Şahmar Əkbərzadə – Oğluma

Şahmar ƏkbərzadƏD: – OĞLUM…

Elturanıma
Sənə çatasıdır olan-olmazım-
Atadan nə qalsa sonbeşiyindir.
Bəxtinə ağ günü nə təhər yazım,
Özüm də bilmirəm neyləyim indi?!
Qismət miras qalmır atadan, oğul,
Qismətdən pay olmaz, qurbanın olum!

Hər şeyi pay vermək mümkünmü bəyəm?
Heyif ən qiymətli var-dövlətimi,
Göyləri dindirən məhəbbətimi
Sənə bağışlaya bilməyəcəyəm.
Sevgi miras qalmır atadan, oğlum,
Ülfətdən pay olmaz, qurbanın olum!

Heyrətsiz yaşamaq yaşamaq deyil,
Heyrət et, yurdunu tən bölən çaya.
Qoynunda gəzdiyin torpağı büt bil,
«Heyrət, ey büt!» deyib baban dünyaya.
Sənə qalmayacaq heyrətim, oğlum,
Heyrətdən pay olmaz, qurbanın olum!

Daşın, kəsəyin də başına hərlən,
Kəsək də vətəndir daş da vətəndir.
Dünyadan ömürlük ayrılanda mən
Gözümdən süzülən yaş da vətəndir,
Bunu həsrətlilər anlayar, oğlum,
Həsrətdən pay olmaz, qurbanın olum!

Yurdunun şərəfi, şanı atəşdir
Bu yurd əmanəti, od əmanəti!
Başının üstündə yanan günəşdir
Nəsimi dözümü, Babək cürəti!
Cürət damarlarda yaranır, oğlum!
Cürətdən pay olmaz, qurbanın olum

Sənə qalasıdır anamız vətən,
Vətan – namusuna ulu çələngdir.
Onun şərəfini qoruya bilən
Papaq gəzdirən yox, qeyrət gərəkdir.
Qeyrət bağışlanmır var kimi, oğlum,
Qeyrətdən pay olmaz, qurbanın olum!
1976

Müəllif: ŞAHMAR ƏKBƏRZADƏ

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir