Əbülfət Mədətoğlu – And içirəm

And içirəm…

(Allahımın və … önündə)

Ruhdu qapını döyən
Qarşıla, oxşa, bəyən.
Sənin ayağın dəyən –
Hər yerə and içirəm!

Olmayanda yanında
Həmin o bir anı da –
Hiss etdinmi canında –
Sən pirə and içirəm!

Sən mənim hər kəsimsən…
Dinimsən , nəfəsimsən…
Yaşamaq həvəsimsən –
Min kərə and içirəm!

İçimdə lillənir yaş
Nəm çəkir məndən dağ, daş…
Sənə, bir də , duya kaş –
O, BİRƏ and içirəm!

Çəkdiyim fərqli çeşid
Sevgim – özü də behişt!
Bax qəlbinə və eşit –
Bu cürə and içirəm!..

Müəllif: Əbülfət Mədətoğlu

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Abdulla Məmməd

SƏNSİZ TALEYİM ÜZÜMƏ GÜLMÜR


Axır hədər yerə günlər su kimi,
Qəmli qənşərimə çıxanım dönmür.
Ürəyim açılmır gül arzu kimi,
Qəmi bəşərimə çıxanım dönmür.

Gözümdən süzülən sözmü göz yaşı?
Mürgülü ürəyim dinmir dilimdə.
Qurunun oduna dözmür söz yaşı,
Sənsiz sərgiləmir xoş söz dilim də.

Astarı üzünə çevrilən ömür,
Qəmə yem olandan sözümə gülür.
Sənsiz taleyim də üzümə gülmür,
Yolunu gözləyən gözümə gülür.

Yol çəkən gözüm şad soraq arayır,
Azdıqca hissimin dumanlığında.
Sənli duyğularım dərdə yarıyıb,
Qəlb üzür qədərin samanlığında.

Yolunda yolun da bağrı yarılır,
Tək qəmli gümanı saxla, yar, mənə!
Yol boyu gözümə əksin sarılıb,
Hicranı hədiyyə saxlayar mənə.

Həsrətin gözündə dağa dönsən də,
Qəlbimdə əvvəlki “sən” olmayacaq.
Səhvini anlayıb geri dönsən də,
Sevdalı ürəyim şən olmayacaq…

Məni soraqlasan şehli çiçəkdən,
Gülün gül gözündə qəm çiçəkləyər.
Çıxarsan ürəklə ahı ürəkdən,
Sevinc gül gözündə nəm çiçəkləyər.

Azərbaycan. Quba.

10.09.2019.

Müəllif: Abdulla Məmməd

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

TƏQVİMDƏ BU GÜN

Bu gün çox dəyərli söz adamlarından;

şair Saqif Qaratorpaq,

şair Rauf Qərib Alagöz

və yazıçı Nicat Həşimzadə ad günlərini qeyd edirlər. Bu münasibətlə onları təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru