Elbrus Qayalı – Oğul…

Elbrus QayalIDAN BİR ŞEİR

OĞLUMA NƏSİHƏT

Şan-şöhrət axtarma qızılda, zərdə,
Tamah çoxlarını salıbdı dərdə.
Elinə kömək ol, xeyirdə-şərdə,
Yaxşını yamanı duyan ol, oğlum!
Elinə, obana həyan ol, oğlum!

Arxa ol, kömək ol, kasıba, mərdə,
Səndən ilham alsın ər oğlu ər də.
Barışıq, sülh olsun, sən olan yerdə,
Yaxşılıq etməkdən yorulma, oğlum!
Vəfasız gözələ vurulma, oğlum!

Məclisə gedəndə yerini tanı,
İndi zər qədrini bilənlər hanı?
Həmişə uca tut Azərbaycanı.
Yersiz mürgüləmə, sayıq ol, oğlum!
Doğma vətəninə layiq ol, oğlum!

Vəfalılar olsun sənin həmdəmin,
Vəfalı yar silər ürəyin qəmin.
Qoy nura boyansın sənin hər dəmin,
Yolun azanlara calanma, oğlum!
Namərd ocağında qalanma, oğlum!

Sadələrlə otur, sadələrlə dur,
Köhləni dostların yollarında yor.
Qartaltək yuvanı zirvələrdə qur
Heç vaxt ayaqlarda sürünmə, oğlum!
Yersiz al-yaşıla bürünmə, oğlum!

Taledən ilham al, düzlükdən güc al,
Qananlar gözündə həmişə ucal.
Elə ömür sür ki, vaxtında qocal,
Soyuqqanlılardan kənar ol, oğlum!
Yanar ol, yanar ol, yanar ol, oğlum!..

Müəllif: ELBRUS QAYALI

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir