Emin Piri – Sözü türbət

EMİN PİRİNİN SÖZ DÜNYASI

Emin Piri – bu imza artıq ölkə daxilində və xaricində kifayət qədər tanınıb demək olar. Emin Piri yaradıcılığı ilə şəxsiyyəti vəhdət təşkil edən çox azsaylı gənc yazarlarımızdan biridir. Vallahi, necə deyərlər ətəyində namaz qılınası pir kimi adamdır. Sizləri hər kəlməsi türbət olan sevimli şairimizin söz dünyasına qısa səyahətə dəvət edirəm… Uzun səyahət arzusunda olanlar ya buradan izləsinlər, ya da kitabını tapıb oxusunlar… Oxuyanlar hamısı tərifləyir…

NƏ QƏDƏR, NEÇƏSƏN?!

Səni sevməyin yanında
Yaşamaq heç nədi, heç nə!
Gərək səni sevəm,
Sevəm
Ürəyi şüşə qabda yox
Elə səndə olan divəm.

Adın da mürəkkəbdi,
adın dilimə dəyməz.
Özün demişdin axı,
Adam bəxtindən qaçıb
Gülləyə gələnə dəyməz.

Sərhədləri itirilmiş
Məmləkətin küncündəyəm.
Daha bu kağız ölkədə
Kiməm ki, kimdən inciyəm.

Sağımda sən,
Solumda sən.
De, nə qədərsən,
Neçəsən?!
Bəlkə o qədər sənlərdən
Birin mənimçün keçəsən? 

<<< EMİN PİRİNİN SÖZ DÜNYASI >>>

BABAMIN ƏLLƏRİ

Müharibə əliliydi babam,
aldığı təqaüdün qəpiklərini
gizlədərdi əlində.
“Tapın görüm, hansı əlimdədi?
Pul, tapanındı”
oynardı bizimlə.
Ancaq heç vaxt tapmadıq
qəpikləri hansı əlində gizlətdiyini.
görəsən, bilirdimi
biz bilirik
bir əlini müharibədə itirdiyini…

<<< EMİN PİRİNİN SÖZ DÜNYASI >>>

Üstü-başı tozlu şeir

Nə olsun ki, yanaşıram
adın bilmədiklərimə.
Mən şeir yazmıram, xanım,
dadın bilmədiklərimə.

Hayandansan, haralısan
elə də maraqlı deyil.
Heç səndən əvvəlkilər də
dünyanın maralı deyil.

Gah nazını, gah fikrini,
gah da yükünü çəkirəm.
Mən yazıq çarmıxa gedən
İsa çəkəni çəkirəm.

Vurulmuşam, divarına
vurulan bir şəkil kimi.
Çəkirsən məni özünə
quraqlıqda çat-çat olmuş
torpaq suyu çəkən kimi.

İydə ağacı altından
qıraq ol, xatası çıxar.
Bu sakit may gecəsinin
fevral ayı səsi çıxar.

Mən şeir yazmıram, xanım,
dadın bilmədiklərimə.
Nə olsun ki, yanaşıram
adın bilmədiklərimə.

Müəllif: Emin Piri

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru


Sevda İbrahimli – “Ziyadar”

Tanınmış şairə Sevda İbrahimli “Orda mən varam” adlı kitabının işıq üzü görməsi münasibəti ilə “Yazarlar” tərəfindən “Ziyadar” mükafatına layiq görülüb. Bu münasibətlə Sevda xanımı təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzu edirik!!! Uğurlarınız bol olsun!!!

USTAC.AZ

WWW.YAZARLAR.AZ  VƏ  WWW.USTAC.AZ

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru