Pərvanə Bayramqızı

  “Lazım
Qapının yavaş-yavaş aralandığını görüb eynəyini çıxarıb içəri kimin girəcəyini gözlədi. Amma heç kəs görünmürdü. Nəsə baş verəcəyini hiss edirdi. Gözləməyə hövsələsi çatmadı, durub qapıya tərəf getdi. Yalnız indi cəftəni tutan əli gördü. İrəli gedib əyilib kimin olduğunu yoxlamaq üçün başını dəhlizə tərəf uzatdı. Qarşısında arıq, çəlimsiz bir şəxs gördü. Təəccüblə -Sizə kim lazımdır? – deyə soruşdu. Adam boynunu büküb çiyinlərini çəkib -mənə Siz lazımsınız- dedi.
-Mən?
-Hə, Siz.
Bir anlıq özünü itirdi, həyəcandan tərlədi. Dəsmalını çıxarıb alnını o ki var sürtdü. Elə bil çirkli döşəmə silirdi. Udqundu. İstədi təzim etsin amma ağlına gəldi ki, yox bunun iri gövdəsi, gövdəsinin yarısını “təşkil edən” yekə qarnı, qoltuğunda qovluğu yoxdur. Görünür yuxarılardan gəlməyib. Sakitləşdi. Dərindən nəfəs alıb qayıdıb yerində oturdu. Yenə boyun-boğazını sildi. Adama əli ilə gəl işarəsi verdi. Bayaqdan yazıq-yazıq dayanıb onun qərarını gözləyən adam gəlib stolun qabağında durub fağır görkəmini dəyişmədən onun üzünə baxdı. Bu baxışlardan şad olmadı. Belə görkəmdə olanlar ondan yalnız iş istəyirdilər. Könülsüzcə -adınızı deyin- deyib qələmi əlinə aldı, stolun üstündəki kağıza nəsə qeyd etmək üçün adamın cavabını gözlədi. Adamsa özünü itirdiyindən dinə bilmirdi. Adının soruşulduğu ona yuxu kimi görünürdü. Müraciət etdiyi müəssisələrin qapısından həmişə ümidsiz qayıtmışdı. -Rəis iclasa gedib- deyib yanından saymazyana keçmişdilər. Bu dəfə isə rəis hesab etdiyi səlahiyyətli şəxs onu özü danışdırırdı. “Rəis” sualı yenə verməsəydi elə biləcəkdi yenə xəyallardadır.
-Lazım.-deyib susdu.
Cavabdan heç nə başa düşməyən rəis gözlərini bərəldib
-Nə lazım? – deyə soruşdu.
Utana-utana- adımı soruşdunuz -dedi. Adım Lazımdır.
-Əlbəttə adınız lazımdır, ona görə soruşuram.
-Mən Lazımam, rəis.
Ağzından rəis sözü necə çıxdığını bilmədi. Onun aləmində kabineti, stolu, eynəyi olan hər kəs rəis idi, rəislərə ancaq bunlar lazımdır.
-Nə? -“rəisin” gözləri az qala hədəqəsindən çıxsın. Elə bil kimsə ikiəllə onu boğmağa başladı. Nəfəsi təngidi. Yerindən sıçrayıb -Ay adamlar, Lazım gəlib çıxdı- deyə qışqıra-qışqıra dəhlizə qaçdı. Bir-bir bütün qapıları açıb işçiləri səslədi. Kimi onun arxasınca bayıra qaçır, kimi də yerində dayanıb mat-məətttəl baxırdı. Onun hərəkətindən heç nə anlamayan bayaqdan dirək kimi otağın ortasında dayanan fağır adam qəfil yerindən götürülüb rəisin dalınca qaçdı. İndi o da qışqırırdı. Amma rəisdən fərqli olaraq onun səsində yalvarış duyulurdu.
-Rəis, vallah mən özümdən başqa heç kəsə lazım deyiləm. Qayıdın. Qorxmayın çıxıb gedirəm. Təki siz yerinizdə rahat oturun. Qayıdın, rəis.
Rəis isə onu eşitmirdi.

Müəllif: Pərvanə Bayramqızı 

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir