YADİGAR TƏVƏKKÜL

AD gününüz mübarək !!!

Bu gün ( 20 Oktyabr 1980 ) dəyərli söz adamı, tanınmış şair, sevimli müəllim Yadigar Təvəkkülün doğum günüdür. Ad gününü münasibəti ilə, Yadigar xanımı təbrik edir, bu günə özəl yazılmış bir şeirini və yaradıcılığından nümunələr təqdim edirik. Uğurlarınız bol olsun, Yadigar xanım!!!

BU GÜNƏ ÖZƏL:

Ömür dediyin nədir ki?

Ömür dediyin nədir ki,
Əllərindən düşən həyat .
Su olub torpağa tələsik ,
çilənən əbədi bir ad.

Ömür dediyin nədir ki,
Bəzən yaxın bəzən yad .
Ağzında əbədi qalan,
Səni yandıran bir dad .

Ömür dediyin nədir ki,
Bir gün yam- yaşıl yaraşıq ,
Çəmənlərdə sarmaşıq ,
Torpaqda yaranan çat.

Ömür dediyin nədir ki,
Qaş ilə göz arasında ,
Ən uzaq olan məsafə ,
O da bəxtə bəxt.

Ömür dediyin nədir ki…..

Ömürdən bir kərpic də düşdü.

QISA ARAYIŞ:

Yadigar Təvəkkül 1980-ci ildə Kürdəmir rayonunun Yenikənd kəndində doğulub. 2000-ci ildən Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbində işləyir. Ailəlidir, 4 övladı var.

yaradıcılığından nümunələr:

Bəzən inciyirsən, küsə bilmirsən,
Gözünün yaşını boğub durursan.
Könlündə yurd salan acı həsrətin
Ağrısın gözündə ovundurursan.

Ən əziz adamdan gözləmədiyin
Bir zərbə alırsan, uda bilmirsən.
Sevdiyin təam da zəqqutum olur,
Ağzına aparıb dada bilmirsən.

Güvənib etibar etdiyin insan,
Səni əşya kimi itirib gedir.
İllərdi könlünü dağlayan eşqi,
Adi söhbət ilə bitirib gedir.

O gedir, özüylə anlamır necə,
Bir ömür məhv edib gedir, beləcə.

<<< Yadigar Təvəkkülün ad günüdür >>>


Soruşdun, sevdinmi heç həyatında,
Dinlə xatirəmi cavab içində.
Mənim büründüyüm xəyal yorğanı,
Hər biri sevgimin özü biçimdə.

Üz-üzə gələndə könlüm alışır,
Sözləri itirib deyə bilmirəm.
Ürəyim çırpınır, dilim dolaşır,
Bəlkə də sevgidir, bilə bilmirəm.

Boynuna sarılam xəyallarımın,
Bəzən göz yaşımda boğulub qallam.
Cavabın tapmıram suallarımın,
Ya da susduğum üçün peşman ollam.

Həsrət ürəyimi didir hər gecə,
İnan ki, gündüzün üzün görmürəm.
İçimdə yaşayan bu sevgi necə
Yaxırsa könlümü, çözüm bilmirəm.

Bilmirəm bu həsrət, bu hicran nədir,
Yanımda olsan da həsrət çəkirəm.
Bəlkə də bu həsrət sevdiyimdəndir,
Məhəbbət əzabın sənlə çəkirəm.

<<< Yadigar Təvəkkülün ad günüdür >>>

Ömrün qısalığın heç düşünməyib,
Hər gələn günləri aya dəyişdik.
Sən mənə, mən sənə inad eyləyib,
Ayları həftəyə, saya dəyişdik.

Sən demə hər anın öz hökmü varmış,
Bilmədik qədrini, ötürüb keçdik.
Hər keçən ömürdə bir “kaş ki” deyə,
Təəssüf eyləyib, bitirib keçdik.

İndi nə mənası peşman olmanın,
Ötənlər geriyə dönən deyil ki,
Nə qədər söyləyək “bağışla” deyə,
Ürəyin həsrəti sönən deyil ki.

Göz-gözə dayandıq gülə-gülə biz,
Nə sən dinə bildin, nə mən danışdım.
Hər ötən anları bilə-bilə biz,
Nə sən bağışladın, nə mən barışdım.

<<< Yadigar Təvəkkülün ad günüdür >>>


Çəkin bu dünyanın dərdin üstümə,
Ya da məhvərindən çıxarın atın.
Ocaqda qovurun eşqi sevgini,
Həsrəti duz edin, içinə qatın.

Günahkar eyləyin, eybi yox, məni,
Çəkərəm cəzasın versəz nə qədər,
Yetər ki, dünyada ötən günləri,
Bir dəli həsrətə verməyin hədər.

Çəkin çarmıxına məni fələyin,
Günəşin köksündə yaxın qəlbimi.
Bütün qəm-kədəri doğrayıb yığın,
Üstünə nar kimi sıxın qəlbimi.

Yükləyin göyün də dərdin üstümə,
Yağışlar buludu yerə sağmasın.
Məhəbbət əzabın yığın köksümə,
Həsrət buludları yerə yağmasın.

<<< Yadigar Təvəkkülün ad günüdür >>>

Ruhumun rəngidir əzəldən payız,
Ağlayan yağışdı gözlərim mənim.
Küləkdən tərpənib xışıltı salan,
Yarpaqlar olubdur sözlərim mənim.

Dolan bulududur könül həsrətim,
Yağır taleyimə, qismətim olur.
Payız tək qəmlidir ilk məhəbbətim,
Hər solan yarpağı həsrətim olur.

Köç edən quşları ayrılıq kimi,
Dolur gözlərimdən baxışlarıma.
Bir hicran nəğməsi zümzümə edir,
Qarışır rəngbərəng naxışlarıma.

Bu payız ruhumun özü rəngdədir,
Hər payız nəğməsi libasım mənim.
Payızın ruhu da sözü rəngdədir,
Sevirəm kəlməsi xilasım mənim.

Müəllif: Yadigar Təvəkkül

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC TƏKLİF EDİR

“AİLƏDAXİLİ MÜNASİBƏTLƏR, ANA VƏ UŞAQ MƏSƏLƏLƏRİ BARƏDƏ İSTƏDİYİNİZ TÖVSİYƏLƏRİ ALA VƏ TƏCRÜBƏLƏRİ BÖLÜŞƏ BİLƏRSİZ. UNUTMAYIN Kİ, ƏN YAXŞI VƏ TƏSİRLİ DƏRMAN SÖZDÜR. BİZ SÖZLƏ MÜALİCƏ EDİRİK…”  Müəllif: Zaur Ustac

BÜTÜN HƏRFLƏRƏ AİD ŞEİRLƏR:

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

HƏRFLƏRƏ AİD ŞEİRLƏR

VACİB MƏLUMATLAR SİZİN ÜÇÜN:

İNGİLİS DİLİ

ANALAR ÜÇÜN

WWW.YAZARLAR.AZ  VƏ   WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru