ASİF OSMAN

Asif OsmaNIN SÖZ DÜNYASI

DEYİRLƏR

Dünyanın hər işi-gözümdə saxta,
Nə zamana sığır, nə də ki, vaxta.
Nadanın birini çıxarıb taxta,
Varlığın incisi, ləli deyirlər.

İnsanın taleyi qaralı-ağlı,
Çoxdur aramızda sinəsi dağlı.
Kasıbın üzünə qapılar bağlı,
Varlıya baş əyib “bəli” deyirlər.

Xeyirin yolları tuş gəlib nəhsə,
Şər həvəs göstərir düşdüyü bəhsə.
Öz halal haqqını istəyən kəsə,
Qan içən, qan soran zəli deyirlər.

Yoxdur qismətindən yarıyan, doyan,
Varmı bu dünyanı yoluna qoyan?
Ay Asif, gerçəyi çox etmə bəyan,
Düzü söyləyənə “dəli” deyirlər.

20. 05. 2019

<<<ASİF OSMANIN SÖZ DÜNYASI>>>

OLMASA

Ürək yanıb külə dönməz,
Odlara salan olmasa.
İnsan oğlu rahat yaşar,
İlantək çalan olmasa.

Məhəbbətdən güc alaram,
Sevə-sevə ucalaram.
Ömür sürüb qocalaram,
Can evim talan olmasa.

Güldən xalı toxuyardım,
Şən nəğmələr oxuyardım,
Kədərimə son qoyardım,
Qürbətdə qalan olmasa.

Bir-birinə kömək edər,
Halal zəhmət getməz hədər,
İnan hamı haqqı güdər,
Ortada “filan” olmasa.

Dərd-qəm yeyib əriməzdim,
Cavan yaşda çürüməzdim,
Əyri yolda yürüməzdim,
Dünyamız yalan olmasa.

04. 05. 2019

<<<ASİF OSMANIN SÖZ DÜNYASI>>>

NEYNİRƏM

Bağ-bağçamda açılsa da gül-çiçək,
Kimsə dərib qoxlamırsa neynirəm.
Ürəyimi nişan alan bu göyçək,
Gözləriylə oxlamırsa neynirəm.

Yuxu görməz yalan yerə göz yuman,
İstəyini ala bilməz hər uman.
Görüşəndə eyləsə də andaman,
Hörmətimi saxlamırsa neynirəm.

Asif yanır nakam eşqin oduna,
Yarı gəlib yetişməyir dadına.
Tez-tez məni özü salıb yadına,
Arada bir yoxlamırsa neynirəm.

15. 04. 2019

<<<ASİF OSMANIN SÖZ DÜNYASI>>>

SƏRHƏDLƏR SÖKÜLƏYDİ

Nə olaydı qəlblərə,
Məhəbbət əkiləydi.
Ürəklərdə sevgidən,
Saraylar tikiləydi.

Xəyalları sürüyən,
Dərələrdə yeriyən,
Zirvələri bürüyən,
Çən-duman çəkiləydi.

Bizi oda salanın,
Zamansız can alanın,
Kaş ki, namərd olanın,
Dizləri büküləydi.

Haqqın önündə duran,
Qonşu arası vuran,
İnsanları ayıran,
Sərhədlər söküləydi.

02. 04. 2019

Müəllif: ASİF OSMAN

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏRANƏ MƏMMƏD

Təranə məmməddən bir şeir

Sazla söhbət

Gəl sığın sinəmə, a telli sazım,
Görüm dərdin nədi, istədiyin nə?
Səsin qəlb dağlayır, xoşdur avazın,
Vurğunam köksündən qopan nəğmənə!

Canımdan süzülüb ruhuma keçdi,
Məhəbbət dastanı, o “Yanıq Kərəm”.
Nədən cismimi yox ruhumu secdi?
Nə sən anlayırsan, nə mən bilirəm.

Keçmişin uludur qədim tarıxdən,
Ozanlar əlində ellər gəzmisən.
Tellərin köklənib qəmə həsrətdən,
Sızlayan dərdini söyləyərmisən?

Gəl sığın sinəmə, a telli sazım,
Danış əzabından, danış qəmindən.
Nədən payız olub baharın, yazın?
Yoxsa nigaransan köçkün elindən?

Dərdini dərdimə qatım gəl, sazım,
Bir dastan yaradaq ellər dinləsin.
Mən açım qəlbimi, sirrimi yazım,
Sən də “Ruhani” çal ruhlar titrəsin.

Müəllif: TƏRANƏ MƏMMƏD

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

İldırım Əkbəroğlu

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (13 Sentyabr 1950 ) gözəl insan, əsl dost və sevimli şair İldırım Əkbəroğlunun doğum günüdür. Ad gününüz mübarək, İldırım müəllim!!! Sizə uzun ömür, can sağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru