzətin hər saatın,
Nadanlığı dinə sırı!

Qoyma açsın gözlərini,
Qoyma desin sözlərini,
Gətir yerə dizlərini,
Söylə dindi yoxu- varı!

Təbəssümlə, gülə-gülə,
Şüurları iflic elə.
Qoyma dinə, gələ dilə,
Ayılmasın koru, karı.

Ye, iç , öldür şəhvətini,
Götür, dağıt sərvətini,
İnsanlığa nifrətini,
Dindən uzaq “din” lə sarı!

Götür üzdən ar, isməti,
Qalmasın heç əlaməti,
Xurafatdı nəhayəti,
Bilməyənlər bilsin barı!

11.09.2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

NİYƏ

Quran yerə nazil olub gəldisə,
Niyə bəşər mövhumata qapıldı?
Haqq yolunu insan görüb bildisə,
Niyə bəşər xurafata qapıldı?

Baş üstündə tutub , bayraq eyləyib,
Məzmununu silib qıraq eyləyib,
Şüurlara silah- yaraq eyləyib,
Niyə bəşər cəhalətə qapıldı?

Nə çox oldu öz ağlıyla yozanlar,
Din söyləyib , dinin kökün qazanlar,
Əldə kitab yoldan çıxıb azanlar,
Niyə bəşər rəzalətə qapıldı?

Cavabını deyən yoxdu bu sirrin,
Qan içində hər qarışı bu yerin,
Nə zamandı vurur, qırır bir- birin,
Niyə bəşər şəhadətə qapıldı?

Qardaş deyir dildə insan insana,
Adəm oğlu asi olub cahana,
Qulaq verən yoxdu aha, amana,
Niyə bəşər fəlakətə qapıldı?

10.09.2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

ÜRƏK VERMƏRƏM

Hədiyyə eylədim qəlbimi sənə,
Başqa ürəklərə meylini salma!
Götürüb qoysan da tozlu küncünə,
O axı ürəkdi , laqey(i) d olma!

Ürək göndərməyə ünvan axtaran,
Xırda ürəklərin sahibi çoxdu!
Ürəyin ürəkdə dəfn edib duran,
Mənim tək sədaqət göstərən yoxdu!

Mən sənə bir böyük ürək vermişəm,
Səadət taparsan qədrini bilsən!
Ürəklə önünə dünya sərmişəm,
Dünyamız məhv olar önündən silsən!

Təvəkkül sinəndə ürək kimidi,
Ruhumla, canımla səndə cəməm mən!
Eşqinlə su kimi, çörək kimidi,
Bir başqa dilbərə ürək vermərəm!

09.09.2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

GƏL

Ruhuma dolduqca sevgi qoxusu,
Çəkilib qəlbimə bir başqa yol, gəl.
Nə vaxtdı ” canının ” yoxdu yuxusu,
Yuxu ol, röyam ol, könlümə dol, gəl!

Dirigöz açıram sübhü, sabahı,
Yandırır, dan sökür qəlbimin ahı,
Biçarə könlümün sənsən pənahı,
Yuxu ol, röyam ol, könlümə dol, gəl!

Gecənin qarası olsa da pərdə,
Bükülüb gözümdə olubdu girdə,
Geciksən sevdiyin düşəcək dərdə,
Yuxu ol, röyam ol, gözümə dol, gəl!

Bir dəli adamam, ruham elə bil,
Özümdən çıxmışam, yoxam elə bil,
Tikilib yaxana yaxam, elə bil,
Yuxu ol, röyam ol, özümə dol, gəl!

07. 09. 2019.

<<<TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)>>>

XALQIM

Torpaqdan uzaqdı, yurddan uzaqdı ,
Yad olub, yadlaşıb yurduna xalqım!
Sən demə quzudu, qurddan uzaqdı,
Naxələf çıxıbdı qurduna xalqım!

Çoxdandı bölünüb, para- paradı,
Dörd yanı qan verən dərin yaradı,
Nə torpaq aradı, nə yurd aradı,
Bürünüb, bükülüb dərdinə xalqım.

Namus əldən getdi, qeyrət yeyildi,
Namərdlər önündə düşdü, əyildi,
Üzünə hədələr, hədyan deyildi,
Bir kərə baxmadı ardına xalqım!

Bir yanda şəhidlik, bir yanda düyün,
Çal – çağır batırıb ağı səs- küyün,
Zatından igiddi, olub ərköyün,
İtaət eyləyir hər dinə xalqım!

Düzəlt qamətini, hələ gec deyil,
Hay torpaq qaytarmaz, dığa gic deyil,
Vallah, bu etdiyin, kişi, öc deyil,
Arxa ol, dayaq ol orduna xalqım!

Alınsın Qarabağ, gülsün Zəngəzur,
Həm Göyçə, İrəvan tapsınlar hüzur,
Təvəkkül hissinə qapılıb yazır,
Sadiq ol kökünə, irqinə xalqım!

06 09. 2019.

Müəllif: TƏVƏKKÜL GORUSLU (MƏMMƏDOV)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Abdulla Məmməd

Abdulla MƏMMƏDDƏN BİR ŞEİR

SƏNSİZ TALEYİM DƏ ÜZÜMƏ GÜLMÜR
Axır hədər yerə günlər su kimi,
Qəmli qənşərimə çıxanım dönmür.
Ürəyim açılmır gül arzu kimi,
Qəmi bəşərimə çıxanım dönmür.

Gözümdən süzülən sözmü göz yaşı?
Mürgülü ürəyim dinmir dilimdə.
Qurunun oduna dözmür söz yaşı,
Sənsiz sərgiləmir xoş söz dilim də.

Astarı üzünə çevrilən ömür,
Qəmə yem olandan sözümə gülür.
Sənsiz taleyim də üzümə gülmür,
Yolunu gözləyən gözümə gülür.

Yol çəkən gözüm şad soraq arayır,
Azdıqca hissimin dumanlığında.
Sənli duyğularım dərdə yarıyıb,
Qəlb üzür qədərin samanlığında.

Yolunda yolun da bağrı yarılır,
Tək qəmli gümanı saxla, yar, mənə!
Yol boyu gözümə əksin sarılıb,
Hicranı hədiyyə saxlayar mənə.

Həsrətin gözündə dağa dönsən də,
Qəlbimdə əvvəlki “sən” olmayacaq.
Səhvini anlayıb geri dönsən də,
Sevdalı ürəyim şən olmayacaq…

Məni soraqlasan şehli çiçəkdən,
Gülün gül gözündə qəm çiçəkləyər.
Çıxarsan ürəklə ahı ürəkdən,
Sevinc gül gözündə nəm çiçəkləyər.

Azərbaycan. Quba.

10.09.2019.

Müəllif: Abdulla Məmməd

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

VİDADİ AĞDAMLI

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün ( 12 Sentyabr 1952 ) tanınmış şair Vidadi Ağdamlının doğum günüdür. Ad gününüz mübarək, Vidadi müəllim!!! Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rahim Üçoğlanlı

Rahim üçoğlanlının söz dünyası

EŞQ BUDUR

Əksi gəlib göz önündə durursa,
Duyğuların yarla təmas qurursa.
Ocaq çatıb qəlbinə od vurursa,
Üz saralıb solursa,bax eşq budur.

Dəli həsrət salıb haldan-hallara,
Gözlərini tikdirirsə yollara.
Bənövşə tək ruh tapınıb kollara,
Boynu bükük qalırsa,bax eşq budur.

Fikirlərin bir bucaqda cəmlənib,
Hal əhvalın zildən enib bəmlənib,
Xəyallara dalıb,bir az qəmlənib,
Gözün yaşla dolursa,bax eşq budur.

Rahim,bil ki haqqdan gəlir sözlərin,
Dodaq əsib, titrəyirsə dizlərin.
Ayrılığa qiyam edib, hisslərin,
Saçlarını yolursa, bax eşq budur.!
Ağdam-11.09.2019

<<<RAHİM ÜÇOĞLANLININ SÖZ DÜNYASI>>>

YÜZ İL SONRA GÖZÜMÜZƏ YAŞ DÜŞÜB

Dinmə könül,yum gözünü qoy ötsün,
Hesab eylə səhv gəlibdir çaş düşüb.
Toquşubdur zaman özü zamanla,
Dövran elə onçu ayaq-baş düşüb.

Yum gözünü qayıtmayaq keçmişə,
El qınayar lənət deyər bu işə.
Nə vaxtdan ki biz qol atdıq sazişə,
Başımıza o vaxtdanda daş, düşüb.

Ömür boyu yad qazanda qaynadıq,
Kim nə dedi səxavətlə payladıq.
Gör nə qədər çıtıq çalıb oynadıq,
Yüz il sonra gözümüzə yaş, düşüb.

Türkmənçayda şərəf getdi, itirdik,
Gülüstanda,gül yox, qanqal bitirdik.
Qoçu verib, yurda Keçi gətirdik,
İndi yaman könlümüzə xaş,düşüb.!
Ağdam- 10.09.2019

<<<RAHİM ÜÇOĞLANLININ SÖZ DÜNYASI>>>

DAHA BU DÜNYADA YAŞAMIRAM Kİ

Özümə başqa bir dünya qurmuşam,
Daha, bu dünyada yaşamıram, ki..
Axtarıb gəzməyin, izim tapılmaz,
Daha bu dünyada yaşamıram, ki..

Nəyi var qaytarıb verdim özünə,
Qoy yanıb tökülüb,döysün dizinə.
Onu həsrət qoydum insan üzünə,
Daha bu dünyada yaşamıram, ki..

Yolunda ömrümü hədər etmişəm,
Nadanlar önündə dil-dil ötmüşəm.
Qədrimi bilmədi, küsüb getmişəm,
Daha bu dünyada yaşamıram, ki..

Göydə ağ buludu yayıb bükmüşəm,
Özümə bir kiçik xeymə tikmişəm.
Ən parlaq ulduzdan işıq çəkmişəm,
Daha bu dünyada yaşamıram, ki..

Çalışdım,vuruşdum görmədi,neynim,
Qəlbi sevindirib açmadı eynim.
Birdə qəm yükünü çəkməz bu çiynim,
Daha,bu dünyada yaşamıram, ki.!
Ağdam-09.09.2019

<<<RAHİM ÜÇOĞLANLININ SÖZ DÜNYASI>>>

AY ZALIM QIZI

Demə ürəyimdə bir eşq yatırmış,
Oyatdın, dad edir, ay zalım qızı.
Elə qəribsəyir, elə inləyir,
San ki fəryad edir, ay zalım qızı.

Əl çəkib dünyanın gözəllərindən,
Tutur məhəbbətlə ağ əllərindən.
Dərib çələng tutur söz güllərindən,
Adına ad edir, ay zalım qızı.

Neyləsin,uzaqsan heç əli çatmır,
Dolub, məhəbbəti sevgini tutmur.
Hey səni düşünür,bir an unutmur,
Hər zaman yad edir,ay zalım qızı.

Rahimi, gah yerə gah çəkir göyə,
Gah atır şəhərə, gah salır köyə.
Hərdən kədər verir bilmirəm niyə,
Hərdən də şad edir, ay zalım qızı.
Ağdam-09.09.2019

Müəllif: RAHİM ÜÇOĞLANLI (RZAYEV)

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru