Əsmər Hüseyn Xan

Bilirsən?
Bilirsən, bircə dənəm
Bu zəhrimar darıxmaq
Dağıdır ürəyimi
Bu nadan xatirələr
Ən ağır bir yük kimi
Ağrıdır kürəyimi.

Bilirsən?
Bilisənmi həsrətim
Sən olmayan gecələr
Kabusa, dərdə dönür.
Yuxusuz gözlərimdən
Sənin əksin süzülür.

Yox…
Vallah bacarmıram
Mən bu zülmət gecəylə
Gərək çıxım bayıra
Yeriyim küçə ilə…
Soruşum səni gərək
Küləklə rəqs eləyən
İşıq dirəklərindən,
Bacası tüstüləyən
Balaca evciklərdən,
Daş hasardan, qapıdan
Soruşum gərək səni
Qonşumuz “lal əmidən”.
O da lal sevgi kimi
Boylana… baxa, baxa…
Cavabında gözündən
İki damcı yaş axa.

Adlayam səkiləri,
Keçəm yolları
Gələm qapınıza
Döyəcləyəm ümidlə
Sarıla boynuma xəyalının qolları…

Yenə səhər açılır…
Gün işığı süzülür
Bum-buz olan yatağa
Eeeeeh…
Bu zəhrimar darıxmaq
Çıxacaq axırıma…

Müəllif: Əsmər Hüseyn Xan

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

SONA AMAL

Sona AMAL (TEYMURBƏYLİ) – DAN BİR ŞEİR

QAYIT GƏL

Əzəldən olmuşduq, bir ürəyə tən,
Tək sənsən qanadım, qolum, qayıt gəl!
Sarmışsa yolunu qatı duman, çən,
Nur saçan çırağın olum, qayıt gəl!

Dərdinə yananım kimim var, kimim?
Bir kəlmə xoş sözün bəsimdir, bəsim,
Sən gələn yollara qoç qurban kəsim,
Qoç yoxsa, qurbanın olum, qayıt gəl!

Sənsiz yaşamasın, qəlbim tək anı,
Yurd seçmə özünə, mənsiz məkanı,
Yolların üstündə bitən tikanı,
Özüm öz əlimlə yolum, qayıt gəl!

Solub yaprıxmasın eşqimin bağı,
Pozulmasın heç vaxt ömür növrağım,
Durarkən üz-üzə hər səhər çağı,
Meh kimi qəlbinə dolum, qayıt gəl!

Amalam, gül açsın arzum, diləyim,
Qorusun eşqimi sevgi mələyim,
Sinəmdə döyünən sənsən, ürəyim,
Buludtək boşalıb, dolum, qayıt gəl!
24. 09. 2019-cu il.

Müəllif: SONA AMAL

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru