Arzu Kazımqızı Nehrəmli

AD GÜNÜNÜZ MÜBARƏK !!!

Bu gün (27 Oktyabr 1970) gözəl insan, ‎dəyərli söz adamı, sevimli şair, tariximizin keşiyində mərdi-mərdanə dayanmış alim Arzu Kazımqızı Nehrəmlinın doğum günüdür. Ad günü münasibəti ilə ‎Arzu xanımı təbrik edir, həm yaradıcılıqda, həm də elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayır və onun söz dünyasından bir neçə nümunə təqdim edirik:

QISA ARAYIŞ:

Arzu Kazım qızı Nehrəmli- şair, tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlk “Əbədi sevgi” adlı şeirlər kitabı 1997-ci ildə, “Tənha qu nəğməsi” şeirlər kitabı  2001-ci ildə nəşr olunmuşdur. Bu il Arzu Nehrəmlinin  “Unutmağı öyrənirəm” adlı yeni kitabı “Elm və təhsil” nəştiyyatı tərəfindən çap edilib. Elmi kitabı isə 2008-ci ildə çapdan çıxıb. Onlarla elmi və publisist məqalələrin müəllifidir. Sözlərinə 50-yə yaxın musiqi bəstələnmişdir.

YARADICILIĞINDAN NÜMUNƏLƏR:

Yoluna davam et, uğur, ürəyim

Elədən beləyə dərdə yol açdın,

Üstü ələk-vələk, yağır ürəyim.

Nə bir üsyan etdin, nə də ki, çaşdın,

Sındın, əyilmədin, məğrur ürəyim.

Hər gələn nə varsa, çəkdin üstünə,

Buna tab gətirməz nə köks, nə sinə,

Axı, sən ürəksən, səs ver səsimə,

Bir dillən, bir danış, bağır, ürəyim.

Bir dəvə yükünlə karvan gəzirəm,

Axıdıb sellərə, saman gəzirəm,

Təzdən peşman olub aman gəzirəm,

Qorxuram çatlayar, yığır ürəyim.

Sən kökü dərində məzhəb imişsən,

Oxuna bilməyən sənəd imişsən,

A mənim güvəncim, sən nə imişsən?

Özü dünya boyda yumruq ürəyim.

Məndən çəkdiyini ud qram-qram,

Nə aldın, alırsan, bac alammıram,

Onsuz da səninlə bacarammıram,

Yoluna davam et, uğur, ürəyim.

Dərd gəlib dərdinin üstünə, Vətən.

Sənə dəyən mənə dəyib keçibdir,

Qəddimi, belimi əyib keçibdir,

Bu nə ağrı-acı, bu nə biçimdir,

Yüz ildir, min ildir xəstənəm, Vətən.

Bağın, bağçaların dad gəzən yerdə,

Necə çiçək açsın yad gəzən yerdə?

Kül altda ocağın od gəzən yerdə

Boğulum, kor olum tüstünə, Vətən

Torpaq nalə çəkib, göy ağlayıbsa,

Hələ gəlin könlün yas saxlayıbsa,

Qınında qılıncın pas bağlayıbsa,

Girmisən Babəkin qəsdinə, Vətən.

Ömrün qışa dönüb,  yazı neyləsin,

Qismətin beləymiş yazı neyləsin.

Səni belə görən Arzu neyləsin?!

Dərd gəlib dərdinin üstünə, Vətən.

Ehtiyatla tumar çəkin

Ey atalar,

balanıza sevginizi bir az ehmal

göstərməyə çalışın siz!

Bu vərdişə alışın siz!

Yan- yörəyə nəzər salın,

balanızın qadasını, bəlasını…

Gündə bir yox,

gündə milyon dəfə alın.

Bir az ölçün, bir az biçin,

Balanızın saçlarına

ehtiyatla tumar çəkin.

Ətrafdakı tumarsızlar,

bu tumara gümansızlar,

görə bilər bu səhnəni.

Sınıq-sınıq, düyün-düyün,

param-parça o telləri sızlatmayın,

O tellərin yiyəsini için-için ağlatmayın!

Ey atalar,

balanıza sevginizi bir az ehmal

göstərməyə çalışın siz.

İsrar edin, cəhd göstərin,

bu vərdişə alışın siz!

Qorxuram gözdən düşərəm

Qənimdir duman yollara,

Qəsdimə duran yollara.

Xəyalım gedən yollara,

Obaşdan, tezdən düşərəm.

Hardayam, hardan gəlirəm,

Yerim yox, göydən gəlirəm.

Açıb-ağarda bilmirəm,

Qorxuram gözdən düşərəm.

Arzu gəzər məzar-məzar,

Ümid tapar, gün qazanar.

Ümidsiz yollar uzanar,

Taqətdən, dizdən düşərəm.

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru