Dünyamin Məmmədov

Dünyamin MƏMMƏDOVUN SÖZ DÜNYASI

ACILARIN NƏĞMƏSİ…

(Gecə keçir,qoynundaca…)

Gecə keçir,qoynundaca
yaşandıqca var olmuşam…
Uçunuram uçum-uçum,
ağrılara yar olmuşam…

Canım sancı-sancı olub,
acılardan qaçım necə?…
Qaranlıqda necə bilim-
düşməndimi,dostmu gecə?!…

Bir ömürə sığacaqmış,
eh,nə qədər ağrım mənim…
Elə bil ki,doğranacaq,
bu acıyla bağrım mənim…

Bəlkə,elə son bu imiş,
bəlkə,hələ dözə billəm…
Durum bir az ayaq üstə,
bəlkə,hələ gəzə billəm…

Zülmətlərdən səs eşitdim,
nə bilim ki,nə səsidir…
Bu,bir nəğmə,içimdəki
acıların nəğməsidir…
14.10.2014. Ağdaş.

<<<DÜNYAMİN MƏMMƏDOVUN SÖZ DÜNYASI>>>

QIRXINCI OTAQ…

Nağıllarda 40 otaq var,
hamısında daş-qaş,almaz…
Söyləyir ki,danışanlar:
-qırxıncını açmaq olmaz!…

Dünyaya göz açır uşaq,
sevincimiz aşıb-daşır…
40 gün onu görmək yasaq,
bunu ağbirçək danışır!…

Dünyanı tərk edir insan,
40 gün olur gələn-gedən…
Bu gün,ay Dünyamin,təksən,
40-cı gün…son,adətən!..
13.01.2014. Ağdaş.

<<<DÜNYAMİN MƏMMƏDOVUN SÖZ DÜNYASI>>>

BİR OCAQDI KÖZLƏ DOLU…

İlk məhəbbət-ömür yolu,
adlayırsan,sənin olur!…
Bir ocaq ki,közlə dolu,
odlayırsan,sənin olur!…

İlk məhəbbət-yaşıl pöhrə,
açılaçaq qönçə-qönçə…
Yolumuzda gül olacaq,
bəs edəcək ömrümüzcə!…

İlk məhəbbət-tənha cığır,
bəzən getsən,azacaqsan…
O cığırda ilk nəğməni
axı özün yazacaqsan…

İlk məhəbbət-həzin nəğmə,
ilk dəfədə könül duyur…
Unudulmur,özün olur,
sözün olur ömür boyu!…

İlk məhəbbət-ilk bahar-yaz,
o,xoş nəğmə,şirin avaz…
Ömür keçər,heç bilməzsən,
ilk məhəbbət-unudulmaz!…

İlk məhəbbət-ömür yolu,
adlayırsan,sənin olur…
Bir ocaq ki,közlə dolu,
odlayırsan,sənin olur!…
26.06.14.-10.01.16. Ağdaş.

Müəllif: DÜNYAMİN MƏMMƏDOV

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

4 thoughts on “Dünyamin Məmmədov”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir