HƏQİQƏT HƏQİQİ

Həqiqət HəqiqİQİNİN SÖZ DÜNYASI

ELƏ DARIXMIŞAM Kİ

Elə darıxmışam ki,
Desən də yanındayam.
Elə darıxmışam ki,
Desən də canındayam.

Elə darıxmışam ki,
Saatlarım il keçir.
Sıxılır kirpiklərim,
Qəlbim göz yaşı içir.

Elə darıxmışam ki,
Sənsizlik nəfəs kəsir.
Sevgimizin üstündən,
Əsir,ruzigar əsir.

Elə darıxmışam ki,
Dediyin ,,can” sözünə.
Məndən nigaran qalma,
Sən yaxşı bax özünə.
Elə darıxmışam ki…

06.10.2019.

<<<HƏQİQƏT HƏQİQİQİNİN SÖZ DÜNYASI>>>

SEVGİMİZ AYRILIQ TOXUMU SƏPİB

Qəlbimə ayrılıq toxumu düşüb,
Cücərib həsrətlə baş qaldıracaq.
İntizar gözlərim yığılıb yoldan,
Başıma salmağa daş qaldıracağ.

Əllərım çatmasa,barı göylərdə,
Ulduzlara bax ki,baxacam ordan,
Baxışım baxışın üstünə düşsün,
Baxışına sevgi taxacam ordan.

Sevgimiz ayrılıq toxumu səpib,
Mənim göz yaşımla cücərib qalxır.
Əzizim hər gecə ulduzlara bax,
Çünki,məhəbbətim göylərə baxır.

01.10.2019.

<<<HƏQİQƏT HƏQİQİQİNİN SÖZ DÜNYASI>>>

DƏNİZİN SAHİLƏ MƏHƏBBƏTİ VAR

Deyirlər dənizin məhəbbəti var,
Can atır sahilə qovuşmaq üçün.
Bəlkə də dalğalar çırpılır daşa,
Əzilib-büzülür yovuşmaq üçün.

Sahil qollarını açıb dənizə,
Dəniz şıltaqlıqla naz edir ona.
Gah dəli dalğayla çırpınıb çıxır,
Gah da sakitləşib girir min dona.

Məhəbbət belədir,dalğalar kimi,
Gah çoşar,gah susar,səssiz ağlayar.
Dənizin göz yaşı suya qarışar,
Sahilə bildirməz,gizli saxlayar.

28.09.2019.

Müəllif: HƏQİQƏT HƏQİQİ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir